Məhkəmə qərarları › İş №1(029)-4/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-4/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-4/2022 08.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X10, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 11.07.2021-ci il tarixdə saat 16 radələrində etibarnamə olmadan idarə etdiyi “Opel” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Zindan-Muruq kəndindən həmkəndliləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birlikdə qonşu Zindan Muruq kəndindən toy məclisindən yaşadığı kəndə getmək üçün yola düşmüş və həmin vaxt Qusar-Şahdağ yolunun 26-cı kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozmaqla, yəni etibarnaməsiz idarə etdiyi avtomobillə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsiziliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobili ilə elə manevr hərəkətləri (manevr, tormozlama və.s) aparmalı, yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu, eləcə də avtomobili yaşayış məntəqəsindən kənarda maksimum 90 km/saatdan yüksək sürətlə idarə etməməli olduğu halda qanunun bu tələblərini pozaraq, avtomobili 140-150 km/saat sürətlə idarə edərək, körpünün üzərinə çatmamış yolun şəraitinə uyğun hərəkət etməyərək hərəkətini eyni sürətlə davam etdirərək idarəetməni itirmiş, avtomobili qarşı hərəkət zolağına, daha sonra yolun sağ tərəfinə avtomobili çəkərək yolun kənarından dərəyə aşmış, nəticədə onun bu hərəkətləri sərnişinlər Zərərçəkmiş şəxs2 sağlamlığına ehtiyyatsızlıqdan “hər iki gözün orbiti ətrafında qançır-hemotoma, çanaq sümüklərinin çoxsaylı qəlpəli sınığı” və Zərərçəkmiş şəxs3 sağlamlığına ehtiyatsızlıqdan “baş beyin silkələnməsi şəklində ifadə olunan qapalı kəllə beyin travması, boynunda arxadan aşağıda sıyrıq, 1 döş fəqərəsinin sınığı, hər iki əlin arxa səthində sıyrıq” ilə ifadə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlərin, Zərərçəkmiş şəxs1 sağlamlığına ehtiyatsızlıqdan “gözlərin ağlı qişasında və birləşdirici toxumasında çoxlu sayda nöqtəvari qansızmalar, başın təpə-alın nahiyyəsinin geniş əzilmiş-cırılmış yarası, başın üz hissəsinin, hər iki çiyinin və yuxarı ətrafların, kürək nahiyyəsinin və hər iki dizin sıyrıqları, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində geniş qansızma, kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınığı, baş beyin toxumasının əzilib dağılaraq kəllə boşluğundan xaric olunması, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma sahələri” ilə ifadə olunan, yetirilən anda insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlərin almasına və aldığı xəsarətlərdən hadisə yerində ehtiyyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, 11.07.2021-ci il tarixdə yaşadığı Qusar rayonu Əniğ kəndində toy şənliyi olmuşdur. O, həmin toy şənliyi ilə əlaqədar “gəlingətirmə” mərasimində iştirak etmək üçün dostu Zeynala məxsus “Opel” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb həmkəndliləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birlikdə toy karvanı ilə qonşu Zindan Muruq kəndinə getmişdir. Həmin avtomobili sürmək üçün etibarnaməsi olmamışdır. Abusin avtomobilin qabaq sağ oturacağında, Teylor və İsmixan isə arxa oturacaqda oturmuşlar. Həmin kənddən çıxıb Qusar-Şahdağ yolu ilə Əniğ kəndinə qayıdarkən yolda olan Zindan Muruq körpüsünə çatan zaman yol kələ-kötür olduğundan o, avtomobilin idarəetməsini itirmiş və avtomobil dərəyə aşmışdır. Həmin vaxt avtomobilin sürətinə fikir verməmişdir. Avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamış, həmin gün spirtli içki qəbul etməmiş, toydan sonra içməyi düşünmüşdür. Avtomobil dərəyə aşdıqdan sonra İsmixan ölmüş, onun çiyni sınmış, həmçinin Abusin və Teylor da müxtəlif bədən xəsarətləri almışlar. O, hadisə nəticəsində huşunu itirmiş və İsmixanın öldüyünü xəstəxanada ayıldıqdan sonra bilmişdir. Hadisədən sonra o və ailə üzvləri bir neçə dəfə zərər çəkmiş şəxsin hüquqi varisi Ədalət Şəkərovun evinə gedərək onunla barışmağa cəhd etmişlər, lakin sonuncu barışmamışdır. Hazırda o, həmin şəxsdən üzr istəyir, əməlindən peşmandır. Digər zərər çəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı aradan qaldırmış, həmin şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 11.07.2021-ci il tarixdə yaşadığı Qusar rayonu Əniğ kəndində toy şənliyi olmuş və o, da həmin toyda iştirak etmişdir. Həmin gün qonşu Zindan Muruq kəndindən gəlini gətirmək üçün toy karvanı təşkil olunmuşdur. Həmkəndlisi Şahid3 da özünün “Opel” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə orada olmuşdur. Zeynal özünün avtomobilini idarə etmək üçün Əmigünə Əmiraslanova vermiş, o, isə Zeynala demişdir ki, avtomobili Əmirgünəyə verməsin, çünki həmin şəxs avtomobili idarə edə bilmir, təcrübəsi yoxdur. Buna baxmayaraq, Zeynal avtomobili Əmigünəyə vermiş, daha sonra toy karvanı Zindan Muruq kəndinə getmiş, gəlini götürüb yaşadıqları Əniğ kəndinə yola düşmüşlər. O, toy karvanında axırıncı avtomobildə olmuş və Zindan Muruq körpüsünə az qalmış Əmirgünə avtomobili dərəyə aşırmışdır. Sonradan o, bilmişdir ki, onun oğlu Zərərçəkmiş şəxs1 da həmin avtomobildə olmuş və hadisə nəticəsində oğlu İsmixan ölmüşdür. Əmirgünə avtomobili qısa məsafədə həddindən artıq yüksək sürətlə idarə etmiş və ona görə idarəetməni itirmişdir. Həmin vaxt Əmirgünənin spirtli içki qəbul edib-etməməsini bilmir, lakin əvvəllər eşitmişdir ki, Əmirgünə sərxoş vəziyyətdə avtomobili idarə edib Xaçmaz rayonu Nabran qəsəbəsinə getmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, onun təqsiri ucbatından cavan oğlunu itirmişdir. Odur ki, həmin şəxsin barəsində ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun həmkəndlisi və dostudur. 11.07.2021-ci il tarixdə yaşadıqları Qusar rayonu Əniğ kəndində toy şənliyi olmuş və o, da həmin toyda iştirak etmişdir. Həmin gün qonşu Zindan Muruq kəndindən gəlin gətirmək üçün toy karvanı təşkil olunmuş, Təqsirləndirilən şəxs Şahid3 “Opel” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilini götürmüş, o, həmkəndliləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 da həmin avtomobilə əyləşərək birlikdə Zindan Muruq kəndinə getmişlər. Həmin kənddən geri qayıdarkən Zindan Muruq körpüsünə az qalmış Əmirgünə avtomobilin idarəetməsini itirmiş və avtomobil dərəyə aşmışdır. Hadisə nəticəsində onun ayağı çanaq hissədən çıxmış və az ağır bədən xəsarətləri almışdır. Teylor da müxtəlif bədən xəsarətləri almışdır. İsmixan isə hadisə nəticəsində ölmüşdür. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, həmin şəxs onun müalicəsinə köməklik etmiş və onun bağışlanmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun həmkəndlisi və dostudur. 11.07.2021-ci il tarixdə yaşadıqları Qusar rayonu Əniğ kəndində toy şənliyi ilə əlaqədar qonşu Zindan Muruq kəndindən gəlin gətirmək üçün o, həmkəndliləri İsmixan və Abusin Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilə oturaraq Zindan Muruq kəndinə getmişlər. Həmin kənddən geri qayıdarkən Zindan Muruq körpüsünə az qalmış tramplində Əmirgünə avtomobilin idarəetməsini itirmiş, avtomobil sağa-sola qaçmış və daha sonra dərəyə aşmışdır. Hadisə nəticəsində o, az ağır bədən xəsarətləri almış, sərnişin kimi avtomobilin arxa oturacağında oturmuş Zərərçəkmiş şəxs1 isə ölmüş, Abusin də xəsarətlər almışdır. Həmin gün nə Əmirgünə, nə də digərləri spirtli içki qəbul etməmişlər. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, həmin şəxs onun müalicəsinə köməklik etmiş və onun bağışlanmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 11.07.2021-ci il tarixdə yaşadıqları Qusar rayonu Əniğ kəndində keçirilən toy şənliyi ilə əlaqədar qonşu Zindan Muruq kəndindən gəlin gətirmək üçün toy karvanı təşkil olunmuş, o, da özünün idarə etdiyi avtomobillə həmin toy karvanı ilə həmin kəndə getmişdir. Zindan Muruq kəndindən qayıdarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi avtomobilin qarşısında hərəkət etmiş, onun sürəti təxminən 70-80 olmuş, Əmirgünə isə avtomobili sürətlə idarə etmişdir. Zindan Muruq körpüsünə çatan zaman Əmirgünə qəfildən idarəetməni itirmiş və avtomobil dərəyə aşmışdır. İlk olaraq hadisə yerinə o, çatmış və Əmirgünənin idarə etdiyi avtomobildə sərnişin kimi oturmuş Zərərçəkmiş şəxs1 öldüyünü, digər şəxslərin isə xəsarət aldıqlarını görmüşdür. İsmixan onun dayısı oğludur, həmin şəxslə Əmirgünənin münasibətləri yaxşı olmuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə ilə bağlı Qusar RPŞ-də araşdırma aparılmış, Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuş, o, da şahid qismində ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 11.07.2021-ci il tarixdə yaşadıqları Qusar rayonu Əniğ kəndində keçirilən toy şənliyi ilə əlaqədar qonşu Zindan Muruq kəndindən gəlin gətirmək üçün toy karvanı təşkil olunmuş, o, da özünün idarə etdiyi mikroavtobusla həmin toy karvanı ilə həmin kəndə getmişdir. Zindan Muruq kəndindən qayıdarkən o, toy karvanında axırda gəlmiş, kənddən asfalt yola çıxandan təxminən 500 metr qabaqda Qusar-Şahdağ yolunda yuxarıdan aşağı istiqamətdə toz-duman qalxdığını görmüş, həmin yerə çatdıqda isə qəza baş verdiyini, Əmirgünənin idarə etdiyi “Opel” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin dərəyə aşdığını görmüşdür. Onun avtomobilində əsasən qadınlar olmuş, həmçinin Ədalətin bacısı da orada olmuşdur. Onlar hadisə yerinə çatdıqda Əmirgünənin idarə etdiyi avtomobildə sərnişin kimi oturmuş İsmixan artıq ölmüşdü. Bir az keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, ona qadınları hadisə yerindən aparmasını demişlər, o, da qadınları götürüb idarə etdiyi mikroavtobusla oradan getmişdir. Daha sonra hadisə ilə bağlı Qusar RPŞ-də araşdırma aparılmış, Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuş, o, da şahid qismində ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 11.07.2021-ci il tarixdə yaşadıqları Qusar rayonu Əniğ kəndində toy şənliyi keçirilmiş, o, da özünə məxsus “Opel” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin toya getmişdir. Həmin gün qonşu Zindan Muruq kəndindən gəlin gətirmək üçün toy karvanı təşkil olunmuş, ondan isə həmin prosesin video çəkilişini aparmasını xahiş etmişlər. Bundan sonra Əmirgünə ondan xahiş etmişdir ki, özünün “Opel” markalı avtomobilini idarə edərək toy karvanı ilə Zindan Muruq kəndinə getmək üçün ona versin. O, əvvəlcə razılaşmayaraq avtomobilin nasaz olduğunu bildirmiş, lakin sonradan razılaşıb vermişdir. O, özü isə başqa bir avtomobilə oturub videoçəkiliş aparmışdır. Toy karvanı gəlini götürüb Zindan Muruq kəndindən Əniğ kəndinə qayıdarkən qabaqda gəlin maşını gəlmiş, arxada isə digər avtomobillər gəlmiş, o, isə oturduğu avtomobildə videoçəkiliş aparmışdır. Bir az keçdikdən sonra o, Zindan Muruq kəndinin körpüsünə az qalmış toz-duman qalxdığını görmüş və məlum olmuşdur ki, Əmirgünə ona məxsus avtomobili dərəyə aşırmışdır. Həmin avtomobildə Zərərçəkmiş şəxs1 da olmuş, hadisə nəticəsində həmin şəxs ölmüş, digər şəxslər isə xəsarətlər almışlar. Əmirgünənin sürücülük vəsiqəsi olmuş, spirtli içki isə qəbul etməmişdir. Əmirgünənin əvvəllər bir neçə dəfə avtomobil idarə etməsini görmüş və ona görə həmin şəxsin onun avtomobilini idarə etməsinə razılıq vermişdir. Daha sonra hadisə ilə bağlı Qusar RPŞ-də araşdırma aparılmış, Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuş, o, da şahid qismində ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 11 iyul 2021-ci il tarixli “yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X12 həmin tarixdə saat 16:00-da Qusar RPŞ-nin məsul növbətçisi Elman İsmayılovdan məlumat alıb Qusar-Şahdağ yolunun 26-cı kilometrliyinə getmiş və Qusar rayon prokuroru baş ədliyyə müşaviri Elxan Əbdürrəhimovun, Qusar RPŞ-nin ekspert-kriminalisti Məlik Məmmədovun, həmin polis şöbəsinin DYPB-nin inspektoru Cəlal Qubatovun, hal şahidləri X4, Vəkilov Müqəddəs Vəlixan oğlunun iştirakları ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirmişdir. Baxış həmin tarixdə saat 16:25-də başlamış, saat 17:35-də bitmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Qusar-Şahdağ yolunun 26-cı kilometrliyidir. Yolun hərəkət hissəsi enişli, düzdür. Örtüyün növü asfalt-beton, vəziyyəti quru, eni 10 metrdir. Müəyyən olunmuşdur ki, “Opel” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobil təkərləri yuxarı vəziyyətdədir, asfaltın ən yaxın kənarından 13,8 metr, asfalt örtükdən çıxdığı yerdən isə 40 metr aralıdadır. Yol çiynində olan çınqılın üzərində qoşa şin izləri müşahidə olunmuşdur. Asfaltın üzərində 40 metr uzunluğunda tək, sonra isə orta xətdən başlayaraq asfalt örtüyün kənarına kimi 18 metr uzunluğunda tormozlama izləri vardır. Nəqliyyat vasitəsinin ətrafında çoxsaylı sınmış hissələri, eləcə də, yük hissəsindəki əşyalar səpələnmişdir. Nəqliyyat vasitəsindən Qusar şəhəri istiqamətinə 6 metr aralıda Zərərçəkmiş şəxs1 meyiti, üstü mələfə ilə örtülmüş vəziyyətdə olması müşahidə olunmuşdur. Baxış barədə tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi (meyitin) ekspertizasının 09 avqust 2021-ci il tarixli 31 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizası və məhkəmə-kimyəvi müayinə metodlarının cavabları əsasında belə nəticəyə gəlinmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişasında və birləşdirici toxumasında çoxlu sayda nöqtəvari qansızmalar, başın təpə-alın nahiyəsinin geniş əzilmiş-cırılmış yarası, başın üz hissəsinin, hər iki çiyinin və yuxarı ətrafların, kürək nahiyəsinin və hər iki dizin sıyrıqları, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində geniş qansızma, kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınığı, baş beyin toxumasının əzilib dağılaraq kəllə boşluğundan xaric olunması, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma sahələri küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 11 iyul 2021-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Mərhum Zərərçəkmiş şəxs1 meyiti üzərində aşkar olunan xəsarətlər birlikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülən qanda məhkəmə-kimyəvi müayinə nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində başın küt travmasından kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınığı nəticəsində baş beyin toxumasının əzilib dağılması olmuşdur, ölümün baş vermə müddəti meyit müayinə edilən vaxtdan 6-8 saat əvvələ uyğundur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi (canlı şəxsin) ekspertizasının 14 iyul 2021-ci il tarixli 615 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası və xəstəlik tarixlərindəki məlumatlar əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər-sol bazu sümüyünün çoxqəlpəli qapalı sınığı, sol bazu oynağının çıxığı, sol saidin əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, 11 iyul 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi (canlı şəxsin) ekspertizasının 14 iyul 2021-ci il tarixli 616 saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası və xəstəlik tarixlərindəki məlumatlar əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər-hər iki göz orbiti ətrafında qançır-hematoma, çanaq sümüklərinin çoxsaylı qəlpəli sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, 11 iyul 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi (canlı şəxsin) ekspertizasının 14 iyul 2021-ci il tarixli 617 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası və xəstəlik tarixindəki məlumatlar əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər-baş beyin silkələnməsi şəklində ifadə olunan qapalı kəllə beyin travması, boynunda arxada aşağıda sıyrıq, İ döş fəqərəsinin sınığı, hər iki əlin arxa səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, 11 iyul 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 16 avqust 2021-ci il tarixli 8/1774 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Vectra markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Opel Vectra markalı avtomobili etibarnamə olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda icazə verilən 90 km/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2021-ci il tarixli 8/1774 saylı məktubundan görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının 01 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, “Opel” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və zərurət aradan qalxdığından sahibinə qaytarılmışdır. İş materiallarında olan 11.09.2017-ci il tarixli AD N 967057 saylı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Opel Vectra” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ƏN-Vİİ 724171 saylı 05 may 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X9 “Opel Vectra” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri üzrə Şahid3 idarəçiliyinə vermişdir. İş materiallarında olan 16.02.2021-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B, B1, C, C1” kateqoriyaları üzrə sürücülük hüququ vardır. İş materiallarında olan protokollaşdırma nömrəsi 03887 olan 11 iyul 2021-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 18:35-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 0.000 promilli olmaqla həmin şəxsdə alkoqol sərxoşluğu olmamışdır. İş materiallarında olan Qusar rayon X11 Hüquqi şəxs tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli 1592/09-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin hüquqi şəxsin X3 həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 31.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.07.2021-ci il tarixli 233 saylı arayışdan görünür ki, həmin kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi atası X1 və anası X2 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ibtidai istintaq orqanının 28 avqust 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus ******* saylı 03.07.2013-cü il tarixli hərbi biletin və səfərbərlik sərəncamının surətlərindən görünür ki, həmin şəxs Vətən Müharibəsi dövründə 31.10.2020-ci il tarixdə hərbi səfərbərliyə cəlb olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məxsus ******* saylı 06.04.2012-ci il tarixli hərbi biletin və səfərbərlik sərəncamının surətlərindən görünür ki, həmin şəxs 07.11.2020-ci il tarixdə hərbi səfərbərliyə cəlb olunmuş, Vətən Müharibəsində iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 26.10.2021-ci il tarixli 629 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikası “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən 06.11.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 07.11.2021-ci il tarixdən 31.12.2020-ci il tarixədək N saylı hərbi hissədə xidmət keçmişdir. 12.07.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar SHXÇDX-nin Qusar rayon şöbəsindən hərbi qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 11.07.2021-ci il tarixdə saat 16 radələrində etibarnamə olmadan idarə etdiyi “Opel” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Zindan-Muruq kəndindən həmkəndliləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birlikdə qonşu Zindan Muruq kəndindən toy məclisindən yaşadığı Qusar rayonu Əniğ kəndinə getmək üçün yola düşməsi və həmin vaxt Qusar-Şahdağ yolunun 26-cı kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozaraq, avtomobili 140-150 km/saat sürətlə idarə edərək, körpünün üzərinə çatmamış yolun şəraitinə uyğun hərəkət etməyərək hərəkətini eyni sürətlə davam etdirərək idarəetməni itirməsi, avtomobili qarşı hərəkət zolağına, daha sonra yolun sağ tərəfinə çəkərək yolun kənarından dərəyə aşması, nəticədə onun bu hərəkətlərinin sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 AZ AĞİR zərər vurmaya aid xəsarətlər almalarına, Zərərçəkmiş şəxs1 isə AĞİR xəsarətlərin almasına və aldığı xəsarətlərdən hadisə yerində ehtiyyatsızlıqdan ölümünə səbəb olması, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı aradan qaldırmasını və həmin şəxslərin ona qarşı heç bir şikayətlərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, onun əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, onun zərər çəkmiş şəxsin hüquqi varisi Ədalət Şəkərovla barışmağa başdansovdu cəhd etməklə bu barədə heç bir nəticəyə nail olmamasını, indiyədək həmin şəxsə heç bir maddi və mənəvi yardım göstərməməsini şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq ona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının, əlavə cəza növü olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs indiyədək zərər çəkmiş şəxsin hüquqi varisi Ədalət Şəkərovla barışmağa nail olmamış, ona dəymiş ziyanın aradan qaldırılması istiqamətində heç bir hərəkətlər etməmiş və həmin şəxs ondan şikayətçi olmaqla barəsində ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs azadlıqdan məhrum etmə cəzasını məhz real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Opel» markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 100 (yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Opel» markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar