Məhkəmə qərarları › İş №1(029)-35/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-35/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-35/2021 16.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Qusar rayonu Xuray kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Əniğ kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Qusar rayonu Əniğ kəndində yerləşən evdə sərxoş vəziyyətdə yumruq zərbələri ilə arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 18 fevral 2021-ci il tarixdə saat təxminən 20 radələrində o, sərxoş vəziyyətdə evə gəlmiş və arvadı Maisə onun spirtli içki qəbul etməsinə görə onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, yumruq zərbələri ilə Maisənin sifət Nahiyəsinə vurmuş, həmçinin onu itələmiş və Maisənin başı divara dəyib yaralanmışdır. Bundan sonra Maisənin anası və qohumları gəlib onu aparmışlar, onun barəsində polisə şikayət olunmuş və o, təhqiqata cəlb edilmişdir. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, səhv etdiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, himayəsində bir azyaşlı uşağının olduğunu, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini göstərmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin təhqiqat zamanı verdiyi izahatı, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir və onlar Qusar rayonu Əniğ kəndində eyni evdə yaşayırlar. Əri Rəşad tez-tez spirtli içki qəbul edir və evdə dava-dalaş salır, söz-söhbətlər yaradır. 18 fevral 2021-ci il tarixdə saat təxminən 20 radələrində Rəşad sərxoş vəziyyətdə evə gəlmiş, o sərxoş olmasına görə Rəşada irad bildirmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rəşad onun sifət nahiyəsinə yumruq zərbələri vurmuş, həmçinin onu itələmiş və başı divara dəymişdir. Qaynanası onları ayırmış, onun anası və qohumları gəlmişlər və onu aparmışlar. O, Rəşadın barəsində polisə şikayət etmiş və həmin şəxs təhqiqata cəlb edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid təhqiqat zamanı verdiyi izahatından görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 79 saylı 19 fevral 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol təpə nahiyəsinin əzilmiş-çapılmış yarası; sağ qaşın bayır küncünün, sağ gözün alt qapağının, sol qaşın bayır küncünün, sol gözün alt qapağının, sol almacıq nahiyəsinin, sol yanağının, boynun sol yan səthin yuxarı şöbəsinin, boynun ön səthinin və sol baldırın aşağı 1/3-nin iç səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18.02.2021-ci il tarixdə yumruq və əl-qol zərbələri ilə vurulma və tinli əşyaya dəyməsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 25 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli **********5 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd almır. İş materiallarında olan “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 25.02.2021-ci il tarixli 264/02-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 fevral 2021-ci il tarixli 92 saylı arayışdan görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Zərərçəkmiş şəxs, 2019-cu il təvəllüdlü qızı Melisa Babayevadan, anası Şahid və bacısı X1 ibarətdir. İş materiallarında olan AZ-İİ 076800 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 23.02.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və Maisə Yunusova “Babayeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-T 129323 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahlarından 15.02.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarında olan Qusar rayon İHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan protokollaşdırma nömrəsi 03863 olan 19.02.2021-ci il tarixli alkotestə dair çıxarışdan görünür ki, həmin tarixdə saat 01:14-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 0.622 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 16 mart 2021-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar