Məhkəmə qərarları › İş №1(029)-29/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-29/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-29/2023 21.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci ildə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, şəxsi istifadəsi üçün ümumilikdə 1,667 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamış və daşımaqla gəzdirmiş, həmin gün saat 16 radələrində Qusar-Quba yolunun 1-ci kilometrində “Ay İşığı” restoranının yaxınlığında Qusar rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən 01 ədəd selofan bükümdə olan həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmiş, 2022-ci ilin təxminən aprel-may aylarında əlinin vətərləri kəsilmiş və ağrılara dözmədiyindən heroindən istifadə etməyə başlamışdır. 11 noyabr 2022-ci il tarixdə o, idarə etdiyi “Niva” markalı avtomobillə mərmər dəzgahını təmir etmək məqsədi ilə Xaçmaz şəhərinə getmiş, qonşusu Şahid4 da yol yoldaşı kimi, həm də kömək etməsi üçün özü ilə aparmışdır. Xaçmaz şəhərində o, daş karxanasında işlərini bitirdikdən sonra siqaret almaq üçün mağazaya getmiş, mağazadan çıxdıqdan sonra yolun kənarında parıldayan əşya görmüş və götürüb cibinə qoymuşdur. Bundan sonra o, Fərmanla birlikdə Qusar şəhərinə qayıtmış, yolda olarkən tapdığı əşyaya baxmış və onun sellofan bükümdə olan heroin olduğunu görmüşdür. Lakin, həmin vaxt Fərman heroini görməmişdir. Onlar Qusar şəhərinin girişinə çatdıqda “Ay işığı” restoranının yanında polis əməkdaşları onu saxlamış, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərində olan heroin aşkar olunaraq götürülmüşdür. Törətdiyi əməlindən peşmandır, ailəlidir, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı ondan, digər polis əməkdaşları Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat təxminən 16-17 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Niva markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobil Qusar şəhərinin girişində “Ay işığı” restoranının yanında onların tərəfindən saxlanılmış, həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs və Şahid4 olmuşlar. Onlar həmin şəxslərə özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamasında şübhəli olduğunu izah etmişlər, daha sonra müstəntiq tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı ilə Raminin üzərinə baxış keçirilərək üzərindən bir büküm narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, həmin şəxs onun qonşusudur. 11 noyabr 2022-ci il tarixdə Ramin mərmər dəzgahını təmir etmək üçün onunla birlikdə Xaçmaz şəhərinə getməyi təklif etmiş, o da razılaşmışdır. Onlar birlikdə Raminin idarə etdiyi Niva markalı avtomobillə Xaçmaz şəhərinə getmişlər, orada Ramin daş karxanasında dəzgahı təmir etdirmiş, o, isə bayırda gözləmişdir. Bayırda olarkən o, müharibə yoldaşı olan və TİR sürücüsü işləyən İntiqam adlı şəxsi görmüş, onunla bir az söhbət etmiş, birlikdə marixuana çəkmişlər, daha sonra isə İntiqam oradan getmişdir. Bundan sonra Ramin öz işini bitirmiş və onlar birlikdə Qusar şəhərinə qayıtmışlar. Qusar şəhərinə çatdıqda polis əməkdaşları onları saxlamışlar, üzərlərinə baxış keçirmişlər və Raminin üzərindən heroin aşkar olunmuşdur. Həmin vaxt onun üzərindən narkotik vasitə aşkar olunmamış, lakin tibbi müayinə zamanı sidiyində marixuana aşkar olunmuşdur. Onun Raminin üzərində heroin olmasından və onu necə əldə etməsindən xəbəri olmamış, yalnız polis əməkdaşları həmin heroini aşkar etdikdə bu barədə bilmişdir. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, videoçəkiliş aparılmaqla və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı ona saxlanılması qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim edilməsi təklif edilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sol cibindən 01 ədəd bükülüdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, lakin həmin əşyanın ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin maddə müvafiq qaydada qablaşdırılmışdır (i/v:25-27). İş materiallarında olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6509 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə” yazısı və imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1,667 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i/v:40-41). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi 1,667 qram olmuş, 0,05 qram tədqiqata sərf olunmuş, 1,617 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 noyabr 2022-ci il tarixli 7251 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v: 85-86). İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 1,617 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı və idarə etdiyi avtomobilə baxış videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntüləri əks etdirən bir ədəd DVD disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir (i/v: 88-96). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanda yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci ildə saat 17 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilmiş, həmin gün saat 17:10-da şübhəli şəxs qismində tutulmuş, 12 noyabr 2022-ci il tarixdə saat 18:40-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir. Bununla da, həmin şəxsin həbsdə saxlama müddəti 24 saatdan, yəni bir gündən artıq olmaqla onun azadlığı 2 (iki) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 2 (iki) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış 1,617 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 114 (yüz on dörd) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 11 noyabr 2022-ci il saat 17:10-dan 12 noyabr 2022-ci il saat 18:40-dək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış 1,617 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlı̇ k edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar