Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-37/2023 12.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Qusar rayonu X6 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə 02 yanvar 2023-cü il tarixdə, saat 23:20-də Qusar şəhəri, H.Əliyev prospekti 181 ünvanında yerləşən Bakı şəhər sakini X1 məxsus “LUXOİL” yanacaq doldurma məntəqəsinin operator otağına daxil olaraq həmin məntəqədə operator işləyən Qusar rayonu Xurel kənd sakini Zərərçəkmiş şəxs2 gözü qarşısında masanın üzərindəki kassa aparatını açıb, orada olan 5(beş) manatlıq əskinazlarla cəmi 200(iki yüz) manat məbləğində pul vəsaitini götürərək açıq talamaqla soyğunçuluğa cəhd etmiş, lakin həmin vaxt içəri daxil olmuş tanışı Şahid5 həmin pul vəsitini onun əlindən alaraq yenidən kassaya qoymaqla cinayətkar hərəkətlərini davam etdirməsinin qarşısını almışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14-16 radələrində Qusar şəhərində yerləşən “Ay işığı” restoranına gedib orada dostları Teyfur və Elnurla birlikdə yemək yeyib spirtli içki qəbul etmiş, restorandan çıxanda digər dostu Məmməd idarə etdiyi “MERCEDES BENZ 600” markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobillə gəlib onları götürmüş, Məmməddən onu Bakı şəhərinə aparmasını xahiş etmiş, lakin sonuncu yanacağı olmadığını bildirmişdir. O, Məmmədə avtomobili Qusar şəhəri, H.Əliyev prospektində yerləşən “Luxoil” yanacaq doldurma məntəqəsinə sürməsini bildirmiş, çünki əvvəl orada işləmiş, hazırda da həmkəndlisi İftixar da orada administrator işləmişdir. Onlar birlikdə Məmmədin idarə etdiyi avtomobillə həmin yanacaq doldurma məntəqəsinə daxil olmuş, Elnura operator Nazimə avtomobilin çənini tam doldurmasını tapşırmasını bildirmiş, sonra isə operator otağına daxil olmuş, bu zaman orada sonradan adının Rasim olduğunu bildiyi operator da olmuşdur. Orada masanın üzərində olan kassanı açıb içərisindəki 5 manatlıq əskinazlarla olan cəmi 200 manat civarında pulları götürmüş və cibinə qoymaq istəmiş, lakin bu zaman Elnur həmin otağa daxil olmuş, əlindən pulları alıb kassaya yerinə qoymuşdur. Kassadan pulları götürdüyü zaman Rasim ona mane olmağa çalışmış, lakin o, Rasimi itələmiş, daha sonra Elnuru da itələmiş, masanın altında olan taxta dəyənəyi əlinə alıb, birlikdə otaqdan çölə çıxmışlar. Bundan sonra o, yenidən həmin otağa daxil olmuş və Rasimi vuracağı ilə hədələmiş, sonuncudan kassanın açarını tələb etmiş, Rasim kassanın açarını verməkdən imtina etdikdə isə üzərindəki pulları tələb etmiş, Rasim nə pulları, nə də ki, açarı ona verməmişdir. Həmin vaxt ora gəlmiş həmkəndlisi İftixardan avtomobilə vurulmuş yanacağın pulunu vermək üçün borca pul istəmiş, amma bu barədə İftixara bildirməmiş, bundan sonra həmin yerə polis əməkdaşları gəlib onu Qusar RPŞ-nə gətirmişlər. Hadisə vaxtı sərxoş olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərşəkmiş şəxs və şahidlərin, eləcədə elan olunmuş şahid ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək göstərmişdir ki, Qusar şəhəri H.Əliyev prospektində yerləşən “Luxoil” YDM-də operator işləmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23:20 radələrində növbə yoldaşı operator Nazimlə birgə operator otağında əyləşən zaman yanacaq doldurma məntəqəsinə qara rəngli “Mercedes” markalı maşın gəlmiş və Nazim otaqdan çölə çıxıb maşının çəninə benzin vurmağa başlamışdır. Bu zaman həmin “Mersedec” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşən əvvəllər həmin yanacaq doldurma məntəqəsində işləmiş Ravil icazəsiz operator otağına daxil olmuş, üzərində açarı olan kassanı açıb kassadan pulları götürmək istədikdə Ravilin əllərindən tutub mane olmaq istəsə də, Ravil sinəsindən əlləri ilə itələyərək onu kassadan uzaqlaşdırmışdır. Sonra Ravil kassanın içərisində olan 200 manat məbləğində beş manatlıq pulları ovuclayaraq götürüb pulları cibinə qoymaq istədikdə Ravillə birlikdə YDMnə gəlmiş sonradan adının Elnur olduğunu bildiyi şəxs pulları Ravilin əlindən almış və kassaya yerinə qoymuşdur. Həmin vaxt Ravilə mane olmaq istəyən Elnuru da, Ravil itələyərək özündən uzaqlaşdırmaq istəmişdir. Sonra həmin şəxs Ravili otaqdan çölə çıxartmış, o, da pulları yerinə düzüb kassanı bağlamış və açarı özü ilə götürmüşdür. Bundan sonra Ravil yenə otağa daxil olaraq taxta dəyənəyi əlinə alıb ondan pul və kassanın açarını tələb etmiş, dəyənəyi ona göstərərək əks təqdirdə onu dəyənəklə vuracağı ilə hədələmişdir. Bu radələrdə YDM-nin administratoru İftixar operator otağına gəlmiş, hətta Ravil administrator İftixardan da, borca pul tələb etmiş və vermədikdə dəyənəyi divara çırpmışdır. Həmin vaxt Ravil dəfələrlə onu dəyənəklə vuracağı ilə hədələsə də, onu vurmağa cəhd etsə də, söyləsə də, o, daha Ravilə pul və ya kassanın açarını verməmişdir. Ravil kassanın açarını ala bilmədikdə ondan üzərində olan pulları özünə verməyi tələb etmiş, amma o, bundan imtina edib Ravilə pulları verməmişdir. Həmin vaxt onun üzərində YDM-nə məxsus 300 manata yaxın pul olmuşdur. Bundan sonra növbə yoldaşı Nazim məcbur qalıb DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan başqa Ravilin gəldiyi “Mersedec” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxs benzini avtomobilin çəninə vurub pulu vermədən oradan uzaqlaşmışdır. Həmin vaxt avtomobildə olanlar pulun Ravil tərəfindən ödəniləcəyini demişlər. Nazim 102 xidmətinə məlumat verdikdən sonra həmin Mercedes markalı maşın və maşında olanlar oradan uzaqlaşıb getmişlər. Ravil isə orada qalmış, bu zaman yoldan polis əməkdaşlarının keçdiyini görən Nazim onları köməyə çağırmış, həmin polis əməkdaşları Ravili saxlayaraq maşına əyləşdirmiş və polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qusar şəhəri H.Əliyev prospektində yerləşən “Luxoil” YDM-də operator işləmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində növbədə olduğu zaman “Mersedec Benz” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil yanacaq doldurma məntəqəsinə daxil olmuş, avtomobilə sifariş götürmək üçün yaxınlaşmış, avtomobildə olan şəxslərdən saqqalı biri sonradan adının Elnur olduğunu bildiyi şəxs ona benzin çənini tam benzinlə doldurmağı tapşırmış, o, da həmin avtomobilin benzin çənini tam doldurmağa başlamış, həmin vaxt avtomobildə üç nəfər şəxsin olduğunu görmüşdür. Avtomobil məntəqəyə daxil olduqdan sonra avtomobildən üzdən tanıdığı Ravil adlı şəxs düşmüş operatorun otağına daxil olmuş, o, operatorun otağından səs-küy gəldiyini görüb otağa keçmiş, otağa daxil olanda Ravil, Rasim adlı operatordan kassanın açarını tələb etdiyini və kassadan pul götürmək istədiyini görmüşdür. Ravil otaqda olan taxta dəyənəyi əlinə alıb onlara hədə-qorxu gələrək, kassanın açarını özünə verməyi tələb etmişdir. Amma Rasim və o, Ravilə açar verməmiş, həmin radələrdə məntəqəyə YDM-nin administratoru İftixar gəlmiş, Ravili sakitləşdirməyə başlamış, həmin radələrdə o, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Avtomobildə olan Elnurdan benzinin pulunu istədikdə sonuncu benzinin pulunu Ravilin verəcəyini demiş və o, DİN-nin 102 xidmətinə zəng edən zaman avtomobili sürüb çıxıb getmişlər. Bu zaman o, yoldan PPX-nin əməkdaşlarının keçdiyini görmüş, işarə edərək köməyə çağırmış, bundan sonra həmin polis əməkdaşları Ravili saxlayaraq maşına əyləşdirmiş və Polis Şöbəsinə aparmışlar. Ravil bir neçə ay əvvəl həmin yanacaq doldurma məntəqəsində işləmiş və dəyənəyin yerini bilmiş, buna görə də, operator otağına daxil olan kimi dəyənəyi əlinə alıb və hədə-qorxu gəlməyə başlamışdır. Amma onlar kassanın açarını və pulları Ravilə verməmiş, Ravil ödəməli olduğu 98 manat benzin pulunu ödəməmiş, lakin sonradan həmin pulu ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Cavanşir oğlu ifadəsində göstərmişdir ki, Ravili uşaq vaxtlarından tanımış, onunla dostluq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ravillə görüşmək üçün yaşadığı ünvana getmiş, bu zaman Ravillə görüşmüş, Ravil Qusar şəhərinin girişində yerləşən ”Ay İşığı” restoranında yeyib-içməyi təklif etmiş, o, da razılaşaraq birlikdə yol maşını ilə həmin restorana getmişlər. Onlar birlikdə yeyib-içən zaman o, digər tanışları Elnura zəng edib ora dəvət etmiş, Elnur da gəlib onlarla yeyib-içmişdir. Bundan sonra Məmməd adlı şəxs də ora gəlmiş, Ravil Məmmədə özünü Bakı şəhərinə aparmasını xahiş etmiş, Məmməd isə avtomobildə yanacağın olmadığını bildirmiş, Ravil avtomobili Qusar şəhəri H.Əliyev prospektində yerləşən “LUXOİL” YDM-nə sürməyi təklif etmiş, onlar evə getmək istəmiş, lakin Məmməd yanacaq doldurandan sonra onu və Elnuru düşürəcəyini demişdir. Onlar birlikdə Məmmədin idarə etdiyi “Mersedec” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin məntəqəyə getmiş, orada Ravil Elnura operatora yanacaq çənini tam doldurmasını bildirməsini demişdir. Bundan sonra Ravil orada işləyən həmkəndlisi İftixarla görüşüb qayıdacağını deyib avtomobildən düşmüş, o, da avtomobildən düşüb telefonla danışmış, həmin vaxt Elnur da maşından düşüb operator otağına daxil olduğunu görmüş və səs-küy eşitmişdir. Ora yaxınlaşmış, bu zaman Ravil və Elnur otaqdan çıxmış, Ravil İftixarla söhbət etmiş, o, Ravili çağırsa da sonuncu avtomobilə əyləşməmiş, ona görə də oradan çıxıb getmişlər. X5 operator otağındakı kassanı açıb oradan pulları götürdüyünü, lakin özü mane olub və pulları yerinə qoyduğunu, daha sonra Ravilin yenidən operatordan pul tələb etdiyini, lakin pul vermədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Teyfur telefonla ona zəng edərək, Qusar şəhərinin girişində yerləşən “Ay İşığı” restoranına dəvət etmiş, ora getmiş, Teyfur və Ravillə birlikdə yeyib-içən zaman digər tanışları Məmməd adlı şəxs də ora gəlmiş, Ravil Məmmədə özünü Bakı şəhərinə aparmasını xahiş etmiş, Məmməd isə avtomobildə yanacağı olmadığını bildirmiş, Ravil avtomobili Qusar şəhəri H.Əliyev prospektində yerləşən “LUXOİL” YDM-nə sürməyi təklif etmiş, onlar evə getmək istəmiş, lakin Məmməd yanacaq doldurandan sonra Teyfuru və onu düşürəcəyini demişdir. Onlar birlikdə Məmmədin idarə etdiyi “Mersedec” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin məntəqəyə getmiş, orada Ravil ona operatora yanacaq çənini tam doldurmasını bildirməsini demişdir. Bundan sonra Ravil orada işləyən həmkəndlisi İftixarla görüşüb qayıdacağını deyib avtomobildən düşmüş, o, da avtomobildən düşüb telefonla danışmış, həmin vaxt o, da maşından düşüb operator otağına daxil olduğunu görmüş və səs-küy eşitmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, 2016-cı ildən “Luxoil” YDM-də nəzarətçi işləmiş, müəyyən vaxtlarda YDM-nə gələrək nəzarət etmiş, daimi olaraq orada olmamışdır. 02 yanvar 2023-cü il tarixdə, saat 23:20 radələrində “Luxoil” YDM- nə işə nəzarət etmək üçün gəlmiş, bu zaman həmkəndlisi, həm də əvvəllər həmin məntəqədə operator işləmiş Ravilin orada dayandığını görmüş, yaxınlaşanda sonuncu ondan borc pul istəmiş, pulunun olmadığını demiş, bundan sonra Ravil operator otağına girmiş, yenə ondan pul istəmiş, həmin vaxt Ravilin əlində dəyənək olmuş, bir dəfə həmin dəyənəklə divara vurmuşdur. O, dəyənəyi Ravilin əlindən alıb kənara atmış, həmin radələrdə Nazim polis əməkdaşlarını YDM-na çağırmış, onlar gəlib Ravili və onu polis şöbəsinə aparmışlar. O, YDM-na gələn zaman “Mersedec” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə benzin vurulmuş, həmin vaxt maşının içində kimlərin olduğunu görə bilməmiş, bir nəfər özü maşından düşüb Ravili sakitləşdirmək istəmiş, həmin şəxsi görmüşdür. Həmin şəxs saqqalı, 30-35 yaşlarında cavan oğlan olmuşdur. Sonradan polis Şöbəsində ona Ravilin məntəqənin operator otağındakı kassanı açaraq oradan 200 manat 5 manatlıq əskinazlarım götürməsi, Ravillə birlikdə gəlmiş şəxsin Ravildən pulları götürüb həmin pulları kassaya qoyması məlum olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, Qusar rayonu X6 kənd sakini Ravili, Qusar şəhər sakinləri Elnur və Teyfuru çoxdan tanımış, onlarla normal münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində idarə etdiyi “MERCEDES BENZ” markalı, **-DU-*** nömrə nişanlı avtomobillə “Ay İşığı” restoranına müştəri aparmış, belə ki, hərdən taksi fəaliyyəti ilə də məşğul olmuşdur. “Ay İşığı” restoranında qonşusu Elnurla rastlaşmış, Elnur onu özləri ilə oturmağa dəvət etmiş, o, da Elnur, Ravil və Teyfur əyləşdiyi masaya yaxınlaşmış, bundan sonra Ravil ona özünü Bakı şəhərinə aparmasını xahiş etmiş, o, da yanacağı olmadığını bildirmiş, Ravil avtomobili Qusar şəhəri H.Əliyev prospektində yerləşən “LUXOİL” YDM-nə sürməyi təklif etmiş, Teyfur və Elnur evə getmək istəmiş, lakin o, yanacaq doldurandan sonra onları düşürəcəyini demişdir. Onlar birlikdə avtomobillə həmin məntəqəyə getmiş, orada Ravil Elnura operatora yanacaq çənini tam doldurmasını deməsini bildirmişdir. Bundan sonra Ravil orada işləyən həmkəndlisi İftixarla görüşüb qayıdacağını deyib avtomobildən düşmüş, Teyfur da avtomobildən düşüb telefonla danışmış, həmin vaxt Elnur da avtomobildən düşüb operator otağına daxil olmuş və səs-küy eşitmişdir. Avtomobilə yanacaq doldurulduğu üçün avtomobildən düşməmiş, bundan sonra Ravil və Elnur otaqdan çıxmış, Ravil İftixarla söhbət etmiş, Elnur və Teyfur Ravili çağırsalar da sonuncu avtomobilə əyləşməmiş, ona görə də oradan çıxıb getmişlər. Sonradan Elnur onlara Ravilin operator otağındakı kassanı açıb oradan pulları götürdüyünü, lakin özü mane olaraq pulları yerinə qoyduğunu, daha sonra Ravil yenidən operatordan pul tələb etdiyini, lakin pul vermədiklərini bildirmişdir. Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur, təqsirləndirilən şəxslə barışmışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 05 yanvar 2023-cü il tarixli, 03 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilib araşdırılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:37-də Şahid2 Əzizulla oğlu ***- ***-**-** saylı nömrədən DİN-nin 102 xidmətinə zəng edərək Qusar rayonu Luxoil YDM-də oğurluq etmək istəyən bir nəfər şəxsi saxlaması barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilib araşdırılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23:45 radələrində PPXB-nin polis nəfəri, polis kiçik serjantları Əmrah Əmrahov və Vadim Şahnamazov ilə birlikdə H.Əliyev prospektində xidmətdə olduqları zaman “Luksoil” yanacaq doldurma məntəqəsinin işçisi Nazim adlı şəxs onlara görüb çağırmışdır. Onlar ona yaxınlaşmış və problemin nə olduğunu soruşduqda o, iki nəfər şəxsin ona hədə-qorxu gələrək ondan pul istədiklərini onlara bildirmişdir. Onlar həmin şəxsləri Qusar RPŞ-yə gətirmiş növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər X6 kənd sakinləri xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1995-ci il təvəllüdlü Şahid1dur. Həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün aidiyyətı üzrə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilib araşdırılmış baxış keçirilməsi barədə olan prokoldan görünür ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs2 **-DU-*** nömrəli avtomobilin YDM-nə gəlib benzin sifariş vermiş, həmin maşından Təqsirləndirilən şəxs düşüb operator otağına daxil olduğunu, üzərində açarları olan kassa aparatını açaraq orada olan beş manatlıq pulların bir hissəsini ovuclayaraq götürdüyünü həmin vaxt ona mane olmaq istəsə də, Təqsirləndirilən şəxs onu itələdiyini, yanında gəlmiş Elnur adlı şəxsin pulları Ravildən alıb kassaya qoyduğunu, bundan sonra özü kassanı açarla bağlayıb açarı götürmüş, bundan sonra Təqsirləndirilən şəxs otaqda olan dəyənəyi götürmüş onu vuracağı ilə hədələdiyini, ondan kassanın açarlarını, üzərindəki pulları tələb etdiyini, dəyənəklə divarı vurub zədələdiyini bildirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 işarə edərək Təqsirləndirilən şəxs pulları götürdüyü kassanı, dəyənəklə divarı vurub zədələdiyi yeri göstərmişdir. Sonra Zərərçəkmiş şəxs2 hadisə vaxtı Təqsirləndirilən şəxs əlində olmuş taxta dəyənəyi baxış zamanı təqdim etmişdir. Həmin dəyənək əhəmiyyət kəsb etdiyi üçün götürmüşdür. Baxış keçirilən YDM-si bir neçə otaqdan ibarət olmuşdur. Otaqlardan mərkəzdə olan operator otağıdır. Bu otaqda kassa aparatı saxlanılır, işçilər burada istirahət edirlər. Kassa aparatı operator otağına daxil olduqdan sonra solda şkafın üzərində yerləşir. Kassa aparatını açdıqdan aparatın içərisində 100, 50, 20, 10, 5, 1 manatlıq pul əskinasları, qəpik pulları müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs2 şkafın alt hissəsini işarə edərək Təqsirləndirilən şəxs dəyənəyi həmin yerdən götürdüyünü demişdir. Baxışda iştirak edən Şahid2 isə **-DU-*** nömrəli maşının dayandığı yeri, Təqsirləndirilən şəxs daxil olduğu otağı işarə edərək göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilib araşdırılmış Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrində Təqsirləndirilən şəxs Luxoil YDM-nin operator otağına icazəsiz daxil olaraq kassadakı pulları götürmüş daha sonra isə dəyənəklə onu vuracağı ilə hədələyərək ondan pul və kassanın açarını tələb etmişdir. Ondan başqa Ravilin gəldiyi “Mersedec” markalı **- DU-*** nömrəli avtomobilin sürücüsü də 98 manat dəyərində benzin vuraraq pulunu ödəmədən çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilib araşdırılmış şübhəli və ya təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanması təklif edilmişdir. Təqsirləndirilən şəxs təklif ilə razılaşmış və avtomobillə Qusar şəhəri H.Əliyev prospektində yerləşən “Luxoil” YDM-nə getmişdir. Təqsirləndirilən şəxs YDM-də operator otağını təqdim etmiş, həmin otağa daxil olduğunu kassanı açaraq 5 manatlıq əskinaslarla 200 manat məbləğində pul vəsaitini götürərək cibinə qoymaq istədiyini, lakin tanışı Elnur onun mane olaraq pulları qaytarıb kassaya qoyduğunu bildirmişdir. Daha sonra masanın altındakı yerdə olan taxta dəyənəyi orada operator işləyən Rasimə hədə qorxu gələrək kassa açarlarını və üzərində olan pulları tələb etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanması əyani olaraq göstərmiş, foto şəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı təqdid edilərək araşdırılmış və DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsinin operator otağına daxil olaraq masanın üzərindəki kassa aparatını açıb, orada olan 5(beş) manatlıq əskinazlarla cəmi 200(iki yüz) manat məbləğində pul vəsaitini götürərək açıq talamaqla soyğunçuluğa cəhd etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Mərkəzi Xəstaxanası publik hüquqi şəxsin poliklinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək sonuncu barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 6 il keçmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs bilavasitə təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxs hüquqi şəxslə barışıq əldə etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxs hüququ şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyəti müsbət səciyyələndiriən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 29,180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 yanvar 2023-cü il tarixdə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi mövcud olduğundan görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 01 ədəd taxta dəyənək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin video görüntüsü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 01 ədəd taxta dəyənək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin video görüntüsü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-37/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-37/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver