Məhkəmə qərarları › İş №1(029)-34/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-34/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-34/2021 18.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Quba rayonu Alpan kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2021-ci ilin yanvar ayının əvvəlində Qusar şəhərində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda-135,0 qramdan artıq çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlamış, sonra isə həmin narkotik vasitədən az miqdarda iki dəfə istifadə etmiş, 12 yanvar 2021-ci il tarixdə 01 ədəd gümüşü kağızda olan həmin narkotik vasitənin qalan hissəsini üzərində qanunsuz gəzdirməklə qanunsuz daşıyaraq yaşadığı Quba rayonu Alpan kəndindən Qusar şəhərinə gəlmiş, həmin gün saat 15:50 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən Qusar şəhəri, Mübariz İbrahimov küçəsində yerləşən “Ömür” aptekin qarşısında saxlanılıb RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı üzərində qanunsuz olaraq saxladığı və gəzdirdiyi 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi-135,0 qram olan narkotik vasitə onun əynində olan yaşıl rəngli gödəkcənin sol-iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində o, Qusar şəhərində olan daş bazarının arxa tərəfində metal yığarkən narkotik vasitə olan marixuana tapmış, həmin narkotik vasitəni yaşadığı evə aparmış və ondan 2 dəfə kağıza büküb istifadə etmişdir. Həmin vaxtdan iki gün keçdikdən sonra-yəni 12 yanvar 2021-ci il tarixdə o, Qusar şəhərində yerləşən “Ömür” aptekin qarşısında olarkən polis əməkdaşları onu saxlayıb Qusar RPŞ-nə aparmışlar və orada əynindəki gödəkçənin sol iç cibindən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitənin çəkisi 135 qram olmuşdur. O, həmin gün həmin narkotik vasitəni çaya atmaq istəmiş, lakin, buna qədər polis əməkdaşları onu saxlamışlar. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Böyük oğlu Kənan hazırda ön cəbhədə əsgəri xidmətdədir. Bundan başqa, o, 18 il hərbi qulluqçu kimi xidmət etmiş, 1-ci Qarabağ Müharibəsində iştirak edərək kəşfiyyatçı olmuş, bir neçə medalla təltif olunmuş, sonradan mədə qanaxmasına görə onu ordudan tərxis etmişlər. Hazırda da, mədə xəstəliyindən əziyyət çəkir. Vətən Müharibəsi dövründə könüllü olaraq cəbhəyə getmiş, xəstəliyinə görə döyüşlərdə iştirak etməsə də, orada olan hərbçilərə məişət və s. işlərdə köməklik etmişdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəməbioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 2021-ci ilin yanvar ayının əvvəllərində Qusar RPŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və bununla əlaqədar 12.01.2021-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs Qusar şəhərində yerləşən “Ömür” aptekin qarşısında olarkən o və digər polis əməkdaşları Əfsuna yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsi Qusar RPŞ-nə aparmışlar. Orada təhqiqatçının xidməti otağında həmin şəxsin şəxsi axtarışı aparılmış və əynindəki gödəkçənin sol iç cibindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin şəxsin razılığı ilə onun yaşadığı evə də baxış keçirilmiş, lakin oradan narkotik vasitə aşkar olunmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 1-2 gün əvvəl daş bazarının yanında zibillikdən metal yığarkən torbanın içindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər hərbi qulluqçu olmuş, dediyinə görə kontuziyası vardır. Məhkmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 şahid X3 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin ekspert-kriminalisti vəzifəsində işləyir. İbtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. 12 yanvar 2021-ci il tarixdə o, Qusar RPŞ-də xidməti otağında olarkən təhqiqatçı Elşad Əhmədov, Təqsirləndirilən şəxs adlı şübhəli şəxsin olduğunu bildirmiş və o, həmin şəxsin şəxsi axtarışında iştirak etmişdir. Şəxsi axtarış zamanı o, video çəkiliş aparmış və həmin vaxt Təqsirləndirilən şəxs üzərindən falqaya bükülmüş vəziyyətdə narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitə götürülərək qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra həmin şəxsin yaşadığı evə gedərək oraya da baxış keçirilmiş, orada da o, videoçəkiliş aparmış və evdən heç bir narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 12.01.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə “ƏAF haqqında” Qanunun 10-cu maddəsinin 1ci hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi, Təqsirləndirilən şəxs müəyyən edilib saxlanılan zaman yaşadığı binanın ətrafında, onun ola biləcəyi yerlərin müşahidəsinin aparılması, saxlandığı zaman üstünə və mənzilinə baxış keçirilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 16:20-dən 16:55-dək Qusar RPŞ-nin TBnin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən Müdafiəçi, Qusar RPŞ-nin KTQ-nin inspektor-kriminalisti polis leytenantı Şahid3, həmin polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid1, NMQ-nun əməliyyat müvəkkili polis mayoru Şahid2, CAB-nin əməliyyat müvəkkili polis leytenantı X5 iştirakları ilə təhqiqat bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs gödəkçəsinin iç sol cibində saxladığı falqa bükümündə olan qurudulmuş ot kütləsini çıxarıb baxışa təqdim etmişdir. Baxış zamanı böyük falqa bükümündə narkotik vasitəyə bənzər ot kütləsi olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin falqa bükümündə olan narkotik vasitəni metal yığan zaman çayın qırağından tapdığını, narkotik vasitə istifadəçisi olduğundan özü ilə götürüb iki dəfə istifadə etdiyini, evdə ailə üzvləri görməsin deyə evdə saxlamadığını və üzərində gəzdirdiyini, bazarlıq məqsədilə Qusar şəhərinə gəldikdə “Ömür” aptekin yanında polis əməkdaşlarını görüb özünü itirdiyini, oradan uzaqlaşmaq istədikdə isə polis əməkdaşlarının ondan şübhələnib Qusar RPŞ-nə gətirdiklərini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd falqa bükümündəki narkotik vasitəyə bənzər ot kütləsi ekspertizaya göndərilməsi üçün protokolda qeyd olunmuş şəxslərin iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in “zərflər üçün” 106 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı video və fotoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 13 yanvar 2021-ci il tarixli 7/62 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “......Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd falqa bükümündə olan marixuanaya bənzər qurudulmuş ot kütləsi” yazılar və imzalar olan ağ rəngli kağız paketdə bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi-135,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın ümumi çəkisi-135,0 qram, tədqiqata istifadə olundu-0,05 qram, qalıq-134,95 qram. Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2021-ci il tarixli 7/62 saylı məktubundan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 15 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd paketdə qalıq çəkisi-134,95 qram narkotik vasitə olan qurudulmuş marixuana kütləsi maddi sübut kimi tanınmış və saxlanması üçün Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2021-ci il tarixli 184 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 12 yanvar 2021-ci il tarixli «cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 14 yanvar 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 12:34-də tutulmadan azad edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 22 fevral 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən 12 yanvar 2021-ci il tarixdə götürülmüş 01 ədəd paketdə qalıq çəkisi- 134,95 qram olan narkotik vasitə olan qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut kimi tanındığı və saxlanması üçün Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verildiyi nəzərə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi mənbəyi ilə əlaqədar cinayət işinin materiallarından material ayrılması və mənbənin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi məqsədi ilə Qusar rayon Polis Şöbəsinə təqdim edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 20.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon İHB-nın Alpan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19.01.2021-ci il tarixli 39 saylı arayışdan görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X4, 2003-cü il təvəllüdlü oğlu Kənan Qədirovdan, 2004-cü il təvəllüdlü oğlu Hüseyn Qədirovdan və 2010-cu il təvəllüdlü oğlu Yusif Qədirovdan ibarətdir. İş materiallarında olan AZ-İ 418480 və AZ-İİ 573109 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 13.02.2004-cü il təvəllüdlü Hüseyn adlı bir yetkinlik yaşına çatmayan uşağı, 07.11.2010-cu il təvəllüdlü Yusif adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Quba rayon İHB-nın Alpan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19.01.2021-ci il tarixli 40 saylı xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xəstəlik haqqında şəhadətnamənin, arayışın və epikrizin sirətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Mədənin xora xəstəliyi, residiv gedişli, natamam remissiya mərhələsində. Qanaxma ilə fəsadlaşmış (2012, 2015) mədənin çapıqlaşmış xorası” xəstəliyindən stasionar və ambulator müalicələr almışdır. Həmin xəstəlik hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirinin 048t saylı 23 iyun 2012-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif edilmişdir. İş materiallarında olan 24 iyun 2013-cü il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, ümumi çəkisi 135,0 qramdan artıq çəkidə narkotik vasitə olan qurudulmuş maruxananı qanunsuz olaraq saxlaması və daşıması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, hərbi xidmət zamanı qüsursuz xidmət edərək medallarla təltif olunmasını, xəstəliklə bağlı ordudan tərxis olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngüllədirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 12 yanvar 2021-ci il tarixdən 14 yanvar 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Quba rayonu Alpan kəndində yerləşən evi axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, 01 ədəd paketdə qalıq çəkisi 134,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 12 yanvar 2021-ci il tarixdən 14 yanvar 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Quba rayonu Alpan kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, 01 ədəd paketdə qalıq çəkisi 134,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar