Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-39/2021 25.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs3, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Qusar rayonu Mucuğ kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək özünə məxsus olan, Qusar rayonu Quxur-oba kəndi ərazisində yerləşən 0,64 hektar ölçüdə torpaq sahəsinin 0,45 hektar hissəsini ona satmağı yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə 2013-cü ilin iyul ayının əvvəllərində Qusar şəhəri, Çingiz Qurbanov küçəsində yerləşən “Mars” mağazasının qarşısında 1000 manat, 2013-cü ilin oktyabr ayının ortalarında isə Qusar rayonu Aşağı Mucuq kəndində, Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində 1500 manat pul almış, lakin vədinə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 cəmi-2500 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək özünə məxsus olan, Qusar rayonu Quxur-oba kəndi ərazisində yerləşən 0,64 hektar ölçüdə torpaq sahəsinin 0,19 hektar hissəsini ona satmağı yalandan vəd verib aldadaraq 2014-cü ilin yanvar ayının əvvəllərində yaşadığı Qusar rayonu Mucuq kəndində yerləşən evində Zərərçəkmiş şəxs1 öz arvadı Şahid3 vasitəsilə 750 manat, həmin vaxtdan sonra isə 2014-cü ilin fevral və mart aylarında hissə-hissə olmaqla bir neçə dəfəyə Qusar rayonu ərazisində Zərərçəkmiş şəxs1 250 manat pul almış, lakin vədinə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 cəmi- 1000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 kürəkəni Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək özünə məxsus olan və Zərərçəkmiş şəxs2 satacağını söz verdiyi, Qusar rayonu Quxur-oba kəndi ərazisində yerləşən 0,64 hektar ölçüdə torpaq sahəsinin 0,45 hektar hissəsini onun adına rəsmiləşdirməyi yalandan vəd verib aldadaraq 30 sentyabr 2017-ci il tarixdə Qusar şəhərində Zərərçəkmiş şəxs3 1000 manat pul almış, lakin vədinə əməl etməyərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. Onun Qusar rayonu Quxur-oba kəndi ərazisində yerləşən 0,64 hektar ölçüdə torpaq sahəsi vardır. O, həmin torpaq sahəsinin 0.45 hektar hissəsini 3000 manata Zərərçəkmiş şəxs1 satmaq barədə razılığa gəlmiş, bu məqsdələ 2013-cü ilin iyul ayında həmin şəxsdən 1000 manat, həmin ilin oktyabr ayında isə 1500 manat, cəmi 2500 manat məbləğində pul almış, lakin, sənədlərdə problem olduğundan həmin torpaq sahəsini Zərərçəkmiş şəxs1 sata bilməmiş, pulu da qaytarmamışdır. Rəqibə adlı qadını isə tanımamış və həmin şəxsi sonradan polis şöbəsində görmüşdür. Bundan sonra o, 30 sentyabr 2017-ci il tarixdə Rəqibənin kürəkəni Rüfət adlı şəxs ona müraciət edərək həmin torpaq sahəsini onun adına rəsmiləşdirməsini xahiş etmiş, onlar həmin gün Qusar rayon Notariat Kontoruna getmiş, orada torpaq sahəsinin sənədlərində hərf səhvləri olduğu məlum olmuş, ona görə də, rəsmiləşdirmə apara bilməmişlər. Notariat Kontorunda o, Rüfətin adına 1 illik etibarnamə vermiş, torpağın sənədlərində olan səhvlərin düzəlməsi və sənədlərin hazırlanması üçün Rüfətdən 250 manat məbləğində pul almışdır. Həmin səhvlər məhkəmə qaydasında düzəldikdən sonra o, torpağı Rüfətin adına rəsmiləşdirməmiş, torpaq sahəsini sonradan 6000 manata Ravid adlı şəxsə satmış, bu barədə Kamala və Rüfətə heç nə deməmişdir. Rüfətdən başqa pul almamış, Kamaldan aldığı 2500 manat pulu sonradan geri qaytarmışdır. Hazırda törətdiyi əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. X8 həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı qismən etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. O və xalası oğlu Nəruddin torpaq sahəsi axtararkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özünə məxsus, Qusar rayonu Quxur-oba kəndində yerləşən 0.64 ha torpaq sahəsini satmaq istəyir. Həmin torpaq sahəsini təxminən 0.19-0.20 ha hissəsini o, 0.44-0.45 ha hissəsini isə Nəruddinin arvadı Rəqibə almaq istəmiş, bununla əlaqədar o, Salehlə görüşmüş və torpaq sahəsinin qiymətini 3500 manata razılaşmışlar. Bundan sonra Rəqibə və Nəruddin ona cəmi 2500 manat məbləğində pul vermişlər, o, özü də həmin pulun üstünə 1000 manat pul qoyub cəmi 3500 manat məbləğində pulu Salehə vermişdir. Həmin vaxtdan başlayaraq onlar həmin torpaq sahəsindən istifadə etməyə başlamışlar, orada gilas ağacları və yonca əkmişlər, torpaq sahəsini çəpərləmişlər. 3 il keçdikdən sonra Rəqibə torpaq sahəsini kürəkəni Rüfətə bağışladığını bildirmiş, Rüfət gəlib onunla birlikdə 2019-cu ilədək torpaqdan istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs uzun müddət torpaq sahəsini onların adlarına rəsmiləşdirməkdən yayınmış, daha sonra isə məlum olmuşdur ki, Saleh torpaq sahəsini onların xəbəri olmadan 6400 manata başqa şəxsə satmışdır. Bu səbəbdən də, Salehlə onların arasında mübahisə yaranmış, onlar torpaq sahəsini qaytarmalı olmuşlar və Salehin barəsində polisə şikayət etmişlər. Sonradan Saleh onun pulunu geri qaytarmış, hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 13 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 torpaq sahəsinin bir hissəsini ona, bir hissəsini isə Zərərçəkmiş şəxs2 satmağı yalandan söz verərək ondan 1000 manat, Zərərçəkmiş şəxs2 isə 2500 manat pul aldığını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əri Nəruddinin qohumudur. 2013-cü ilin yaz aylarında Kamal ona və əri Nəruddinə Qusar rayonu Quxur-oba kəndində Saleh adlı şəxsin özünə məxsus torpaq sahəsini 3500 manata satdığını bildirmiş və həmin torpaq sahəsini onunla birlikdə satın almağı təklif etmişdir. Onlar Kamalla razılaşmışlar və həmin torpağa görə o, Kamala 1000 manat, əri Nəruddin isə 1500 manat, ümumilikdə 2500 manat məbləğində pul vermişlər. Qalan 1000 manatı isə Kamal özü Salehə vermişdir. Kamal həmin torpaq sahəsinin sənədlərini düzəldib onlara təqdim edəcəyini bildirmişdir. Sonradan o, həmin torpaq sahəsini kürəkəni Rüfətə hədiyyə etmiş və torpağı Kamalla Rüfət istifadə etməyə başlamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu sonradan tanımışdır. Bir müddət sonra məlum olmuşdur ki, torpaq sahəsinin sahibi Təqsirləndirilən şəxs torpağı rəsmiləşdirməmiş, kürəkəni Rüfətdən əlavə 1000 manat pul alıb torpağı ona satacağına söz versə də, torpağı onların xəbəri olmadan başqa şəxsə satmışdır. Bu səbəbdən də, həmin şəxsin barəsində polisə şikayət etmişlər. Hazırda Təqsirləndirilən şəxs onun pulunu geri qaytarmış və həmin şəxsə qaşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 11 fevral 2021-ci il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 torpaq sahəsinin bir hissəsini ona, bir hissəsini isə Zərərçəkmiş şəxs1 satmağı yalandan söz verərək ondan 2500 manat, kürəkəni Zərərçəkmiş şəxs3 1000 manat, Zərərçəkmiş şəxs1 isə 1000 manat pul aldığını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Zərərçəkmiş şəxs2 qızı ilə ailə həyatı qurmuş, 2015-2016-cı illərdə isə Qusar rayonu Quxur-oba kəndindən Kamalın vasitəsi ilə satın aldığı torpaq sahəsini qaynanası ona hədiyyə etmişdir. Bir müddətdən sonra o, torpağı becərməyə başlamış, torpaq sahəsini çəpərləmiş, Kamalla gedib Quba rayonu ərazisindən 110 ədəd gilas ağacı alıb əkmiş, ətrafına isə yonca əkmişlər. Torpağın çəpərlənməsinə və ağacların alınıb əkilməsinə 4000-4500 manat məbləğində xərc çəkmişdir. Bundan sonra o, qaynanası Rəqibədən torpaq sahəsinin sənədlərini istəmiş, sonuncu sənəd işlərinə Kamalın baxdığını demiş, Kamalla sənədləşmə işlərini həll etmək üçün torpağın sahibi Salehin evinə getmişlər. Orada Saleh narazılıq edərək torpağın pulunun Kamal tərəfindən ona tam çatdırılmadığını bildirmiş, o, Salehə əlavə 1000 manat məbləğində pul verəcəyini demiş, Saleh isə onunla razılaşmışdır. Bundan sonra o, 2017-ci ilin sentyabr ayının sonunda Qusar şəhərində Salehə 1000 manat pul vermiş və sonuncu, onun adına Qusar rayon Notariat Kontorunda 1 illik etibarnamə vermişdir. Onlar torpağı sənədləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinə getmişlər, orada məlum olmuşdur ki, torpaq sahəsinin sənədində 4 nəfər şəxsin adı var və sənəddə ad səhvləri vardır. Bu səbəbdən də, sənədləşmə apara bilməmiş və ad səhvlərinin aradan qaldırılması üçün Qusar rayon məhkəməsinə gəlmişlər. Məhkəməyə ərizə yazıb vermişlər və ad səhvləri ilə əlaqədar məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs həmin torpaq sahəsini başqa bir şəxsə satmışdır. Bu barədə o, Salehdən soruşduqda isə o, ona verdiyi pulunu qaytaracağını bildirmişdir. O, torpaq sahəsinə görə Salehə 1000 manat pul vermiş, 1000 manat yol xərci çəkmiş, torpaq sahəsinə görə əlavə 6000 manat xərc çəkmiş, ümumilikdə isə torpağa görə 8000 manata yaxın xərc çəkmişdir. Dəfələrlə Salehdən pulunu tələb etsə də, sonuncu indiyədək onun pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs barəsində şikayətçidir və həmin şəxsin barəsində cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 06 fevral 2021-ci il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 torpaq sahəsinin bir hissəsini onun adına rəsmiləşdirməyi yalandan söz verərək ondan 1000 manat pul aldığını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadəsi düzdür. 2013-cü ilin sentyabr ayında günorta saatlarında dostu Zərərçəkmiş şəxs1 onu öz evinə çağırmış, o, Kamalın evinə getmiş, orada əvvəllər tanıdığı Nəruddin və sonradan tanıdığı Saleh, həmçinin digər şəxslər olmuşlar. Kamalın evinin həyətindəki tut ağacının altında Kamal Salehə torpaq sahəsinə görə 1500 manat məbləğində pul vermişdir. Saleh həmin pulun 1000 manatını borclu olduğu Camiddin adlı şəxsə qaytaracağını, 500 manatını isə arvadının müalicəsinə xərcləyəcəyini bildirmişdir. Bir müddətdən sonra Kamal onu Rüfət adlı şəxslə tanış etmiş, ona məlum olmuşdur ki, Saleh torpağı satmaqdan imtina edir. Rüfət bildirmişdir ki, Kamal çox əsəbləşib, çünki Saleh torpağı satmağa razılaşmır. Bundan sonra o, Rüfətlə Salehin evinə getmiş, orada Saleh bildirmişdir ki, Kamal ona torpağın dəyərinin 700 manat hissəsini verməmişdir. Lakin, Kamal bildirmişdir ki, o, torpağa görə Salehə 3500 manat məbləğində pul vermişdir. Rüfət həmin vaxt Salehə bildirmişdir ki, o, torpağa görə 700 manat əvəzinə ona 1000 manat verəcəkdir. Bundan sonra Saleh razılaşmış və onlar notariat kontoruna getmişlər. Rüfətin Salehə 1000 manat verməsini isə görməmiş, bu barədə sonradan eşitmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 22 yanvar 2021-ci il tarixli üzləşmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 2013-cü ilin payız aylarında Kamalın öz yaşadığı evin həyətində ona 1500 manat pul verdiyini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. O, Kamala Saleh adlı şəxsin torpaq sahəsini almaq üçün 1500 manat məbləğində pul vermiş, həmin şəxsə məxsus 0.45 ha torpaq sahəsinə görə cəmi 2500 manat məbləğində pul vermişlər. Sonradan o, eşitmişdir ki, Saleh həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Onlar aldıqları torpaq sahəsini kürəkəni Rüfətə hədiyyə etmişlər və sonuncu orada ağaclar əkmişdir. Buna baxmayaraq Saleh torpaq sahəsini onlara xəbər vermədən başqasına satmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 11 fevral 2021-ci il tarixli üzləşmə protokolundan görünür ki, Şahid4lə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid4 torpaq sahəsinin bir hissəsini onlara satmağı yalandan söz verərək Zərərçəkmiş şəxs1 vasitəsilə onlardan 2500 manat, kürəkəni Zərərçəkmiş şəxs3 isə 1000 manat pul aldığını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2013-cü ilin təxminən yay aylarında tanışı Zərərçəkmiş şəxs1 avtomobili ilə onu Qusar şəhərinə aparmasını xahiş etmiş, o, da Kamalı özünə məxsus olan “Opel” markalı avtomobillə Qusar şəhərinə gətirmiş və yolda Kamal Qusar rayonu Mucuq kənd sakini Saleh adlı şəxsdən torpaq sahəsi aldığını və ona 1000 manat pul verəcəyini bildirmişdir. Qusar şəhərinə gəlib çatdıqdan sonra Qusar rayon Avtovağzalının yaxınlığında, Çingiz Qurbanov küçəsində yerləşən ”Mars” mağazasının qarşısında Salehlə görüşmüşlər, həmin vaxt da Kamal onun yanında Salehə 1000 manat pul vermişdir. Həmin vaxtdan bir neçə il sonra isə Kamal torpaq sahəsi almaq üçün Salehə 3500 manat pul verdiyini, ancaq Salehin onu aldadaraq torpaq sahəsini başqa şəxsə satdığını və ondan aldığı pulu da qaytarmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 22 yanvar 2021-ci il tarixli üzləşmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid2 2013-cü ilin yay aylarında Qusar şəhərində Kamalın ona 1000 manat pul verdiyini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2013-cü ilin mart ayında ağır vəziyyətdə xəstələnmiş, həmin vaxt da müalicə olunması üçün 1000 manat pul lazım olmuş, əri Təqsirləndirilən şəxs də kimdənsə 1000 manat borc pul alaraq onu müalicə elətdirmişdir. Həmin vaxtdan sonra isə aldıqları borc pulu qaytarmaq üçün özlərinə məxsus olan, Qusar rayonu Quxur-oba kəndi ərazisində yerləşən 0,64 hektar ölçüdə torpaq sahəsini satmaq qərarına gəlmişlər, daha sonra isə Zərərçəkmiş şəxs1 ilə Şahid4 şərik qaydada həmin torpaq sahəsini 3000 manata almaq istəmişlər və razılaşdıqdan sonra Kamal, onun əri Salehə 1000 manat pul vermiş, ancaq sonradan qalan pulu verməmişdir. Həmin vaxtdan sonra, 2016-cı ilin əvvəllərində sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs3 onların yaşadığı evə gələrək Kamala satdıqları torpaq sahəsinin bir hissəsinin onun qaynatası Nəruddinə məxsus olduğunu və qaynatası ilə qaynanasının həmin torpaq sahəsini ona bağışladıqlarını bildirmiş, sonra isə onlardan həmin torpaq sahəsini onun adına rəsmiləşdirmələrini xahiş etmişdir. Bundan sonra o, torpaq sahəsini Rüfətin adına rəsmiləşdirmək üçün ailə üzvləri və Rüfətlə birlikdə 30 sentyabr 2017-ci il tarixdə Qusar rayonunda yerləşən Notariat Kontoruna getmiş, ancaq orada bəzi sənədlərdə hərif səhvi olduğu üçün torpağı rəsmiləşdirə bilməmişlər, sonra isə torpaq sahəsindən bir il müddətinə istifadə etməsi ilə bağlı Rüfətə etibarnamə vermişlər. Bundan sonra isə əri Saleh sənədlərdə olan hərif səhvlərinin düzəldilməsi ilə bağlı qərar qəbul edilməsi üçün Qusar rayon Məhkəməsində iddia qaldırmış, Rüfət də ailə üzvləri və onun məhkəməyə gedibgəlmələri üçün Salehə cəmisi 250 manat pul vermiş, ancaq sonradan Saleh həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Aralarında olan razılaşma əsasında Kamal, onun əri Salehə cəmisi 1000 manat pul vermiş, həmin puldan başqa pul verməmiş, eyni zamanda onun özünə də hər hansı məbləğdə pul verməmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 15 mart 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə cinayət törətməkdə hər hansı bir formada iştirak etmə xüsusatı üzrə Şahid3 barəsində cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs və qeyriləri tərəfindən Zərərçəkmiş şəxs3 adına verilmiş 30 sentyabr 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, həmin şəxslər Qusar rayonu Mucuq palasa kəndində yerləşən 6419.00 k.metr torpaq sahəsinə dair sərəncam vermək və s. səlahiyyətləri Zərərçəkmiş şəxs3 etibar etmişlər. İş materiallarında olan Qusar rayon məhkəməsinin 21.06.2019-cu il tarixli 2(029)- 704/2019 saylı qətnaməsinin surətindən görünür ki, KOD 30118018 JN-0066 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2, Təqsirləndirilən şəxs, X1, X9 və X7 məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan 03 oktyabr 2019-cu il tarixli 4Ə-1911 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs özünə və ailə üzvlərinə məxsus 0,6419 ha torpaq sahəsini X15 oğluna satmışdır. İş materiallarında olan 27 fevral 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 01 mart 2021-cu il tarixli qərarından görünür ki, həmin tarixdə saat 11:10-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin qərarla müdafiəçisi Tofik Əliyarovun iştirakı ilə tanış olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2020-ci il tarixli 494 saylı arayışdan görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Şahid3, 1994-cü il təvəllüdlü oğlu Elşad Şeydayevdən, 1995-ci il təvəllüdlü qızları Dilşad və Gülşad Şeydayevalardan, 1998-ci il təvəllüdlü oğlu Elxan Şeydayevdən və 2002-ci il təvəllüdlü qızı Ayşad Şeydayevadan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına verdiyi 12 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ondan aldığı 2500 manat pulu qaytarıb ona verdiyini, həmin pulla bağlı heç bir iddia və tələbinin olmadığını göstərmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına verdiyi 15 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ondan aldığı 1000 manat pulu qaytarıb ona verdiyini, həmin pulla bağlı heç bir iddia və tələbinin olmadığını göstərmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 04.05.2021-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin şəxslərə dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyan ödənilmiş, həmin şəxsə qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Ona görə də, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edirlər. Bundan başqa, onlar şəxsi işləri ilə əlaqədar məhkəməyə gələ bilməyəcəklərini göstərərək işə onların iştirakları olmadan baxılaraq yekun vurulmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 torpaq sahəsinə görə cəmi 3500 manat deyil, 2500 manat məbləğində pul alması, Zərərçəkmiş şəxs3 isə 1000 manat deyil, cəmi 250 manat məbləğində pul alması barədə ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi onun törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxslərin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ibtidai istintaq zamanı həmin şəxslərlə təqsirləndirilən şəxsin üzləşdirilmələri barədə protokollarla və digər sübutlarla tam təkzib edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək özünə məxsus olan, Qusar rayonu Quxur-oba kəndi ərazisində yerləşən 0,64 hektar ölçüdə torpaq sahəsinin 0,45 hektar hissəsini ona satmağı yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 cəmi-2500 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etməsi; bundan başqa təkrarən tanışı Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək özünə məxsus olan, həmin torpaq sahəsinin 0,19 hektar hissəsini ona satmağı yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 cəmi 1000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etməsi; bundan başqa, təkrarən Zərərçəkmiş şəxs2 kürəkəni Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək özünə məxsus olan və Zərərçəkmiş şəxs2 satacağına söz verdiyi həmin torpaq sahəsinin 0,45 hektar hissəsini onun adına rəsmiləşdirməyi yalandan vəd verib aldadaraq 30 sentyabr 2017-ci il tarixdə Qusar şəhərində Zərərçəkmiş şəxs3 1000 manat pul alması, lakin vədinə əməl etməyərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Həmin Məcəllənin 75.1, 75.1.2-ci maddələrinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. X16 hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 35-ci bəndində göstərilmişdir ki, Məhkəmələrə izah edilsin ki, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 04 mart 2013-cü il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarlarına müvafiq olaraq dələduzluğa görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl CM-nin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin, o cümlədən dələduzluğun törədilməsi, habelə dələduzluğa görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən həmin cinayəti törətməsi cinayətlərin təkrar törədilməsini yaratmır və əsaslar olduqda sonuncu hal cinayətin residivi kimi qəbul edilərək təqsirləndirilən şəxsə cəza CM-nin 65-ci maddəsinə əsasən təyin olunmalıdır. Əvvəllər dələduzluq və digər talama, habelə hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş və yenidən dələduzluq cinayətini törətmiş şəxsin əməli o halda CM-nin 178.3.3-cü maddəsi ilə tövsif edilir ki, həmin şəxsin əvvəlki məhkumluqları ödənilməmiş və ya götürülməmiş olsun. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluq cinayətini 2013-cü ilin iyul-oktyabr aylarında, Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq cinayətini isə 2014-cü ilin yanvar-mart aylarında törətmiş və həmin vaxtdan 7 ildən artıq müddət keçdiyindən həmin faktlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Bununla belə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldadaraq onlara qarşı dələduzluq cinayətlərini törətdikdən sonra özünə məxsus məlum torpaq sahəsini Zərərçəkmiş şəxs3 satacağına yalandan vəd verib həmin şəxsi də aldadaraq 30 sentyabr 2017-ci il tarixdə ondan 1000 manat məbləğində pul almaqla və onun əmlakını da qanunsuz ələ keçirməklə yenidən dələduzluq cinayətini törətmişdir. Həmin cinayət əməli eyni torpaq sahəsi ilə bağlı, eyni hüquq münasibətləri zamanı törədilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 16.1-ci maddəsinin və həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı dələduzluq cinayətini törətməsi onun tərəfindən həmin cinayətin təkrar törədilməsi kimi qiymətləndirilməlidir. CM-nin 16.3-cü maddəsində cinayətin təkrar törədilməsi hesab olunmasını istisna edən hallar isə hazırkı hala tətbiq edilə bilməz, çünki Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı dələduzluq cinayətini törədərkən o, əvvəllər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 münasibətdə törətdiyi yuxarıda sadalanan epizodlar üzrə cinayətlərə görə məhkum olunmamış, yaxud cinayət məsuliyyətindən azad olunmamış, barəsində cinayət təqibinə xitam verilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun dəymiş ziyanı qismən-yəni zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsini və sonuncuların həmin şəxsə qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə tutularaq 27 fevral 2021-ci il tarixdən 01 mart 2021-ci il tarixədək 2 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Mucuq kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutularaq 27 fevral 2021-ci il tarixdən 01 mart 2021-ci il tarixədək 02 (iki) gün faktiki həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən 04 (dörd) gün müddət çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Mucuq kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-39/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-39/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver