Məhkəmə qərarları › İş №1(029)-43/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-43/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-43/2021 25.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 12 fevral 2021-ci il tarixdən təxminən 2-3 gün əvvəl Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq 10 manat pulun müqabilində əldə etdiyi 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün qanunsuz olaraq üzərində saxlamış və daşımış, 12 fevral 2021-ci il tarixdə saat 16 radələrində Qusar rayonu ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qış gödəkçəsinin sağ yan cibində qanunsuz olaraq saxladığı və daşıdığı 01(bir) ədəd bükümdə təmiz çəkisi-0,758 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olmaqla Bakıdan Qusara sərnişinlər daşıyır. 2021-ci ilin fevral ayının əvvəllərində o, müştərilərdən birindən taksi pulunun əvəzi kimi şəxsi istifadəsi üçün bir büküm metamfetamin almışdır. Həmin maddə ağ kristal şəklindədir, xüsusi falqada olur və siqaret kimi kağıza bükülüb çəkilir. O, həmin maddəni üzərində saxlamış, heç kimə satmamış, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmur. 12 fevral 2021-ci il tarixdə o, Bakı şəhərindən Qusara sərnişin gətirmiş, yorulduğu üçün metamfetamindən istifadə etmək istəmiş, bu məqsədlə tanışı Orxanla birlikdə sonuncunun avtomobili ilə Qusar rayonu Şahdağ istiqamətində getmişlər. Şahdağ yolunun sol tərəfində olan meşədə post patrul xidmətinin avtomobili onları saxlamış və polis əməkdaşları üzərlərinə baxış keçirmək məqsədi ilə onu və Orxanı Qusar rayon Polis Şöbəsinə aparmışlar. Orada onun üzərindən bir büküm metamfetamin aşkar olunaraq götürülmüşdür. Metamfetaminin çəkisi 0,758 qram olmuşdur. Hazırda törətdiyi əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir, həyat yoldaşı hamilədir, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, materialların məhkəmə ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin PPXB-nün polis nəfəridir. 12 fevral 2021-ci il tarixdə PPX-nin xidməti avtomobili ilə xidmətdə olarkən Qusar rayonu Şahdağ yolunda dayanmış və qapısı açıq vəziyyətdə olan avtomobil görmüşlər və şübhə yarandığından həmin avtomobilə yaxınlaşmışlar. Həmin vaxt avtomobildə sonradan tanıdığı Təqsirləndirilən şəxs və Orxan adlı şəxs olmuş, avtomobildə falqa və siqaret görmüşlər və bu səbəbdən də, həmin şəxsləri Qusar rayon Polis Şöbəsinə aparmışlar. Orada həmin şəxslərin üzərlərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən kristal formasında bir büküm metamfetamin aşkar olunmuş, digər şəxsin üzərindən isə qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin metamfetamin onun özünə məxsusdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2012-ci ildən DİO-da və 2020-ci ildən isə Qusar RPŞ-nin PPXB-nün tağım komandiri vəzifəsində xidmət edir. 12 fevral 2021-ci il tarixdə saat 16:00 radələrində PPXB-nün polis nəfərləri polis kiçik serjantı Şahid3 və polis serjantı Şahid2la birlikdə Qusar şəhəri “Bayraq Meydanı” ərazisində xidmətdə olduğu zaman “Qaça-quç” restoranı istiqamətində gedən yolda “OPEL ZAFİRA” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və içərisində olan iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını müşahidə etmiş, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, eləcə də hüquq və vəzifələrini izah etmişlər. Bu zaman onlardan birinin, yəni sonradan adının Azad olduğunu bildiyi şəxsin əlində falqadan büküm görmüş, həmin bükümü açdıqda içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Bununla bağlı həmin şəxsləri Qusar RPŞ-nə dəvət etmiş, eləcə də Azadın idarə etdiyi “MERCEDES BENZ” markalı, **-VT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili və “OPEL ZAFİRA” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili də RPŞ-nə gətirmişlər. RPŞ-nin növbətçi hissəsinə həmin şəxsləri təhvil vermiş, RPŞ-də həmin şəxslərin Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid4 olduqları müəyyənləşdirilmiş, bundan sonra hər iki şəxsin üzərinə müdafiəçi, eləcə də video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid4 üzərindən qanunla qadağan olunmuş əşya aşkar olunmamış, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Azad əynində olan gödəkçənin cibində saxladığı bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddəni təqdim etmiş, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Daha sonra hər iki avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı avtomobillərdə qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən 2-3 ay olar ki, xalası oğlu Musaya məxsus olan “Opel Zafira” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qusar marşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olur. 12 fevral 2021-ci il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi avtomobillə yaşadığı Sumqayıt şəhərindən Bakı şəhərinə gedərək “Şamaxinka” adlanan yerdən avtomobilinə 5 nəfər sərnişin götürüb Qusar rayonu istiqamətində yola çıxmış və sərnişinlərdən üç nəfərini Quba şəhərində düşürmüş, iki nəfəri isə Qusar şəhərinə gətirmişdir. 5 nəfər sərnişini avtomobilindən düşürdükdən sonra Qusar şəhərində yerləşən Avtovağzalın qarşısına gəlmiş, həmin vaxt da bir nəfər şəxs ona yaxınlaşaraq həmin gün saat 17 radələrində 4 nəfər hərbiçini Bakı şəhərinə aparmaq lazım olduğunu bildirmiş, onunla razılaşmış və orada avtomobilini dayandırıb içərisində yatmışdır ki, saat 17 radələrində həmin müştəriləri avtomobillə Bakı şəhərinə aparsın. Həmin gün təxminən saat 15 radələrində də avtomobilində yatarkən əvvəllər tanıdığı, taksi fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs avtomobilinin qapısının şüşəsini döyərək onu yuxudan oyatmış, sonra isə onlar söhbət edən zaman Azad öz avtomobilində yüngül nasazlıq olduğunu bildirmiş, xahiş etmişdir ki, onun avtomobili ilə meşənin kənarına gedib gəlsin, ondan nəyə görə meşənin kənarına getməyini soruşduqda orada bir az işinin olduğunu bildirmiş, o da etiraz etməmişdir. Bundan sonra Azad onun avtomobilinin sükanı arxasına keçərək avtomobili idarə edib meşəyə tərəf hərəkət etmiş və meşənin içərisinə daxil olaraq bir az getdikdən sonra Azad avtomobili dayandırmış, üzərində narkotik vasitə olan metamfetamin olduğunu, qəbul etmək istədiyini bildirmiş, o da Azada öz narazılğını bildirmiş və həmin vaxt iki polis əməkdaşı onlara yaxınlaşaraq narkotik vasitə qəbul etməkdə və üzərlərində gəzdirməkdə şübhəli bilindiklərini və özləri ilə Azadın avtomobili olan yerə gətirmiş, sonra isə hər iki avtomobillə birlikdə onları Qusar rayon polis şöbəsinə gətirmişlər. Qusar rayon polis şöbəsinə gəldikdən sonra Azad narkotik vasitə qəbul etdiyini və üzərində narkotik vasitə olan metamfetamin olduğunu etiraf etmiş, sonra isə üzərində axtarış aparılaraq üzərində olan bir ədəd bükümdəki narkotik vasitə aşkar olunub götürülmüş, daha sonra isə onun üzərində axtarış və götürmə aparılmış, ancaq hər hansı narkotik vasitə aşkar olunmamış, daha sonra isə idarə etdiyi “Opel Zafira” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən də narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 12 fevral 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 16:43-dən saat 17:10-dək Qusar RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru X1 tərəfindən Qusar RPŞ-nin Post Patrul Xidməti Bölüyünün tağım komandiri polis leytenantı Şahid1, həmin bölüyün polis nəfəri polis serjantı Şahid2, həmin bölüyün polis nəfəri polis kiçik serjantı X4, Qusar RPŞ-nin ekspertkriminalisti polis leytenantı X3 və müdafiəçi X7 iştirakları ilə üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, üzərində narkotik vasitə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli nazik gödəkçənin sağ yan cibindən gümüşü rəngli 01 ədəd kağız büküm aşkar olunaraq götürülmüş, həmin kağız bükümü açıb onun içərisinə baxan zaman onun içərisində kristal şəkilli narkotik vasitə olan metamfetaminə oxşar ağ rəngli kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan megtamfetamin olduğunu, özünün narkotik vasitə aludəçisi olduğunu və həmin narkotik vasitəni 12 fevral 2021-ci il tarixdən bir neçə gün əvvəl Sumqayıt şəhərində tanımadığı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə olan kütlə qablaşdırılmış, ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-in 106 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 13 fevral 2021-ci il tarixli 6/650 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 106” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olub götürülmüş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,758 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi-0,758 qram, tədqiqata istifadə edildi-0,05 qram, qalıq-0,708 qram. Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2021-ci il tarixli 7/62 saylı məktubundan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 14 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,708 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənovun 14.02.2021-ci il tarixli raportundan görünür ki, 0,708 qram psixotrop maddə olan metamfetamin Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təqdim edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2021-ci il tarixli 1186 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 12 fevral 2021-ci il tarixli «cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:22-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 14 fevral 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə tutulmadan azad edilmişdir. Həmin qərar həmin tarixdə saat 12:10-da Təqsirləndirilən şəxs elan olunmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 06 mart 2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan 19 mart 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 11:45-də Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində müəyyənləşdirilərək saxlanılmış və istintaqa təqdim olunmasından ötrü Qusar RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 19.03.2021-ci il tarixli 4(029)-10/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal tutulmadan azad edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 29 aprel 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEMdə aparılmış ekspertizadan sonra qalıq qalmış 0,708 qram psixotrop maddə olan metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin X8 saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etmə mənbəsinin müəyyən edilməsi məqsədi ilə material ayrılaraq Sumqayıt ŞPİ-nə göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli 180 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli 11 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İİ 385364 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 24 iyul 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 3 nömrəli şəhər xəstəxanası tərəfindən verilmiş 04.05.2021-ci il tarixli müayinə sənədindən görünür ki, Təqsirləndirilən şəxs arvadı Ellada Rəhimova 4-5 həftəlik hamilədir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 01(bir) ədəd bükümdə təmiz çəkisi-0,758 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq saxlaması və daşıması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, arvadının hamilə olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə tutularaq 12 fevral 2021-ci il tarixdən 14 fevral 2021-ci il tarixədək 02 (iki) gün və 19 mart 2021-ci il tarixdə 01 (bir) gün, cəmi 03 (üç) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 06 (altı) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və müvafiq ekspertizadan sonra qalıq qalmış 0,708 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 12 fevral 2021-ci il tarixdən 14 fevral 2021-ci il tarixədək 02 (iki) gün, 19 mart 2021-ci il tarixdə 01 (bir) gün, cəmi 03 (üç) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 06 (altı) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və müvafiq ekspertizadan sonra qalıq qalmış 0,708 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar