Məhkəmə qərarları › İş №1(029)-38/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-38/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-38/2022 30.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1966-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respubliaksının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, verdiyi analizin nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksion xəstəliyinə yoluxduğunu bilmiş və bununla əlaqədər olaraq onun infeksiya daşıyıçısının olduğu üçün yaşayış yerini 7 gün ərzində tərk edilməsinin qadağan olunmasına baxmayaraq, o, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşayış yerini tərk edərək idarə etdiyi “Mercedes Benz 230” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhərinə gələn zaman yol üstü şəxsiyyəti istintaqa məlum olmayan şəxsi müştəri kimi avtomobilə mindirib Qusar şəhərinə gətirib, dərman almaq üçün Avtovağzal dairəsinin ərazisinə gedən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, daha sonra isə Qusar şəhəri N.Şərifov küçəsində yerləşən “Zeytun 9” aptekə qoruyucu tibbi maskadan istifadə etmədən daxil olaraq orada əczaçı Şahid3 və kassir Şahid4 ilə ünsiyyətdə olmaqla karantin rejimi qaydalarını pozaraq, yoluxduğu yeni növ koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, Qusar rayonu İmamqulukənd kəndində tək yaşayır. xx.xx.2022-ci il tarixdə koronovirus infeksiyasına yoluxmuş, ona 1 həftə ərzində evi tərk etməməsi izah olunmuşdur. Həmin vaxtdan 2 gün keçdikdən sonra-yəni 30 yanvar 2022-ci il tarixdə onun dərmanları qurtarmış, evdə heç kim olmadığına görə 1-2 nəfər tanışlarına zəng etmiş, lakin onlar dərman ala bilməmişlər. DİN-in “102” xidmətinə zəng etmək isə ağlına gəlməmişdir. Buna görə də məcbur qalıb evdən çıxıb idarə etdiyi avtomobillə Qusar şəhərinə gəlmiş, yolda tanımadığı bir nəfər şəxsi də müştəri kimi götürüb Qusar şəhərinə gətirmiş, bundan sonra Qusar şəhəri avtovağzal ərazisində yerləşən “Zeytun” aptekdən dərmanlar almış və bir az sonra onu polis əməkdaşları saxlamışlar. Daha sonra isə o, istintaqa cəlb olunmuşdur. Hazırda törətdiyi əməlindən peşmandır, həmin hərəkəti məcburiyyətdən etmişdir. O, taksi fəaliyyəti ilə məşğul olur, taksi fəaliyyəti onun yeganə qazanc yeridir. Hazırkı iş məhkəmədə olanda o, yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər almışdır. Odur ki, barəsində cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən Qusar şəhəri avtovağzal ərazisində “Zeytun” aptekin qarşısında Təqsirləndirilən şəxs saxlamışlar və portal vasitəsi ilə yoxladıqda həmin şəxsin koronavirus infeksiyasına yoluxan şəxs kimi qeydiyyatda olduğunu müəyyən etmişlər. Həmin şəxs aptekdən çıxmış və əlində dərmanlar olmuşdur. Bundan sonra həmin faktla bağlı rəhbərliyə məruzə olunmuş və Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar şəhəri avtovağzal dairəsi yaxınlığında yerləşən “Zeytun” aptekdə işləyir. 2022-ci ilin yanvar ayının sonlarında günorta saatlarından sonra, sonradan tanıdığı Təqsirləndirilən şəxs həmin aptekə gəlib dərmanlar alıb getmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs koronavirus infeksiyasına yoluxduğunu bilməmiş, bu barədə müstəntiq gəlib aptekdən kamera görüntülərini götürdükdən sonra bilmişdir. Məhkəmə istintaqı zamanı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 202/02-22 nömrəli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü, Qusar rayonu İmamqulukənd kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə verilmiş “Covid 19” testi xx.xx.2022-ci il tarixdə “Pozitiv” çıxmışdır. Xəstə xx.xx.2022-ci il tarixdə həkim Orxan Qazıməmmədov tərəfindən müayinə olunmuş, dərman çantası verilmiş, ambulator (ev) təyinatı verilmiş və evdən çıxmamaq barədə iltizam alınmışdır. Xəstəyə 7 günlük karantin təyin edilmişdir. İş materiallarında olan 12 fevral 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı **-RA-*** dövlət qeydiyyat nömrəli avtomobillə xx.xx.2022-ci il tarixdə saat 15:00-15:30-dək olan müddət ərzində Qusar rayonu İmamqulukənd kəndindən Qusar şəhəri istiqamətinə, həmçinin piyada Qusar şəhəri Avtovağzal dairəsi ərazisində hərəkət etməsi müşahidə olunmuşdur. İş materiallarında olan 11 mart 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:00-15:30-dək olan müddət ərzində Qusar şəhəri Avtovağzal dairəsi ərazisində olması müəyyən edilmişdir. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** NAR nömrəsinə daxil olan və həmin nömrədən göndərilən SMS mətnləri, eləcə də həmin nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin siyahısı, həmçinin həmin siyahıdakı abonentlərin anket məlumatları və "xxxx" nömrəsi istifadə edən abonentlərin anket məlumatları müəyyən edilmişdir. Buna baxmayaraq iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 18 fevral 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 02 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, “Təhlükəsiz şəhər” müşahidə kamerasında qeydə alınaraq əldə olunmuş video və foto görüntülərin əks olunduğu 01 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmilşdir. "xxxx" MMC-dən daxil olan xx.xx.2022-ci il tarixli 4155 saylı məktub və ona əlavə edilmiş 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən sübut növü kimi qiymətləndirilməmiş, lakin iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli 498/03-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli 1156/06-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:00-da “döş qəfəsinin küt travması. Çoxsaylı qabırğaların sınıqları travmatik hemopnevmotoaks. Hər iki baldır sümüklərinin sınıqları” diaqnozu ilə həmin publik hüquqi şəxsə daxil olmuşdur. Xəstə xx.xx.2022-ci il tarixədək həmin publik hüquqi şəxsin Anesteziologiya-Reanimasiya və intensiv terapiya şöbəsində stasionar müalicə almışdır. Vəziyyəti nisbətən stabilləşəndən sonra qohumlarının təkidi ilə Qusar MRX-da müalicədən imtina edərək “OKİ” xəstəxanasına aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 113 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşayır, ailə tərkibi yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, verdiyi analizin nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksion xəstəliyinə yoluxduğunu bilməsi və bununla əlaqədər olaraq onun infeksiya daşıyıçısının olduğu üçün yaşayış yerini 7 gün ərzində tərk edilməsinin qadağan olunmasına baxmayaraq, onun xx.xx.2022ci il tarixdə saat 15 radələrində yaşayış yerini tərk edərək idarə etdiyi “Mercedes Benz 230” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhərinə gələn zaman yol üstü şəxsiyyəti istintaqa məlum olmayan şəxsi müştəri kimi avtomobilə mindirib Qusar şəhərinə gətirib, dərman almaq üçün Avtovağzal dairəsinin ərazisinə gedən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılması, daha sonra isə Qusar şəhəri N.Şərifov küçəsində yerləşən “Zeytun 9” aptekə qoruyucu tibbi maskadan istifadə etmədən daxil olaraq orada əczaçı Şahid3 və kassir Şahid4 ilə ünsiyyətdə olmaqla karantin rejimi qaydalarını pozaraq, yoluxduğu yeni növ koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların-yəni azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzalarının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həm də ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs yeganə qazanc mənbəyi olan taksi fəaliyyəti ilə məşğul olmaqla iş qrafiki sərbəstdir və ona görə də azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə məhdudiyyətlərin qoyulması həmin fəaliyyətinin məhdudlaşdırılmasına və bununla da, onun əlavə məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Bundan başqa, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində cərimə cəzasının təyin edilməsi dövlət büdcəsinə əlavə ödənişlərin keçirilməsini, bununla da büdcənin yaxşılaşdırılmasını və cəzanın daha səmərəli olmasını təmin etmiş olar. İş materiallarına əlavə olunmuş, iş üzrə sübut əhəmiyyəti kəsb edən bir ədəd DVD disk və bir ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** NAR nömrəsinə daxil olan və həmin nömrədən göndərilən SMS mətnləri, eləcə də həmin nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin siyahısı, həmçinin həmin siyahıdakı abonentlərin anket məlumatları və "xxxx" nömrəsi istifadə edən abonentlərin anket məlumatları müəyyən edilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Bu səbəbdən də, həmin məlumatları özündə əks etdirən CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən sübut növü kimi qəbul edilməmişdir. Bu baxmayaraq, məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş həmin CD disk də iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işin materiallarına əlavə olunmuş, iş üzrə sübut əhəmiyyəti kəsb edən bir ədəd DVD disk və bir ədəd CD disk, həmçinin sübut əhəmiyyəti kəsb etməyən bir ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar