Məhkəmə qərarları › İş №1(029)-28/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-28/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-28/2023 14.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X1 və Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Qusar rayonu Urva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu Urva kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq əldə etdiyi çətənə toxumlarını 2022-ci ilin mart ayında yaşadığı evin bağ sahəsində qanunsuz olaraq kultivasiya etmiş, yəni əkmiş və aqrotexniki qulluq etmiş, həmin çətənə toxumlarından yetişmiş 4(dörd) ədəd çətənə bitkilərini cari ilin sentyabr ayında çıxardıb satış məqsədi olmadan evin zirzəmisində qurutmaqla saxlamış, həmin çətənə bitkilərindən dərib qurutmaqla hazırlayıb narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədilə qanunsuz olaraq əldə etmiş, 18 noyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Qusar şəhəri Səfıxanov küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibində qanunsuz olaraq saxladığı və daşıdığı 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi- 5,370 qram, 05 ədəd kağız bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,796 qram, 0,429 qram, 0,660 qram, 0,490 qram və 0,315 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də yaşadığı evin zirzəmisində qanunsuz olaraq saxladığı təmiz çəkisi 438,0 qram olmaqla, cəmi 445,76 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni əkib becərmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində beş ədəd büküm narkotik aşkarlanmışdır. Narkotik vasitədən çəkir, bükümləri çəkəndə rahat olmaq üçün ayırmışdır. Onda olan narkotik vasitələri heç kimə satmamışdır. Evindən sellofan paketdə 450 qram narkotik çıxmışdır. Evdən tapılan narkotik vasitə ona məxsus olmamış, evə həmin narkotik vasitənin kimin qoyduğunu da bilmir. Evində axtarış aparılan zaman çəkiliş aparılmışdır. Evdə heç kim qalmır, tək qalır. Evinin açarı başqa heç kimdə yoxdur, polis əməkdaşların onunla düşmənçiliyi, ədavəti yoxdur. Polis əməkdaşlarını birinci dəfə görmüş, polis əməkdaşları tərəfindən evində axtarış aparılanda əllərində sellofan torba olmamış, polislərin ondan gizli ora nə isə qoyduğunu görməmişdir. Üstündən çıxan narkotik vasitə ona məxsus olmuşdur. Həyətində 3-4 ədəd kol əkmişdir. Öz istifadəsi birinci dəfə olaraq əkmişdir. Narkotik bitkikləri bağda əkmiş, polislər gələndə polislərə narkotik vasitəni əkdiyi yeri göstərmişdir. Gündə 10 dəfəyə qədər təmbəkiyə qataraq çəkmişdir. Tutulan zaman, evə baxış keçirilən zaman ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi evindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananın görməməsini, ona məxsus olmamasını iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin mart ayında yaşadığı evin həyətində bağ sahəsində gizli bir yer seçib çətənə toxumlarını istifadə etmək məqsədi ilə əkmiş, onlara qulluq göstərmiş, həmin çətənə toxumlarından 04 ədəd narkotik tərkibli çətənə bitkiləri yetişmişdir. Həmin vaxtdan sonra 2022-ci ilin sentyabr ayının sonlarında həmin narkotik tərkibli çətənə bitkilərini köklərindən çıxarıb qurudaraq istifadə etmişdir. Narkotik vasitələri bir dəfəlik istifadə etmək üçün rahat olması üçün bəzilərini kağızlara bükmüş, üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı ünvanı tərk etdiyi zaman həmin marixuanadan 05 ədəd kağız bükülüdə və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı cibinə qoymuş, Qusar şəhərinə gəlmiş, Qusar şəhəri Səfıxanov küçəsində tanışı Eduard və sonuncunun tanışı Raminlə birlikdə gəzişərkən Qusar RPŞ-nin polis əməkdaşları onları saxlamış, onun üzərinə müstəntiqin, müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, həmin vaxt əynində olan gödəkçənin sağ cibindən özündə saxladığı 05 ədəd kağız bükülüdə və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq, qablaşdırılmaqla götürülmüş, bundan başqa ona məxsus olan yaşayış evinə onun razılığı ilə baxış keçirilmiş, baxış zamanı evin zirzəmisində saxladığı 01 ədəd polietilen paketdə içərisində narkotik vasitə qurudulmuş marixuana olan kütlələr aşkar olunmuş, qablaşdırılmaqla götürülmüşdür. Bununla yanaşı evin ikinci mərtəbəsində ona məxsus olan yataq otağında çarpayının üzərində olan döşəkçənin alt hissəsində təxminən 20 il əvvəl taparaq saxladığı 01 ədəd bıçağı olan beşbarmaq və 01 ədəd heyvan kəsimi üçün istifadə olunan bıçaq aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Evin zirzəmisində aşkar olunmuş qurudulmuş marixuananı isə uzun müddət əvvəl orada gizlətmiş, həmin kütlələri də əkib-becərdiyi çətənə bitkilərindən əldə etmişdir. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı, ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, eləcədə elan olunmuş şahid ifadələri ilə, məhkəmə ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Qusar rayonu Urva kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlanılması və daşınması, həmçinin çətənə bitkilərinin əkib-bəcərilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantları Məzahir Ələskərov, Şahid5, Şahid3 və polis baş leytenantı Şahid7la birlikdə Qusar şəhəri Səfıbəyov küçəsində Qusar şəhər sakinləri Şahid4 və Şahid6 ilə birlikdə saxlanılmış, daha sonra Qusar RPŞ-nin müstəntiqi həmin yerə dəvət olunmuş, müdafiəçi və ekspert- kriminalistlə birlikdə ora gəlmiş, Samir vəkillə təmin olunmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra saxlanıldığı yerdə onun üzərinə vəkilin və digər polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə şəxsi axtarış aparılmış, həmin vaxt əynində olan gödəkçənin sağ cibindən özündə saxladığı 05 ədəd kağız bükümə və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq, qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Samirə məxsus evə sonuncunun razılığı ilə baxış keçirilmiş, baxış zamanı evin zirzəmisində saxladığı 01 ədəd polietilen paketdə içərisində narkotik vasitə qurudulmuş marixuana olan kütlə aşkar olunmuş, qablaşdırılmaqla götürülmüşdür. Bununla yanaşı evin ikinci mərtəbəsində Samirə məxsus olan yataq otağında çarpayının üzərində olan döşəkçənin alt hissəsində saxladığı 01 ədəd bıçağı olan beşbarmaq və 01 ədəd bıçaq aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Evin zirzəmisində aşkar olunmuş qurudulmuş marixuananı isə uzun müddət əvvəl orada gizlətmiş, həmin kütlələri də əkibbecərdiyi çətənə bitkilərindən əldə etmişdir.Samirin evinə onun özünün iştirakı ilə baxış keçirilib. Saxlanılan vaxt və evə baxış keçirilən vaxt təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və psixi təsir olunmayıb, özü könüllü ifadə verib. Evdə heç kim olmamışdır. Evin qapısı bağlı olmuş, evin açarları polis şöbəsində qalmış, açarlar gətirilənədək onlar evin qarşısında gözləmişdir. Açarlar gətirilənədək evə kimsə daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5, Şahid3, X2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində tanışı Raminlə birlikdə Qusar şəhər Bazarına gödəkçə almaq üçün getmiş, bazarda tanışı Samirlə rastlaşmışdır. Samirlə söhbət edən vaxt onun narkotik vasitədən istifadə etdiyini bildiyi üçün “səndə çəkməyə bir şey var?” demiş, Samir də ona “bir büküm var gedək birlikdə çəkək” demişdir. Onlar birlikdə Qusar şəhər X3 istiqamətdə piyada getmiş, birlikdə nəşə çəkmiş, lakin Ramin çəkməmişdir. Bundan sonra oradan yenidən bazar tərəfə piyada gəlmək istədikləri zaman Qusar rayon Polis Şöbəsinin əməkdaşları onları saxlamış və Samirdə narkotik olmasından şübhələndiyini bildirmişlər. Sonradan məlum olmuşdur ki, Samirin üzərində çəkdikləri bükümdən başqa 05 ədəd büküm və 01 ədəd kibrit qutusunda nəşə olmuşdur. Lakin o, həmin bükümləri və kibrit qutusunu görməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, Şahid6 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2022-ci il tarixli, 7/1321 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 bükümdə və 01 ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya bənzər ot kütlələri” yazılan zərfdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,370 qram və 05 ədədə kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qr, 0,429 qr, 0,660 qr, 0,490 qr və 0,315 qram olmaqla, ümumi təmiz çəkisi 7, 760 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanandır.Tədqiqata təqdim edilmiş 01 ədəd polietilen bağlamada təmiz çəkisi 438,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanandır. Təqdim edilmiş marixuanaların ümumi çəkisi 445,76 qram olub, tərkiblərinə görə eynidir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının məhkəmə-narkoloji ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 7206 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür Məhkəmə istintaqı zamanı təqdid edilərək araşdırılmış və DVD disklərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibində qanunsuz olaraq saxladığı və daşıdığı narkotik vasitə qurudulmuş marixuana, eləcə də yaşadığı evin zirzəmisində qanunsuz olaraq saxladığı bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitənin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə olan marixuana vardır. həmin narkotik vasitəni yerdən tapmışdır. O, gödəkçənin (əynində olan) sağ yan cibindən 05 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutuda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qusar rayonu Urva kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tək yaşadığı evin həyətyanı sahəsində 2022-ci ilin yaz aylarında özünə istifadə etmək məqsədi ilə 4 ədəd narkotik tərkibli çətənə kolları əkdiyi yeri göstərmişdir. Həmin yerə baxış zamanı orada artıq hər-hansı bir iş üçün əhəmiyyət kəsb edən izə rast gəlinməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış zamanı zirzəminin divarında dördkünc saxlanc yeri kimi nəzərdə tutulmuş hissədə polietilen paketdə içərisində qurudulmuş marixuanaya bənzər yaşımtıl rəngli spesifik iyə məxsus ot kütlələri aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs orada olan kütlələrdən xəbəri olmadığını bildirmişdir. Həmin paketdə olan ot kütlələri qablaşdırılaraq götürülmüşdür. Bundan başqa evin ikinci mərtəbəsində Təqsirləndirilən şəxs yataq otağında olan çarpayıların üzərində döşəyin altında 01 ədəd biçaq qını ilə birlikdə, bundan başqa 01 ədəd “beşbarmaq” tipli biçaqlı soyuq silaha bənzər əşya aşkarlanaraq qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı həmin bıçaq və beşbarmaqın uzun müddətdir ki, orada olduğundan istifadə etmədiyini bildirərək bıçağın babasından atasından qaldığını söyləmişdir. Baxış zamanı videoçəkiliş ilə bütün aşkar olunanları qeydə almışdır protokola əlavə edilmişdir. Protokol tərtib olunarkən heç bir vəsatət şikayət qeydə alınmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar MRX narkoloji kabinetində xx.xx.2016-cı il tarixdən “F12-Çətənə qəbulu” diaqnozu ilə həkim narkoloqun qeydiyyatdadır. Həkim psixiatrın qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi çəkisi -445,41 qram qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı və yaşadığı ünvana baxış keçirilməsi videoçəkilişlə əks etdirən görüntülər 02 ədəd DVD kompakt disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4 və 237.1-ci maddələrinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş və barəsində cinayət işindən material ayrılaraq, Azərbaycan Respublikası Baş Prokurorunun 30 iyun 2020-ci il tarixli N10/82 nömrəli “X9” əmrin tələbinə əsasən bu barədə material ayrılıb, rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi çətənə toxumlarının mənbəsinin müəyyən edilib məsuliyyətə cəlb edilməsi məqsədi ilə hazırkı cinayət işindən material ayrılmış və Qusar RPŞ-nin CAB-nə göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci ilə təqsirli bilinərək 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “ az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cümaddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçdikdən sonra yenidən qəsdən cinayət törətsədə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 4(dörd) ədəd çətənə bitkilərini cari ilin sentyabr ayında çıxardıb satış məqsədi olmadan evin zirzəmisində qurutmaqla saxlamış, həmin çətənə bitkilərindən dərib qurutmaqla hazırlayıb narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədilə qanunsuz olaraq əldə etmiş, şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibində qanunsuz olaraq saxladığı və daşıdığı narkotik vasitə qurudulmuş marixuana, eləcə də yaşadığı evin zirzəmisində qanunsuz olaraq saxladığı bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs bilavasitə təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması şəxsiyyəti səciyyələndirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlğın artmasıa səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixioloji problemlər yaradır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs hər hansı bir ictimai faydalı əməklə məşğul olmaq, əvəzinə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri himayəsində böyüyən və tərbiyə olunan azyaşlı uşaqlarında psixioloji problemlər yaradacağını məhkəmə istisna etmir. Həmçinin, kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur İş materiallarından görünür ki,19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərcləri 152 (yüz əlli iki) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan tədqiqatdan sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi çəkisi 445,41 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışını və yaşadığı ünvana baxış keçirilməsini videoçəkilişlə əks etdirən görüntülər olan 02 ədəd DVD kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixə kimi hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan tədqiqatdan sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi çəkisi 445,41 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışını və yaşadığı ünvana baxış keçirilməsini videoçəkilişlə əks etdirən görüntülər olan 02 ədəd DVD kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri 152 (yüz əlli iki) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar