Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-33/2023 05.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2 Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Qusar rayonu Qarat oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Qarat oba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, digər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 25 sentyabr 2022-ci ildə saat 21:30-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən 184-cü kilometrliyində, yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə 80 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq, yəni yolayırıcından kənarda sola və geriyə dönərkən relsiz nəqliyyat vasitələrinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, yolun sol tərəfində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olmaq üçün sürətini 25-30 km/saata qədər azaldaraq sola doğru manevr edib qarşı sol hərəkət zolağına çıxmış və yolun Quba istiqamətindəki hərəkət hissəsi ilə 90 km/saat sürətlə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21099” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ 21074” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 sol qaşında əzilmiş-çapılmış yara, sol qulaq dəliyində qan, sağ baldırın yuxarı 1/3-də sıyrıqlar, başbeyin və beyincik maddəsinə nöqtəvari qansızmalar, kəllə əsasının xətti sınıqları kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, “VAZ 21099” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol İİİ qabırğanın sınığı, sağ ayağın bayır və iç topuğun sınıqları, sağ daban sümüyünün sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvuran bədən xəsarətləri almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2013-cü il tarixdən “B” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə etmişdir. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmiş, həmçinin sürücülük hüququndan məhrum olunmamışdır. X3 mülkiyyətində olan «VAZ 21074» markalı, 77- EA-348 dövlət qeydiyyat nişanlı avtomobili 22 may 2022-ci il tarixdən baş etibarnamə əsasında idarə etmişdir. O, 25 sentyabr 2022-ci il tarixdə saat 21:30-da texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «VAZ 21074» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə 80 km/saat sürətlə düzünə hərəkətdə olarkən avtomobilin salonunda bir nəfər sərnişin olsa da, yük olmamışdır. Sərnişin Zərərçəkmiş şəxs1 qabaq sağ oturacaqda əyləşmişdir. Yolun Qusar rayonu ərazisindən keçən 184-cü kilometrində Bakı istiqamətində hərəkətdə olduğu zaman qarşıda yolun hərəkəti istiqamətində sol tərəfində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə girmək məqsədi ilə sol tərəfə dönmək üçün sola dönmə işığını qoşub idarə etdiyi avtomobilin sürətini 25-30 km/saata qədər azaldaraq hərəkətini irəliyə doğru davam etmişdir. Həmin vaxt yolun Dağıstan sərhədi istiqamətindəki əks hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkətdə olan «VAZ 21099» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığını görüb fikirləşmişdir ki, həmin avtomobilin sürücüsü ona yol verəcək. Yaxınlaşan «VAZ 21099» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmadığını görəndən sonra ona çatana qədər idarə etdiyi avtomobillə sol tərəfə manevr etmiş yolun Dağıstan sərhədi istiqamətindəki sağ ehtiyat hissəsinə girə biləcəyini zənn etmiş, buna görə də idarə etdiyi avtomobili sola doğru manevr etdirib yolun Dağıstan sərhədi istiqamətindəki hərəkət hissəsinə daxil olmuş, elə həmin an idarə etdiyi «VAZ 21074» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan hissəsi ilə «VAZ 21099» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi arasında yolun Dağıstan sərhədi istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. Hadisə nəticəsində «VAZ 21099» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin adını sonradan bildiyi sürücüsü Zərərçəkmiş şəxs2 və o, müxtəlif bədən xəsarətləri almışdır. Avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs1 isə hadisə yerində ölmüşdür. Xəsarət aldığı üçün Zərərçəkmiş şəxs2 və onu hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsi üçün Qusar rayon mərkəzi xəstəxanasına, Zərərçəkmiş şəxs1 meyitini isə məhkəmə tibbi müayinədən keçirilməsindən ötrü Qusar rayon mərkəzi xəstəxanasının həyətində yerləşən meyitxanaya aparmışdır. Hadisədən əvvəl spirtli içki və hər hansı bir narkotik vasitə qəbul etməmişdir. O, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 25 sentyabr 2022-ci il tarixdə saat 21:30-da texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «VAZ 21099» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun Dağıstan sərhədi istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə 90 km/saat sürətlə hərəkətdə olarkən avtomobildə sərnişin və yük olmamışdır. Yolun Qusar rayonu ərazisindən keçən 184-cü kilometrliyində Dağıstan sərhədi istiqamətində hərəkətdə olduğu zaman qarşıda hərəkəti istiqamətində yolun sağ tərəfindəki «Lukoil» yanacaqdoldurma məntəqəsinin bərabərində yolun Bakı istiqamətindəki əks hərəkət hissəsi ilə eyni istiqamətdə hərəkətdə olan və hərəkətini düzünə davam etdirən zoğalı rəngli «VAZ 2107» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin adını sonradan bildiyi sürücüsü Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilə çatmasına təxminən 5-6 metr məsafə qalmış sola dönmə işığını qoşmadan qəfildən gözləmədiyi halda idarə etdiyi avtomobili sola döndərməklə yolun hərəkətdə olduğu Dağıstan sərhədi istiqamətindəki hərəkət hissəsinə daxil olmuşdur. Elə həmin an «VAZ 2107» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan hissəsi ilə idarə etdiyi «VAZ 21099» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi arasında yolun Dağıstan sərhədi istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. Hadisə nəticəsində «VAZ 2107» markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 ölmüş, «VAZ 2107» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və o müxtəlif bədən xəsarətləri almışdır. Onları ilkin tibbi yardım göstərilməsi üçün yoldan keçən tanımadığı bir oğlan markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi idarə etdiyi avtomobillə Qusar rayon mərkəzinə xəstəxanasına aparmışdır. Xəstəxanaya çatan kimi onlara lazımi tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, 25 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində ona telefon zəngi ilə xəbər verilmişdir ki, qardaşı Nəriman həmin gün saat 22 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən 184-cü kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüşdür. O, dərhal Qusar rayon mərkəzi xəstəxanasının həyətində yerləşən Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinin meyitxanasına getmişdir. Sonra ona məlum olmuşdur ki, 25 sentyabr 2022-ci il tarixdə saat 21:30-da Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən 184-cü kilometrində sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi «VAZ 21099» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21074» markalı, 77-EA- 348 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə «VAZ 21074» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan qardaşı Zərərçəkmiş şəxs1 ölmüş, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və «VAZ 21099» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 bədən xəsarətləri almışdır. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılarkən müəyyən edilmişdir ki, «VAZ 21074» markalı avtomobil sola istiqamətləndiyi andan 25-30 km/saat sürətlə toqquşma yerinə kimi qövsvari trayektoriya üzrə 7,2 metr məsafə qət etmiş, «VAZ 21099» markalı avtomobil toqquşma yerindən 8,3 metr məsafədə olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Qusar rayon şöbəsinin 28 sentyabr 2022-ci il tarixli 423 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol İİİ qabırğanın sınığı, sağ-ayağı bayır və iç topuğun sınıqları, sağ daban sümüyünün sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvumaya aid olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Qusar rayon şöbəsinin 15 oktyabr 2022-ci il tarixli 37 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 meyitinin bədən səthində sol qaşında əzilmiş-çapılmış yara, sol qulaq dəliyində qan, sağ baldırın yuxarı 1/3-də sıyrıqlar, baş- beyin və beyincik maddəsinə nöqtəvari qansızmalar, kəllə əsasının xətti sınıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvumaya malikdirlər. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində müəyəyn edilmiş xəsarətlərlə onun ölümü arasında bir başa səbəbli əlaqəsi vardır. Zərərçəkmiş şəxs1 ölümü məhkəmə-tibbi ekspertiza aparılan andan 10-12 saat əvvəl baş vermişdir. Ölümünə səbəb kəllə əsasının sınıqları ildə ifadə olunan baş beyinə və beyincik toxumasına qansızmalar olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-kimya şöbəsinin 10 oktyabr 2022-ci il tarixli 3607/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə trassoloji ekspertizasının 22 noyabr 2022-ci tarixli 8/2739 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ilkin kontakt anında toqquşma «VAZ 21099» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sağ hissəsi ilə «VAZ 21074» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi (qabaq sağ qanad) arasında təxminən 25- 30 dərəcə bucaq altında baş vermişdir. Ekspertizanın təyini haqqındakı qərarda hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izinin qalması haqqında məlumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrinin yola nəzərən vəziyyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş «VAZ 21099» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər qabaqdan arxaya doğru, «VAZ 21074» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələr qabaqdan arxaya nisbətən sağdan sola doğru istiqamətlənmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 dekabr 2022-ci il tarixli 8/3527 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «VAZ 21074» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-129066- 1222 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək müddətə etibarlı olan olan) «B» kateqoriyalı AB seriyalı 532707 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Bununla yanaşı müvafiq sistemdə onun nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. İş materiallarından görünür ki, «VAZ-21099» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21074» markalı 77- EA-348 dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən ehtiyyatsızlıqdan törədilməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş müdafiəçi ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütovlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirməmişlər, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4; Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 dekabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimakn tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 278 (iki yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan «VAZ-21099» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21074» markalı 77- EA-348 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 278 (iki yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan «VAZ-21099» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21074» markalı 77- EA-348 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-33/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-33/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver