Məhkəmə qərarları › İş №1(029)-37/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-37/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-37/2025 18.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Qusar rayonu Balaqusar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu, Balaqusar kəndində qeydiyyatda olan, həmin ünvanda yaşamış, barəsində “ ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə 21 noyabr 2024-cü il tarixdə, saat 01 radələrində Qusar rayonu X3 kənd sakini azyaşlı Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsi ilə zəng edərək, onunla işi olması bəhanəsi ilə görüşə dəvət etmiş, daha sonra rayonun X1 kəndində küçədə onunla görüşmüş, həmin vaxt onu qorxudaraq üzərində olan pul və əşyaları təqdim etməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 üzərində olan 40 manat pulu, eləcə də həmin vaxt üzərində olan doğma atası Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı mobil telefonda quraşdırılmış “Birbank” tətbiqinə daxil olaraq 61,30 manat məbləğinda pul vəsaitini Zərərçəkmiş şəxs1 gözü qarşısında istintaqa məlum olmayan “M 10” hesabına köçürməklə açıq talayaraq zərər çəkmiş şəxslərə cəmi 101.30 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Qusar rayonu Balaqusar kəndinin girişində yerləşən “Karvan” restoranının girişində həmkəndlisi Namiqi görmüş, sonuncu ona qonşu X3 kənd sakini Nail adlı şəxsdən telefon almaq istədiyini bildirmiş, Namiqdən Nailin telefon nömrəsini götürmüş, özü də həmin telefona baxmaq istədiyini demişdir. Bundan sonra Nailə zəng etmiş və görüşmək istədiyini demiş, lakin Nail artıq gec olduğunu və səhər görüşə biləcəyini demişdir. Bundan sonra yenə Nailə zəng etmiş və xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Naillə X3 kəndinin girişindən bir az qarşıda qaz torbasının yanında görüşmüş, Nailə satdığı telefona baxmaq istədiyini demiş, bu zaman ətrafda heç kim olmadığını görüb, Nailə üzərində olan əşyaları çıxarmasını bildirmiş, sonuncu əvvəlcə əşyaları çıxarmaq istəməmiş, lakin əşyaları çıxarmasa “Sənin başına oyun açağam” demiş, Nail də cibində olan 40 manat pulu, 01 ədəd “İphone 7 plus” və 01 ədəd “Samsung” markalı mobil telefonları çıxarmış, bu zaman 40 manat pul yerə düşmüş, 40 manat pulu yerdən götürmüş, sonra telefonları da Naildən almış, bundan sonra Naildən kartında pul olub-olmadığını soruşmuş, o kartında pul olmadığını demiş, daha sonra Nailin üstünə qışqırmış, bu zaman Nail atasına məxsus “Samsung” markalı telefonda kart olduğunu demişdir. Həmin telefonda olan “Birbank” tətbiqinə daxil olmuş, kartın kodunu Nail demiş, kartda olan 63 manat pulu “Azpulmat”a məxsus mobil nömrəyə öz borcunu ödəmiş və mobil telefonları Nailə geri qaytarmışdır. Bu zaman aralarında mübahisə yaranmış, Nailin yaxasından tutmuş, həmin vaxt Nail də təpiklə onu vurmaq istədiyi zaman cibində olan meyvə doğramaq üçün gəzdirdiyi balaca açılıb-bağlanan bıçaqla Nailin sağ ayağının baldır nahiyəsinə xəsarət yetirmiş, bundan dərhal sonra oradan qaçıb əlindəki bıçağı çaya tullamış, evə qayıtdığı zaman Naildən götürdüyü 40 manat pulu kəndin yaxınlığında yerləşən “Bigstore” marketdən özünə lazım olan siqaret, “Redbull” və mobil telefonuna kontur yükləmiş, oradan da evə qayıtmışdır. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nail istifadəsində olan “İphone 7 plus” markalı mobil telefonu tələbə yoldaşına satmalı olmuş, həmin tarixdə, saat 20 radələrində (077) ***-**-** saylı mobil nömrədən Nailə zəng gəlmiş və həmin şəxs özünü Namiqin tanışı kimi təqdim edərək telefona baxmaq üçün görüşmək istədiyini demiş, lakin Nail artıq gec olduğu üçün görüşmək istəmədiyini desə də, həmin şəxs dayanmadan zəng etdiyi üçün, artıq xx.xx.2024-cü il tarixdə kəndin girişində sonradan adının Renad olduğunu öyrəndiyi şəxslə görüşmüş və görüşdüyü zaman Renad Naildən üzərində olan əşyaları tələb etmiş, lakin Nail əvvəlcə vermək istəməmiş, bu zaman Renad “Üstündə nə varsa çıxar ver mənə, yoxsa başına oyun açaram” demiş, Nail də Renadın özündən yaşca çox böyük olduğundan və gecə vaxtı ətrafda da heç kimin olmadığı üçün qorxmuş, üzərində olan 40 manat pulu, özünə məxsus 01 ədəd “İphone 7 plus” və ona məxsus 01 ədəd “Samsung” markalı mobil telefonu vermişdir. Bundan sonra Renad 40 manat pulu götürmüş və Renaddan kartında pul olub-olmamasını soruşmuş, Nail də olmadığını bildirmiş, həmin vaxt Renad Nailin telefonuna baxmış və “Bu nə telefondu, Namiqə soxuşdurmaq istəyirsən” demiş, bundan sonra Renad ona məxsus telefonda olan “Birbank” mobil tətbiqinə daxil olmuş, lakin kodu Naildən öyrənmiş, Nail kodun “2008” olduğunu ona dedikdən sonra tətbiqə daxil olmuş, kartda olan 63 manat pulu “M 10” hesabına göndərmiş və telefonları Nailə qaytarmışdır. Nail Renadla mübahisə etməyə başlamış, bu zaman Renad Nailin yaxasından tutmuş və vurmaq istədiyi zaman Nail təpiklə onu vurmağa cəhd etdiyi anda Renad əlində olan bıçaqla Nailin sağ ayağının baldır hissəsini kəsmiş, Nail yerə yıxılmış, bu zaman Renad oradan qaçmışdır. Daha sonra Nail asta-asta evə qayıtmış və evin girişində yıxılmışdır. Bundan sonra Nailin səsinə oyanmış, ayağının qanadığı görüb, təcili tibbi yardıma zəng etmiş və təcili tibbi yardımın avtomobili ilə Naili Qusar rayon Mərkəzi Xəstəxanasına aparmış, xəstəxanada Nailə ilkin tibbi yardım göstərilmişdir. Hal-hazırda ona vurulmuş olan maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun eyniməzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar şəhər “Peşə Liseyi”nin İİİ kursunda təhsil alır, onunla eyni liseydə Qusar rayonu X3 kənd sakini Zərərçəkmiş şəxs1 da İİ kursda təhsil almışdır. xx.xx.2024-cü il tarixdə Nail istifadəsində olan “İphone 7 plus” markalı mobil telefonu 130 manata satmaq istədiyini liseydə olduqları vaxt ona demişdir. Bundan sonra həmin tarixdə təxminən saat 18 radələrində rayonun Balaqusar kəndinin girişində həmkəndlisi Renadı görmüş və Nailin mobil telefon satdığını demişdir. Həmin vaxt Nailin mobil nömrəsini də Renad ondan istədiyi üçün vermişdir. Lakin bundan sonra onların aralarında olan söhbətdən xəbəri olmamışdır. Bundan sonra Qusar rayon Polis Şöbəsinə dəvət olunmuş və bu zaman Renadın Nailə qarşı soyğunçuluq törətdiyini, pulunu və mobil telefonda olan kartdan atasına məxsus pulu başqa hesaba köçürdüyünü bilmişdir. Renadm belə bir hərəkət edəcəyindən əvvəlcədən məlumatı olmamış, nə də ki, həmin məqsədlə Nailin mobil nömrəsini verməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, Qusar rayonu X3 kənd sakini Zərərçəkmiş şəxs1 isə Qusar rayon Polis Şöbəsində tanımışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Qusar rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlmiş, Renadı apardıqları zaman Renadm X3 kənd sakini azyaşlı Nailə qarşı soyğunçuluq etdiyini, yəni üzərində olan pulunu və telefonundakı proqram vasitəsi ilə kartında olan pulunu ələ keçirdiyini bildirmiş, bu barədə Renaddan soruşduqda isə sonuncu həmin faktı təsdiqləmiş və borcları olduğu üçün belə bir iş gördüyünü demişdir. Bundan sonra polis əməkdaşları X2 aparmışlar. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu X3 kənd sakini Zərərçəkmiş şəxs1 böyük qardaşının oğludur. Nail ilə əmi-qardaş oğlu olsa da dost münasibətləri olmuş, aralarında az yaş fərqi olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində Nailgilin evindən səs-küy gəldiyini eşitmiş və paltarını geyinib ora getmiş, bu zaman Nailin sağ ayağından qan gəldiyini və qardaşı Mailin də təcili yardım çağırdığını görüb onlardan nə baş verdiyini soruşmuş, həmin vaxt Mail heç nə deməmiş, lakin Nail bir nəfər şəxsin özünü küçəyə telefon almaq adı ilə çağırdığını, üzərində olan 40 manat pulu və atasına məxsus telefondakı kartda olan təxminən 63 manat pulunu ələ keçirdiyini, daha sonra aralarında yaranan mübahisə zamanı bıçaqla ayağına xəsarət yetirdiyini bildirmişdir. Daha sonra ora təcili tibbi yardım avtomobili gəlmiş və Naili xəstəxanaya aparmışlar. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 Qusar rayon Şöbəsinin 21 noyabr 2024-cü il tarixli, 578 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət-baldırın aşağı 1/3-nin yan səthinin səthi kəsilmiş yarası kənarı iti əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdəəmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış ambulator məhkəməpsixiatrik ekspertizasının 10 yanvar 2025-ci il tarixli, 52 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 22 noyabr 2024-cü il tarixdə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, təqsirləndirilən şəxs hadisənin baş vermə səbəbini, mexanizmini, yerini və digər xüsusatları qeyd etmişdir İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 180.1-cimaddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Balaqusar kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 noyabr 2024-cü il tarixdən hökm elan olunan tarixə kimi həbsdə qaldığı 06 (altı) ay, 28 (iyirmi səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il, 01 (bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə və ev dustaqlığında qaldığı 06 (altı) ay, 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il, 01 (bir) ay, 26 (iyirmi altı) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il, 10 (on) ay, 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Balaqusar kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar