Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-34/2025 18.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2, onun müdafiəçisi, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148-1-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəllənin 147, 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 müxtəlif vaxtlarda sosial şəbəkələrdə barəsində həqiqətə uyğun məlumatlar yayaraq onu təhqir etmişdir. Məhkəmə iclasında X2 müdafiəçisi Müdafiəçi məhkəməyə vəsatət təqdim edərək X5 tərəfindən X3 qarşı xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-1-ci maddələri ilə verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, X5 şikayətini ümumi sözlərlə və heç bir sübuta əsaslanmadan məhkəməyə göndərmiş, öz şikayətində qeyd etdiyi əməllərin X4 tərəfindən hansı şəraitdə, harada törədildiyi və hansı sübutlarla təsdiqləndiyini qeyd etməmişdir. Bu da onu deməyə əsas verir ki, X6 tərəfindən verilən şikayət formal xarakter daşıyır və məhkəmə tərəfindən icraata qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatətdə qeyd olunan əsaslara görə, yəni xüsusi ittiham qaydasında verilən şikayətdə göstərilən əməllərdə cinayət tərkibinin əlamətlərinin olmaması, şikayətdə qeyd edilən əməllərin X4 tərəfindən hansı şəraitdə, harada törədildiyi və hansı sübutlarla təsdiqləndiyini qeyd etməməsi əsası ilə şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması əsaslı deyil. Belə ki, Şəbinəm Mahmudova öz şikayətində Zoya Eldarovanın müxtəlif vaxtlarda sosial şəbəkələrdə barəsində həqiqətə uyğun məlumatlar yayaraq onu təhqir etdiyini qeyd etmiş, bununla bağlı bir sıra sənədləri məhkəməyə təqdim etmişdir. Digər tərəfindən şəxsin əməlində cinayət tərkibinin olub-olmaması, cinayətin törədilməsinin sübuta yetirilib-yetirilməməsi məsələsinin araşdırılması yalnız məhkəmə istintaqı zamanı mümkün olduğundan, həmin əsasa görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması düzgün və əsaslı deyil. Ona görə də, məhkəmə Müdafiəçi vəsatətinin dəlillərini qəbul etmir. Bununla belə məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148- 1, 149.1, 150.1, 151, 156-158, 163, 169-1, 175-177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində X2 Azərbaycan Respublikası CM-nin 147 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması xahiş olunmuşdur. Lakin, Azərbaycan Respublikası CPM-in 37.3-cü maddəsinin tələbinə əsasən CM-nin 148-1-ci maddəsində nəzərdə tutulan əməl xüsusi ittiham qaydasında deyil, ictimai-xüsusi ittiham qaydasında təqib edilir. Belə olan halda, Şəbinəm Mahmudovanın şikayət ərizəsi Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələbləri pozulmaqla verilmiş, yəni cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş düzgün göstərilmədiyinə görə xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası CPM-in 302.1.3, 302.1.5-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 302.2, 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Zoya Eldarovanın müdafiəçisi Müdafiəçi vəsatəti qismən təmin edilməklə X1 X2 barəsində xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Zoya Eldarovanın müdafiəçisi Müdafiəçi vəsatəti qismən təmin edilsin. X1 X2 barəsində xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-34/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-34/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver