Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-40/2021 04.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 03 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 fevral 2021-ci il tarixdə barəsində Qusar rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb Xaçmaz rayonu Xudat şəhərində yerləşən evinə apararaq orada saxlamış, daha sonra isə həmin narkotik vasitəni bükümlərə yığaraq idarə etdiyi “Lada Qranta” C123KP05 rus dövlət qeydiyyat nişanlı avtomobilində daşıyaraq satış məqsədi ilə saxlamış, 03 fevral 2021-ci il tarixdə, təxminən saat 11 radələrində Xaçmaz rayonu Xudat şəhərində yerləşən avtovağzalın qarşısında həmin narkotik vasitədən 01 ədəd iri bükümdə əvvəllər tanıdığı Qusar şəhər sakini Şahid6 30 manata qanunsuz olaraq satmış, qalan hissəsini isə satış məqsədi ilə idarə etdiyi avtomobildə saxlamış, 03 fevral 2021-ci il tarixdə axşam saatlarında Qusar RPŞ-nin əməkdaşları tərəfindən Qusar rayonu Balaqusar kəndi ərazisində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Qusar rayon polis şöbəsinə gətirilmiş və 03 fevral 2021-ci il tarixdə saat 21:14-də aparılan axtarış zamanı həmin narkotik vasitənin ayrı-ayrılıqda təmiz çəkiləri-2,367 qram, 1,509 qram, 1,410 qram və 1,725 qram, ümumi təmiz çəkisi-7,011 qram olmaqla 04 ədəd iri gümüşü kağız bükümlərdə olan hissəsi onun idarə etdiyi “Lada Qranta” C123KP05 rus dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı kiçik saxlanc yerindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, belindən cərrahi əməliyyat olunmuş, tez-tez belində ağrılar olur və ona görə də, aradabir narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən 7-8 aydır ki, marixuana çəkir. Təxminən bir il bundan əvvəl Rüstəm adlı şəxslə tanış olmuş, həmin şəxsi bir neçə dəfə taksi kimi idarə etdiyi avtomobillə Nabrana və Qusara aparmış və taksi pulu kimi Rüstəmin ona borcu olmuşdur. O, Rüstəmlə Xaçmaz rayonu Xudat şəhərində 2-3 dəfə görüşmüş, arada onunla birlikdə marixuana çəkmişlər. Sonuncu dəfə Rüstəm ona zəng edərək narkotik vasitə istədiyini bildirmiş, miqdarını isə artıq etməsini xahiş etmiş, o, isə razılaşmışdır. 03 fevral 2021-ci il tarixdə səhər saatlarında o, Xaçmaz rayonu Xudat şəhərində avtovağzalın qarşısında Rüstəmlə görüşmüş, orada bir büküm narkotik vasitə olan marixuananı Rüstəmə vermiş, lakin narkotik vasitəyə görə Rüstəmdən pul almamışdır. Bundan sonra onlar avtovağzalın yanında yerləşən çayxanaya gedib birlikdə çay içib söhbət etmişlər. Həmin vaxt Rüstəm ona olan borcunun əvəzi kimi 30 manat məbləğində pul vermiş, həmin pulu narkotikə görə deyil, taksi ilə onu apardığına görə yaranmış borcuna görə vermişdir. Həmin narkotik vasitəni o, Xaçmaz rayonu Susay-Yalama yolunda otluq ərazidən yarpaq halında tapmışdır. Bundan sonra o, 03 fevral 2021-ci il tarixdə axşam saatlarında idarə etdiyi “Lada Qranta” C123KP05 rus dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonuna gəlmiş, həmin rayonun Balaqusar kəndi ərazisində polis əməkdaşları onu saxlayıb Qusar rayonu Polis Şöbəsinə aparmışlar və orada onun avtomobilindən 4 büküm narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Həmin bükümlərdən yalnız biri ona məxsus olmuş, qalanları isə onun olmamış, kimsə onun avtomobilinə qoymuşdur. Hazırda əməlindən peşmandır, himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, yaşadığı Xaçmaz rayonu ərazisində idarə etdiyi “Lada Qranta” markalı C123KP05 rus dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş və təxminən 6-7 ay olar ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmişdir. 2020-ci ilin avqust ayında Xaçmaz rayonu Susay kəndində yerləşən meşəyə istirahət etmək üçün getmiş, həmin vaxt da orada 03 ədəd narkotik xassəli bitki olan çətənə kolu görmüş və onların yarpaqlarından yığıb özü ilə götürmüş, qurudub özü üçün istifadə etmək məqsədi ilə yaşadığı evin həyətinə gətirərək onları qurutmuş, sonra isə bir neçə dəfə onlardan istifadə etmişdir. Daha sonra isə ailə üzvləridən kiminsə narkotik vasitə olan marixuana kütləsini görə biləcəyini fikirləşmiş, ona görə də həmin narkotik vasitəni bir neçə kağız bükümdə qablaşdıraraq idarə etdiyi “Lada Qranta” markalı, C123KP05 rus dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan kiçik yük yerində gizlətmiş və hərdən də özü ondan götürüb istifadə etmişdir. 02 fevral 2021-ci il tarixdə axşam saatlarında da yaşadığı evdə olan zaman özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefonla Qusar şəhərində yaşayan tanışı Şahid6 istifadəsində olan ***-***- **-** nömrəli mobil telefona zəng edərək uşağının xəstəliyi ilə bağlı sonuncunun həkim işləyən anasından məsləhət istəmiş, sonra isə Rüstəmdən ona 30 manat borc pul verməsini xahiş etmiş, Rüstəm səhərisi gün onunla görüşərək borc pul verə biləcəyini demişdir. 03 fevral 2021-ci il tarixdə təxminən saat 11 radələrində Xaçmaz rayonu Xudat şəhərində yerləşən avtovağzalın qarşısında olan zaman Rüstəm oraya gələrək onunla görüşmüşdür. Həmin vaxt aralarında olan söhbət zamanı Rüstəm ona 30 manat borc pul vermiş, sonra isə ondan özünü Qusar şəhərinə aparmasını və bunun üçün ona 10 manat pul verəcəyini bildirmişdir. Bundan sonra Rüstəm onun avtomobilində əyləşmiş, Qusar rayonu istiqamətində hərəkətə başlamış və yolda Rüstəm ondan avtomobilində narkotik vasitə olub-olmadığını soruşmuş, narkotik vasitə qəbul etmək istədiyini demiş, o, da avtomobilində bir kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, daha sonra isə avtomobilinin salonunda olan kiçik yük yerində gizlətdiyi bir neçə büküm narkotik vasitə olan marixuanadan bir kibrit qutusunu 30 manata satdığını demiş, Rüstəm hazırda üzərində pul olmadığını, lakin 2 gün sonra 30 manat pulu ona çatdıracağını bildirmiş, ona görə də bir kibrit qutusu qurudulmuş marixuananı götürüb Rüstəmə vermiş, sonuncu da həmin kibrit qutusunu açaraq narkotik vasitədən bir hissəsini siqaret kağızına doldurmuş və hər ikisi narkotik vasitə qəbul etmiş, sonra isə bir büküm də istifadə etməsi üçün Rüstəm ona vermiş, daha sonra sonuncunu Qusar şəhərinə gətirib düşürərək Xaçmaz rayonuna qayıtmışdır. Həmin vaxtdan sonra, axşam saatlarında Xudat şəhərində olan zaman tanımadığı bir qadın ona yaxınlaşaraq onu Qusar şəhərinə aparmasını xahiş etmiş, razılaşaraq onu idarə etdiyi avtomobillə Qusar şəhərinə gətirmiş və Qusar rayonu Balaqusar kəndində yerləşən “Karvan” restoranının qarşısında həmin qadını düşürən zaman mülki geyimdə bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, Qusar rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və avtomobillə birlikdə Qusar rayon polis şöbəsinə gətirmişlər. Qusar rayon Polis Şöbəsində üzərində axtarış və götürmə aparılmış, ancaq üzərindən narkotik vasitə aşkar olunmamış, həmin vaxt avtomobilində bir neçə büküm narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, sonra isə polis əməkdaşları videoçəkilişlə vəkilin iştirakı ilə avtomobilə baxış keçirmiş və avtomobilin salonunda olan kiçik yük yerində saxladığı dörd bükümdə olan marixuana kütlələrini aşkar edib götürərək qablaşdırmış, bununla bağlı tərtib olunmuş protokola imza etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun qismən etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, üzləşmə protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 fevral 2021-ci il tarixdə post patrul xidmətinin əməkdaşları Rüstəm və Qasım adlı şəxsləri polis şöbəsinə gətirmişlər və şöbədə şəxsi axtarış zamanı Rüstəm adlı şəxsin üzərindən bir büküm narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Rüstəm adlı şəxs həmin narkotik vasitəni Xaçmaz rayonu Xudat şəhərində Zaur adlı şəxsdən 30 manata satın aldığını, bundan əvvəl də həmin şəxsdən 4-5 dəfə marixuana aldığını bildirmişdir. Zaur adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əvvəllər də əməliyyat məlumatı olmuşdur. Bundan sonra, Rüstəmin dediyi Zaur adlı şəxs-yəni Təqsirləndirilən şəxs Abusalat oğlu həmin gün axşam saatlarında Qusar rayonu Balaqusar kəndi ərazisində “Karvan” restoranının qarşısında idarə etdiyi “Lada Qranta” markalı, C123KP05 rus dövlət qeydiyyat nişanlı avtomobillə müəyyən edilərək saxlanılmış və Qusar RPŞ-nə aparılmışdır. Polis şöbəsində həmin şəxsin avtomobilinə baxış zamanı avtomobilin salonunda qabaq sağ oturacağın qarşısında olan kiçik saxlanc yerindən 4 büküm narkotik vasitə olan marixuana aşkar olunmuş, Zaur narkotik vasitələri meşədən tapdığını və özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxt, avtomobilə hər hansı şəxs tərəfindən marixuana qoyulması mümkün deyil, orada müşahidə kameraları var, həmçinin şəxsi axtarış və avtomobilə baxış zamanı vəkil də iştirak etmişdir. Bundan başqa, narkotik vasitənin istər bir büküm, istər dörd büküm olmasının fərqi yoxdur, hər iki halda satışla bağlı məsuliyyət yaranır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin PPX-nin polis nəfəri vəzifəsində işləyir. 03 fevral 2021-ci il tarixdə günorta saatlarında polis nəfəri Şahid5la birlikdə Qusar şəhərində yerləşən H.Əliyev Mərkəzi ərazisində xidmətdə olarkən iki nəfər şəxsin narkotik vasitədən istifadə etmələrinə şübhə yarandığından onlara yaxınlaşmışlar və həmin vaxt onlardan biri, sonradan tanıdığı Rüstəm adlı şəxs əlindəki kütləni yerə atmışdır. Bundan sonra onlar həmin kütləni yerdən götürərək həmin şəxsləri Qusar RPŞ-nə aparmışlar, yerdən götürdüyü kütləni polis şöbəsinə təqdim etmişlər. Polis Şöbəsində həmin şəxslərin Şahid6 və Şahid7 olduğu məlum olmuş və orada Rüstəmin üzərindən şəxsi axtarış zamanı marixuana aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şahid6 onun dostudur, onlar birlikdə oxumuşlar. Həmin şəxslə 4-5 ay görüşməmiş, 03 fevral 2021-ci il tarixdə Rüstəm ona zəng etmiş və onlar Qusar şəhərində yerləşən H.Əliyev Mərkəzi ərazisində görüşüb turnikdə məşq etməyə getmişlər. Orada Rüstəm marixuana çəkmiş, o, da dadına baxmaq üçün həmin marixuanadan bir dəfə çəkmiş və bir az sonra oraya polis əməkdaşları gəlmişlər. Polis əməkdaşlarını görəndə Rüstəm özünü itirmiş və əlindəki narkotiki yerə atmışdır. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar, orada Rüstəmin üzərindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən bir il olar ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir, bir neçə dəfə Bakı şəhərində tanımadığı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana alıb qəbul etmiş, bir neçə dəfə isə Xaçmaz rayonu Xudat şəhərində yaşayan Təqsirləndirilən şəxs pul verərək ondan narkotik vasitə olan qurudulmuş marixuana alıb qəbul etmişdir. 02 fevral 2021-ci il tarixdə də narkotik vasitə olan marixuana qəbul etmək istəmiş, ona görə də həmin gün axşam saatlarında özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefonla Zaurun istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefona zəng edərək onunla əlaqə saxlamış, özünə marixuana lazım olduğunu bildirmiş, Zaur da səhərisi gün narkotik vasitə olan marixuana sata biləcəyini demişdir. 03 fevral 2021-ci il tarixdə təxminən saat 10 radələrində isə Zaurla görüşüb ondan narkotik vasitə olan qurudulmuş marixuana almaq məqsədilə taksi ilə sonuncunun yaşadığı Xaçmaz rayonu Xudat şəhərinə getmiş, Xudat şəhərində yerləşən avtovağzalın qarşısında Zaurla görüşmüş və həmin vaxt ondan narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, Zaur da avtomobilində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və həmin narkotik vasitədən bir bükümünü ona 40 manata sata biləcəyini demiş, bundan sonra özünə məxsus olan avtomobildən iri bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı ona vermiş, o, isə Zaura 30 manat pul vermişdir. Bundan sonra isə Zaura əlavə olaraq 10 manat pul vermişdir ki, avtomobillə onu Qusar şəhərinə gətirsin. Zaur onu Qusar şəhərinə gətirmiş və yolda Zaurdan aldığı narkotik vasitədən bir hissəsini siqaret kağızına dolduraraq qəbul etmiş, Zaur da həmin narkotik vasitədən qəbul etmişdir. Zaur avtomobili ilə onu gətirib Qusar şəhərində düşürdükdən sonra çıxıb getmiş, həmin vaxtdan sonra təxminən günorta saatlarında özünə məxsus olan mobil telefonla tanışı Şahid7 məxsus olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək görüşmək istədiyini bildirmiş, sonra isə onlar Qusar şəhərinin mərkəzində görüşmüşlər. Qasımla görüşdükdən sonra ona narkotik vasitə qəbul etmək istədiyini, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, daha sonra isə onlar Qusar şəhərində yerləşən Olimpiya Kompleksinin yaxınlığındakı meşəyə gedib orada marixuana qəbul etmək qərarına gəlmişlər. Orada üzərində olan narkotik vasitədən bir hissəsini siqaret kağızına doldurub qəbul etməyə başlamış, həmin vaxt iki polis əməkdaşı onlara yaxınlaşaraq narkotik vasitə qəbul etdiklərini görmüş və onları özləri ilə Qusar rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsinə gəldikdən sonra narkotik vasitə qəbul etdiyini və üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu etiraf etmiş, sonra isə onun üzərində axtarış aparılmış və həmin vaxt əynində olan qış gödəkçəsinin sağ yan cibində olan, bir büküm narkotik vasitə olan qurudulmuş marixuana videoçəkiliş aparılmaqla aşkar edilib götürülərək qablaşdırılmış, sonra isə bu barədə protokol tərtib olunmuş, protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 04 fevral 2021-ci il tarixli üzləşmə protokolundan görünür ki, həmin tarixdə saat 19:22-dən saat 19:57-dək Təqsirləndirilən şəxs ilə Şahid6 üzləşdirilmişlər. Üzləşmə zamanı Şahid6 yuxarıda göstərilən ifadəsini-yəni 03 fevral 2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün taksi ilə Xaçmaz rayonu Xudat şəhərinə getdiyini, orada avtovağzalın qarşısında Zaurla görüşüb onun avtomobilində iri bükümdəki narkotik vasitə olan marixuananı 30 manata həmin şəxsdən satın aldığını, əvvəllər də ondan bir neçə dəfə narkotik vasitə aldığını Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “axtarış və götürmə aparılması barədə” 03 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 16:00-dan saat 16:27-dək Qusar RPŞ-nin İBnin baş müstəntiqi polis mayoru X3 tərəfindən Şahid6, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Qusar RPŞ-nin ekspert-kriminalisti vəzifəsini icra edən X1 və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X6 iştirakları ilə Şahid6 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Şahid6 üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Şahid6 əynində olan qara rəngli qış gödəkçəsinin cibindən 01 ədəd siqaret və telefon üçün nəzərdə tutulmuş 01 ədəd qulaqcığı çıxararaq təqdim etmişdir. Bundan sonra, onun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən qara rəngli 01 ədəd kağız büküm aşkar olunaraq götürülmüş, həmin kağız bükümü açıb onun içərisinə baxan zaman onun içərisində narkotik vasitə olan marixuanaya oxşar yaşıl rəngli ot şəkilli kütlə olduğu aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Şahid6 həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özünün narkotik vasitə aludəçisi olduğunu və həmin narkotik vasitəni Xaçmaz rayonu Xudat şəhərində yaşayan Zaur adlı şəxsdən 30 manata satın aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə olan marixuanaya oxşar kütlə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-in 106 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, daha sonra isə 01 ədəd siqaret və telefon üçün nəzərdə tutulmuş 01 ədəd qulaqcıq Şahid6 özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “axtarış və götürmə aparılması barədə” 03 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 20:07-dən saat 20:32-dək Qusar RPŞ-nin İBnin baş müstəntiqi polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid3, Qusar RPŞ-nin ekspert-kriminalisti vəzifəsini icra edən X1 və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, həmçinin daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirmiş və onun üzərindən belə bir əşya aşkar olunmamışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, üzərində narkotik vasitə olmasa da, hazırda idarə etdiyi "Lada Qranta" C123KP05 rus dövlət qeydiyyat nişanlı avtomobilin salonunda bir neçə bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmçinin, o, avtomobilində olan narkotik vasitədən 01 ədəd bükümdə olan hissəsini 03 fevral 2021-ci il tarixdə tanışı Şahid6 verdiyini bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi 03 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, o, idarə etdiyi “Lada Qranta” markalı avtomobilinə və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi barədə” 03 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 21:14-dən saat 21:46-dək Qusar RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Etibar Cəbrayılov tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, həmin polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3, həmin polis şöbəsinin ekspert-kriminalisti vəzifəsini icra edən X1 və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X5 iştirakları ilə Qusar RPŞ-nin inzibati binasının həyətində dayanmış vəziyyətdə olan, Təqsirləndirilən şəxs məxsus "Lada Qranta" C123KP05 rus dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə olub-olmadığı soruşulmuş, o, da avtomobildə bir neçə bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Avtomobilin salonunda sağ oturacağın qabaq hissəsində yerləşən kiçik saxlanc yerini açıb baxış keçirən zaman orada sellofan torba olduğu, həmin sellofan torbanın içərisinə baxış keçirən zaman orada 04 ədəd gümüşü kağız büküm olduğu, həmin bükümləri açıb içərisinə baxış zamanı isə onların hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra, avtomobilin yük yerinə və salonun içərisinə baxış keçirilən zaman başqa narkotik vasitə və saxlanılması qadağan olunan digər əşya aşkar olunmamışdır. Baxış keçirilən zaman videokameradan istifadə olunmuş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 04 fevral 2021-ci il tarixli 7/149 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “...Şahid6 üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli kağız bükülüdə təmiz çəkisi-0,447 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” yazısı və imzalar olan kağız paketdəki 04 (dörd) ədəd “gümüşü” rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2,367 qram, 1,509 qram, 1,410 qram, 1,725 qram, ümumi çəkisi- 7,011 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şahid6 üzərindən və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi 0,447 qram (1 №liob) və ümumi çəkisi-7.011 qram (2-5 №liob), 0,25 qram tədqiqata sərf olunmuş, 0,397 qram və 6.811 qram qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli 7/149 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 05 fevral 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Şahid6 üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,397 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 6,811 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənovun 06 fevral 2021-ci il tarixli raportundan və həmin tarixli 125 saylı mədaxil qaiməsindən görünür ki, maddi sübut kimi tanınmış, keçirilmiş ekspertizalardan sonra qalıq qalmış 0,397 qram və 6,811 qram narkotik vasitə olan qurudulmuş marixuanalar Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 mart 2021-ci il tarixli 673 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 03 fevral 2021-ci il tarixli «cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:38-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli 4(029)- 7/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 02 aprel 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 7,208 qram qurudulmuş marixuana iş üzrə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Şahid6 barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə başlanmamış və barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsindən ötrü qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilməsi nəzərə alınmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 05 aprel 2021-ci il tarixli 3(029)- 178/2021 saylı qərarının surətindən görünür ki, Şahid6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli 478/2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xudat şəhəri K.Zavod qəsəbəsi Yeni Planlar ərazisində yaşayır və ailə tərkibi arvadı X2, 10.08.2005-ci il təvəllüdlü oğlu Rail Muradovdan, 13.11.2006-cı il təvəllüdlü qızı Şəmsiyyə Muradovadan və 29.10.2012-ci il təvəllüdlü qızı Ayla Muradovadan ibarətdir. İş materiallarında olan Seriya AZE 1172645, Seriya AZE 11172629 və Seriya AZE 11172644 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 10.08.2005-ci il təvəllüdlü Rail, 13.11.2006-cı il təvəllüdlü Şəmsiyyə və 29.10.2012-ci il təvəllüdlü Ayla adlı üç uşaqları vardır. Onlardan biri azyaşlı, ikisi isə yetkinlik yaşına çatmayan şəxslərdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli 478/3 saylı xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olmaqla K.Zavod qəsəbəsi Yeni Planlar ərazisində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı Şahid6 satmaması, həmin narkotik vasitəni həmin şəxsə pul almadan verməsi, 30 manat pulu guya Rüstəmdən borcun əvəzi kimi alması, avtomobilində yalnız bir büküm narkotik vasitə olması, qalan bükümləri isə başqa şəxslərin avtomobilə qoyması barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, o cümlədən məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs özünün və Şahid6 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, eləcə də, işdə olan üzləşmə protokolu, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs avtomobilinə keçirilmiş baxış protokolu, üzərinə şəxsi axtarış protokolu və digər sübutlarla tam təkzib edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs həqiqətən də, istintaqa məlum olmayan mənbədən və tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb Xaçmaz rayonu Xudat şəhərində yerləşən evinə apararaq orada saxlaması, daha sonra isə həmin narkotik vasitəni bükümlərə yığaraq idarə etdiyi “Lada Qranta” C123KP05 rus dövlət qeydiyyat nişanlı avtomobilində daşıyaraq satış məqsədi ilə saxlaması, 03 fevral 2021-ci il tarixdə, təxminən saat 11 radələrində Xaçmaz rayonu Xudat şəhərində yerləşən avtovağzalın qarşısında həmin narkotik vasitədən 01 ədəd iri bükümdə əvvəllər tanıdığı Qusar şəhər sakini Şahid6 30 manata qanunsuz olaraq satması, qalan hissəsini isə satış məqsədi ilə idarə etdiyi avtomobildə saxlaması, 03 fevral 2021-ci il tarixdə axşam satlarında Qusar RPŞ-nin əməkdaşları tərəfindən Qusar rayonu Balaqusar kəndi ərazisində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Qusar rayon polis şöbəsinə gətirilməsi və 03 fevral 2021-ci il tarixdə saat 21:14-də aparılan axtarış zamanı həmin narkotik vasitənin ayrı-ayrılıqda təmiz çəkiləri-2,367 qram, 1,509 qram, 1,410 qram və 1,725 qram, ümumi təmiz çəkisi-7,011 qram olmaqla 04 ədəd iri gümüşü kağız bükümlərdə olan hissəsinin onun idarə etdiyi “Lada Qranta” C123KP05 rus dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı kiçik saxlanc yerindən aşkar edilib götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halı, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real çəkmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması onun və digər şəxslər tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir. Həmçinin, cinayətin törədilməsi zamanı və bundan sonra Təqsirləndirilən şəxs davranışları ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mövcud olmadığından məhkəmə onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə də heç bir əsas görmür. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş, müvafiq ekspertizadan sonra qalıq qalmış 6,811 qram və Şahid6 üzərindən aşkar edilmiş, müvafiq ekspertizadan sonra qalıq qalmış 0,397 qram narkotik vasitə olan qurudulmuş marixuanalar məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 78.82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 03 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 78.82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş, müvafiq ekspertizadan sonra qalıq qalmış 6,811 qram və Şahid6 üzərindən aşkar edilmiş, müvafiq ekspertizadan sonra qalıq qalmış 0,397 qram narkotik vasitə olan qurudulmuş marixuanalar məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-40/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-40/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver