Məhkəmə qərarları › İş №1(029)-28/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-28/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-28/2022 12.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Qusar rayonu Urva kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 21 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Qusar rayonu Urva kəndi ərazisində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 01 ədəd kağız bükülüdə tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 7,575 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, həmin gün saat 18 radələrində Qusar rayonu Urva kəndi ərazisində saxlanılaraq Qusar Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan şalvarının yan cibində saxladığı və gəzdirdiyi 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,575 qram olan tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Vətən Müharibəsində iştirak etmiş, həmin vaxt bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Buna qədər isə istifadə etməmişdir. Müharibədən qayıtdıqdan sonra da, marixuanadan istifadə etməyə davam etmişdir. O, 2022-ci ilin yanvar ayında Qusar rayonu Urva kəndində olarkən avtobus dayanacağının yanından bir büküm marixuana tapmış və şalvarının sol arxa cibinə qoymuşdur. Bundan sonra tanışları Ramin və Elxan adlı şəxslərlə görüşmüş, Raminin maşınına oturduqdan sonra onları polis əməkdaşları saxlamışlar və polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun üzərində axtarış aparılmış və üzrəində saxladığı həmin marixuana aşkar olunaraq götürülmüşdür. Onun ciddi xəstəliyi yoxdur. Hazırda törətdiyi əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, müharibə veteranıdır, Cabrayıl, Füzuli və Xocavənd rayonlarının azad olunmasında iştirak etmiş, buna görə medallarla təltif olunmuşdur. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, 2022-ci ilin yanvar ayında yaşadığı Qusar rayonu Urva kəndində yerləşən evdən çıxıb idarə etdiyi avtomobillə mağazaya tərəf getmiş, bu zaman tanışı Elxanı görmüş, sonuncu onunla gəlmək istədiyini deyərək avtomobilə oturmuş, bir az getdikdən sonra həmkəndlisi Aslanı da görüb həmin şəxsi də götürmüş və onlar birlikdə sahəyə getmişlər. Sahədə o, maşından düşmüş, bir müddət keçəndən sonra maşına oturmuş və həmin vaxt polis əməkdaşları gəlib onları Qusar RPŞ-yə aparmışlar. Maşının salonunda güzgü olmamış, bu səbəbdən də polis əməkdaşlarının arxadan gəldiklərini görməmişdir. Polis şöbəsində onların hər birini ayrı otaqlara aparmışlar, onun üzərində axtarış aparılmış, lakin üzərindən narkotik vasitə aşkar olunmamış, həmçinin tibbi müayinədən keçirilmiş, qanında da narkotik vasitə aşkar olunmamışdır. Sonradan o, eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərindən marixuana çıxmışdır. Aslan onun maşınına minərkən o, plastmas butulka görməmiş, polis əməkdaşları onları saxladıqdan sonra maşının ayaqaltı hissəsində plastmas butulka olduğunu görmüşdür. Maşında olarkən Aslan ona marixuana çəkməyi təklif etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 yanvar 2022-ci il tarixdə Qusar rayonu Urva kənd sakini olan Aslan adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış və Urva kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs yerini müəyyən etmişlər, həmin şəxs Ramin adlı şəxsin avtomobilində olmuşdur. Avtomobildə Aslan və Ramindən başqa Elxan adlı şəxs də olmuşdur. Bundan sonra onlar həmin şəxslərin hər üçünü Qusar RPŞ-yə aparmışlar, orada Aslanın üzərindən təxmini çəkisi 7 qram olan marixuana aşkar olunmuş, digərlərinin üzərindən isə narkotik vasitə aşkar olunmamışdır. Aslan həmin vaxt müharibə veteranı olduğunu, marixuananın özünə məxsus olduğunu, ondan istifadə etdiyini, Urva kəndində avtobus dayanacağının yanından tapdığını demişdir. Daha sonra həmin faktla bağlı cinayət işi başlanmış və Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş yetkinlik yaşına çatmayan Şahid1 ibtidai istintaq zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsindən görünür ki, 21.01.2022-ci il tarixdə, saat 15 radələrində Qusar şəhərindən yaşadığı Qusar rayonu Urva kəndinə gəlmiş, saat 16-17 radələrində yaşadığı evdən çıxaraq tanışı Raminə məxsus olan “DAEVVO” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəndə çıxmış, avtomobili sonuncu idarə etmişdir. Belə ki, onlar Qusar rayonu Urva kəndində yerləşən Tofiqin mağazasının ətrafında dayanmış tanışları Aslanı görmüş, həmin vaxt Aslan da avtomobilə əyləşmiş, birlikdə Qusar rayonu Urva kəndindən avtomobillə dağ hissəyə gedən yolla hərəkətə başlamışlar. Həmin vaxt avtomobili Ramin saxlamış, Aslan onda narkotik vasitə marixuananın olmasını söyləmiş, istifadə etmək üçün hətta onlara da təklif etmiş, lakin bundan imtina etdiklərindən sonra özü istifadə edəcəyini söyləmiş, əlində olan plastmas butulkanı hazırlamağa başlamışdır. Bundan bir az sonra polis əməkdaşları onları saxlayaraq Qusar RPŞ-nə aparmış, RPŞ-nə getdikdən sonra orada Aslanın üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Aslanla birlikdə olan zaman narkotik vasitədən istifadə etməmiş, Aslan özü hazırlıq görsə də, həmin vaxt narkotik vasitədən istifadə edə bilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 21.01.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarının surətindən görünür ki, “Aslan” adlı şəxsin yaşadığı ünvanını və şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi, həmin şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 9-cu bəndini rəhbər tutaraq yaşadığı ünvanın və olduğu yerlərin müşahidəsinin aparılması qərara alınmışdır. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 21 yanvar 2022-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 18:25-dən saat 19:05-dək Qusar RPŞ-nin İBnin baş müstəntiqi X7 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3, Qusar RPŞ-nin ekspert kriminalisti Məlik Məmmədovun, Qusar RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4, Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. İstintaq hərəkətinin iştirakçılarına istintaq hərəkəti aparılan zaman “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparılacağı və “Samsung” markalı fotoaparatla fotoşəkillər çəkiləcəyi barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd kağız bükülüdə narkotik vasitəyə bənzər yaşımtıl rəngli kütləni təqdim etmişdir. Bundan başqa, onun üzərindən başqa qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 22 yanvar 2022-ci il tarixli 7/57 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülmüş 1 ədəd kağız bükümdə olan narkotik vasitəyə bənzər kütlələr” yazılar və imzalar olan qəhvəyi rəngli kağız paketdə 1 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi – 7.575 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi – 7.575 qram, tədqiqata sərf edildi - 0.02 qram, qalıq – 7.555 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 yanvar 2022-ci il tarixli 7/57 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 66.46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 23 yanvar 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 7.555 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 23 yanvar 2022-ci il tarixli 185 saylı mədaxil qaiməsindən görünür ki, ********* saylı cinayət işi üzrə 23 yanvar 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla maddi sübut kimi tanınmış 7.555 qram qurudulmuş marixuana Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 23 yanvar 2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə saat 12:00-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞnin X6 dərhal azad olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli 589 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanının 24 fevral 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 7.555 qram marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərinə şəxsi axtarış və baxış videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntülər 01 ədəd DVD kompakt diskə köçürülmüşdür. Həmin 01 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş və sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli 145/01-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.01.2022-ci il tarixli 65 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi atası X4, anası X3, qardaşı X5 və bacısı X1 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs adına olan SX ******* saylı hərbi biletin surətindən görünür ki, o, 27.09.2020-10.11.2020-ci il tarixlərdə Füzuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda döyüşlərdə N saylı hərbi hissədən pulemyotçu vəzifəsində iştirak etmişdir. İş materiallarında olan İ-17621 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-17621 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-15994 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş 18.10.2018-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs döyüş və ictimai-siyasi hazırlıqda və qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə, eləcə də “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümü” münasibəti ilə təltif olunmuşdur. İş materiallarında olan N saylı hərbi hissə tərəfindən verilmiş N yanvar 2021-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Qusar rayonu Urva kəndi ərazisində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 01 ədəd kağız bükülüdə tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 7,575 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, həmin gün saat 18 radələrində Qusar rayonu Urva kəndi ərazisində saxlanılaraq Qusar Rayon Polis Şöbəsinə gətirilməsi və üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan şalvarının yan cibində saxladığı və gəzdirdiyi 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,575 qram olan tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilib götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, Vətən Müharibəsi iştirakçısı olmaqla Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə medallarla, həmçinin fəxri fərmanlarla təltif olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 21 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Urva kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əvvəllər məhkum olunmamış, Vətən Müharibəsi iştirakçısı olmaqla Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə medallarla, həmçinin fəxri fərmanlarla təltif olunmuşdur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 7,555 qram çəkidə qurudulmuş marixuana məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs Əfqan oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 21 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Urva kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış 7,555 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar