Məhkəmə qərarları › İş №1(029)-36/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-36/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-36/2023 18.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsi hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu İmamqulukənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Qusar rayonu İmamqulukənd kəndindəki evin qabağında aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs sillə və təpik zərbələri ilə vuraraq onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qusar rayonu İmamqulukənd kəndində yaşayır. 27 yanvar 2023-cü il tarixdə oğlu Şahid1 hərbi xidməti baş vurub evə qayıtdığı üçün evdə məclis təşkil edərək qonaqları dəvət etmişdir. Həmin gün saat 18 radərində qonşusu Taleh də onlara gəlib məclisdə iştirak etmişdir. Həmin vaxt oğlu Səfər evə çatmamış, yolda olmuşdur. Taleh həyətində bir müddət dayanmış sonra o, Talehin qolundan tutub küçəyə çıxartmış və evə yola salmışdır. Axşam saat 23 radələrində Taleh təkrarən evinə gəlib məclisdə iştirak edib yeyib içmişdir. Taleh sərxoş olduğu üçün səs küy salaraq qonaqları narahat etmiş, buna görə o, Talehin əlindən tutaraq onun evindən çıxardıb öz evinə getməsini demişdir. Bu vaxt Taleh evə getməsini istəmədiyini demiş və onu söymüşdür. Buna görə o, əsəbləşib sillə ilə Talehi vurmuşdur. Zərbədən Taleh yerə yıxılmışdır. Taleh yerdə olan vaxt təpik zərbələri ilə onun ayaqlarından vurmuşdur. Daha sonra onlar tutaşmışlar. Oğlu Şərəf onları görüb ayırmışlar. Hazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, əməli törətmiş şəxs onun qonşusudur. O, Qusar rayonu İmamqulukənd kəndində ailəsi ilə birlikdə yaşayır. 27 yanvar 2023-cü il tarixdə saat 22 radələrində qonşusu Şərəf evinə gələrək hərbi xidmətdən qayıtdığını demiş, o da gözaydınlığı vermək üçün İlhamın evinə getmişdir. İlham ona yaxınlaşıb qolundan tutub onu küçəyə çıxartmışdır. O, əsəbləşmiş və onu söymüşdür. Bu vaxt İlham yumruq və şillə ilə onun üzündən vurmuş və o, yerə yıxılmışdır. Yerdə olan vaxt İlham təpik zərbələri ilə onun ayağından vurmuşdur. Daha sonra Şərəf gəlib onları ayırmış və o da baş vermiş hadisə barədə telefonla 102 xidmətinə zəng edib məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, əməli törətmiş şəxs onun qonşu, zərərçəkmiş şəxs isə atasıdır. Zərərçəkmiş şəxs onların evinə gəlib yeyib içmişdir. O, həyətdə olan vaxt kənardan atasının səsini eşitmiş və küçəyə çıxmışdır. Küçədə evin qabağında atası Talehin dalaşdıqlarını görmüş və onları ayırıb sakitləşdirmişdir. Onlar hər ikisi də sərxoş olmuşdur, bir birini yumruqla vurduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əməli törətmiş şəxs onun qonşu, zərərçəkmiş şəxs isə onun əridir. Zərərçəkmiş şəxs onlara gəlmiş, evində yeyib içdikdən sonra getmişdir. Bir müddətdən sonra Taleh yenə onlara gəlmiş, əri İlham da onu çölə çıxartmışdır. Həmin vaxt o, evdə olmuş, həyətdən mübahisə edənlərin səsini eşitmiş, dalaşanları görməmişdir. Sonra əri evə qayıtmış, bir müddətdən sonra evinə polis əməkdaşları gəlmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi və Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 83 saylı rəyinə əsasən 1988-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası və rentgen müayinəsinin cavabı əsasında belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun qanaxması ilə müşayiət olunan burnunun yumşaq toxumalarının əziyi və qançırı, sol əlin arxa səthində və sol dizdə sıyrıq, sağ əlin baş barmağında yumşaq toxumanın əziyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törətməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəşziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, münasibətləri normaldır, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, həmçinin ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar