Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-37/2022 21.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1984-cü ildə Qusar rayonu Düztahir kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay (boşanmış)-himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128 və 157.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, faktiki olaraq 2018-ci ilin sonlarında, rəsmi olaraq isə Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(029)-107/2019 saylı qətnaməsi əsasında nikahın pozulması haqqında xx.xx.2019-cu il tarixli, AZ-İ №312258 saylı şəhadətnamə ilə boşandığı keçmiş arvadı Zərərçəkmiş şəxs kirayədə yaşadığı, ünvan 1 ünvanında yerləşən mənzildə tək olduğunu bilərək 02 yanvar 2022-ci il tarixdə, axşam saatlarında sonradan tanıdığı Qusar rayonu Qalacıq kənd sakini Şahid1 ilə onun arasında intim münasibətlərin olmasından şübhələnərək həmin mənzilin yerləşdiyi binaya yaxınlaşıb gözləyərkən Zərərçəkmiş şəxs və Şahid1 evə daxil olduqlarını görmüş, az bir müddət aşağıda gözlədikdən sonra saat təxminən 23 radələrində həmin binanın girişinə daxil olub ikinci mərtəbəyə qalxmış, Zərərçəkmiş şəxs yaşadığı mənzilin taxta materialdan ibarət giriş qapısını zorla çiyni ilə vurub sındıraraq Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, onun yaşadığı mənzilə iradəsi ziddinə qanunsuz daxil olmuş, evdə olan yataq otağının qapısının çərçivəsini, digər yataq otağının qapısının açar oturacaq yerini sındırmış, keçmiş arvadı Zərərçəkmiş şəxs və Şahid1 görərək onların intim münasibətdə olduqlarını düşündüyündən yataq otağında olan Şahid1 üstünə getmiş, bu zaman ona mane olmağa çalışan Zərərçəkmiş şəxs sinə nahiyəsindən yumruq zərbəsi ilə vuraraq, daha sonra isə yataq otağı ilə üzbəüz yerləşən qonaq otağında sillə, yumruq zərbələri ilə onun üz nahiyəsindən və bədəninin digər müxtəlif nahiyələrindən vurub döyərək Şahid1 və sonradan ora ona mane olmaq üçün gələn qardaşı Şahid2 yanında Zərərçəkmiş şəxs qəsdən “burun sümüyünün yerdəyişməyən sınığı, sağ qaşın iç tərəfinin əzilmiş yarası, hər iki göz orbiti ətrafının, sol bazunun aşağı 1/3-nin iç səthinin, döş qəfəsin ön səthinin orta körpücük xətti üzrə X-Xİİ qabırğa üstü nahiyəsinin qançırları, üst dodağın selikli qişasının orta hissəsinin qansızması” ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətləri yetirərək qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 128 və 157.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Zərərçəkmiş şəxs onun keçmiş həyat yoladışıdır, həmin şəxslə 12 il birlikdə yaşamış, 2015-ci ildə ayrılmışlar. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Ayrıldıqdan sonra uşaqlar Ərzinin yanında qalmışlar. O, Düztahir kəndində yaşayır, arada uşaqları götürür, sonra isə aparıb anasına təhvil verir. 02 yanvar 2022-ci il tarixdə o, uşaqları yenidən yaşadığı Düztahir kəndinə aparmış, orada uşaqları ona demişlər ki, anaları Ərzi onları məcbur edir ki, Niyaz adlı şəxsə ata desinlər. O, bundan əsəbləşmiş və Ərzi ilə Niyaz adlı şəxsin aralarında hər hansı münasibətin olub-olmamasını dəqiqləşdirmək üçün Ərzinin Qusar şəhərində kirayədə yaşadığı evin qarşısına getmiş və orada gözləməyə başlamışdır. Gecə saatlarında əvvəlcə Ərzi gəlib binaya daxil olmuş, bundan 2-3 dəqiqə sonra isə Niyaz adlı şəxs mobil telefonla danışa-danışa Ərzinin dalınca binaya daxil olmuşdur. Bir az keçdikdən sonra o, Ərzinin kirayədə yaşadığı binanın ikinci mərtəbəsinə qalxmış, mənzilin qapısını sındırıb içəri daxil olmuş, yataq otağının işığının söndürüldüyünü görmüş, buna görə də, yataq otağına daxil olmuş və Ərzi ilə Niyaz adlı şəxsi çarpayıda görmüşdür. O, əsəbləşərək Niyazı vurmaq istəmiş, sonuncu heç bir təqsirinin olmadığını, Ərzinin özünün onu çağırdığını demiş, həmçinin Ərzi ona mane olaraq Niyazı vurmağa qoymamış və o, sillə ilə bir neçə dəfə Ərzini vurmuşdur. Ərzinin burnu qanamış, Niyaz isə qaçıb getmişdir. Təxminən 15-20 dəqiqə sonra oraya qardaşı Quvat gəlmiş, ona sillə vurmuş və oradan aparmışdır. Həmin mənzilə o, qardaşı Quvatla birlikdə deyil, tək getmiş, qardaşı oraya sonradan gəlib onu aparmışdır. Qapının sınması nəticəsində mənzilin sahibinə 145 manat məbləğində maddi ziyan dəymiş, o, həmin şəxsə 200 manat məbləğində pul təklif etmiş, lakin həmin şəxs pulu götürməmişdir. Hadisə zamanı Şahid1 dəymiş ziyan onun tərəfindən tam şəkildə ödənilmiş, həmin şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamışdır. Hazırda törətdiyi əməlindən peşmandır, hadisəni qısqanclıq səbəbindən törətmişdir, Ərzi ilə birgə nikahlarından anadan olmuş uşaqların saxlanmasında aliment ödəməklə iştirak edir. Söz verir ki, bir daha Ərzi olan tərəfə baxmayacaq, onunla heç bir işi olmayacaq. Əgər onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin olunarsa uşaqlarının saxlanmasında iştirak edə bilməyəcəkdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi, məhkəmə-tibbi bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır, uzun müddətdir ki, həmin şəxsdən ayrılmışdır. Onunla birgə nikahlarından iki uşaqları anadan olmuş, ayrıldıqdan sonra uşaqlar onun yanında qalmışlar. Təxminən 1 il əvvəl o, Niyaz adlı şəxslə tanış olmuş, ailələrinin razılığı ilə onunla nişanlanmışdır. Niyaz aradabir onun yaşadığı evə gəlir, çay içib söhbət edib gedir. Hadisə baş verən gün gecə saat təxminən 22-23 radələrində o, yaşadığı mənzilə gəlmiş, bir müddət sonra Niyaz da oraya gəlmişdir. O, Niyazla birlikdə yaşadığı mənzildə olarkən Təqsirləndirilən şəxsla onun qardaşı Şahid2 qəfildən mənzilin qapısını sındıraraq içəriyə daxil olmuşlar, o, Niyazı yataq otağına göndərmiş, Quvat Niyazı tutmuş, Fərhad isə onu yumruq və təpiklərlə vurmağa başlamışdır. Həmçinin, Quvat onun üzünə tüpürmüş, yumruqla iki dəfə başına vurmuş, lakin ona xəsarət yetirməmiş, ona xəsarəti Fərhad yetirmişdir. Quvat Fərhada demişdir ki, onu öldürsün, onun yerinə gedib cəza çəkəcəkdir. Həmçinin, Fərhada onun şəklini çəkməsini də demişdir. Bundan sonra o, Fərhadın əlindən çıxıb qaçmış, həmçinin Niyaz da oradan qaçıb getmişdir. Fərhad heç vaxt uşaqlarla maraqlanmamış, alimenti vaxtında ödəməmiş, buna baxmayaraq o, uşaqlarına görə Fərhadı bağışlamışdır. O, Niyazla ailə həyatı qurmaq, həmin şəxsin uşaqlarına atalıq etməsini istəyir. Odur ki, Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, subaydır, Zərərçəkmiş şəxs təxminən 1 ildən çoxdur ki, boşanmış bir qadın kimi tanımış, onunla aralarında sevgi münasibətləri yaranmış, Ərzi əxlaqlı qadındır, ona qarşı fikri ciddi olmuş, ailəsinin də bundan xəbəri olmuşdur. O, tez-tez Ərzini yaşadığı mənzilə ötürür, onunla mənzildə oturub çay içir. Ərzinin öz atası ona demişdir ki, qızı işdən gec çıxanda onu evə kimi ötürsün. 02 yanvar 2022-ci il tarixdə o, yenə Ərzi ilə sonuncunun yaşadığı mənzilə getmiş, bir az orada oturduqdan sonra işə qayıtmaq istəmişdir. Həmin gün gecə saat təxminən 23 radələrində mənzilin qapısı döyülmüş, həmin vaxt o, yataq otağında olmuş, düşünmüşdür ki, qapını döyən qonşudur, buna görə də, qapıya tərəf getmişdir. Həmin vaxt qəfildən qapı sındırılaraq açılmış, sonradan tanıdığı Fərhad və Quvat birlikdə içəriyə daxil olmuşlar. Quvat onun üstünə, Fərhad isə Ərzinin üstünə getmiş, Fərhad Ərzini söyməyə və döyməyə başlamışdır. O, Fərhada mane olmaq istəmiş, lakin Quvat onu tutaraq “sən bilirsən o, kimdir? Uşaqların atasıdır” demiş və onu çarpayının üstünə itələmiş, həmin vaxt onun köynəyi cırılmışdır. Ərzi ona oradan çıxıb getməsini demiş, o, da çıxıb getmişdir. Həmin vaxt onun 500 manatlıq mobil telefonu da sınmışdır. Fərhadla Quvat mənzilə birlikdə daxil olmuşlar, Fərhad tək olsaydı və Quvat onu tutmasaydı o, Fərhadın Ərzini döyməsinə imkan verməzdi. O, Quvatın Ərzini vurmasını və üzünə tüpürməsini görməmişdir. Hadisədən sonra, ona dəymiş ziyan Fərhad tərəfindən ödənilmiş, ona 300 manat məbləğində pul vermiş, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Hadisə zamanı heç bir xəsarət almamış, onu heç kim döyməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 02 yanvar 2022-ci il tarixdə gecə saat təxminən 23 radələrində qardaşı əsəbi halda ona demişdir ki, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs uşaqlarını məcbur edir ki, başqa bir şəxsə ata desinlər. Bundan sonra qardaşı Fərhad evdən çıxıb harasa getmiş, o qardaşının çox əsəbi halda olmasından və nəsə pis hadisə baş verməsindən ehtiyatlanıb, hər ehtimala təxminən 20 dəqiqə sonra, Ərzinin yaşadığı ev istiqamətində getmişdir. O, Ərzinin yaşadığı mənzilə getdikdə mənzilin qapısının açıq olduğunu görmüş, sonradan tanıdığı Niyaz adlı şəxs mənzildən çıxmış və o, mənzilə daxil olduqda otaqda qardaşı Fərhadla Ərzinin mübahisə etdiklərini, Fərhadın Ərzini döydüyünü görmüşdür. Buna görə o, qardaşını danlamış və oradan aparmışdır. O, həmin mənzilə qardaşı Fərhadla birlikdə getməmiş, sonuncudan təxminən 20 dəqiqə sonra, onu oradan çıxarıb aparmaq üçün getmişdir. O, Niyazı tutmamış, Ərzinin başına iki dəfə vurmamış, üzünə tüpürməmiş, onu söyməmişdir. Bu barədə Ərzinin dedikləri yalandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında qızının keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona zəng edərək söyüşlər söymüş, həmin vaxt o, Bakı şəhərində olduğundan oraya gedə bilməmiş, növbəti gün gəldikdə isə qızının yaşadığı mənzilin qapısının sındırıldığını, qızının üz-gözünün isə qan içində olduğunu görmüşdür. O, hadisənin birbaşa şahidi olmamış, həmin hadisəni Fərhad təkbaşına törədə bilməzdi, qızı Ərzinin dediyinə Fərhadın qardaşı Quvat da orada olmuş, ikisi birlikdə mənzilə gəlib həmin hadisəni törətmişlər. O, Niyazı tanıyır, həmin şəxs qızı ilə ailə həyatı qurmaq üçün 2 dəfə müraciət etmiş, lakin onun yaşı az olduğuna görə hələki, razılıq verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Şahid X3 Azərbaycan Respublikasının CPM-nin 95.6.4-cü maddəsinin tələblərinə uyğun olaraq yaxın qohumuna-yəni oğlu Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmək hüququndan istifadə edərək məhkəmədə ifadə verməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, mərhum əri X12 təxminən 3-4 il əvvəl dünyasını dəyişmişdir. Birgə nikahlarından Quvat, Fərhad, Mətanət və Era adlarında dörd övladları vardır. Oğlu Təqsirləndirilən şəxs həmkəndliləri Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından Aygül və Amil adlarında iki azyaşlı uşaqları vardır. Lakin, sonradan münasibətlərinin pozulması səbəbindən bir-birilərindən ayrılmışlar. Nəvələri Aygül və Amil anaları ilə birlikdə Qusar şəhərində kirayədə yaşayırlar. Oğlu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ayrıldıqdan sonra Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə əlaqələri kəsilmişdir. 02 yanvar 2022-ci il tarixdə, səhər saatlarında oğlu Təqsirləndirilən şəxs azyaşlı nəvələri Aygül və Amili yaşadıqları Qusar rayonu Düztahir kəndində yerləşən evlərinə aparmışdır. Nəvələri onlara anaları Zərərçəkmiş şəxs yanına Niyaz adlı oğlanın gəlib-getdiyini bildirmişlər. Bundan sonra Fərhadın əhvalının aşağı olduğunu hiss etmişdir. Həmin gün, axşam saatlarında isə o, küçəyə çıxdığını deyib getmiş, lakin konkret olaraq hara gedəcəyini ona bildirməmişdir. Bundan sonra gecə saatlarında oğulları Fərhad və Quvat yaşadıqları Qusar rayonu Düztahir kəndində yerləşən evlərinə gəlmişlər. Onların sözlərindən bilmişdir ki, Fərhad həmin vaxt əvvəlcə Quvatın evinə gedib nəvələrinin sözlərini danışmış, daha sonra isə keçmiş arvadı Zərərçəkmiş şəxs kirayədə yaşadığı, Qusar şəhərində yerləşən evə gedib qapını sındıraraq içəri daxil olmuşdur. Fərhad ora getdikdə Ərzinin Şahid1 adlı şəxslə birlikdə evdə olduqlarını görmüş, əsəbiləşdiyindən Ərzini döymüşdür. Quvat da Fərhadın əsəbi vəziyyətdə getdiyini görüb ona mane olmaq üçün sonradan arxasınca getmiş, lakin heç kimi döyməmişdir. Fərhad və Quvat ona Ərzinin Şahid1 adlı şəxslə birlikdə evdə olduğunu gördüklərini demişlər. Oğlu Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı evin qapısını sındırıb zorla içəri daxil olması, daha sonra isə onu döyməsi barədə məlumatı vardır. Lakin, Quvat ora Fərhada mane olmaq üçün onun arxasınca getmiş, sonra da onun Ərzini döyməsinə mane olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs Qusar RPŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində keçmiş əri Təqsirləndirilən şəxs onu yaşadığı Qusar şəhəri Müqtədir küçəsi 14-cü evdə onu burnundan, dodağından, gözündən və bel nahiyəsindən yumruq və təpik vurmaqla ona xəsarət yetirmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 03 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 19:00-dan saat 19:35-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Zərərçəkmiş şəxs, hal şahidləri X8, X4 iştirakları ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvandakı mənzilə baxış keçirilmişdir. Mənzilə 2 mərtəbəli binanın 2-ci mərtəbəsində sağ qapıdan daxil olunur. Mənzilin qapısı sındırılmış və qapının qıfılı yerindən çıxmışdır. Otaqda çarpayı yerləşir, otaqda iş üçün əhəmiyyət kəsb edən başqa izə rast gəlinmədi. Mənzilə daxil olduqdan sonra sağ tərəfdə ikinci otağın giriş qapısında olan açar müdaxilə nəticəsində sındırılıb. Otaqda yerdə qan izlərinə rast gəlinir. Daha sonra solda qonaq otağı və ondan solda mətbəx yerləşir. Həmin otaqda və mətbəxdə iş üçün əhəmiyyət kəsb edən başqa hallara rast gəlinmədi. İş materiallarında olan 23 fevral 2022-ci il tarixli “könüllü təqdim etmə və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Şahid1 tərəfindən təqdim olunmuş mobil telefon və köynəyə baxış keçirən zaman aşağıdakılar müəyyən edilmişdir: Parçalanaraq hissələrə bölünmüş vəziyyətdə olan, işlək vəziyyətdə olmayan, arxa tərəfindən “Samsung” həkk edilmiş yazısı olan qara rəngli mobil telefon; ön tərəfindən “H HİLFİGER” yazılı, yaxasında ölçüsü kimi “M” hərfi yazılmış, kürək hissəsində cırılmaya xarakterik uzununa zədə izi olan qara rəngli köynək. Baxışda iştirak edən Şahid1 mobil telefonunun “Samsung A31” markalı 128GB yaddaşlı olduğunu bildirdi. Təqdim olunan mobil telefon və köynək müvafiq qaydada qablaşdırılaraq Qusar rayon prokurorluğunun “zərflər üçün” möhürü ilə möhürlənib götürüldü. İş materiallarında olan ibtidai istintaq orqanının 23 fevral 2022-ci il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs bədənindən tədqiqatda istifadə olunması məqsədi ilə 10 milliqram qan nümunəsinin götürülməsi qərara alınmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 07 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün yerdəyişməyən sınığı, sağ qaşın iç tərəfinin əzilmiş yarası, hər iki göz orbiti ətrafının, sol bazunun aşağı 1/3-nin iç səthinin, döş qəfəsin ön səthinin orta körpücük xətti üzrə X-Xİİ qabırğa üstü nahiyəsinin qançırları, üst dodağın selikli qişasının orta hissəsinin qansızması küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruq və təpik zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 07 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözaltı nahiyəsinin, sol gözaltı nahiyəsinin, sol bazunun aşağı 1/3-nin iç səthinin qançırları; sol qaşın iç küncünün çapığı küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 128/2022-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya maddi sübut kimi təqdim edilmiş Zərərçəkmiş şəxs narıncı rəngli sviteri üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda 0 alfa beta (1) qrupunu əsas xarakterizə edən H antigeni və alfa, beta aqqlyutininləri alınmışdır. Beləliklə, bu qan 0 alfa beta (1) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 26A saylı rəyindən görünür ki, Şahid1 bədən səthində xəsarət aşkar edilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1406 saylı rəyindən görünür ki, təqdim edilən 01 ədəd “Samsung” markalı, “SM-A315F” (Galaxy A31) model mobil telefon zədələnməmişdən əvvəl normal vəziyyətdə satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 280,00 manat, hazırda istifadəyə yararsız vəziyyətdə olduğundan qiymətsiz müəyyən edilir. Təqdim edilən 01 ədəd üzərində “H Hilfiger” yazıları olan, M ölçülü, qara rəngli, uzunqol köynək zədələnməmişdən əvvəl normal vəziyyətdə 25,0 manat, hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olduğundan qiymətsiz müəyyən edilir. 01 ədəd hündürlüyü 2.05 m, eni isə 90 sm, ağ rəngli, taxta materialından olan qapının zədələnməmişdən əvvəl orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 120,0 manat müəyyən edilir. 01 ədəd qapı çərçivəsi, 01 ədəd qapı kilidinin oturacaq hissəsinin sındırılması nəticəsində dəymiş ziyan “Qusar rayon İstehsal-İstehlak Kooperativi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli əlavə məlumata əsasən 25,0 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/1406 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan “Qusar rayon İstehsal-İstehlak Kooperativi” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 86 sm eni, 2 metr 80 sm hündürlüyündə olan taxta qapının təmiri mümkün deyil, həmin ölçülərdə və materialda olan yeni qapının bazar qiyməti isə 200 (iki yüz) manat civarındadır. Həmçinin, evin daxilində olan qapıdakı qıfılın sındırılması və çərçivənin yerindən çıxması nəticəsində dəymiş maddi ziyan 25,0 (iyirmi beş) manat müəyyən edilir. İş materiallarında olan ibtidai istintaq orqanının 31 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 157.2-ci maddəsinin, yəni zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma cinayətinin tərkib əlamətləri təsdiq edilmədiyindən Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 186-cı maddəsinin, yəni əmlakı qəsdən məhv etmə və ya zədələmə və CM-nin 187-ci maddəsinin, yəni əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə cinayətlərinin tərkib əlamətləri təsdiq edilmədiyindən Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. Baş vermiş hadisə vaxtı Şahid1 məxsus olmuş mobil telefon və köynəyin Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan məhv edilmədiyi, zədələnmədiyi, eləcə də məbləğlərinin xeyli miqdardan (beş min manatdan yuxarı) az olması, bununla bağlı Şahid1 dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsi müəyyən edildiyindən, həmin xüsusatlar üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs və Şahid2 barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. Şahid2 Zərərçəkmiş şəxs və Şahid1 qarşı zor tətbiq etməsi, xəsarət yetirməsi, onlara ziyan vurması, Təqsirləndirilən şəxs törətdiyi qəsdən sağlamlığa yüngül zərər vurma və mənzil toxunulmazlığını pozma cinayətlərində iştirak etməsi faktları öz təsdiqini tapmadığından, həmin xüsusatlar üzrə cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən Şahid2 barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs və Şahid2 əməlində Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsinin, yəni xuliqanlıq cinayətinin tərkib əlamətləri təsdiq edilmədiyindən onların barələrində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs və Şahid2 əməllərində Azərbaycan Respublikasının CM-nin 29, 120.1-ci maddəsinin, yəni qəsdən adam öldürməyə cəhd cinayətinin tərkib əlamətləri təsdiq edilmədiyindən həmin xüsusat üzrə onların barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs öz ifadəsində hadisə vaxtı Şahid1 üstünə hücum çəkib onun çənə və sinə nahiyələrinə yumruq zərbələri ilə vurduğunu bildirsə də, istintaq zamanı Şahid1 həmin vaxt özünü müdafiə etmək üçün əlini üzünə tutaraq ona mane olması, bədən səthində heç bir xəsarətin aşkar edilmədiyi müəyyən edildiyindən, həmin xüsusatlar üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Qusar RPŞnin TB-nin təhqiqatçısı X7 və TB-nin rəisi X10 tərəfindən vəzifə səlahiyyətlərindən suiistifadə, vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, vəzifə saxtakarlığı cinayətlərinin törədilməsi faktları öz təsdiqini tapmadığından, həmin xüsusatlar üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs öz ifadəsində keçmiş əri Təqsirləndirilən şəxs və onun qardaşı Şahid2 tərəfindən nalayiq söyüşlərlə təhqir edildiyini bildirsə də, həmin hallar üzrə cinayət faktı təsdiq edilmədiyindən, həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmiş və Zərərçəkmiş şəxs narazı qalacağı halda xüsusi ittiham qaydasında təhqirlə bağlı müvafiq qaydada məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir. Baxış keçirilərkən götürülmüş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində qanabənzər ləkələr olan narıncı rəngli sviter, Şahid1 tərəfindən könüllü təqdim edilərək götürülmüş hadisə zamanı onun əynində olmuş ön tərəfində “H HİLFİGER” yazılı, yaxasında ölçüsü kimi “M” hərfi yazılmış, kürək hissəsində cırılmaya xarakterik uzununa zədə izi olan qara rəngli köynək və parçalanaraq hissələrə bölünmüş vəziyyətdə olan, işlək vəziyyətdə olmayan, arxa tərəfində “SAMSUNG” həkk edilmiş yazısı olan qara rəngli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Qusar rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Həmin qərardan maraqlı şəxslər tərəfindən şikayət verilməmiş və hazırda qüvvədədir. İş materiallarında olan ibtidai istintaq orqanının 01 aprel 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin “Qusar rayon Mərkəzi Xəstəxanası” X23 xx.xx.2022-ci il tarixli, 044/01-22 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Qusar RMX” PHŞ-nin Poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X23 1 saylı Quba Xaçmaz regional filialının Qusar rayon Qəbul Şöbəsinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şöbədən heç bir növ pensiya, sosial müavinət, təqaüd almır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin həmin hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilərək Təqsirləndirilən şəxs CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Qusar RİHB-nin Düztahir kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli məktubuna əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1956-cı il təvəllüdlü Şahid5 (anası) ibarətdir. Təqsirləndirilən şəxs 1990-ci ildə Düztahir kənd orta məktəbinin hazırlıq sinifinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmiş, məktəbi bitirdikdən sonra Düztahir kəndində ata-anasına təsərrüfat işlərində köməklik göstərmişdir. O, 2002-ci ilin oktyabr ayından 2004-cü ilin aprel ayına kimi Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra hal-hazıra kimi anası ilə birgə Qusar rayonu Düztahir kəndində fərdi təsərrüfatla məşğul olur. Ailəli olub boşanmışdır, iki uşağı vardır. Uşaqları anası ilə birgə Qusar şəhərində yaşayır. Təqsirləndirilən şəxs qonşuları, yaşıdları, kənd sakinləri arasında hörmət qazana bilmişdir. O, ictimai işlərdə də fəallıq göstərmiş, kənddə təşkil olunan mərasimlərdə, iməcliklərdə, tədbirlərdə fəal iştirak etmişdir. Təqsirləndirilən şəxs Düztahir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən tapşırıq və tövsiyyələrə vaxtında əməl edir, ona qarşı heç bir irad və tənbeh edilməmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(029)- 107/2019 saylı qətnaməsinin surətindən görünür ki, X2 Fərhad Aydəmir oğluna qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, iddia qismən təmin edilərək onların aralarında Qusar RİHB-nin Düztahir kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2007-ci il tarixli, 02 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş uşaqları, 02 noyabr 2007-ci il təvəllüdlü X6 və 05 iyul 2012-ci il təvəllüdlü X11 Ərzi Canlatovanın himayəsində saxlanılmaları, Təqsirləndirilən şəxs Ərzi Canlatovanın xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 manat, cəmi isə 200 manat miqdarında aliment tutulması qərara alınmışdır. İş materiallarında olan AZ-İİ 010438 və AZ-İİ 995307 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2007-ci il təvəllüdlü Aygül və 05 iyul 2012-ci il təvəllüdlü Amid adlı iki uşaqları vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilə daxil olması, həmin şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması və bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 157.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 128 və 157.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 66.2-ci maddəsinə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən islah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, zərər çəkmiş şəxslə heç bir barışıq əldə etməməsini, ona dəymiş ziyanı aradan qaldırmamasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və yetkinlik yaşına çatmayan uşaqlarının həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının, CM-nin 157.1-ci maddəsi ilə islah işləri cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 49.3-cü maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırıması cəzasının bir gününə bərabər tutulub hesablanmaqla CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Düztahir kəndindəki evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz, 2 yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmasından-yəni onlara görə aliment verilməsindən müəyyən müddət kənarlaşa bilər ki, bu da uşaqların manafeyinin pozulmasına səbəb ola bilər. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində qanabənzər ləkələr olan narıncı rəngli sviter sahibi Zərərçəkmiş şəxs; Şahid1 tərəfindən könüllü təqdim edilərək götürülmüş hadisə zamanı onun əynində olmuş ön tərəfində “H HİLFİGER” yazılı, yaxasında ölçüsü kimi “M” hərfi yazılmış, kürək hissəsində cırılmaya xarakterik uzununa zədə izi olan qara rəngli köynək və parçalanaraq hissələrə bölünmüş vəziyyətdə olan, işlək vəziyyətdə olmayan, arxa tərəfində “SAMSUNG” həkk edilmiş yazısı olan qara rəngli mobil telefon sahibi Şahid1 qaytarılmalıdır. İş üzrə 145 manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı ümumi qaydada iddia ərisəsi ilə məhkəməyə müraciət etmək hüququ zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 128ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 157.1-ci maddəsi ilə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 49.3-cü maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırıması cəzasının bir gününə bərabər tutulub hesablanmaqla 01 (bir) il islah işləri cəzası 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hesab edilərək, CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Düztahir kəndindəki evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qediyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində qanabənzər ləkələr olan narıncı rəngli sviter sahibi Zərərçəkmiş şəxs; Şahid1 tərəfindən könüllü təqdim edilərək götürülmüş hadisə zamanı onun əynində olmuş ön tərəfində “H HİLFİGER” yazılı, yaxasında ölçüsü kimi “M” hərfi yazılmış, kürək hissəsində cırılmaya xarakterik uzununa zədə izi olan qara rəngli köynək və parçalanaraq hissələrə bölünmüş vəziyyətdə olan, işlək vəziyyətdə olmayan, arxa tərəfində “SAMSUNG” həkk edilmiş yazısı olan qara rəngli mobil telefon sahibi Şahid1 qaytarılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə 145 manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı ümumi qaydada iddia ərisəsi ilə məhkəməyə müraciət etmək hüququ zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-37/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-37/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver