Məhkəmə qərarları › İş №1(029)-29/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-29/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-29/2021 20.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X6 iştirakları ilə xx.xx.1994-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, özgə əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus, Qusar şəhəri, Q.Əliyev küçəsi-26A ünvanda yerləşən evin həyətinə hasardan aşaraq qanunsuz keçdikdən sonra evin pəncərələrindən birini əli ilə itələyib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olаraq oradan çəkisi 17,52 qram, qiyməti isə 1314,00 manat olan, üzərində ağ şəffaf qaşları olan qızıl kolye və qızıl bilərzikdən ibarət dəst; çəkisi 5,25 qram, qiyməti isə 578,00 manat olan, üzərində ağ şəffaf brilyant qaşları olan 01 ədəd qızıl nişan üzüyü; çəkisi 1,8 qram, qiyməti isə 81 manat olan, üzərində ağ şəffaf qaşı olan 01 ədəd qızıl üzük; çəkisi 6 qram, qiyməti isə 50 manat olan 01 ədəd gümüş qolbağ, çəkisi 2,5 qram, qiyməti isə 20 manat olan 01 ədəd gümüş qolbağ; çəkisi 3 qram, qiyməti isə 30 manat olan 01 ədəd gümüş kulon və çəkisi 6,55 qram, qiyməti isə 6 manat olan, üzərində ağ şəffaf qaşları olan, qırıntı hesab olunan gümüşü rəngli metaldan hazırlanmış 01 ədəd sırğanı, yəni Zərərçəkmiş şəxs məxsus cəmi-2079 manat dəyərində əmlakı götürüb aparmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. Belə ki, onun maddi imkanı aşağı olduğundan və Natiq adlı tanışına anasının xəstə olması və müalicəsi ilə əlaqədar borclu olduğundan təkbaşına oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Qusar şəhəri, Q.Əliyev küçəsi-26A ünvanda yerləşən işığı olmayan evin həyətinə hasardan aşaraq daxil olmuş, bundan sonra evin plastik pəncərəsini əli ilə itələyib açmış və evə daxil olmuşdur. Daha sonra isə evin ikinci mərtəbəsində yataq otağında kamotun üstündə olan qabın içərisindən qızıl kolye və qızıl bilərzikdən ibarət dəsti, 01 ədəd qızıl nişan üzüyünü, 01 ədəd qızıl üzüyü, 02 ədəd gümüş qolbağı, 01 ədəd gümüş kulonu və gümüşü rəngli metaldan hazırlanmış 01 ədəd sırğanı oğurlayıb aparmışdır. Həmin əşyalardan qızıl olanları və gümüşü sırğanı tanışı Natiqə vermişdir ki, borcu qaytarana kimi girov kimi özündə saxlasın. Qalan əşyaları isə tullamışdır. Sonradan polis əməkdaşları onu saxlamışlar və o, törətdiyi əməlini etiraf etmişdir. Natiqə verdiyi qızıl əşyalarını sonuncu istintaq orqanına təqdim etmiş, həmçinin o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxslə barışaraq ona dəymiş zərəri tam aradan qaldırmışdır. Hazırda sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Bundan başqa, onun himayəsində yaşı 65-dən yuxarı və xəstə olan anası vardır, törətdiyi əməlindən peşman olmuş, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, həmin halları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qusar şəhəri, Q.Əliyev küçəsi-26A ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. 2020-ci ilin dekabr ayının 12-də hava soyuq olduğundan və evdə təbii qaz olmadığından həyat yoldaşı Tahirəni və uşaqlarını qaynatasıgilə göndərmişdir. Özü isə işi ilə əlaqədar evə 3-4 gündən bir gəlir və xx xxxxxx 2020-ci il tarixdə evdə olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə o, həyat yoldaşını və uşaqlarını qaynatasıgildən götürüb evinə qayıtmış və evə çatdıqda evin pəncərəsinin açıq olduğunu görmüşdür. Daha sonra isə məlum olmuşdur ki, evdən qızıl-zinət əşyaları, həmçinin gümüşdən olan əşyalar-yəni çəkisi 17,52 qram, qiyməti isə 1314,00 manat olan, üzərində ağ şəffaf qaşları olan qızıl kolye və qızıl bilərzikdən ibarət dəst; çəkisi 5,25 qram, qiyməti isə 578,00 manat olan, üzərində ağ şəffaf brilyant qaşları olan 01 ədəd qızıl nişan üzüyü; çəkisi 1,8 qram, qiyməti isə 81 manat olan, üzərində ağ şəffaf qaşı olan 01 ədəd qızıl üzük; çəkisi 6 qram, qiyməti isə 50 manat olan 01 ədəd gümüş qolbağ; çəkisi 2,5 qram, qiyməti isə 20 manat olan 01 ədəd gümüş qolbağ; çəkisi 3 qram, qiyməti isə 30 manat olan 01 ədəd gümüş kulon və çəkisi 6,55 qram, qiyməti isə 6 manat olan, üzərində ağ şəffaf qaşları olan, qırıntı hesab olunan gümüşü rəngli metaldan hazırlanmış 01 ədəd sırğa oğurlanmışdır. Bundan sonra həyat yoldaşı DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, onun evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdir və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonradan Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını qaytarmış, həmçinin dəymiş zərəri tam aradan qaldırmışdır. Hazırda həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onunla barışmışdır. Odur ki, həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Həmin şəxsin ona 6000 manat borcu olmuş, həmin borcu 2020-ci ilin oktyabr ayında qaytaracağını bildirmişdir. Zərbəli həmin borcu qaytarmamış və 2020-ci ilin dekabr ayının ortalarında gətirib ona qızıl boyunbağı, qızıl qolbağ, iki ədəd qızıl üzük və sırğa vermişdir ki, girov kimi özündə saxlasın, borcu qaytaranda həmin əşyaları geri qaytarar. Onun həmin əşyaların oğurluq olmasından isə xəbəri olmamış, bu barədə ona sonradan məlum olmuş və həmin əşyaları könüllü olaraq Qusar RPŞ-nin əməkdaşlarına təqdim etmişdir. Sonradan o, bilmişdir ki, Zərbəli ona verdiyi əşyaları Vladik adlı şəxsin evindən oğurlamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarından etibarən yaşadıqları evə gələn qaz kəsilmiş, ona görə də evləri soyuq olmuş, bu səbəbdən də o, azyaşlı uşaqları ilə birlikdə atasıgilə gedib bir neçə gün onlarda qalmaq istəmiş, ona görə də özünə məxsus olan mobil telefonla əri Vladikə zəng edərək evə gəlib onu və uşaqları atasıgilə aparmasını xahiş etmiş, ancaq Vladik gələ bilməyəcəyini demiş və qardaşı Radiki göndərəcəyini bildirmişdir. Həmin gün günorta saatlarından sonra isə qayını Radik onlara gələrək onu və iki azyaşlı uşağını avtomobillə Hil kəndində yaşayan atası Ravidin evinə aparacağını bildirmiş, o, da evin qapı və pəncərələrinin hamısını bağlayaraq atasıgilə getmiş və xx xxxxxx 2020-ci il tarixədək orada qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində əri Vladik onun atasıgilə gələrək onu və azyaşlı uşaqlarını öz evlərinə gətirmiş, təxminən saat 19 radələrində yaşadıqları evin həyətinə daxil olub evin giriş qapısına yaxınlaşan zaman giriş qapısının sağ tərəfində olan plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşlər. Vladik də bu barədə ondan soruşduqda o, evdən çıxıb gedən zaman bütün qapı və pəncərələri bağladığını bildirmişdir. Bundan sonra evin giriş qapısını açaraq içəriyə daxil olmuş və evə daxil olduqdan sonra ev əşyalarının bir hissəsinin dağıdılmış halda olduğunu görmüş, daha sonra isə yataq otağında olan termodakı mücrünün içərisinə baxan zaman orada olan 02 ədəd qızıl qadın üzüyü, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbağ, 01 ədəd adi metaldan olan sırğa, 02 ədəd gümüş qolbağ və ortasında göy rəngli qaş olan 01 ədəd gümüş kulonun yerində olmadığını görmüş, özünə məxsus olan mobil telefonla Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzinə zəng edib evlərindən oğurluq olması barədə məlumat vermiş və sonradan evlərindən oğurluq edən şəxsin Qusar şəhər sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X1, Zərərçəkmiş şəxs və X4 iştirakları ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 20:15-dən saat 21:15-dək ünvan 3 ünvanda yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin evin ikinci mərtəbəsində olan yataq otağında termonun üstündəki mücrünün içərisində olan 1 ədəd kişi üzüyü, 1 ədəd qadın qolbağı, 1 ədəd boyunbağı, 2 ədəd qadın üzüyü yerində yoxdur, həmin əşyalar oğurlanmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X5, Şahid2 və hal şahidləri Emin Əlixanovun, Vidadi Osmanovun iştirakları ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmiş şəxsin qızılları Şahid2 verməsi ilə əlaqədar həmin tarixdə saat 20:00-dan saat 20:30-dək sonuncunun razılığı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Şahid2 həmin qızılların həmin evdə ona məxsus olan otaqda olduğunu bildirmiş, həmin şəxsin icazəsi ilə evin yataq otağına daxil olmuşlar. Həmin otaqda Şahid2 şkafda termonun saxlanc yerindən ağ rəngli salfetə bükülmüş vəziyyətdə içərisində qızıllar olan bükülünü təqdim etmişdir. Bükülünün içərisində 1 ədəd qızıl qadın üzüyü, 1 ədəd qızıl üzəri qaşlı qadın üzüyü, 1 ədəd qadın qolbağı, 1 ədəd qızıl kulonlu boyunbağı, 1 ədəd metalının mənşəyi məlum olmayan sırğa hal şahidlərinin iştirakları ilə götürülmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 6/82-9/43 saylı rəyindən görünür ki, təqdim edilmiş: - 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kolye və bilərzik dəstiüzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 17,52 qramdır, qaşları qiymətli qaşlara aid deyil; - 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük (1 ədəd qaş yeri boşdur)-üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 5,25 qramdır, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,052 karat, 23 ədədinin hər birinin ölçüsü 0,004 karat, 4/3 keyfiyyətlidirlər; - 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd ağ şəffaf qaşı olan üzüküzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,08 qramdır, qaşı qiymətli qaşlara aid deyil; - 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa tayı-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 6,55 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, təqdim edilmiş tədqiqat obyektlərinin, 2020-ci ilin dekabr ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: -bir ədəd 583 əyarlı, çəkisi 17,52 qram, üzərində ağ şəffaf qaşları olan (qaşları qiymətli qaşlara aid deyil) qızıl kolye və bilərzik dəsti-1314,00 manat; - bir ədəd 750 əyarlı, çəkisi 5,25 qram, üzərində ağ şəffaf brilyant qaşları olan (1 ədəd qaş yeri boşdur), 1 ədədinin ölçüsü 0,052 karat, 23 ədədinin hər birinin ölçüsü 0,004 karat, 4/3 keyfiyyətli qızıl üzük-578,00 manat; - bir ədəd 585 əyarlı, çəkisi 1,08 qram, üzərində 1 ədəd ağ şəffaf qaşı olan (qaşı qiymətli qaşlara aid deyil) qızıl üzük-81,00 manat; - bir ədəd metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, çəkisi 6,55 qram, üzərində ağ şəffaf qaşları olan (qaşları qiymətli qaşlara aid deyil) qırıntı hesab olunan gümüşü rəngli metaldan sırğa tayı-qiymətsizdir. Hazırda, tədqiq edilən ortada olmayan 01 ədəd çəkisi 6 qram gümüşü qolbağın, 01 ədəd çəkisi 2,50 qram gümüşü qolbağın və 01 ədəd çəkisi 3 qram gümüş kulonun ayrıayrılıqda gümüş metalın əyyarı, modeli və istehsal yeri barədə məlumat olmadığından tədqiqat və qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 6/82-9/43 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 111.70 (yüz on bir manat yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 011-12052-1220 saylı məktubdan görünür ki, Qusar şəhəri, Q.Əliyev küçəsi ev 26A-da yaşayan Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİnin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 04 ədədinin xx.xx.1994-cü il tarixdə Qusar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta adsız barmaqlarının, sağ əlinin isə böyük barmağının (02 dəfə) əksi ilə eyni olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 02 ədəd qızıl qadın üzüyünü, 01 ədəd qızıl boyunbağını, 01 ədəd qızıl qolbağı və 01 ədəd adi metaldan olan sırğanı Qusar RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Etibar Cəbrayılovdan təhvil almışdır. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı və xx xxxxxx 2020-ci il tarixli protokolla Şahid2 götürülmüş 02 ədəd qızıl qadın üzüyü, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbağ və 01 ədəd adi metaldan olan sırğa iş üzrə maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmışdır. Bundan başqa, Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 32.5,177 və 194-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə cinayət törətməkdə hər hansı bir formada iştirak etmə xüsusatı üzrə X2 barəsində cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs ittiham elan olunan zaman 01 ədəd adi metaldan olan sırğa, 02 ədəd gümüş qolbağ və 01 ədəd gümüş kulonla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrində göstərilən qiymətlərin əsas götürülməsi nəzərə alınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 4 evdə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 2079 manat məbləğində ziyanın hamısı ödənilmiş, bununla bağlı onun heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsxx xxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam aradan qaldırlmaqla ona ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Ona görə də, həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus, Qusar şəhəri, Q.Əliyev küçəsi-26A ünvanda yerləşən evin həyətinə hasardan aşaraq qanunsuz keçdikdən sonra evin pəncərələrindən birini əli ilə itələyib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olаraq oradan çəkisi 17,52 qram, qiyməti isə 1314,00 manat olan, üzərində ağ şəffaf qaşları olan qızıl kolye və qızıl bilərzikdən ibarət dəst; çəkisi 5,25 qram, qiyməti isə 578,00 manat olan, üzərində ağ şəffaf brilyant qaşları olan 01 ədəd qızıl nişan üzüyü; çəkisi 1,8 qram, qiyməti isə 81 manat olan, üzərində ağ şəffaf qaşı olan 01 ədəd qızıl üzük; çəkisi 6 qram, qiyməti isə 50 manat olan 01 ədəd gümüş qolbağ; çəkisi 2,5 qram, qiyməti isə 20 manat olan 01 ədəd gümüş qolbağ; çəkisi 3 qram, qiyməti isə 30 manat olan 01 ədəd gümüş kulon və çəkisi 6,55 qram, qiyməti isə 6 manat olan, üzrəində ağ şəffaf qaşları olan, qırıntı hesab olunan gümüşü rəngli metaldan hazırlanmış 01 ədəd sırğanı, yəni Zərərçəkmiş şəxs məxsus cəmi-2079 manat dəyərində əmlakı götürüb aparmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 4 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş zərəri tam aradan qaldırmaqla zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd qızıl qadın üzüyünün, 01 ədəd qızıl boyunbağının, 01 ədəd qızıl qolbağın (bilərzik), 01 ədəd adi metaldan olan sırğanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması, digər əşyaların dəyərinin isə zərər çəkmiş şəxsə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 111.70 (yüz on bir manat yetmiş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 4 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd qızıl qadın üzüyünün, 01 ədəd qızıl boyunbağının, 01 ədəd qızıl qolbağın (bilərzik), 01 ədəd adi metaldan olan sırğanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması, digər əşyaların dəyərinin isə zərər çəkmiş şəxsə ödənilməsi nəzərə alınsın. İş üzrə 111.70 (yüz on bir manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar