Məhkəmə qərarları › İş №1(029)-31/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-31/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-31/2024 16.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 05 avqust 1992-ci il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə olan heroini və 02 ədəd “Metadon” həblərini qanunsuz olaraq idarə etdiyi “TOYOTA AURUS” markalı, **- HL-*** dövlət nömrə nişanlı avtomobildə saxlamış və qanunsuz olaraq daşımış, 22.11,2023-cü il tarixdə, saat 23 radələrində Qusar rayonu Qayakənd kəndi ərazisində Qusar RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılmış, üzərinə “şəxsi axtarış” istintaq hərəkəti keçirilmiş, daha sonra idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda ön hissədə eynək qoyulan yerdə 02 ədəd təmiz çəkisi 0,08 qram olan narkotik vasitə “Metadon” həbləri və həmin avtomobilin ön sərnişin oturan yerin ayaqaltının üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0,524 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, təxminən bir ildən çoxdur ki, narkotik vasitələrdən istifadə etmiş, Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən öz şəxsi tələbatı üçün narkotik vasitə alaraq istehlak etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 16-17 radələrində tanımadığı şəxsdən Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisindən təxminən 1 qram çəkidə narkotik vasitə heroin və bir həbin çəkisi 0,04 qram olmaqla 02 ədəd 0,08 qram çəkidə “Metadon” həblərini 70 manat pul verib almışdır. Əldə etdiyi narkotik vasitələri idarə etdiyi “Toyota Aurus” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfində olan qapısının saxlanc yerinə qoymuş, həmin narkotik vasitələr falqaya bükülmüş vəziyyətdə olmuşdur. Əldə etdiyi narkotik vasitəni evə gedən zaman yol kənarında avtomobildə çəkmiş, qalanını isə avtomobilində saxlamışdır. Bakı şəhəri, H.Aslanov küçəsində 22.11,2023-cü il tarixdə kirayə ev tutmuş və ailə üzvlərini aparmaq üçün özünə məxsus idarə etdiyi “Toyota Aurus” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 22 radələrində Qusar şəhərinə gəlmişdir. Qusar şəhərinə gələn zaman yolda narkotik vasitə olan heroini əridib çəkmiş, sonra falqa kağızı, həmçinin tüstünü udmaq üçün istifadə etdiyi 1 manat pulu büküb siqaret qabına, siqaret qabını isə qol altı saxlanc yerinə qoymuşdur. Qusar şəhərinə gəldikdən sonra tanışı, rayonun Qayakənd kənd sakini Şahid4lə görüşmüş, sonuncu avtomobilə əyləşmiş, birlikdə Qayakənd kəndinə gedib yol kənarında söhbət etmək üçün avtomobili saxlamış, belə ki, tanışı Şahid4 Bakı şəhərində işə düzəltmək istəmiş sonuncu ilə görüşməkdə məqsədi də bu olmuşdur. Onlar avtomobildə söhbət etdikləri zaman Qusar rayon X4 Patrul Xidmətinin əməkdaşları xidməti avtomobili onun idarə etdiyi avtomobilin qarşısında saxlamış, sonuncu nə baş verdiyini anlamadan avtomobili sürüb getmiş, Vüqar isə ona avtomobili sürməməsini bildirmiş, o, Vüqara avtomobildə narkotik vasitə saxladığını demiş, lakin avtomobil yol kənarındakı kolluqlara dirənib dayanmışdır. Həmin vaxt Vüqar avtomobildən düşüb qaçmış, o, da düşüb qaçmaq istəmiş, lakin polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları ondan üzərində narkotik vasitə olubolmadığını soruşmuş, o, polis əməkdaşlarına narkotik vasitə qəbul etdiyini, avtomobilində narkotik vasitə saxladığını etiraf etmişdir. Bundan sonra həmin yerə Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Cəfər Əkbərov müdafiəçi ilə birlikdə gəlmiş, onun üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış aparılmış, üzərində narkotik vasitə aşkar edilməmiş, daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən ona məxsus 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin və 02 ədəd “Metadon” həbləri aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 20:30-da Qusar RPŞ-nin PPXB-nün sürücü polis nəfəri X2 ilə birlikdə xidmətə çıxmış, həmin tarixdə saat 23 radələrində Qusar rayonu ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar profilaktika üçün Qayakənd kəndi ərazisində xidmət aparan zaman, Qayakənd-Xuray yolunda bir avtomobilin işıqları sönmüş vəziyyətdə dayandığını görmüş, həmin avtomobilin hansı səbəbdən həmin ərazidə dayanmasını aydınlaşdırmaq üçün yaxınlaşan zaman avtomobil anidən sürətlə hərəkətə başlamış və onlardan uzaqlaşmağa çalışmışdır. Dərhal xidməti avtomobildən düşüb “Toyota Aurus” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb sürücünün qapısını açmış və həmin şəxsin avtomobilini saxlatmağa çalışmış, bu zaman ön oturacaqda oturan sərnişin avtomobildən düşüb meşəyə qaçmışdır. Sürücünü avtomobildən düşürmüş, sürücüdən orada nə etdiyini, niyə özünü şübhəli apardığını soruşmuş, həmin şəxs səmimi olaraq narkotik vasitə istifadə etdiyi üçün belə bir hərəkət etdiyini bildirmişdir. Onlar həmin şəxsin üzərində və ya avtomobilində narkotik vasitə saxlamasından şübhələnmiş və bu barədə Qusar RPŞ-nin PPXB-nün bölük komandiri, polis baş leytenantı X3 məruzə etmişlər. Dərhal həmin yerə tağım komandiri polis leytenantı Şahid1 gəlmişdir. Sonradan saxladıqları şəxsin ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş, saat 23:30 radələrində hadisə yerinə Qusar RPŞ-nin əməkdaşları gəlmiş, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Toyota Aurus” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən heçnə aşkar edilməmiş, lakin istifadəsində olan “Toyota Aurus” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 02 ədəd “Metadon” dərman həbi və 01 (bir) ədəd bükümdə narkotik vasitəyə oxşar maddə aşkar edilərək yerində qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs çoxdan tanımış, aralarında dostluq münasibətləri olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Qazıməhəmməd ona zəng edərək görüşmək istəmiş və onlar Qusar rayonu Qayakənd kəndi ərazisində onun idarə etdiyi “Toyota Aurus” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobildə görüşmüş, söhbət etmək məqsədi ilə kənddən çıxaraq avtomobili saxlayıb söhbət etməyə başlamışlar. Söhbət zamanı Qazıməhəmməd ona Bakı şəhərində işləmək istəsə onun üçün iş tapa biləcəyini bildirmiş, bu zaman onlar avtomobildə söhbət etdikləri zaman Qusar rayon X4 Patrul Xidmətinin əməkdaşları xidməti avtomobili Qzıməhəmmədin idarə etdiyi avtomobilin qarşısında saxlamış, onlar nə baş verdiyini anlamadan Qazıməhəmməd avtomobili sürüb getmiş, o, Qazıməhəmmədə avtomobili sürməməsini bildirmiş, Qazıməhəmməd isə ona avtomobildə narkotik vasitə saxladığını demiş, lakin avtomobil yol kənarındakı kolluqlara dirənib dayanmışdır. Həmin vaxt qorxduğu üçün avtomobildən düşüb qaçmış, sonradan Qusar rayon Polis Şöbəsinə gələrək ifadə vermək istədiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 və X1 ibtidai araşdırma orqanına verdikləri ifadələrindən görünür ki, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə ekspertizasının məhkəmə-kimyəvi ekspertizasının 23 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6140 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün “N 106”lı dairəvi möhür əksi olan iki ədəd zərfdə; üzərində “Vət.Təqsirləndirilən şəxs avtomobilindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,524 qram qəhvəyi rəgli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Vət.Təqsirləndirilən şəxs avtomobilindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki üzərində “F/M40” göstəricisi olan 2 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 0,08 qram təşkil edir(üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram). Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına(Siyahı İ) daxildir. Metadon Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına(Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 28 dekabr 2023-cü il tarixli, 8483 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu(Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda ön hissədə eynək qoyulan yerdə narkotik vasitə “Metadon” həbləri və həmin avtomobilin ön sərnişin oturan yerin ayaqaltının üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan şəxsi axtarış və baxış keçirilməsi haqqında protokollardan görünür ki, 22 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 02 ədəd “Metadon” həbləri aşkar olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, şəxsiyyəti müsbət xarakterizə edən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, habelə məhkəmə iclasındakı davranışını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, himayəsində azyaşlı uşağının olmasını, xarakterik işlər üzrə müvafiq məhkəmə təcrübəsini, eləcə də işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 noyabr 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin tarixdə tutulmadan azad olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 22 noyabr 2023-cü il tarixdən 24 noyabr 2023-cü il tarixə kimi tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,474 qram narkotik vasitələr olan heroin və 01 ədəd “Metadon” həbi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntülər olan 02 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 197, 198, 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 22 noyabr 2023-cü il tarixdən 24 noyabr 2023-cü il tarixə kimi tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,474 qram narkotik vasitələr olan heroin və 01 ədəd “Metadon” həbi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntülər olan 02 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar