Məhkəmə qərarları › İş №1(029)-32/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-32/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-32/2022 10.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cü ildə Qusar rayonu Cibir kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, cavabdeh kimi ondan 14 mart 2016cı il tarixdən başlayaraq, övladı, 09.09.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Qusar Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli, 2(029)-535/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Qusar Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən 03.06.2021-ci il tarixədək 5019,00 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Ondan 14 mart 2016-cı il tarixdən başlayaraq hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq 09 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, müxtəlif yerlərdə tikintidə fəhlə işləmiş, imkanı olanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 150-200 manat, 300-400 manat aliment ödəmiş, imkanı olmayanda isə ödəyə bilməmiş, nəticədə onun zərər çəkmiş şəxsə təxminən 5000 manat aliment borcu yaranmışdır. Təxminən 2 il əvvəl o, başqa bir qadınla ailə həyatı qurmuş, həmin nikahdan bir uşağı anadan olmuşdur. Hazırda aliment borcunu tam ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi yoxdur və onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, elan olunaraq tədqiq olunmuş şahid ifadəsi, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan onların 09 sentyabr 2014-cü il təvəllüdlü Milana adlı bir uşaqları anadan olmuşdur. Onlar bir il yarım birlikdə yaşadıqdan sonra ayrılmışlar və Təqsirləndirilən şəxs onun xeyrinə 117 manat məbləğində aliment tutulmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tikinti sahəsində fəhlə işləmiş, hazırda işləməsi barədə məlumatı yoxdur. Həmin şəxsin ona təxminən 5019 manat aliment borcu yaranmış, bu səbəbdən də barəsində hazırkı cinayət işi başlanmışdır. Hazırda ona ödəniləcək aliment borcu tam şəkildə ödənilmiş və həmin şəxsə qarşı heç bir şikayəti yoxdur. Odur ki, həmin şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləyir. Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş 25 aprel 2016-cı il tarixli, 2(029)- 535/2016 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2016-cı il tarixdən başlayaraq, 09.09.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs həmin alimenti lazımi qaydada ödəməmiş, nəticədə 5019 manat borcu yaranmışdır. Aliment borcunu ödəmədiyinə görə Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunaraq 10 gün inzibati həbs edilmiş, bundan sonra yenə borcunu ödəmədiyinə görə 03 iyun 2021-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdimat verilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1000 manat ödəniş etməsi və aralarında razılığa gəlmələri barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs onun zənglərinə cavab vermir, ödəniş etməsi barədə qəbzləri Qusar rayon İcra və Probasiya Şöbəsinə təqdim etməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Qusar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 25 aprel 2016-cı il tarixli 2(029)-535/2016 saylı qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2016-cı il tarixdən başlayaraq hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment tutularaq 09 sentyabr 2014-cü il təvəllüdlü Milana adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 02 sentyabr 2016cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Qusar rayon məhkəməsinin 25 aprel 2016-cı il tarixli 2(029)-535/2016 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 02 sentyabr 2016cı il tarixli bildirişinin surətindən görünür ki, həmin şöbə tərəfindən Qusar rayon məhkəməsinin 25 aprel 2016-cı il tarixli 2(029)-535/2016 saylı icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-398/2017 saylı 20 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin qanuni qüvvəyə minmiş 25 aprel 2016-cı il tarixli 2(029)-535/2016 saylı qətnaməsinin icrasından boyun qaçırdığına görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 12.11.2019-cu il tarixli 898/2019 saylı bildirişin surətindən görünür ki, 3271 manat aliment borcunun ödənilməsinin təmin edilməsi, əks təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət olunacağı, həmçinin barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunacağı, daha sonra isə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi Təqsirləndirilən şəxs bildirilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-337/2020 saylı 28 iyul 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin qanuni qüvvəyə minmiş 25 aprel 2016-cı il tarixli 2(029)-535/2016 saylı qətnaməsinin icrasından boyun qaçırdığına görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 26.08.2020-ci il tarixli 898/2020 saylı xəbərdarlıqdan görünür ki, 4000 manat aliment borcunun ödənilməsinin təmin edilməsi, əks təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət olunacağı, həmçinin barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunacağı, daha sonra isə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi Təqsirləndirilən şəxs bildirilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə ünvanlanmış 03 iyun 2021-ci il tarixli «borclu şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında» təqdimatından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixədək ödəməli olduğu 5019 manat məbləğində pulu ödəməkdən yayınmış və bu səbəbdən də onun Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması təklif olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 30 yanvar 2018-ci il tarixli 1(029)-15/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.06.2018-ci il tarixli qərarı ilə 30.01.2018-ci il tarixli hökm dəyişdirilmiş, həbsdə saxlandığı müddət nəzərə alınmaqla üzərində 1000 manat cərimə cəzası saxlanılmışdır. Cərimə ödənildiyindən qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan 25.09.2018-ci il tarixli TT2283761 saylı qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1000 manat məbləğində cərimə dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Piral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 10 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 18 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, hazırda o, Təqsirləndirilən şəxsla razılığa gəlmiş, onun həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona ödəniləcək aliment borcu tam şəkildə ödənilmişdir. Bunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14 mart 2016-cı il tarixdən başlayaraq, övladı, 09.09.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Qusar Rayon Məhkəməsinin 25 aprel 2016cı il tarixli, 2(029)-535/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Qusar Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən 03.06.2021-ci il tarixədək 5019,00 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməməsi, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin həmin Maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 321.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. Həmin Məcəllənin 321.2, 321.2.1-ci maddələrinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan aşağıdakı qərarlar çıxarılır: cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 25 aprel 2016-cı il tarixli 2(029)-535/2016 saylı qətnaməsini hazırkı iş üzrə hökm çıxarılanadək tam icra edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə razılıq əldə etmiş, həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir və bu barədə məhkəməyə müvafiq ərizə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikasının CPM-nin 40.3, 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 306.1-ci maddəsinin Qeyd hissəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar