Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-42/2022 05.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" QSC-də nəzarətçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən təqsirli bilinir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə gecə radələrində baldızı Şahid1 təbii doğuş edən zaman ölü döl dünyaya gətirməsini həkim mama-ginekoloq Zərərçəkmiş şəxs məsləhəti ilə xx.xx.2022-ci il tarixdə 175 manat müqabilində vurdurduğu “İmmunorho-300” iynəsinin səbəb olduğunu güman edərək, öz narazılığını bildirmək üçün 18 mart 2022-ci il tarixdə saat 16:30 radələrində Qusar RMX PHŞ-in Doğum Şöbəsinin həkim istirahət otağına gedib, Zərərçəkmiş şəxs öz iradını bildirmiş və iynənin dəyəri olan 175 manat pulu geri qaytarmasını tələb etmiş, lakin Zərərçəkmiş şəxs iradla razılaşmayaraq əsassız olduğunu bildirib pulu qaytarmaqdan imtina etdiyi üçün aralarında qısa müddətli mübahisə baş vermiş, həmin mübahisə vaxtı o, Zərərçəkmiş şəxs sol əlini tutub qəsdən buraraq sonuncuya “sol əlinin 4-cü barmağının əl daraq sümüyünün sınığı” ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa AZ AĞİR zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun qardaşının hamilə olan arvadının həkimi olmuş, Elena sonuncuya hansısa iynə alıb vurdurmasını, əks halda ya özünün, ya da uşağın öləcəyini demişdir. Qardaşının arvadı həmin iynəni vurduqdan sonra doğuş zamanı uşaq ölmüşdür. Bu səbəbdən də, o, 18 mart 2022-ci il tarixdə saat təxminən 16:30 radələrində qardaşının arvadı ilə birlikdə həkim Zərərçəkmiş şəxs ona verdikləri 175 manat pulu geri istəməyə getmişdir. Həmin vaxt Elena otağında oturub yemək yeyirdi. O, pulu geri istəyəndə Elena onu təhqir edərək otaqdan çıxmasını, pulunun olmadığını, hara istəyirsə şikayət etməsini demiş, o, da hirslənib Elenaya “sizə haram xoş olsun” deyərək otaqdan dəhlizə çıxmışdır. Bundan sonra, Elena onun dalınca gəlmiş, qardaşı arvadını və onu itələmiş, onun əlində olan çantasını dartmış və onlar tutuşub dartışmışlar. Həmin vaxt Elena barmağını tutub “barmağımı sındırmısan, səndən şikayət edəcəyəm” demişdir. Onun Elenanın barmağını sındırmaq niyyəti olmamış, əlində çanta olmuş, həmçinin saçında saç yığan olmuş, o, Elena ilə tutuşub dartışanda ola bilər ki, saç yığan və ya çanta Elenanın əlinə dəyib sındırmışdır. Daha sonra Zərərçəkmiş şəxs ondan polisə şikayət etmiş və o, istintaqa cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilə şəxsin qardaşının arvadı Maya onun həmkəndlisidir. Mayanın iki uşağı doğulmuş, o, həmin uşaqların doğuşunda iştirak etmiş, məsuliyyətini də özü daşımışdır. Mayanın qan qrupu mənfi, ərinin qan qrupu isə müsbətdir. Belə olan halda hamiləliyin yeddinci ayında hamilə qadına iynə vurulmalıdır. Maya hamiləliyin 37-38-ci həftəsində müraciət etmiş, həmin şəxs USM-ə göndərilmiş və uşağın ürəyində kardiopatiya olduğu müəyyən olunmuşdur. Mayaya “İmmunorho-300” adlı iynə vurulmalı olduğu izah edilmişdir. Doğuş vaxtı Mayanın yaxın qohumlarını dəvət etmiş, Mayanın bacısı da doğuşda iştirak etmişdir. Doğuş zamanı uşaq ölü çıxmışdır. Uşaq doğuş zamanı, doğuş yolunda ölmüşdür. 18 mart 2022-ci il tarixdə axşam saat 17:30 radələrində o, otağında olan vaxt Məhəbbət Maya və onun uşağı ilə birlikdə onun otağına gəlmiş, ona hücum edib hamiləliyin 28-ci həftəsində vurulmuş iynənin pulunu ondan tələb etmişdir. O, isə iynəni vuran şəxsin başqa şəxs olduğunu, onlardan iynəyə görə pul almadığını, bunun ona heç bir aidiyyəti olmadığını, hara istəsə müraciət edə biləcəyini demişdir. Həmin vaxt orada olan Milanə Məhəbbətə onun hamilə olduğunu demiş, bundan sonra Məhəbbət onun bətnində olan uşağa qarğış etmiş və barmağını bərk sıxaraq ona hədə-qorxu gəlmişdir. Həmin vaxt o, əlində pis ağrı hiss etmişdir. Daha sonra o, travmatoloqun yanına getmiş və onun əlinin dördüncü barmağının falangasının sındığını müəyyən etmiş, əlinə gips qoyulmuşdur. Bundan sonra o, Məhəbbətin barəsində polisə şikayət etmiş və sonuncu istintaqa cəlb olunmuşdur. O, Təqsirləndirilən şəxs vurmamışdır. Hazırda o, Məhəbbətlə barışmış, sonuncu ondan üzr istəmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar MRX-da Elena həkimlə bir şöbədə işləyir. Hadisə baş verən vaxt o, Elena ilə bir otaqda olmuşdur. Həmin vaxt Məhəbbət bir qadın və uşaqla otağa gəlmiş, Elenanın üstünə hücum çəkmək istəyərkən o, həmin şəxsə yaxınlaşıb imkan verməmiş və Elenanın hamilə qadın olduğunu bildirmişdir. Həmin vaxt Elenanın Məhəbbəti vurduğunu görməmişdir. O, Məhəbbətin Elenanın əlini tutaraq burduğunu görməmişdir. Hadisədən sonra Elena qolunu tutmuş və əzildiyini bildirmiş, o, soyuducudan buz gətirərək onun əlinə qoymuşdur. Mübahisə vaxtı o, Elenanı müdafiə etdiyinə görə Məhəbbət ona da “sənə bax gör neynəyərəm” demişdir. Mübahisə vaxtı o, qapının ağzında olmuş, Elena isə stulda oturmuşdur. Onların mübahisəsi otaqda başlamış, dəhlizdə davam etmişdir. Həmin vaxt kimin kimi vurduğunu görməmişdir. O, Elenanın Məhəbbəti döyməsini, onun saçını dartmasını görməmişdir. Mübahisədən sonra Elena stulda oturub əlini tutmuş və sındığını demişdir. Doğum şöbəsinə kənar şəxslər buraxılmır, onların oraya necə gəldiklərini bilmir. Elena hadisədən əvvəl qolunun əzilməsi barədə ona heç nə deməmiş, o, özü öz əlini sındıra bilməzdi. Sonradan Elena əlini gipsə saldırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, həkim Zərərçəkmiş şəxs çoxdan tanıyır. Uzun müddətdir ki, onunla bir yerdə Qusar MRX-da işləyir. Hadisə baş verən gün doğum şöbəsinə gedərkən Elenanın olduğu otaqdan səs-küy gəlmiş, Məhəbbət Elenanı nalayiq söyüşlərlə təhqir etmişdir. Niyə təhqir etdiyini bilmir. O, həmin gün xəstəxanada olmuş, işə çıxmışdır. Növbəti gün işə gələndə Elenanın əlinin gipsdə olduğunu görmüş və sındığını bilmişdir. Mübahisə vaxtı Məhəbbətin Elenanın əlini qırmağını görməmişdir. Mübahisə otaqda başlamış və sonra dəhlizdə davam etmişdir. Onlar bir-birindən şikayət edəcəklərini demişlər. Onların bir biri ilə dalaşmalarını, bir birini dartmalarını, Elenanın Məhəbbətin əlindəki çantasını dartmasını, saçlarından tutub dartmasını görməmişdir. Həmin vaxt Məhəbbət Elenaya qarğış etmişdir. Daha sonra hadisə yerinə mühafizəçilər çağırılmış və Məhəbbəti oradan aparmışlar. Elenanın əlinin sındığını növbəti gün səhər işçilər də ona demişlər. Sonradan bilmişdir ki, Məhəbbət Elenanın barmağını burub sındırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, həkim Zərərçəkmiş şəxs tanıyır, təqsirləndirilən şəxsi hadisə olan gün tanımışdır. Hadisə 18 mart 2022-ci il tarixdə axşam saatlarında baş vermişdir. Hadisə olan vaxt o, ginekologiya şöbəsində dəhlizdə olmuş, o da səs-küy eşitmiş, Elenanın səsini eşitmiş, Məhəbbət Elenanı söymüşdür. Niyə söydüyünü bilməmişdir. Onların bir-birilərini vurmalarını görməmişdir. Elena həmin hadisədən sonra əlindən xəsarət almış, əlini bintlə bağlamışdır. Bundan sonra soyuducudan buz gətirilərək Elenanın əzilmiş əlinə qoyulmuş, həmin vaxt Elena onun əlini Məhəbbətin sıxdığını və barmağının sındığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Qusar MRX-da mühafizəçi vəzifəsində işləyir. Elena həkimi tanıyır, Məhəbbət adlı o biri xanımı isə hadisə günü tanımışdır. Hadisə olan tarix dəqiq yadında deyildir. Məhəbbət xəstəxanaya gələrək doğum şöbəsinə getmək istədiyini bildirmiş, o da Məhəbbətə karantinlə əlaqədar xəstəxanaya kənar şəxslərin buraxılmadığını bildirmişdir. Sonradan Məhəbbətin xəstəxanaya necə daxil olmasını bilməmişdir. Təxminən 20-25 dəqiqədən sonra o, səs-küy eşitmiş, hadisə yerinə gedəndə Məhəbbətin Elenanın ünvanına söyüşlər söydüyünü eşitmiş və onu oradan aparmışdır. Sonradan o, Elenanın əlinin gipsdə olduğunu görmüş, ondan nə olduğunu soruşanda mübahisə zamanı Məhəbbətin onun əlini sıxıb barmağını sındırdığını demişdir. O, mübahisə vaxtı Elenanın Məhəbbəti söyməsini, döyməsini görməmişdir. Elena həmin vaxt dəhlizin digər tərəfində, bir az uzaqda olmuşdur. Hadisə baş verən gün Elena işə gələndə onun əli gipsdə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızıdır. Hadisə baş verən zaman baldızı Məhəbbətin Zərərçəkmiş şəxs əlindən tutub sındırmasını görməmiş, Elenanın əlinin sındığını sonra bilmişdir. Həmçinin, o, həmin vaxt Elenanın hamilə olduğunu bilməmişdir. Həmin vaxt Məhəbbətin əlində çanta olmuş, ola bilər ki, Elenanın əli həmin çantaya dəyib sınmışır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 23 avqust 2021-ci il tarixdə 7-8 həftəlik hamiləlik diaqnozu ilə “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə müraciət etmiş, daha sonra isə öz arzusu və seçimi ilə müayinəsi xəstəxananın Doğum-ginekologiya şöbəsinin həkim mama-ginekoloqu Elena tərəfindən davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Doğumginekologiya şöbəsinin həkim mama-ginekoloqu Elenanın məsləhəti və vasitəsi ilə 175 manat müqabilində “İmmunorho 300” iynəsini alıb, xəstəxananın Doğum-ginekologiya şöbəsində ona vurmuşlar. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində o, dölyanı suları açılmış vəziyyətdə xəstəxanaya müraciət edərək “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Doğum-ginekologiya şöbəsinə stasionar müalicəyə alınmış, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində təbii doğuş edərək ölü döl dünyaya gətirmiş, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində isə evə buraxılmışdır. 18 mart 2022-ci il tarixdə saat 16:30 radələrində o, baldızı Məhəbbət ilə birlikdə xəstəxananın Doğum-ginekologiya şöbəsinin həkim istirahət otağına gəlmişlər. Həmin vaxt Məhəbbət, Elenadan ona vurulmuş iynənin dəyəri olan 175 manat pulu tələb etməyə başlamış, Elena isə həmin iynəni şirkətdən aldığını, heç bir maddi marağı olmadığını əsas gətirərək pulu ödəməkdəm imtina etmişdir. Bu zaman Məhəbbət, Elenanın ünvanına qarğışlar etmiş, sonuncu da əsəbləşib, ayağa durub Məhəbbətin ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra isə arxa tərəfdən sonuncunun sol çiynindən bərk əl zərbəsi ilə vurub, əli ilə saçından tutaraq dartışdırmağa başlamış və mübahisə zamanı Məhəbbətə məxsus əl çantasının içəri kəmərlərindən birini cırmışdır. Bu zaman Məhəbbət, özünü müdafiə etmək üçün Elenanın sol əlinin tutub burmaqla, özündən uzaqlaşdırmışdır. Bundan sonra isə otağın qarşısına digər tibb işçiləri gəlmişlər. Həmin vaxt onlar xəstəxanadan çıxıb kəndə qayıtmışlar. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, “MTE və PA” Birliyinin Qusar rayon şöbəsinin 118 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol əlinin 4-cü barmağının əl daraq sümüyünün sınıqı küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa “AZ AGİR” zərər vurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, “MTE və PA” Birliyinin Qusar rayon şöbəsinin 143 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Həmin rəyin Qeyd hissəsində göstərilmişdir ki, təqdim edilmiş tibbi sənəddə qeyd olunan diaqnoz “zəif dərəcəli hipertrofiya, ambliopiya, presbiopiya” travma ilə heç bir əlaqəsi yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının 06 may 2022-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 26 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1994 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda yoxdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 176 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır. Ailə tərkibi anası X3, qardaşları X9, X4, X5, qardaşının həyat yoldaşı X1, qardaşı qızı X6, qardaşı oğulları X7, X10 və X8 ibarətdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 05 iyul 2022-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-42/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-42/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver