Məhkəmə qərarları › İş №1(029)-3/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-3/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-3/2024 16.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-cı ildə Xaçmaz rayonu Qaraqurdlu kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə və xx.xx.1976-cı ildə Qusar rayonu Yasab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Yasab kəndində qeydiyyatda olmaqla ünvan 1-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Məhəmmədəli oğlu və Təqsirləndirilən şəxs2 bir-biri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncuya məxsus olan Qusar rayonunun Yasaboba kəndi ərazisində yerləşən 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ümumi dəyəri 240 manat dəyərində 2 ədəd 10 sm diametrində, 360 manat dəyərində 3 ədəd 12 sm diametrində, 360 manat dəyərində 2 ədəd 18 sm diametrində, 720 manat dəyərində 4 ədəd 20 sm diametrində, 600 manat dəyərində 3 ədəd 22 sm diametrində, 600 manat dəyərində 3 ədəd 23 sm diametrində, 1200 manat dəyərində 6 ədəd 24 sm diametrində, 750 manat dəyərində 3 ədəd 26 sm diametrində, 750 manat dəyərində 3 ədəd 28 sm diametrində, 3000 manat dəyərində 10 ədəd 30 sm diametrində, 900 manat dəyərində 3 ədəd 32 sm diametrində, 1750 manat dəyərində 5 ədəd 34 sm diametrində, 2100 manat dəyərində 6 ədəd 36 sm diametrində, 400 manat dəyərində 1 ədəd 37 sm diametrində, 400 manat dəyərində 1 ədəd 38 sm diametrində, 3600 manat dəyərində 9 ədəd 40 sm diametrində, 450 manat dəyərində 1 ədəd 41 sm diametrində, 3000 manat dəyərində 6 ədəd 42 sm diametrində, 600 manat dəyərində 1 ədəd 44 sm diametrində, 2100 manat dəyərində 3 ədəd 46 sm diametrində, 3600 manat dəyərində 4 ədəd 50 sm diametrində, 3000 manat dəyərində 3 ədəd 52 sm diametrində, 1050 manat dəyərində 1 ədəd 53 sm diametrində, 1100 manat dəyərində 1 ədəd 54 sm diametrli qovaq cinsli yaş köküstü ağacları qanunsuz kəsərək cəmi 32630,00 (otuz iki min altı yüz otuz) manat olmaqla təbiətə külli miqdarda ziyan vurmuşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməmiş və ifadəsində göstərdi ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən vətəndaşa məxsus olan torpaq sahəsində çinar ağaclarının kəsilməsi cinayət tərkibi yaratmır. O, 6 ildir çinar cinsli ağacları kəsməklə məşğuldur, vətəndaşların həyətində olan çinar ağaclarını kəsib Asif adlı şəxsin taxta istehsal edən sexinə satır. Çinar cinsli ağaclar meşə ağaclarına aid edilmədiyinə görə o, yalnız çinar ağaclarını kəsməklə məşğul olmuşdur. Dövlətin balansında olan ağacları isə kəsməyə ixtiyarı yoxdur. O, Təqsirləndirilən şəxs2 həyətində çinar ağaclarının olduğunu və onları kəsdirmək istədiyini eşidib həmin şəxsin həyətinə getmiş, çinar ağaclarının əkildiyi torpaq sahəsinin ona məxsus olub-olmamasını, çinar ağaclarını özünün əkib-əkmədiyini soruşmuş, həmin şəxs isə torpaq sahəsinin özünə məxsus olduğunu, ağacları isə özünün əkdiyini demişdir. Ona görə də, o, Təqsirləndirilən şəxs2la razılığa gələrək həmin şəxsin həyətində olan 84 ədəd çinar ağaclarını kəsib aparmışdır. Ağacların kəsilməsi üçün bələdiyyədən arayış almamış, çünki bələdiyyələr bunun üçün pul tələb edirlər. Əvvəllər ağac kəsmə ilə bağlı cinayət məsulliyətinə cəlb olunmamış, barəsində cinayət işi başlansa da, sonradan xitam verilmişdir. O, vətəndaşlara kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki ağacları kəsmək qadağan olduğunu bilsəydi, heç vaxt onların kəsilməsi ilə məşğul olmazdı. Məhz ona görə də o, həmin ağacları kəsmişdir. O, kəsdiyi ağaclar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşdiyi üçün bununla bağlı hansısa orqandan icazə almağa ehtiyac olmadığını fikirləşmişdir. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş mülki iddia ilə əlaqədar bildirmişdir ki, əməlində cinayət tərkibi olmadığına görə mülki iddianı qəbul etmir və təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, kəsilən ağacların yerləşdiyi torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsinin Çıxarışı yoxdur, alqı-satqı müqaviləsi əsasında ona məxsusdur. Onun həyətində çinar ağaclarından başqa fındıq və alma ağacları da olmuş, çinar ağacları həmin ağaclara mane olmuş, buna görə də, çinarları kəsmək istəmişdir. Çinar ağaclarını o və atası əkmişlər. Təqsirləndirilən şəxs1 onun həyətinə gəlib çinar ağaclarını kəsmək istədiyini demiş, o, bununla bağlı icazə almağı təklif etmiş, lakin İlham buna ehtiyac olmadığını, hər şeyə özünün cavab verəcəyini, çinarları kəsməyin qanunsuz olmadığını demişdir. İlham əvvəlcə başqa şəxsdən çinarlar almaq istəmiş, lakin həmin ərazi bələdiyyə ərazisi olduğu üçün ala bilməmiş, bundan sonra ona müraciət etmişdir. O, həmçinin İlhama torpaq sahəsinin çıxarışının olmadığını, yalnız alqısatqı müqaviləsinin olduğunu demiş, İlham isə alqı-satqı müqaviləsinin kifayət etdiyini demişdir. O, özü icra nümayəndəliyinə gedib orada məsləhətləşdikdən sonra çinarları kəsməyi düşünmüş, lakin Təqsirləndirilən şəxs1 hər şeyə özü cavab verəcəyini dediyinə görə çinarların kəsilməsinə razılıq vermişdir. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş mülki iddianı da qəbul etməmişdir. Zərər çəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və X2 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, idarə tərəfindən məhkəməyə məktub göndərilərək məhkəmə baxışının nümayəndənin iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Onlara məlumat daxil olmuşdur ki, həmin ərazidə qanunsuz olaraq ağaclar kəsilmişdir. Onlar ağac kəsilən əraziyə baxış keçirmişlər, həmin əraziyə gedəndə təqsirləndirilən şəxsləri görmüşlər. Həmin əraziyə baxış keçirən zaman orada 84 ədəd yaş kök üstündə çinar ağaclarının qanunsuz olaraq kəsildiyini görmüşlər. Onların tərəfindən araşdırılma aparılarkən həmin hadisədə cinayət tərkibinin olduğu aşkara çıxmış və buna görə də həmin material sənədləşdirilərək nazirliyə göndərilmişdir. Həmin ağacların kəsilməsi nəticəsində təbiətə 32630 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanıyır, özü daş bazarında fəhlə işləyir. O, Xaçmazda işləyərkən Təqsirləndirilən şəxs1 onu çağırmış və demişdir ki, kəsilməli çinar ağacları var, gedib onları kəsib gətirsinlər. Onlar çinarları kəsməyə getmişlər, o, orada fəhlə kimi işləmişdir. Orada Təqsirləndirilən şəxs2 əlində sənədlər olmuş, o, həmin sənədlərin nə barədə olmasını bilməmiş və ağacları kəsmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Təqsirləndirilən şəxsləri tanıyır, Təqsirləndirilən şəxs1 əvvəllər də pay torpaq sahəsindən qanunsuz ağac kəsmiş, buna görə cərimə olunmuşdur. İdarəyə qanunsuz ağac kəsmə ilə bağlı daxil olmuş məlumat əsasında əraziyə getmişlər və orada həqiqətən də, çinar ağaclarının kəsildiyini aşkar etmişlər. İlham da orada olmuş, ağacları onun kəsdiyini demişdir. Nəbi bildirmişdir ki, həmin ərazi ona məxsusdur, ağacları kəsməyə icazəsi var. Həmçinin, İlham da demişdir ki, ərazi vətəndaşın pay torpağıdır, ağacları kəsməyə icazəsi var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi vəzifəsində işləyir. İşlədiyi idarəyə ağacların kəsilməsi ilə bağlı məlumat daxil olmuş, bununla bağlı həmin əraziyə getmişlər və orada 84 ədəd çinar ağaclarının kəsildiyini müəyyən etmişlər. Bununla bağlı təbiətə ziyan dəymişdir. İdarə tərəfindən vaxtaşırı olaraq maarifləndirmə işləri aparılır, məktəblərdə işlər görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyul 2023-cü il tarixli 9/4662 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli 78376 saylı akta əsasən göstərilən 84 ədəd müxtəlif diametrli ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində tikinti və abadlaşdırma istisna olmaqla təbiətə dəymiş ziyanın ümumi məbləği 32630,00 manat müəyyən edilir (1-ci cild, i/v: 169-173). Məhkəmə araşdırması zamanı təyin olunaraq keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1398 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 78376 №-li aktına əsasən Təqsirləndirilən şəxs2 məxsus olan, Qusar rayonu Yasaboba kəndində yerləşən 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən kəsilmiş cəmi 84 ədəd ağaclar Qovaq (Çinar) cinslidir və həmin ağac bitkisinin mövcud olan növləri kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən növlərə aid hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir (1-ci cild, i/v: 132-135). İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İİ 320958, AZ-İİ 816741 və AZ-İV 875098 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 22 iyun 2009cu il təvəllüdlü Ella, 28 yanvar 2012-ci il təvəllüdlü Alina və 16 sentyabr 2023-cü il təvəllüdlü Raul adlı üç azyaşlı uşaqları vardır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətmələri yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Məhkəmə müdafiə tərəfin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən birgə razılığa əsasən kəsilmiş çinar cinsli ağacların Təqsirləndirilən şəxs2 məxsus torpaq sahəsində yerləşdiyini və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə əkildiyini, bununla da onların kəsilməsinin cinayət məsuliyyəti yaratmaması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, qovaq cinsli ağacların kəsilməsinin qanunsuz olması şəxsin pozitiv bilgi halı şərtləndirilməmişdir və ona görə də, təqsirləndirilən şəxslərin 84 ədəd qovaq cinsli ağacları bilmədən kəsmələri onların cinayət məsuliyyətini aradan qaldıran hal kimi qəbul edilə bilməz. Bundan başqa, qovaq cinsli ağacların qabaqdacan icazə alınmadan kəsilməsi onların yerləşdiyi torpaq sahəsinin hüquqi statusundan asılı olmayaraq, məhz növünə görə qanunsuz hesab olunur. Həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş məhkəmə-bioloji ekspertizasının yuxarıda qeyd olunan rəyi ilə müəyyən olunur ki, qovaq cinsli ağacların mövcud olan növləri kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən növlərə aid deyildir. Eyni zamanda Təqsirləndirilən şəxs1 özünün ifadəsində çinar ağaclarının kəsilməsi üçün bələdiyyədən icazə almaq üçün pul verilməli olduğundan belə bir icazəni almadığını bildirmişdir ki, bu da əslində həmin şəxsin çinar ağaclarının bələdiyyənin icazəsi olmadan kəsilməsinin qanunsuz olmasını bildiyini təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikadsı Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Odur ki, məhkəmə müdafiə tərəflərinin həmin mövqeyi ilə razılaşmayaraq bu barədə dəlillərini qəbul etmir. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onlar həmin maddə ilə təqsirli bilinməli və onlara həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzalarını ağırlaşdıran halların olmaması ilə yanaşı Təqsirləndirilən şəxs2 Həzrət oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunaraq himayəsində 3 azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərinə CM-in ədalət prinsipi baxımından yanaşıb, onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, onların təqsirli bilindikləri maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı, cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının da nəzərdə tutulduğu halda, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin əsaslandırılmasının mümkün olmadığı bir vəziyyətdə təqsirləndirilən şəxslərə təsirli bilindikləri əməllərinə görə CM-in 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi islah təsiri baxımından əsaslı və ədalətlidir. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar və ailələri məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, məhkumun islah edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа” Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Cinayət Məcəlləsinin 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddələrin və qərarın məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir və təyin olunan cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Məhz bu aspektdən çıxış edərək məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 3 yetkinlik yaşına çatmayan övladı olmaqla yanaşı ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq ona Təqsirləndirilən şəxs1 nisbətdə daha az həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 29 iyul 2023-cü il tarixdə saat 15:30-da axtarışda olan şəxs kimi tutulmuş, daha sonra həmin tarixdə saat 16:55-də ittiham elan etmək üçün ibtidai istintaq orqanı tərəfindən tutulmuş, Qusar rayon məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərarı ilə həmin şəxsin barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət rədd edilmiş və o, tutulmadan dərhal azad edilmiş, bundan sonra isə həmin tarixdə həmin şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, həmin şəxsin azadlığı 2 (iki) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı 2 (iki) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Xaçmaz rayonu Qaraqurdlu kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Göründüyü kimi, təqsirləndirilən şəxslər törətmiş olduqları cinayət əməlinə tənqidi yanaşmamışlar, həmçinin Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, ağacların kəsilməsi ilə məşğul olduğunu bildirmişdir ki, bu da təqsirləndirilən şəxslərin yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququnun saxlanmasının qeyri-mümkün hesab olunmasına əsas verir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə (mülki cavabdehlərə) qarşı irəli sürülmüş mülki iddianı müzakirə edərək bu nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2, 181.2.1-181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət nəticəsində təbiətə ziyan vurulmuşdur. Bu səbəbdən də, dəymiş ziyana görə Təqsirləndirilən şəxs1 və Nıbi Aydəmirovun mülki məsuliyyəti yaranmışdır. Odur ki, hazırkı cinayət hadisəsi nəticəsində zərər çəkmiş şəxs və mülki iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 32630 manat məbləğində maddi ziyanın vurulması tam sübuta yetirildiyindən mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada maddi ziyanın əvəzi kimi 32630 (otuz iki min altı yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 29 iyul 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Xaçmaz rayonu Qaraqurdlu kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin, cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin edilmiş yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırıılması cəzasını yaşayış yeri üzrə çəksin, cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 32630 (otuz iki min altı yüz otuz) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar