Məhkəmə qərarları › İş №1(029)-41/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-41/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-41/2025 11.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Qusar şəhəri, Qılah-Oba kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Qusar şəhəri ərazisində yerləşən “Balaca Çikaqo” kafesində olan zaman şəxsi münasibətlər zəminində aralarında yaranan sözlü mübahisə nəticəsində Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə əl içi zərbəsi ilə vurmuş, qeyd olunan kafenin mətbəxində isə saçlarını dartmış, bir dəfə isə təpik zərbəsi vuraraq alt dodağın selikli qişasının sol tərəfinin əzilmiş-çapılmış yarası ilə nəticələnən xəsarət yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində, Qusar şəhəri ərazisində yerləşən “Balaca Çikaqo” kafesində olan zaman şəxsi münasibətlər zəminində aralarında yaranan sözlü mübahisə nəticəsində birlikdə oturub yeyib içdiyi Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə əl içi zərbəsi ilə vurmuş, kafenin mətbəxində isə saçlarını dartmış və bir dəfə təpik zərbəsi ilə vurmuşdur. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidin təhqiqat zamanı verdikləri ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Qusar şəhəri ərazisində yerləşən “Balaca Çikaqo” kafesində olan zaman şəxsi münasibətlər zəminində aralarında yaranan sözlü mübahisə nəticəsində birlikdə oturub yeyib içdiyi Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə əl içi zərbəsi ilə vurmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyə icraat zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Qusar RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində, Qusar şəhəri ərazisində yerləşən “Balaca Çikaqo” kafesində olan zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs onu əl-qol zərbəsi, həmçinin təpik zərbəsi ilə vurması və nəticədə xəsarət alması barədə bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyə qədər icraat zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Qusar şəhəri ərazisində yerləşən “Balaca Çikaqo” kafesində olan zaman şəxsi münasibətlər zəminində aralarında yaranan sözlü mübahisə nəticəsində birlikdə oturub yeyib içdiyi Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə əl içi zərbəsi ilə vurmasını, qeyd olunan kafenin mətbəxində isə mübahisələrinin davam etməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş «MTE və PA Birliyinin» Qusar rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 62 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alt dodağın selikli qişasının sol tərəfinin əzilmiş-çapılmış yarası küt əşyanın təsirindən törənməklə xx.xx.2025-ci il tarixdə əl-qol zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri, Nizami rayon məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 07 fevral 2017ci il tarixli hökmü ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğu 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu cinayət əməlinə görə zərərçəkmiş şəxslə barışdığından, cinayət məsuliyyətindən azad edildiyinə görə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi halı müzakirə edilə bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı var. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını; zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin edilməsi cəzanın məqsədini təmin edə bilməz. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum olunsun. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar