Məhkəmə qərarları › İş №1(029)-36/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-36/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-36/2024 01.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hömmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərərkən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Belə ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından Rusiya Federasiyasına qanuni yolla gedə bilmədiyindən qanunsuz yolla Rusiya Federasiyasına getmək məqsədilə 21 dekabr 2023-cü il tarixdə saat 03:37 qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonu Samur qəsəbəsi ərazisində yerləşən 5-ci sərhəd zastavasının 17-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 200 metr aralıda saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təyyarə ilə rəsmi qaydada Azərbaycan Respublikasına qayıtmış və o elə həmin gün təxminən saat 22:30 radələrində Bakı şəhərindən taksi ilə Qusar rayonu Samur qəsəbəsinə yola düşmüşdür. Samur qəsəbəsinə gəldikdən sonra, burada sərhəd-buraxılış məntəqəsinə yaxınlaşıb rəsmi qaydada Rusiya Federasiyasına keçmək üçün müraciət etmiş, lakin sərhədçilər tərəfindən icazə verilməmişdir. Bundan sonra buraxılış məntəqəsinin yaxınlığı ilə kəndə doğru hərəkət etmiş, asfalt yoldan çıxıb ağaclığın içərisi ilə hərəkət etməyə başlamış, tikanlı məftilləri olan çəpərlər istiqamətdə hərəkət etmiş, maneə çəpərlərinə çatmağına təxminən 50 metr qalmış, hərbi qulluqçular tərəfindən saxlanılaraq məntəqəyə aparılmışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə cinayət proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə islasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 03:37 radələrində növbətçi operator xidmətini təşkil edən baş çavuş Cavidan Şahbazlı 17-ci sahədə 1 nəfər naməlum şəxsin maneə çəpəri istiqamətində hərəkəti barədə məlumat vermiş, dərhal sərhəd zastavasını silaha komandasına qaldıraraq, şəxsi həyətlə birlikdə həmin istiqamətə hərəkət etmiş, saat təxminən 03:55 radələrində sərhəd zastavasının 17-ci sahəsində həmin şəxsi saxlayaraq sərhəd zastavasına gətirilmişdir. Araşdırma zamanı həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, həmin şəxs qeyri qanuni yolla Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmək istədiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının rəisi Şahid1 raportunda göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03:37 radələrində 5-ci sərhəd zastavasında “Növbətçi operator” xidmətini təşkil edən baş çavuş X2 tərəfindən sərhəd zastavasının 17-ci sahəsində 1 nəfər naməlum şəxsin maneə çəpəri istiqamətində hərəkəti müşahidə olunmuş və qeyd olunan müşahidə əsasında sərhəd zastavası “Silaha” komandası ilə qaldırılaraq 17-ci sahəyə hərəkət etmişdir. Təxminən saat 03:55 radələrində 1 nəfər şübhəli şəxs saxlanılmış, daha sonra həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 21 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Qusar rayonu, Samur qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının 17-ci sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs maneə çəpərindən 50 metr aralı, dövlət sərhəd xəttindən 200 metr, 46 nömrəli sərhəd nişanından 70 metr aralıda saxlanılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X3 Şəxsinin məktubudan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərlən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu, onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Aəzrbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərərkən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxsn törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını şəxsiyyəti xarakterizə edən müsbət hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onlara təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər Bundan başqa Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimakn tədbirinin seçilməsindən imtina olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 dekabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkanı tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək həbsdə qaldığı 2 (iki) gün müddəti CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alaraq hesab edir ki həbsdə qaldığı 2 (iki) gün müddət ona təyin olunacaq cərimə cəzasını yüngülləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş tarixdə polisin nəzarəti altına vermə qətimkanı tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 21 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixə kimi həbsdə qaldığı 2(iki) gün müddət nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 1400 (min dörd yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş tarixdə polisin nəzarəti altına vermə qətimkanı tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar