Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-34/2023 17.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi: Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil, işləməyən, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Avaran kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 24 oktyabr 2022-ci il tarixdə uzun müddət özünün torpaq sahəsi olması zənn etdiyi, faktiki isə Qusar rayonu Avaran Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ümumi dəyəri 360 manat diametri 10 sm olan 03 ədəd, ümumi dəyəri 600 manat diametri 12 sm olan 05 ədəd, ümumi dəyəri 750 manat diametri 14 sm olan 05 ədəd, ümumi dəyəri 150 manat diametri 15 sm olan 01 ədəd, ümumi dəyəri 300 manat diametri 30 sm olan 01 ədəd qovaq cinsli yaş köküstü ağacları mişarla qanunsuz kəsərək cəmi 2160 manat olmaqla təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 27 il bundan əvvəl Qusar rayonu Avaran kəndi ərazisindən ona 2 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin vaxt Bakı şəhərindən mütəxəssis gəlmiş, həmin şəxs tərəfindən torpaq sahəsi ölçülüb ona təhvil verilmişdir. Həmin torpaq sahəsinin yarısı Avaran palasa kəndi ərazisində olub, həmin hissəni satmış, qalan 0.98 ha hissəsi isə Avaran kəndi ərazisində olmuş, orada kartof və paxla bitkiləri əkmişdir. Onun torpaq sahəsi bir tərəfdən həmkəndlisi Rahidin valideynlərinə məxsus torpaq sahəsi ilə, digər tərəfdən Həmdullanın torpaq sahəsi ilə həmsərhəddir. O, 2009-cu ildə infarkt keçirmiş və torpaq sahəsini həmin vaxtdan istifadə edə bilməmiş, torpaq sahəsini kol-kos basmışdır. Bu yaxınlarda o, həmin torpaq sahəsini kol-kosdan təmizləmək və orada olan ağacları kəsmək istəmiş, bununla bağlı bələdiyyəyə müraciət edərək arayış istəmiş, lakin bələdiyyə sədri ona bildirmişdir ki, torpaq sahəsi onun öz mülkiyyətində olan torpaq sahəsi olduğuna görə arayışa ehtiyac yoxdur, torpaq sahəsini təmizləyə bilər, bu səbəbdən də o, arayış verə bilməyəcək. Bundan sonra isə o, həmin torpaq sahəsini təmizləməyə başlamış, iki nəfər şəxs apararaq orada olan ağacları kəsib götürmüşdür. Sonradan ora ekologiya işçiləri gəlmişlər və sənədləşmə aparmışlar. Sonradan barəsində cinayət işi başlanılmışdır. Onun ağacları kəsdiyi yerə müstəntiq və mütəxəssis gəlmişlər, mütəxəssis GPS-lə ölçdükdən sonra bildirmişdir ki, həmin torpaq sahəsi onun deyil, onun yeri təxminən iki hektar yuxarıdadır, həmin yer Rahid Əlimuradovun yeridir. Ekspertiza zamanı isə məlum olmuşdur ki, həmin ərazi bələdiyyə mülkiyyətinə aiddir. O, kəsdiyi ağacların yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu bilməmiş, bilsəydi ağacları kəsməzdi. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o, 2002-ci ildən etibarən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyir. Telman adlı şəxs məlumat vermişdir ki, Təqsirləndirilən şəxs Qusar rayonu Avaran kəndi ərazisində cins qovaq ağaclarını kəsmişdir. Bununla bağlı araşdırma aparılmış, dəymiş ziyan hesablanmış və ziyan 2160 manat müəyyən edilmişdir. Bələdiyyənin arayışına və Çıxarışa əsasən müəyyən edilmişdir ki, ağacların kəsildiyi torpaq sahəsi Çigalinin özünün mülkiyyətindədir. Lakin, ağacları kəsdiyinə görə barəsində tədbir görülməsi üçün materiallar istintaq orqanına göndərilmişdir. İstintaq zamanı xx.xx.2023-cü il tarixdə isə müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir, bunu mütəxəssis bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmişdir. Yaxşı olardı ki, dəymiş ziyan birdəfəyə ödənilsin. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Polat oğlu ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Avaran bələdiyyəsinin sədri vəzifəsində işləyir. 1999-cu ildə Qusar rayonu Avaran kəndində pay torpaq sahələri paylanmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən bir nəfər şəxs gəlib paylamanı həyata keçirmişdir. Həmin vaxt ümumi xəritə mövcud olmamışdır. Təqsirləndirilən şəxs ağacları kəsdiyi torpaq sahəsi heç vaxt bələdiyyə mülkiyyətinə aid olmamış, sonradan ola bilər ki, xəritəyə əsasən bələdiyyə mülkiyyətinə salınmış, bu barədə onun məlumatı yoxdur. Ümumiyyətlə, həmin ərazidə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi yoxdur. 2000-ci ildən Qusar rayonu Avaran bələdiyyəsinin xəritəsi olmuş, həmin xəritədə dəyişiklik olmamışdır. Həmin ərazidə olan torpaqların, o cümlədən Çigalinin torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinin hamısı mülkiyyətçilərinin istifadəsindədir. Çigali uzun müddət xəstə olduğuna görə torpaq sahəsindən istifadə edə bilməmiş və torpaq sahəsini kol-kos basmışdır. Çigali torpaq sahəsini təmizləyərkən ona müraciət edərək icazə istəmişdir, o, həyətyanı torpaq sahələrinə dair belə bir icazə verə bildiyini, lakin pay torpaq sahələrinin təmizlənməsinə icazə vermək səlahiyyətinin olmadığını bildirərək bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Həmin şəxs 27 ildir ki, ağacların kəsildiyi torpaq sahəsindən istifadə edir, həmin torpaq sahəsi onun bildiyinə görə həmin şəxsə məxsus pay torpaq sahəsidir. Çigali uzun müddət xəstə olmuşdur. O, bir qonşu kimi həmin torpaq sahəsində olan ağacların kəsilməsində Çigaliyə köməklik göstərmişdir. Ağaclar kəsildikdən sonra oraya ekologiya idarəsinin əməkdaşları gəlmiş, həmin əraziyə baxış keçirib getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyir. İşlədiyi idarəyə ağacların kəsilməsi ilə bağlı məlumat daxil olmuş, bununla bağlı Nümayəndəla birlikdə həmin əraziyə getmişlər, Çigali adlı şəxsin 15 ədəd qovaq ağaclarını kəsdiyi məlum olmuşdur. Həmin vaxt Çigali adlı şəxs torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs qovaq adlı ağacları kəsdiyinə görə barəsində sənədləşmə işləri aparılaraq rəhbərliyə məruzə olunmuşdur. Həmin şəxs ağacları kəsmək barədə ekologiya və təbii sərvətlər idarəsindən icazə almalı idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyir. İşlədiyi idarəyə ağacların kəsilməsi ilə bağlı məlumat daxil olduğundan Nümayəndəla birlikdə həmin əraziyə getmişlər, orada Çigali adlı şəxsin 15 ədəd qovaq ağaclarını kəsdiyi məlum olmuşdur. Həmin vaxt Çigali adlı şəxs torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs qovaq adlı ağacları kəsdiyinə görə barəsində sənədləşmə işləri aparılaraq rəhbərliyə məruzə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, Təqsirləndirilən şəxs xahişinə əsasən kəsilmiş ağacların daşınmasında həmin şəxsə kömək etmiş, ağacların kəsilməsində isə iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/324 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən Azərbaycan Respublikasının ETSN, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 76397 saylı hesablama cədvəlindən istifadə edilməklə tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 15 ədəd müxtəlif diametrli, Qovaq cinsli ağacların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 2160,00 (iki min yüz altmış) manat müəyyən edilir. Məhkəmə araşdırmazı zamanı təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli 10/3470 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, 15 ədəd ağacların kəsildiyi torpaq sahəsi Təqsirləndirilən şəxs və ailə üzvlərinin adlarına verilmiş JN:344 Kod 30103018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 2.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülk nömrəsi 344B olan 9800.00 kv.metr hissəsi ilə fərqli torpaq sahələridir, Təqsirləndirilən şəxs və ailə üzvlərinin adlarına verilmiş xx.xx.2008-ci il tarixli ********** qeydiyyat, **********1 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 0.98 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi yerində naturada mövcuddur və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur. Qeyd olunan mülkiyyət hüququna dair sənədlərə görə ona məxsus olan torpaq sahəsinin koordinatları və künc nöqtələri harada yerləşməsi rəyə əlavə olunmuş yerquruluşu planından çıxarışda qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, 15 ədəd ağacların kəsildiyi Qusar rayonu, Avaran kəndi ərazisində yerləşən torpaq sahəsi torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmaqla Qusar rayonu, Avaran bələdiyyəsinin mülkiyyətinə aiddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Təqsirləndirilən şəxs faktiki istifadə etdiyi və 15 ədəd ağacın kəsildiyi Qusar rayonu, Avaran kəndi ərazisində yerləşən torpaq sahəsi Təqsirləndirilən şəxs və ailə üzvlərinin adlarına verilmiş xx.xx.2008-ci il tarixli ********** qeydiyyat, **********01 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 0.98 ha torpaq sahəsi ilə fərqli torpaq sahələridir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 83). İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Həzərərli oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 106). İş materiallarında olan AZ-İ 807669 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2006-cı il təvəllüdlü Telman adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır (i/v 91). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2021-ci il tarixli elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəlik əlillik müəyyən olunur və o, Baş beyin nəticələri, sağ OBA hövzəsində keçirilmiş işemik insultun davamlı qalıqları, spastikhemiplegiya, sol tərəfi dərin spastik hemiparez, sol dirsək oynağının kontakturası. Paralitik yeriş, hərəki istinad funksiyasının pozulması. Qavrama və dərketmə qabiliyyətinə aid olan yaddaçın və qavram qabiliyyətinin pozulması. Ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, arterial hipertenziya ııı dərəcə diaqnozundan əziyyət çəkir. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olun duğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs əməlini törətdiyi zaman kəsdiyi ağacların yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu bilmədiyini və dərk etmədiyini, bununla da hərəkətlərində cinayət tərkibinin zəruri elementi olan subyektiv cəhətinin olmadığını, belə olan halda əməlində cinayət tərkibinin olmaması barədə dəlillərini və mövqeyini müzakirə edərək qeyd edir ki, qovaq cinsli ağacların kəsilməsinin qanunsuz olması şəxsin pozitiv bilgi halı ilə şərtləndirilməmişdir və ona görə də, Təqsirləndirilən şəxs 15 ədəd qovaq cinsli ağacları bilmədən kəsməsi onun cinayət məsuliyyətini aradan qaldıran hal kimi qəbul edilə bilməz. Bundan başqa, qovaq cinsli ağacların qabaqdacan icazə alınmadan kəsilməsi onların yerləşdiyi torpaq sahəsinin hüquqi statusundan asılı olmayaraq, məhz növünə görə qanunsuz hesab olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikadsı Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Odur ki, məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə razılaşmayaraq bu barədə dəlillərini qəbul etmir. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən onun «beyin infarktının nəticələri olmaqla yaddaş və qavrama qabiliyyətinin pozulması”na düçar olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bu cəzanı yüngülləşdirən hallarla yanaşı məhkəmə həm də onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmə tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə 100,0 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100,0 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-34/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-34/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver