Məhkəmə qərarları › İş №1(029)-41/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-41/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-41/2024 30.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2000-ci il tarixdə Qobustan rayonu, Şıxzərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Şıxzahirli ərazi dairəsi, Şıxzahirli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq gizli talama yolu ilə özgənin əmlakını oğurlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, günorta radələrində Qobustan rayonu, Şıxzahırlı kənd sakini Zərərçəkmiş şəxs məxsus Qusar rayonu Ləzə kəndi ərazisində açıq sahədə otlayan 03 baş xalis ət çıxarı təxminən 50 kq olan hər birinin dəyəri 700 manat, 05 baş xalis ət çıxarı 100 kq olan hər birinin dəyəri 1400 manat və 04 baş xalis ət çıxarı 70 kq olan hər birinin dəyəri 980 manat olmaqla cəmi dəyəri 13020,0 manat olan 12(on iki) baş iribuynuzlu malları gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni cəmi 13020,0 manat ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, həmkəndlisi Əzimə məxsus iribuynuzlu mal-qaranı Qusar rayonu Ləzə kəndi ərazisində yerləşən yaylaqda otarmaqla çobanlıq etmişdir. 2023-cü ilin yay mövsümündə mal-qaranı yaylaqda otarmaq üçün Qusar rayonuna gətirmişdir. 09 avqust 2023-cü il tarixdə, səhər saatlarında yaylaqda olduğu zaman 12 baş iribuynuzlu sahibsiz malların otladıqlarını görmüş, həmin vaxt maddi vəziyyəti yaxşı olmadığından həmin malları oğurlayıb satmaq qərarına gəlmişdir. Lakin bu işi tək görə bilməyəcəyi üçün həmin gün qonşu Təklə kənd sakini olan tanışı Asifə zəng edərək yaylağa qonaq çağırmış, Asif də həmin gün günorta radələrində Qusar rayonu Ləzə kəndinə gəlmiş, Ləzə kəndində Asifi qarşılamışdır. Onlar birlikdə Ləzə kəndində yeyib-içdikdən sonra kəndin ətrafında gəzmiş, həmin vaxt Ləzə kəndinin yaxınlığında “X3” arxa tərəfində əvvəlcədən yaylaqdan düşürdüyü 12 baş iribuynuzlu malları Asifə göstərmiş və həmin malların ona məxsus olduğunu, lakin təcili pul lazım olduğu üçün ucuz qiymətə satmaq istədiyini demiş və mal almaq istəyən tanışı varsa satmağa köməklik etməsini xahiş etmişdir. Asif həmkəndlisi, həm də tanışı Əlif adlı şəxsə məxsus mobil nömrəyə zəng etmiş və ucuz qiymətə iribuynuzlu mallar olduğunu demiş, Əlif də həmin vaxt Qusar rayonunda olduğunu, hara gəlməli olduğunu soruşmuş, Asif də Zindan Muruq kəndi ərazisində çayın üzərindəki körpünün yanına gəlməsini bildirmişdir. Bundan sonra Asiflə birlikdə 12 baş iribuynuzlu malları həmin körpüyə gətirmiş, həmin yerə Əlif idarə etdiyi “Ateko” markalı yük avtomobili ilə gəlmiş, onlar görüşmüş, 12 baş iribuynuzlu malları, yəni 3 baş xalis çəkisi təxminən 50 kq, 5 baş xalis çəkisi təxminən 100 kq, 4 baş da xalis çəkisi təxminən 70 kq olan malları Əlifə göstərmiş, Əlif həmin mallara görə cəmi 6500 manat pul verəcəyini demiş, o, da Əliflə razılaşmış, Əlif ona 200 manat pul vermiş, qalan 6300 manat pulu da kənddə verəcəyini demiş və razılaşmışlar. Əlif malları avtomobilə onların köməkliyi ilə mindirmiş və Asiflə birlikdə oradan getmişlər. Əlifin ona verdiyi 200 manat pulun 100 manatını özü götürmüş, 100 manatı da ona kömək etdiyi üçün Asifə vermişdir. Bundan sonra yaylağa geri qayıtmış, təxminən 5-6 gün sonra Asifgilin kəndinə getmiş və birlikdə Əliflə görüşmüş, təxminən 20-21 avqust 2023-cü il tarixlərdə Əlif qalan 6300 manat pulu ona vermişdir. Bundan sonra oğurladığı malların həmkəndlisi Zaminə məxsus olduğunu öyrənmiş, Zaminə dəymiş ziyanı, yəni 12 baş iribuynuzlu malları qaytarmışdır. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismindi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay mövsümündə mal-qaranı Xızı rayonunda yerləşən yaylaqda otarmaq üçün gətirmiş, təxminən 09 avqust 2023-cü il tarixdə, səhər saatlarında Qusar rayonunda yerləşən yaylaqda Zaminin həmkəndlisi, həm də tanışı Tacir ona zəng edərək yeyib-içməyə dəvət etmişdir. Həmin gün günorta saatlarında Qusar rayonu Ləzə kəndinə gəlmiş, Tacir onu Ləzə kəndində qarşılamış, birlikdə Ləzədə yeyib-içdikdən sonra kəndin ərazisində gəzmiş, həmin vaxt Ləzə kəndinin girişində “X5”nin arxa tərəfində Tacir 12 baş iribuynuzlu malları ona göstərmiş və həmin malların özünə məxsus olduğunu, pul lazım olduğu üçün ucuz qiymətə satmaq istədiyini, malları satmaqda köməklik göstərməsini xahiş etmişdir. Tanışı, həm də həmkəndlisi Əlifə məxsus mobil nömrəyə zəng etmiş, ucuz qiymətə iribuynuzlu mallar satıldığını, istəyirsə Qusar rayonuna gəlib almasını demiş, Əlif də həmin vaxt Qusar rayonunda olduğunu bildirmiş və axşam tərəfi ona zəng edib hara gəlməli olduğunu soruşmuş, o, da Zindan Muruq kəndində çayın üzərindəki körpünün yanına gəlməsini bildirmişdir. Bundan sonra Tacirlə birlikdə 12 baş iribuynuzlu malları həmin körpüyə gətirmiş, həmin yerə Əlif idarə etdiyi “Ateko” markalı yük avtomobili ilə gəlmiş, onlar görüşmüş, Tacir 12 baş iribuynuzlu malları, yəni 3 baş xalis çəkisi təxminən 50 kq, 5 baş xalis çəkisi təxminən 100 kq, 4 baş da xalis çəkisi təxminən 70 kq olan malları Əlifə göstərmiş, Əlif həmin mallara görə cəmi 6500 manat pul verəcəyini demiş, Tacir də razılaşmış, Əlif Tacirə 200 manat pul vermiş, qalan 6300 manat pulu da kənddə verəcəyini demişdir. Tacir Əlifin verdiyi 200 manat puldan 100 manat da özünə kömək etdiyi üçün ona vermişdir. Bundan sonra Əliflə birlikdə avtomobilə əyləşib oradan Qusar şəhərinə gəlmiş və buradan da yaşadığı ünvana yol maşını ilə getmişdir. Bundan 5-6 gün sonra Tacir onların kəndinə gəlmiş, birlikdə Əliflə görüşmüş, təxminən 20-21 avqust 2023-cü il tarixlərdə Əlif yaşadıqları kənddə qalan 6300 manat pulu Tacirə vermişdir. Sonradan Qusar rayon Polis Şöbəsindən onu ifadə vermək üçün dəvət etdikdən sonra Tacirin özünə məxsus olduğunu dediyi malların həmkəndlisi Zaminə məxsus olduğunu və həmin malları oğurlayıb Əlifə satdığını bilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, heyvandarlıqla məşğul olmaqla ailəsini dolandırmışdır. Hər il yay mövsümündə mal-qaranı Quba-Qusar rayonları ərazisində yerləşən yaylaqlarda otarmaq üçün gətirmiş, 2023-cü ilin may ayında 15 baş iribuynuzlu mallarını Qusar rayonu Ləzə kəndinin yaxınlığında yerləşən yaylağa gətirib buraxmış və orada olan çobanlardan nəzarət etmələri üçün xahiş etmişdir. Bundan sonra 2023-cü ilin iyul ayında Qusar rayonu Ləzə kəndinin yaxınlığında yerləşən yaylağa gələrək malları yoxlamış, həmin vaxt mallar yerində olmuşdur. Bundan sonra 2023-cü ilin sentyabr ayında həmin malları aparmağa gəldikdə isə 12 baş iribuynuzlu, yəni 3 baş təxminən 50 kq, 5 baş təxminən 100 kq, 4 baş da təxminən 70 kq çəkidə olan iribuynuzlu malların yerində olmadığını, həmin mallardan yalnız 3 başının yerində olduğunu aşkar etmiş, əvvəlcə malların itdiyini fikirləşmiş və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Onun müraciəti əsasında Qusar rayon X4 Bölməsində araşdırma aparılmış, lakin malları tapılmamışdır. Bundan sonra özünə məxsus malları həmkəndlisi Təqsirləndirilən şəxs qonşu kənddən olan Şahid1 köməkliyi ilə oğurladığını bilmiş, 2023-cü ilin noyabr ayında Tacir ona məxsus 12 baş iribuynuzlu malları qaytarmışdır. Buna görə də Tacir və Asif barəsində şikayəti olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünə məxsus “ATEKO” markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobillə mal-qara alıb-satmaqla məşğul olmaqla ailsini dolandırmışdır. Belə ki, əsasən Respublikanın şimal rayonlarını gəzərək kəndlərdən mal-qara alıb Şamaxı rayonunda yerləşən mal bazarında satmışdır. Aldığı malları nisbətən ucuz alıb üzərində qazanc əldə etmişdir. Təxminən 09-10 avqust 2023-cü il tarixlərdə Qusar rayonunda yerləşən Zindan Muruq kəndində tanımadığı şəxslərdən 04 baş iribuynuzlu mallar almış, həmkəndlisi Asif özünə məxsus mobil nömrədən ona zəng edərək tanışı Tacir adlı şəxsin Qusar rayonu ərazisində 12 baş iribuynuzlu malları pul lazım olduğu üçün ucuz qiymətə satdığını bildirmiş, o, da qazanc əldə etmək üçün yaxşı variant olduğunu düşünərək, Zindan Muruq kəndi ərazisində yerləşən körpünün yanında görüşməyə razılaşmışlar. Bundan sonra həmin yerə getmiş, orada Tacir və Asiflə görüşmüş, 12 baş iribuynuzlu malları, yəni 3 baş təxminən xalis çəkisi 50 kq, 5 baş təxminən xalis çəkisi 100 kq, 4 baş təxminən xalis çəkisi 70 kq olan malları Tacir ona göstərmiş, Tacirə həmin mallara görə cəmi 6500 manat pul verə biləcəyini, həmin pulu da malları satdıqdan sonra verəcəyini bildirmiş və onlar razılaşmışlar. Beh olaraq Tacirə 200 manat pul vermiş, qalan 6300 manatı da malları satıb kənddə verəcəyini bildirmişdir. Onlar malları köməkli şəkildə avtomobilə mindirmiş, Asiflə birlikdə yola düşmüş, Qusar şəhərində Asif avtomobildən düşmüş, o, isə malları səhəri gün 10-11 avqust 2023-cü il tarixdə malları Şamaxı bazarına aparmış, 12 baş iribuynuzlu mallar, yəni 3 baş təxminən 50 kq çəkidə malları kiloqramın 11 manata olmaqla 1800 manata, 5 baş 100 kq çəkidə malları kiloqramın 6 manatdan 3000 manata, 4 baş da təxminən 70 kq çəkidə malları kiloqramın 11 manata olmaqla 3080 manata satmaqla cəmi 7780 manat pul əldə etmiş, həmin pulun da 6300 manatını Asifə bir neçə gün sonra vermişdir. Belə ki, həmin iribuynuzlu 12 baş malların oğurluq olması barədə məlumatı olmamış çünki Tacir malların özünə məxsus olduğunu ona demiş, Asif də bunu təsdiqləmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-9/2024 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 13020,00 manat müəyyən edilir. Həmin iribuynuzlu heyvanların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, təqsirləndirilən şəxs hadisənin baş vermə səbəbini, mezanizmini, yerini və digər xüsusatları bildirmişdir. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxs Əbilov X1 Tacir Əmrah oğlu ilə barışmış, ona qarşı şikayət və tələbi olmamışdır. İş materiallarından görünür ki, X2 “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, iş üzrə vurulmuş olan maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, vurulmuş olan maddi ziyanın ödənilməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qobustan rayonu, Şıxzahirli ərazi dairəsi, Şıxzahirli kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qobustan rayonu, Şıxzahirli ərazi dairəsi, Şıxzahirli kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar