Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-38/2021 25.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 14.01.1992-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə saat 10-11 radələrində Qusar şəhərində yerləşən “Şəfəq” kafesinin dəhlizində, əmisi ilə mübahisə etdiyinə görə Zərərçəkmiş şəxs irad bildirərək onunla mübahisə edən zaman ona söz qaytarmasından əsəbləşərək sonuncunun xayalıq nahiyəsindən təpiklə vuraraq qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs çoxdan tanıyır, onunla münasibəti əvvəllər yaxşı olmuşdur. 19 fevral 2021-ci il tarixdə saat 10-11 radələrində Qusar şəhərində yerləşən “Şəfəq” kafesinə getmiş, orada Namik, İmran və Rüstəmi görmüş və onlara yaxınlaşaraq Rüstəmi kafenin dəhlizinə çıxartmışdır. Orada o, Zərərçəkmiş şəxs əmisi ilə niyə mübahisə etdiyini soruşmuş, Zərərçəkmiş şəxs özündən razı formada onunla danışdığından əsəbləşərək təpiklə onun xayalıq nahiyəsindən vurmuşdur. Bundan sonra oraya Namik və İmran da gəlmiş və o, oradan çıxıb getmişdir. Daha sonra Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmiş və o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin təhqiqat zamanı verdiyi ifadəsi, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti yaxşı olmuşdur. Fərruxun əmisi başqa şəxslə dalaşmış, həmin vaxt o, da orada olmuş və onların işi polisdə olmuşdur. 19 fevral 2021-ci il tarixdə saat 10-11 radələrində o, Qusar şəhərində yerləşən “Şəfəq” kafesinə getmiş, orada tanıdığı Namik və İmranın əyləşdiyi masaya əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onların əyləşdiyi masaya yaxınlaşmış və onunla işi olduğunu, çölə çıxmasını demişdir. O, Fərruxla kafenin dəhlizinə çıxmış, orada Fərrux ona öz əmisi ilə niyə dalaşdığını soruşmuş, o, əmisi ilə başqa şəxsin dalaşdığını demiş, lakin, Fərrux onu başa düşməyərək təpiklə onun xayalığından vurmuşdur. Onun səsinə Namik və İmran gəlmişlər, Fərruxun qolundan tutaraq kənara çəkmişlər və sonuncu oradan çıxıb getmişdir. Daha sonra o, polisə şikayət etmiş və Fərrux təhqiqata cəlb olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Ayadabəy oğlu ifadəsində göstərmişdir ki, 19 fevral 2021-ci il tarixdə saat 10 radələrində o, qardaşı İmranla birlikdə Qusar şəhərində yerləşən “Şəfəq” kafesində olarkən onların yanına tanışı Rüstəm gəlmiş və onların əyləşdiyi masada əyləşmişdir. Rüstəm çay içmək istəyən zaman oraya Fərrux adlı şəxs gələrək onların əyləşdiyi masaya yaxınlaşmış, Rüstəmin qolundan tutub onunla söhbəti olduğunu deyib kafedən çıxmış, Rüstəm də onun dalınca kafenin dəhlizinə çıxaraq onunla söhbət etməyə getmişdir. Təxminən üç dəqiqədən sonra dəhlizdən səs gəlmiş, o qardaşı İmranla dəhlizə çıxanda Rüstəmin yerdə uzanıb qarın hissəsini tutduğunu görmüş, Fərruxun qolundan tutub dala çəkmiş və sonuncu çıxıb getmişdir. Məlum olmuşdur ki, Fərrux təpiklə Rüstəmin xayalıq nahiyyəsinə vurmuşdur. Bundan sonra onlar Rüstəmi yerdən qaldırıb kafeyə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Ayadabəy oğlu Şahid2 Ayadabəy oğlu ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 84 saylı 22 fevral 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət-sol xayasının qançır-hematoması, kəskin şişkinliyi küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 19.02.2021-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 01 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli **********7 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2010-cu il tarixdən fiziki şəxs kimi qeydiyyatdadır (VÖEN **********). İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 06.03.2021-ci il tarixli 311/03-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X2 həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 mart 2021-ci il tarixli 598 saylı arayışdan görünür ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi anası X1 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 25 may 2021-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-38/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-38/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver