Məhkəmə qərarları › İş №1(029)-29/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-29/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-29/2024 13.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qusar şəhəri, X1, ev 119-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs bir neçə dəfə yumruq zərbəsi ilə vurmaqla döyərək qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə saat təxminən 15 radələrində o, Tap.az səhifəsində gördüyü avtomobilə baxmaq üçün Zərərçəkmiş şəxs evinə getmişdir. Avtomobilə baxdıqdan sonra avtomobil boyanmalı, salonu da yaxşı vəziyyətdə olmadığını demiş, sonra isə Zərərçəkmiş şəxs inciməməsini və getmək istədiyini demişdir. Bu vaxt Zərərçəkmiş şəxs onunla əsəbi tonda danışmış, ona “sən maşın alan deyilsən, fırıldaqsan” kimi ifadələr səsləndirmiş, o da Zərərçəkmiş şəxs belə sözlərin deməməsini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, mübahisə vaxtı Zərərçəkmiş şəxs onun gödəkçəsindən tutmuş, o da Zərərçəkmiş şəxs özündən kənara çəkmək üçün onu itələmiş, bu zaman Zərərçəkmiş şəxs yerə yıxılmışdır, daha sonra isə o oradan getmişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta görünür. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən göstərmişdir ki, o, bir ay əvvəl VAZ 2106 markalı avtomobil almış, təsərrüfatında idarə etmiş daha sonra ehtiyac olmadığına görə nəvəsi Şahid2 həmin avtomobili tap.az internet saytında satışa qoymasını bildirmiş, bununla bağlı onlara zənglər olunmuş avtomobilə baxanlarda olmuş lakin onlar qiymət ilə razılaşmamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində nəvəsi Rzanın mobil telefonuna ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş avtomobilə baxmaq istədiklərini bildirmiş Rza avtomobilin hələdə satılmadığının və gəlib avtomobilə baxa biləcəyini bildirmişdir. Həmin günü saat 15: 00 radələrində həmin adam Rzanin telefonuna təkrar zəng etmiş və gəlib həyətdə olduğunu və avtomobilə baxış keçirmək istədiyini bildirdi. O həyətə tək düşmüş nəvəsi Rza o düşəndən sonra pəncərədən baxırdı. O avtomobili qarajda saxlamış və avtomobilə baxmağa gələn şəxsi həyətə buraxmış və onlar qaraja keçib avtomobilə baxmışlar. O avtomobili işə salmış digər şəxs isə avtomobilin hər yerinə baxmışdır. Gəlmiş şəxs avtomobilin qiymətini soruşmuş o da həmin şəxsə avtomobilin boyandığını lakin lak vurulmadığını avtomobili 2800 manata satdığını qiymətdən 100 manat düşəcəyini demişdir. Həmin şəxs avtomobilin xərclərinin çox olduğunu qiymətin baha qoyduğunu ondan avtomobili 1700 manat sata biləcəyini soruşmuşdur. Həmin vaxt o həmin qiymətə avtomobilin olmadığı gedib başqa yerdən 1700 manata avtomobil almasının bildirmiş və onlar ikisidə qarajdan çıxıb qapıya tərəf gedib çölə çıxmış və əsəbi halda ondan belə avtomobilin qiymətinin neçəyə ola biləcəyini soruşmuş o da 5000 mindən başlayaraq hər qiymətə ola biləcəyinin bildirmişdir. Həmin vaxt həmin şəxs onunla mübahisə etməyə başlamış, özünün 65 yaş olduğunun onun neçə yaşı olduğunu soruşmuşdur. Həmin şəxs ondan uzaqlaşarkən “ caqqalarda yalandan maşının qiymətini baha deyirlər, pis maşını tərifləyib satırlar” demiş o da həmin şəxsə niyə elə ifadə işlətdiyinin soruşmuş bundan sonra həmin şəxs onunla mübahisə etməyə başlamışdır. Bu vaxt o həmin şəxsə çıxıb getməsinin əks halda polisə məlumat verəcəyni bildirmışdir. Həmin vaxt həmin şəxs onun üzərinə hücum çəkmiş əl qol atmış lakin onu vurmamış o da cavabında rus dilində “ Şuruy” demiş. Həmin şəxs isə onun ünvanına ana söyüşləri söymüş, yumruq zərbəsi ilə onun sağ gözündən vurmuş o zərbədən yerə yıxılmışdır. Bundan sonra həmin şəxs ondan əl çəkməmiş başında bir neçə dəfə yumruq zərbələri vuraraq oradan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 və Şahid2 təhqiqat zamanı verdikləri ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs bir ay əvvəl təsərrüfat işlərində istifadə etməsi üçün vaz 2106 markalı avtomobil almış, lakin sonradan həmin avtomobilə ehtiyac olmadığı üçün həmin avtomobili Tap.az internet saytında satışa qoymuş, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində elanda yerləşdirilən avtomobilə baxmaq üçün gələn müştərinin avtomobilə baxdıqdan sonra Zərərçəkmiş şəxsla mübahisə etmiş, sonra İlyas Quyubəyovun yerdə üzü qanlı vəziyyətdə uzanmış, avtomobilə baxmaq üçün gələn oğlanın isə qaçaraq oradan uzaqlaşmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PA Birliyinin» Qusar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 09 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlərbaşın sağ ənsə nahiyyəsinin şişkinliyi; sağ qaşın bayır səthinin əzilmiş-çapılmış yarası küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruq zərbəsi ilə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, münasibətləri normaldır, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, həmçinin ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar