Məhkəmə qərarları › İş №1(029)-36/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-36/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-36/2022 17.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Qusar rayon məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki Qusar şəhəri M.Vəliyev küçəsi ev 190 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 26.02.2022-ci il tarixdə saat 19-20 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evdə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə vuraraq onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanıyır, onunla hər hansı ədavəti yoxdur. O, subaydır və Şahid2 Dövlət qızı ilə birlikdə yaşayırlar, nikahları yoxdur. 26 fevral 2022-ci il tarixdə Zarina vaksin vurdurmaq məqsədi ilə Qusar MRX-na getmişdir. O, özü isə Qusar rayonu Xuray kəndindəki evinə getmişdir. Həmin gün Zarina xəstəxanadan qayıtmış və onun Qusar şəhərindəki evinə getmiş, qapının bağlı olduğunu görüb onu gözləmişdir. Zarina onu gözləyən zaman əvvəllər tanıdığı Namikin oradan keçdiyini görüb ondan çörək istəmiş, Namik də onu evinə aparmışdır. O, həmin gün Qusar şəhərinə qayıtmış və ona demişlər ki, Namik Zarinanı evinə aparmışdır. Buna görə də o, həmin gün saat 19-20 radələrində Namikin yaşadığı evə getmiş, qapını açdıqda orada Namikin, Zarinanın, Rüstəmin və İmranın stolda əyləşdiklərini və yemək yeməyə hazırlaşdıqlarını görmüşdür. O, Zarinadan Namikin evinə niyə gəldiyini soruşmuş, onunla getməsini bildirmişdir. Bu vaxt onunla orada olan Namik arasında mübahisə yaranmış və sonuncu onu döymüşdür. Həmçinin, Namik kubiklə onu vurmaq istəyəndə İmran Namiki onu vurmağa qoymamışdır. Onun ayağı ilişərək yıxılmış və bundan sonra da Namik onu döymüşdür. O, Namiki vurmamış, hadisə zamanı Rüstəm və İmran da onu döyməmişlər. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin təhqiqat zamanı verdiyi ifadəsi, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qusar rayon sakini kimi tanıyır. Məlum hadisə 26.02.2022-ci il tarixdə onun müvəqqəti yaşadığı Qusar şəhəri L.Nemət küçəsindəki 201 saylı evində axşam saat təxminən 20-21 radələrində baş vermişdir. Həmin gün o, Qusar şəhərində yerləşən “Sevimli” marketdən ərzaq məhsulları alıb qayıdarkən əvvəllər tanıdığı Zarina Qəribova ona yaxınlaşaraq ac olduğunu və yemək istədiyini bildirmişdir. O, Zarinanı evinə dəvət edərək onunla birlikdə yemək yeməsini ona təklif etmişdir. Onlar birlikdə onun yaşadığı ünvana gəldikləri zaman yolda dostu Rüstəm onların qarşısına çıxmış və o, Rüstəmi də evinə dəvət etmiş və hər üçü onun yaşadığı ünvana gəlmişlər. Bundan bir az sonra qardaşı Şahid1 də onun yaşadığı evə gəlmişdir. Onlar evdə yemək yeməyə başladıqları zaman qapı döyülmüş və dərhal sonra qapı təpiklə açılmış, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə içəri daxil olmuş, o, Elxandan niyə gəldiyini soruşaraq onun qarşısına keçmiş və bu vaxt Elxan yumruq zərbəsi ilə onun gicgah nahiyyəsindən vurmuşdur. O, da özünü müdafiə etmək üçün Elxanı vurmuş, bu vaxt qardaşı İmran onları ayırmış və Rüstəm Elxanı itələyib çölə çıxarmışdır. Mübahisə vaxtı o, yüngül dərəcəli bədən xəsarəti almış, o, Elxanı daşla vurmamış, bu barədə dedikləri yalandır. Hazırda təqsirləndirilən şəxslə barışmış, onu bağışlamış, ondan heç bir şikayəti yoxdur. Buna görə də Elxanın bağışlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs Qusar rayon sakini kimi tanıyır, onunla heç bir ədavəti yoxdur. O, iki gündən bir qardaşı Namikin yaşadığı evə gedərək ona baş çəkir və onunla maraqlanır. 26.02.2022-ci il tarixdə o, qardaşına baş çəkmək məqsədi ilə onun müvəqqəti yaşadığı Qusar şəhəri L.Nemət küçəsində yerləşən 201 saylı evə getmişdir. Həmin vaxt o, Namikin, Zarinanın və Rüstəmin də evdə olduqlarını və yemək yeməyə hazırlaşdıqlarını görmüş və o, da stola əyləşmişdir. Həmin zaman qapı zərblə açılmış, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə içəri daxil olaraq Zarinanın arxasınca gəldiyini bildirmişdir. Namik Elxanın qarşısına keçmiş və bu vaxt Elxan yumruq zərbəsi ilə Namikin baş nahiyyəsindən vurmuş, Namik də özünü müdafiə etmək üçün Elxanı vurmuşdur. O, araya girərək Elxanla Namiki ayırmış, Rüstəm isə Elxanı çölə çıxarmış, o, Elxanı vurmamış, qardaşı Namik daşla Elxanı vurmamışdır. Bundan sonra isə o, yaşadığı evinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 Dövlət qızının təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təhqiqat orqanı tərəfindən Şahid2 ilə Təqsirləndirilən şəxs arasında 02.03.2022-ci il tarixdə saat 14:05-dən saat 15:30-dək aparılmış üzləşdirmə barədə protokoldan görünür ki, Şahid2 26.02.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Namik Abbdiyevin gicgah nahiyyəsindən yumruqla vurduğunu həmin şəxsin üzünə demişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təhqiqat orqanı tərəfindən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 02.03.2022-ci il tarixdə saat 15:30-dan saat 16:20-dək aparılmış üzləşdirmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs 26.02.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun gicgah nahiyyəsindən yumruqla vurduğunu həmin şəxsin üzünə demişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 80 saylı 27 fevral 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində olan xəsarət – sol qaşın bayır küncünün əzilmiş-çapılmış yarası küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 26.02.2022-ci il tarixdə yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 78 saylı 28 fevral 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində olan xəsarət – sağ almacıq nahiyəsinin sıyrığı küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 26.02.2022-ci il tarixdə döymə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 26.02.2022-ci il tarixli, protokollaşdırma nömrəsi 00983 olan alkotestrdən çıxarışdan görünür ki, həmin tarixdə saat 20:39-da Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 1,953 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan təhqiqat orqanının 15 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 və Şahid3 barələrində Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilmiş, barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin Qusar RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 03.03.2022-ci il tarixli 501/03-22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Quba-Xaçmaz Regional Ərazi filialı tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli **********9 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd almır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 1(029)-97/2021 saylı 02.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 11.03.2022-ci il tarixli tələbnamədən və Qusar rayon məhkəməsinin 1(029)-16/2022 saylı 09.02.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər həmin hökmlə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, 04.10.2012-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət təqibi CPM-nin 40.2.2-ci maddəsinə əsasən və 06.02.2013-cü il tarixdə CM-nin 177.1-ci maddəsi ilə cinayət təqibi CPM-nin 40.2.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 17 may 2022-ci il tarixli 1573/22 saylı məktubundan görünür ki, Qusar rayon məhkəməsinin 1(029)-16/2022 saylı 09.02.2022-ci il tarixli hökmü ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzanın icrası ilə bağlı hüquq və vəzifələri izah olunsa da, o, cəzanın icrasından qərəzli olaraq boyun qaçırmışdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və qərəzli olaraq boyun qaçırması səbəbindən cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-7.4-cü maddəsinə əsasən Qusar rayon məhkəməsinə 12.05.2022-ci il tarixdə təqdimat verilmişdir. Həmin təqdimat verildikdən sonra məhkum Təqsirləndirilən şəxs daha 02 (iki) dəfə-13 və 14 may 2022-ci il tarixlərdə vaxt məhdudiyyəti tələblərini pozmuşdur. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın 02 (iki) ay hissəsini çəkmiş, 04 (dörd) ay hissəsi çəkilməmiş qalmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 13 may 2022-ci il tarixli 7(029)- 12/2022 saylı bildirişindən görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə dair Qusar rayon İcra və Probasiya Şöbəsinin təqdimatına baxılması 23 may 2022-ci il tarixə saat 15:30-a təyin edilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.03.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanda qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs və ailəsi barədə həmin nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 17.05.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs bağışlamış, ona qarşı heç bir şikayəti yoxdur, onun bağışlanmasını xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurmaması və ona yüngül bədən xasərəti yetirməməsi barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 təhqiqat zamanı verdiyi ifadəsi ilə, təhqiqat zamanı Təqsirləndirilən şəxslə zərər çəkmiş və Şahid2 üzləşdirilməsi barədə protokollarla, eləcə də digər sübutlarla tam təkzib edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 26.02.2022-ci il tarixdə saat 19-20 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə vuraraq onun sağlamlığına yüngül zərər vurması və bununla da, onun Azərbaycan Respublikasının CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat zamanı Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1-18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon rayon məhkəməsinin 1(029)-16/2022 saylı 09.02.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin cəzanın 02 ay hissəsini çəkmiş, 04 ay hissəsi isə çəkilməmiş qalmış və məhkumluğu ödənilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl həmin hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən ona hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmasını, sonuncunun ona qarşı heç bir şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CMnin 68.1.1-1-ci maddəsinə əsasən Qusar rayon məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay hissəsinin iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla 02 (iki) ay azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzalardan hər hansı birinin təyin edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, həmin şəxsə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmasa da, həmin şəxs əvvəl eyni cinayət əməlini törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və təyin olunmuş cəzanın 04 ay hissəsini çəkməmişdir. Bundan başqa, həmin şəxs azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı üzərinə qoyulmuş vəzifələri də mütəmadi olaraq pozmuş və cəzanı çəkməkdən qərəzli olaraq boyun qaçırmış, bununla bağlı cəzanı icra edən orqan olan Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən onun cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə məhkəməyə təqdimat verilmiş, həmin təqdimat məhkəmədə baxılma mərhələsindədir. Bu isə bir daha həmin şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzaların hər hansı birinin təyin edilməsinin onun islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından effektli və səmərəli olmasını əsaslı olaraq şübhə altına alır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin həyat və sağlamlığın qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına, təyin olunacaq cəzanın səmərəsizliyinə, icrasının mümkünsüzlüyünə səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 155.3, 155.3.1-155.3.3-cü maddələrinə əsasən həbs qətimkan tədbiri yalnız aşağıdakı şəxsə tətbiq oluna bilər: bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Qusar rayon məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay hissəsinin iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla 02 (iki) ay azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar