Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-42/2023 03.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: Vəlibəyov Nüsrət Şövkət oğlunun, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Qusar rayonunun Urva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada taksi sürücüsü işləyən, Qusar rayonu Urva kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Həkimov Elxan Kərim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Həkimov Elxan Kərim oğlu 14 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində özünə məxsus olan “Vaz 21074” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar- Xudat yolunun 3-cü km-də, Xaçmaz rayonu Xudat istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli, maksimum sürətin məhdudlaşdırılmasım və hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda, qanunun bu tələblərini pozaraq, avtomobili yaşayış məntəqəsində 60 km saatda sürətlə idarə etmiş, yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada Qusar rayonu Əniğ kəndində yaşayan Vəlibəyov Nizami Şövkət oğlunu vurmuş, nəticədə “burnun sümüklərinin sınıqları, burnun üstündə və alt çənəsinin altında əzilmiş-cırılmış yaraları, sağ bud sümüyünün orta 1/3-nin qapalı sınığı, sol əlinin arxa səthində və hər budun ön səthində, hər iki dizin ön səthində sıyrıqlar, ənsə nahiyyəsinin yumşaq toxumalarının daxili səthində qansızması, sağ yarım kürənin üstündə qan laxtası, baş-beyin toxumalarında xırda ölçülü nöqtəvari qansızmaları, beyin mədəciklərdə bir neçə ml qırmızı maye, beyincik toxumasında nöqtəvari qansızmaları, kəllə əsasının sağ ön və arxa çuxurlarında sınıq xətləri” ilə ifadə olunan dərəcələrinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərin almasına və aldığı xəsarətlərdən hadisə yerində ehtiyyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində özünə məxsus olan “Vaz 21074” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu Qusarçay kəndinə müştərinin sifarişi əsasında balıq yağı gətirməyə getmək üçün avtomobillə Qusar-Xudat yolu ilə Xudat istiqamətində tək hərəkət etmişdir. Avtomobili hava dumanlı olduğu üçün təxminən 60 km/saatda sürətlə idarə etmiş, həmin yolun 2-ci km-də yolun kənarında yerləşən “MM” restoranının qarşısında olarkən, yolun sağ tərəfindən bir nəfər kişinin yola qaçaraq sol tərəfə keçməsini təxminən 4-5 metr məsafədən görmüş, qarşısına çıxmağı ilə həmin şəxsi vurmağı bir olmuşdur. Həmin vaxt nə baş verdiyini tam anlamamış, avtomobillə bir qədər irəli getmiş, insan vurduğunu başa düşdükdən sonra avtomobili hadisə yerindən təxminən 80 metr məsafə aralalıda saxlamışdır. Avtomobili aralı saxlamasına səbəb ona kənar şəxslərin nəsə etmək qorxusu olmuş, avtomobili yolun kənarında görünməməsindən ötrü ağacların altında saxlamışdır. Həmin vaxt hava dumanlı olmuş, avtomobili saxlayaraq hadisə yeri istqamətində piyada getmiş, nə baş verdiyini dəqiqləşdirmək istəmiş, həmin vaxt yaxınlıqda dayanmış, söhbətlərə qulaq asmış, piyadanın öldüyünü bilmiş, onun yanındakılarının ölənin qohumları olduğunu aydınlaşdırmışdır. Lakin həmin şəxslər tərəfindən döyülməsindən qorxaraq onlara daha da yaxın getməmiş, həmin yerə kənar şəxslər də yaxınlaşmış, hadisədən təxminən 5 dəqiqə sonra ora polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlarını görərək onlara yaxınlaşaraq hadisəni törətdiyini etiraf etmiş, piyadanı vurduğu yeri göstərmişdir. Avtomobili saatda təxminən 60 km sürətlə idarə etmişdir. Törətdiyi cnayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Həkimov Elxan Kərim oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Vəlibəyov Nüsrət Şövkət oğlu ifadəsində göstərdi ki, Nizami Vəlibəyov onun qardaşıdır, Qusar rayonu Əniğ kəndində öz ailəsi ilə birlikdə yaşamış, öz zəhməti ilə usta işləyərək ailəsini dolandırmışdır. Sonuncu dəfə Nizami Qusar şəhəri Yeni massivlər deyilən yerdə dayısı oğulları Vahid və Vidadi ilə birlikdə usta işləmiş, onların əsas işi bənnalıq olmuş, 14 dekabr 2022-ci il tarixdə Vahid və Vidadi ilə birlikdə səhər saatlarında işləmək üçün növbəti dəfə öz iş yerinə getmişlər. Həmin gün Nizami Vəlibəyov saat 17:30 radələrində işlədiyi məktəbdən evə getmiş, əynini dəyişmiş, bu vaxt mobil telefonuna tanımadığı telefon nömrəsindən zəng gəlmiş, həmin şəxs özünü tanıdaraq həmkəndlisi olduğunu bildirmişdir. Bu vaxt o, qardaşı Nizamini Qusar-Xudat yolunda “MM” restoranının qarşısında avtomobilin vurmasını bildirmiş, buna görə təcili olaraq həmin yerə getmişdir. Hadisənin baş verdiyi yerə çatarkən həmin yerdə artıq polis əməkdaşlarının olmasını görmüş qardaşının avtomobil vurması nəticəsində vəfat etməsini bilmiş, vəfat etmiş Nizaminin meyitini “Qusar RMX-sı” X4in morquna aparmışdır. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baləhmədov Vidadi Səlimxan oğlu ifadəsində göstərdi ki, dayısı oğlu Nizami və qardaşı Vahid ilə birlikdə Qusar şəhərində yerləşən Yeni-Massivlərdə usta işləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17:20 radələrində işləri bitirdikdən sonra Nizami mobil telefon vasitəsi onları kəndə aparan, yeznəsi mikroavtobus sürücüsü İmaməliyə zəng etmiş, ona “sən hara çatmısan” demiş, o da Qusar rayonu Qalacıq kəndinə çatdığını söyləmişdir. Buna görə işlədikləri yerdən asta-asta Qusar-Xudat yolunun kənarına çıxmış, piyada hərəkət etmiş, yolun kənarında yerləşən “MM” restoranı ilə paralel Qusar-Xudat yolu istiqamətində gəlmişdir. Həmin vaxt öndə Vahid, onun arxasınca Nizami getmiş, hava dumanlı olmuş, həmin vaxt qırmızı rəngli mikroavtobus yolu yuxarı istiqamətdə keçmiş, həmin vaxt Nizami ilə birlikdə Vahidə “tez get avtobusu saxlatmaq lazımdır” demiş, Vahid yolu keçmiş, onun arxasınca isə Nizami arxı keçib bir az yuxarı qalxmış, sonra isə qaçaraq yol çiyninə çıxmış, həmin yerdən isə qaçaraq asfaltı keçmək istəmişdir. Həmin vaxt Nizami iki addım atmış, bu vaxt onu Qusar istiqamətindən Xudat istiqamətində təxminən 70-80 km/saatda sürətlə hərəkət edən avtomobil vurmuşdur. Avtomobil onu vurduqdan sonra hərəkətini davam etdirmiş, həmin avtomobilə fikir verməyərək, avtomobilin Nizamini təxminən 30 metr məsafə vuraraq yerə atdığı hissəyə getmişdir. Hadisədən sonra Nizami orada vəfat etmiş, bir qədər sonra sonra həmin yerə kənar şəxslər yığışmış, bir az sonra polis əməkdaşları gəlmiş, sürücü də ora gəlmişdir. Sürücünün Qusar rayonu Urva kəndindən olmasını, adının Elxan olmasını sonradan bilmiş, Nizaminin yanına çatarkən artıq sonuncu vəfat etmişdir. Həmin maşın 70- 80 km/saatda sürətlə hərəkətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baləhmədov Vahid Səlimxan oğlu şahid qismində dindirilmiş Baləhmədov Vidadi Səlimxan oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lişaniyev İmaməli Sabir oğlu ifadəsində göstərdi ki, özünə məxsus olan “Mersedes” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla sürücü işləyərək ailəsini dolandırır, Nizami Vəlibəyovla isə yeznəqayın olub, münasibətləri yaxşı olmuşdur. Nizami qohumları ilə birlikdə Qusar şəhəri Yeni- Massivlər adlanan yerdə usta işləyib, Nizami və həmin şəxsləri Xudat şəhərindən Qusar şəhərinə qayıdan zaman bir neçə dəfə Qusar-Xudat yolundan götürərək kəndlərinə aparmışdır. xx.xx.2022-ci il tarixdə, saat 17:20-də Nizami mobil telefonla zəng edərək harada olduğunu ondan soruşmuş, ona Qusar-Xudat yolu ilə Qusar istiqamətində hərəkət etdiyini, Qusar rayonu Qalacıq kəndi ərazisində olduğunu söyləmişdir. Həmin vaxt Nizami “yoldan keçərkən bizi də götür, “MM” restoranının yanında olacağıq” dedi. Bu vaxt Nizami ilə telefon danışığını bitirib, təxminən 15 dəqiqə sonra həmin restoranın yanına çataraq avtomobili Qusar istiqamətində restoranın yuxarı hissəsində saxlamışdır. Hava dumanlı və az qaranlıq olduğundan görüntü məhdud olmuş, avtomobili yolun sağ tərəfində saxlamış, Nizami və onun yanında olan iki həmkəndliləri həmişə olduğu yerdə olmamış, buna görə mobil telefonla Nizamiyə zəng etmişdir. Həmin vaxt Nizaminin mobil telefonuna zəng getsə də cavab verməyib, avtomobilin şüşəsini endirərək yola baxan zaman orada ayaqqabı və çanta görmüşdür. Buna görə diqqətlə həmin hissəyə baxmış, bu zaman yolun Xudat istiqmətində aşağı hissədə ağlaşma səsi eşitmişdir. Buna görə avtomobildən düşərək həmin yerə getmiş, orada Nizaminin avtomobil vurması nəticəsində vəfat etdiyini görmüşdür. Həmin vaxt onun yanında Vidadinin ağladığını, digər qardaşı Vahid isə yumruqla əlini yerə vurduğunu müşahidə etmişdir. Bu vaxt ora kənar şəxslər yığışmış, sonra isə polis əməkdaşları gəldilər. Hadisəni törədən sürücünü əvvəllər tanımamış, hadisədən sonra polislər meyitə və hadisə yerinə sürücü ilə baxış keçirən zaman sürücünün Qusar rayonu Urva kəndindən olmasını adının isə Elxan olduğunu bilmişdir. Polis maşınları və təcili tibbi yardım maşınları sonradan gəlmişdir. Polislər vuran maşını axtarmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 51 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Vəlibəyov Nizami Şövkət oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burnun sümüklərinin sınıqları, burnun üstündə və alt çənəsinin altında əzilmiş-cırılmış yaraları, sağ bud sümüyünün orta 1/3-nin qapalı sınığı, sol əlinin arxa səthində və hər budun ön səthində, hər iki dizin ön səthində sıyrıqlar, ənsə nahiyyəsinin yumşaq toxumalarının daxili səthində qansızması, sağ yarım kürənin üstündə qan laxtası, baş-beyin toxumalarında xırda ölçülü nöqtəvari qansızmaları, beyin mədəciklərdə bir neçə ml qırmızı maye, beyincik toxumasında nöqtəvari qansızmaları, kəllə əsasının sağ ön və arxa çuxurlarında sınıq xətləri müəyyən olunmuşdur.Qeyd olunan xəsarəttlər bərk küt əşyanm(əşyalarm) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və ağırılıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmya malikdir. Mərhum Vəlibəyov Nizami Şövkət oğlunun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədiqaqatı nəticəsində 1.4% etil spirti tapılmışdır. Buda sağlığında yüngül dərəcəli sərxoşluq törədə bilərdi. Vəlibəyov Nizami Şövkət oğlunun ölümü məhkəmə tibb ekspertizası aparılan andan 2-4 saat əvvəl baş verib. Vəlibəyov Nizami şövkət oğlunun ölümünə səbəb baş-beyinə qansızma olmuşdur və bir başa YNH ilə səbəbli əlaqəsi vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 10 fevral 2023-cü il tarixli 8/151 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz-21074” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həkimov Elxan Kərim oğlunun hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin(3.24”maksimmum sürəti məhdudlaşdırılması” yol nişanı), 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qunununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24”maksimmum sürəti məhdudlaşdırılması” yol nişanı) tələblərinə olan uyğunsuzluq hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 24 fevral 2023-cü il tarixli 8/570 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz-21074” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həkimov Elxan Kərim oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin(3.24”maksimmum sürəti məhdudlaşdırılması” yol nişanı), 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qunununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24”maksimmum sürəti məhdudlaşdırılması” yol nişanı)tələblərinə olan uyğunsuzluq hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İş materiallarında olan “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yaşayış məntəqəsinin ərazisində baş vermişdir. Yolun hərəkət hissəsi düz olmuşdur. Yol asfalt örtüklü quru yol olmuşdur. Yol örtüyünün eni 11 metr, iki hərəkət hissəli, hər hərəkət hissənin enin 5,5 metr olmuşdur. Yol işıqlandırılmamışdır. Piyada hərəkət zolağının sağ tərəfindən sol tərəfinə keçmək istəmişdir. İş materiallarından görünür ki, Həkimov Elxan Kərim oğlunun sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixə kimidir. İş materiallarında olan alkotestrin çıxarşından görünür ki, yol nəqliyyat hadisəsi baş verən zaman Həkimov Elxan Kərim oğlunun qanında alkoqolun miqdarı 0.00 % müəyyən edilmişdir. İş materiallarından görünür ki, Həkimov Elxan Kərim oğlu yaşayış yeri üzrə müsbər xarakterizə olunmuşdur. İş materiallarından görünür ki, «VAZ-21074» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, Həkimov Elxan Kərim oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Həkimov Elxan Kərim oğlunun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən ehtiyyatsızlıqdan törədilməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Həkimov Elxan Kərim oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Həkimov Elxan Kərim oğlunun törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlunun törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş müdafiəçi ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütovlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirməmişlər, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlunun himayəsində üç azyaşlı uşağı var. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlu zərərçəkmiş şəxsin hüquqi varisi Vəlibəyov Nüsrət Şövkət oğlu ilə ilə barışmışdır. Məhkəmə, təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlunun himayəsində üç azyaşlı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4; təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlunun zərərçəkmiş şəxsin hüquqi varisi Vəlibəyov Nüsrət Şövkət oğlu ilə barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlunun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Həkimov Elxan Kərim oğlunun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlu tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlu barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Həkimov Elxan Kərim oğluna Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğluna nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 170 (yüz yetmiş) manat təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan «VAZ-21074» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Həkimov Elxan Kərim oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Həkimov Elxan Kərim oğu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Həkimov Elxan Kərim oğlunun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Həkimov Elxan Kərim oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 170 (yüz yetmiş) manat təqsirləndirilən şəxs Həkimov Elxan Kərim oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan «VAZ-21074» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-42/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-42/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver