Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-33/2024 12.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X3 iştirakları ilə, xx xxxxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, 21 dekabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ümumvətəndaş pasportunu itirdiyindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası ərazisini tərk edə bilmədiyindən, ailə üzvlərini görmək, orada yaşamaq və işləmək məqsədilə 10 dekabr 2023-cü il tarixdə, saat 07 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonunda yerləşən 5-ci sərhəd zastavasının 17-ci sahəsindən maneə çəpərini piyada keçmək üçün maneə çəpərinin yanında gəzərək münbit şərait axtarmaqla qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edildiyini görüb, qaçaraq ərazidən uzaqlaşmaq istəmiş, maneə çəpərindən 15 metr məsafədə sərhəd xəttindən 200 metr məsafədə, 46 nömrəli sərhəd nişanından 20 metr sağda saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bundan başqa, o, həmçinin 10 dekabr 2023-cü il tarixdə dövlət sərhədindən qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edildiyi üçün ölkədən çıxışına məhdudiyyət qoyulduğundan, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası ərazisini tərk edə bilmədiyindən Rusiya Federasiyasında yaşayan ailə üzvlərini görmək, orada yaşamaq və işləmək məqsədilə 19 dekabr 2023-cü il tarixdə, saat 16:55-də Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonunda yerləşən 5-ci sərhəd zastavasının 1ci sahəsindən maneə çəpərini piyada keçmək üçün maneə çəpərinin yanında gəzərək münbit şərait axtarmaqla təkrarən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edildiyini görüb qaçaraq ərazidən uzaqlaşmaq istəmiş, maneə çəpərindən 3 metr məsafədə sərhəd xəttindən 200 metr məsafədə, 56 nömrəli sərhəd nişanından 20 metr sağda saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, onu Rusiya Federasiyasından, demək olar ki, eyni hərəkətlərə görə deportasiya etmişlər. Həmin vaxt onun pasportu olmamış və sərhəddən onu Azərbaycana pasportsuz qəbul etmişlər. Bir dəfə o, Rusiya Federasiyası sərhədini keçmək istəmiş, lakin sərhədçilər SDK-dan onu geri qaytarıb, Nazirlər Kabinetinin qərarına görə quru sərhədlərin bağlı olduğunu demişdilər. Həmin vaxt isə onun maddi vəziyyəti aşağı olmuş, ona görə başqa yolla sərhədi keçmək onun üçün mümkünsüz olmuşdur. Bakıya qayıtdıqdan sonra isə özünə iş tapa bilməmişdir. Sonra iki nəfər dostu ilə əlaqə saxlamış, onların evində özü üçün qalmağa yer tapsa da, bir neçə gün sonra yenidən sərhədi qanunsuz yollarla keçmək qərarına gəlmiş, lakin Dövlət Sərhəd xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. Hərəkərlərinin qanunsuz olduğunu bilmiş və əməlindən peşmandır. Ona görə də, barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. X1 ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs birinci dəfə 10 dekabr 2023-cü il tarixdə, ikinci dəfə isə 19 dekabr 2023-cü il tarixdə qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini keçmək istəmiş, lakin həmin şəxs Dövlət Sərhəd Xidmətinin həyəcan qrupu tərəfindən saxlanılmışdı. Həmin vaxt o, da həyəcan qrupunun tərkibində olmuşdur. Birinci dəfə saxlanılarkən Təqsirləndirilən şəxs sənəd olmadan müəyyən olunmayan yerdən dövlət sərhədini keçməyin qanunsuz olduğu izah edilmiş, lakin həmin şəxs təkrarən dövlət sərhədini qanunsuz yolla keçmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının rəisi Şahid1 10 dekabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 07:42 radələrində 5-ci sərhəd zastavasında “Növbətçi operator” xidmətini təşkil edən baş çavuş Şahid3 tərəfindən sərhəd zastavasının 17-ci sahəsində 1 nəfər naməlum şəxsin sərhəd darvazasını keçməyə cəhd göstərməsi müşahidə olunmuş və qeyd olunan müşahidə əsasında sərhəd zastavası “Silaha” komandası ilə qaldırılaraq 17-ci sahəyə hərəkət etmişdir. Təxminən saat 07:51-də sərhəd zastavasının 17-ci sahəsində 46 nömrəli sərhəd nişanından 20 metr sağda, dövlət sərhəd xəttindən 200 metr aralıda, maneə çəpərindən təxminən 15 metr məsafədə 1 nəfər şübhəli şəxs saxlanılmışdır. Saxlanıldıqdan sonra həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (i/v:6) İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 08:35-də Təqsirləndirilən şəxs sərhəd pozmaya görə inzibati qaydada tutulmuşdur (i/v:8). İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v:50-51). İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 17:35-də Təqsirləndirilən şəxs inzibati qaydada tutulmuşdur (i/v:67). İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:55-də şübhəli şəxs qismində tutulmuşdur (i/v:77). İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-854/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Yuyeviçin barəsində 01 (bir) ay 20 (iyirmi) gün müddətinə hənbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablanmışdır (i/v: 100-103) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i/v: 26- 27). Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, cinayətin təkrar törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da idarəetmə qaydalarının qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü ildə saat 08:35-də hazırkı iş üzrə inzibati qaydada tutulmuş, 11 dekabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək tutulmadan azad edilmişdir. Bununla da, həmin şəxsin azadlığı 2 (iki) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 2 (iki) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə hazırkı iş üzrə inzibati qaydada tutulmaqla həmin tarixdə onun azadlığı faktiki olaraq məhdudlaşdırılmış, daha sonra isə həmin şəxs azad olunmadan 20 dekabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 dekabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin şəxsin cəzaçəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 19 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə inzibati qaydada tutularaq 10 dekabr 2023-cü il tarixdən saat 08:35-dən 11 dekabr 2023-cü il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-33/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-33/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver