Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-35/2024 17.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1985-ci ildə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Şahdağ” otelin “Səs” restoranında aşbaz işləyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Hil kəndində qeydiyyatda olmaqla faktiki Qusar rayonu Langi kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində yolun kənarı ilə piyada hərəkət edən zaman sillə ilə Zərərçəkmiş şəxs üzünə, əl zərbəsi ilə burnuna vurmuş, sonra onu əl ilə itələmiş və onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü tarixdə, saat 07:10 radələrində işlədiyi “Şahdağ” otelinə getmək üçün faktiki yaşadığı Qusar rayonu, Langi qəsəbəsində yerləşən evindən çıxıb həmin qəsəbədən keçən Qusar-Quba yolunun kənarına gəlmiş, avtobus gözləyən zaman qara rəngli avtomobilin gəlib yanında saxlamış, avtomobildən Zərərçəkmiş şəxs və tanımadığı bir nəfər kişinin düşmüş, hər ikisinin onun üzərinə gəlmiş, həmin şəxslərin onu döyəcəyindən qorxub Zərərçəkmiş şəxs yenə üzərinə gəldikdə əl zərbələri ilə sonuncunun sifətindən itələmişdir. O, Nisəni yumruq və sillə ilə vurmamış, sadəcə itələmişdir. Nisə onun dalınca danışmış, onun taksilərlə işə gəldiyini demişdir. Nisə ilə onun arasında əvvəllər heç bir ədavət olmamış, Nisənin onun dalınca niyə danışdığını bilmir. O özünü müdafiə etmək üçün Nisənin üzündən itələmiş, həmin vaxt Nisəni üzü qanamışdır. Sonra onlar tutaşmış və onlar ikisi də yerə yıxılmışdır. Təhqitaq zamanı ona qarşı heç bir fiziki və psixi təsir olunmamışdır. Sonda törətdiyi əməldə peşman olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsi vurmadığını yalnız onu əli ilə itələməsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində sillə ilə Zərərçəkmiş şəxs üzünə vurduğunu, Zərərçəkmiş şəxs yenə üzərinə gəldikdə əl zərbəsi ilə sonuncunun burnuna vurduğunu, zərbədən Zərərçəkmiş şəxs burnundan qan axmağa başladığını, onun uzaqlaşmadığını gördükdə isə əl ilə itələdiyini, qarşılıqlı olaraq Zərərçəkmiş şəxs da, onu itələdiyini və hər ikisini yerə yıxıldığını, itələmə nəticəsində dizləri üstünə yıxılaraq xəsarət aldığını göstərmişdir. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunmuş onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, eləcədə elan olunmuş şahid ifadəsi, ekspertiza rəyi ilə və işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində X2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 07:30 radələrində Şahid2 şəxsi avtomobili ilə onu Qusar rayonu, Langi qəsəbəsində yolun kənarına düşürüb uzaqlaşdıqdan sonra şirkətə doğru piyada hərəkət edən zaman arxadan onu kiminsə çağırdığından geriyə dönmüş, Təqsirləndirilən şəxs onun üzərinə gəlib əvvəlcə söyüb təhqir etmiş, niyə onun taksilərdə gəzməsi barəsində sözlər yaydığını soruşmuş, o, da cavabında taksidə gəzməyən varmı demişdir. Sonra isə yumruqla sifət və burun nahiyyəsinə bir neçə zərbə vurmuş, zərbədən onun burnu qanamışdır. Təqsirləndirilən şəxs yaxasından tutub özündən uzaqlaşdırmaq istədikdə sonuncu onu yerə yıxılmış, yerə yıxılan zaman barmağı əzilmiş, yerdə olan zaman isə Təqsirləndirilən şəxs təpik və yumruq zərbələri ilə onu döyməyə davam etmişdir. Bir neçə dəqiqə sonra özündə güc toplayıb ayağa qalxmış, həmin vaxt Təqsirləndirilən şəxs aralıda dayanıb onu söyməyə davam etmişdir. Sonra uzaqlaşıb iş yerinə getmiş, iş yoldaşlarının bilməməsindən ötrü iş yerində tibbi maska taxmış, həmin gün saat 17 radələrində işdən çıxıb yaşadığı evə getmiş, evə daxil olduqdan sonra oğlu Şahid3 və qızı Şahid1 nə baş verdiyini ondan soruşduqda onlara həmin gün saat 07:30 radələrində Qəşəng adlı qadın tərəfindən döyüldüyünü dediyini bildirmişdir. Mübahisə vaxtı o, Qəşəngi vurmamışdır. Əməli törətmiş şəxslə barışmır, ona ağır cəza verilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində evə gələn anası Zərərçəkmiş şəxs tibbi maska taxdığını görüb qardaşı Şahid3la birgə səbəbini soruşduqda üzündəki maskanı çıxardığını, həmin vaxt gözlərinin alt hissəsində, burnunda olan xəsarətləri, göyərmələri gördüklərini, anası Zərərçəkmiş şəxs həmin gün saat 07:30 radələrində Qəşəng adlı qadın tərəfindən döyüldüyünü dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş “MTE və PA” Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 42 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-hər iki göz orbiti ətrafının, burun nahiyəsinin və sağ əlin 2-ci barmağının üstünün və sağ dizin ön səthinin qançırları; sağ gözün ağlı qişasının qansızması, bumu və sağ əlin 2ci barmağının üstünün şişkinliyi; sağ əlin 2-ci barmağının üstünün sıyrıqları küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 arasında barışıq halı mövcud olmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi halı müzakirə edilə bilməz. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, qadın olmasının, himayəsində uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını şəxsiyyəti xarakterizə edən müsbət hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ictimai işlər növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyasında nəzərdə tutulan cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin tədbiq olunmasını məqsədə müvafiq hesab etmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs rəsmi iş yeri yoxdur, ona cərimə cəzası təyin edildiyi təqdirdə cəzanın icrası gecikəcək və əlavə məhrumiyyətlərə məruz qalacaq. Həmçinin, Təqsirləndirilən şəxs rəsmi iş yeri olmadığına görə islah işləri cəzası təyin edildiyi təqdirdə də cəzanın icrası gecikəcək. Belə ki, Təqsirləndirilən şəxs cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin təyin edildiyi təqdirdə həm özü, həm də onun himayəsində olan uşaqları mərhumiyyətlərə məruz qalacaq. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə ərazi hüdudlarının tərk edilməsi ilə bağlı vəzifələr qoyulacaq. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza növü təyin edildiyi təqdirdə nəinki Təqsirləndirilən şəxs, həm də onun himayəsində uşaqları mərhumiyyətlərə məruz qalacaq, bu isə cəzanın məqsədinə nail olmayacaq. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 47.2. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 47.2-1. Məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 47.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 47.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə; 47.4.2 hamilə qadınlara; 47.4.3 himayəsində üç yaşınadək uşağı olan qadınlara, habelə üç yaşınadək uşağı təkbaşına böyüdən kişilərə; 47.4.4 pensiya yaşına çatmış qadın və kişilərə; 47.4.5. hərbi qulluqçulara Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 34.1. İctimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34.2. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. 35.1. Məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. Təqsirləndirilən şəxs hazırki cinayət təqibi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə onun daimi yaşayış yerinin olmasını, həmçinin məhkəmə iclaslarına vaxtı vaxtında gəlməsini nəzərə alaraq hesab edir ki, barəsində hökm qanuni qüvvəyə minənədək hər hansı qətimkan tədbirinin seçilməsinə lüzum yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, iki yüz qırx saatına ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın əvvəli ictimai işlərin yerinə yetirildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Qusar rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-35/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-35/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver