Məhkəmə qərarları › İş №1(029)-44/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-44/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-44/2022 27.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1961-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində 31 may 2022-ci il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 32.4,312.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Qusar rayonu Yasab kəndində yaşayan Şahid4 vasitəsi ilə 2021-ci ilin fevral ayının əvvəllərində tanış olduğu Qusar rayonu Köhnə Xudat kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 heç bir ali hüquqi təhsili olmadığı halda onların barələrində Qusar rayon X5 Bölməsində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinə Qusar rayon məhkəməsində baxıldıqda orada vəkil kimi iştirak edəcəyini yalandan bildirib, həmin adla 2021-ci ilin fevral ayının əvvəllərində, saat təxminən 14-15 radələrində Bakı şəhəri, 20 Yanvar Metrostansiyasının yaxınlığında yerləşən kafedə görüşərək əvvəlcədən mobil telefonla danışıb razılaşdıqları kimi Zərərçəkmiş şəxs3 vahid niyyətlə toplam 700 (yeddi yüz) manat məbləğində nağd pul vəsaitini onların həmkəndlisi Şahid1 yanında alıb onları aldatmaqla öz şəxsi ehtiyaclarına sərf etmiş, lakin vəkil statusunda olmadığı üçün Qusar rayon məhkəməsində baxılan həmin cinayət işinin məhkəmə iclasında iştirak etməmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 350 (üç yüz əlli) manat, Zərərçəkmiş şəxs3 məxsus 350 (üç yüz əlli) manat olmaqla, vahid niyyətlə toplam hər ikisinə məxsus 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirib onlara qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin fevral ayının əvvəllərində Qusar rayonu Köhnə Xudat kənd sakini Zərərçəkmiş şəxs2 əlillik dərəcəsinə görə əvvəllər aldığı pensiyasını məhkəmə qərarı və xəstəliyə dair xəstəxana epikrizi əldə etmək əsasında yenidən bərpa etdirib düzəltdirəcəyi imkanına malik olmasını yalandan bildirib, həmin adla Zərərçəkmiş şəxs2 14 fevral 2021-ci il tarixdə, saat təxminən 16-17 radələrində Bakı şəhəri, Akademik M.Qasımov adına Respublika Klinik Xəstəxanasının qarşısındakı kafedə tibbi sənədlərini götürmüş, həmin vaxt ondan 2.000 (iki min) manat, eyni niyyətlə 15 fevral 2021-ci il tarixdə isə sonuncuya məxsus olmaqla oğlu Zərərçəkmiş şəxs1 tərəfindən Qusar rayonu Köhnə Xudat kəndində yerləşən “Bakı mini market” mağazasındakı ödəmə məntəqəsindən göndərilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz kürəkəni X4 məxsus "xxxx" ASC-nin **********376974 nömrəli plastik kartı vasitəsi ilə alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 onun oğlu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 barələrində Qusar rayon X5 Bölməsində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə istintaqı aparılaraq rayon məhkəməsinə göndərilmiş cinayət işi üzrə qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(105)-496/2021 saylı bəraət hökmündən ittihamçı prokuror tərəfindən kassasiya protesti verilməməsi adı ilə yalandan vəd verərək, bu məsələnin müsbət həlli üçün vəzifəli şəxs olan ittihamçı prokurora xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını onu aldatmaqla bildirib, özü barəsində onlarda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək razılaşmaqla sövdələşib, həmin adla 05 noyabr 2021-ci il tarixdə, saat təxminən 16 radələrində Zərərçəkmiş şəxs2 Qusar şəhəri, Təzə bazar ərazisində, yolun kənarında Zərərçəkmiş şəxs3, Şahid2 və X3 yanında 1.000 (bir min) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 təhrik etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 32.4,312.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, əvvəllər dələduzluq maddəsi ilə məhkum olunmuş, 6 il azaqdlıqdan məhrum edilmiş, 2015-ci ildə həbsdən azad olunmuşdur. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 2021-ci ilin əvvəllərində ona verdikləri 700 manat pul Köhnə Xudat bələdiyyəsinin sədri Leyla Xəlilovanın barəsində etdikləri şikayət ərizəsi ilə əlaqədar ona verilmişdir. O, bələdiyyə sədrinin artezian bulağına görə qanunsuz pul yığdığı üçün ərizələr yazmışdır. Artezian bulağının qazılması ilə bağlı bələdiyyə sədri kənd camaatından pul yığmış, bununla bağlı o, zərər çəkmiş şəxslərə görə 34 ədəd ərizə yazmış, həmin ərizələr iş materiallarına əlavə olunmuşdur. Həmin ərizələri o, Leyla Xəlilovanın hərəkətlərindən yazmışdır. Zərər çəkmiş şəxslərin onda etibarnamələri olmuşdur. 700 manatı ərizələr yazmağına görə almış, 11 nəfərin adından ərizələr yazmışdır. O, zərər çəkmiş şəxslərə özünün vəkil olduğunu deməmişdir. Zərər çəkmiş şəxslər düz adamlardır, onların danışdıqlarının hamısı düzdür. O, 300 manatı iddia ərizəsinin tərtib olunması üçün almışdır. Əslində vəkil Yusif və Elvindən 2000 manat pul istəmiş, o, isə vəkili 1000 manata razı salmışdır. 1000 manatı da ona şirinlik kimi vermişlər.1000 manatı ona verəndən 6 ay keçdikdən sonra prokuror Elvin və Yusifin Sumqayıt Apellyasiya Məhkəməsində olan cinayət işi üzrə bəraət hökmündən protest vermişdir. O, həmin şəxslərə prokurorun protest vermək hüququ olduğunu izah etmiş, ağır cinayətlər olanda prokurorun protest verdiyini demişdir. O, 700 manatı bələdiyyənin hərəkətlərindən şikayət ərizələri yazmaq üçün, 300 manatı iddia ərizəsinin tərtibi üçün almışdır. Zərərçəkmiş şəxs2 pensiya ilə bağlı ona 2000 manat pul vermiş, 2014-cü ildən pensiya aldığını, pensiyanın kəsildiyini bildirmişdir. O, da əvvəlcə vətəndaşın ambulator kartlarını almış, pensiyanın dayandırılma səbəbini öyrənmək üçün DSMF-na və digər təşkilatlara müraciət etmişdir. Yazdığı müraciətlərə cavab olaraq pandemiya ilə əlaqədar 2020-2021-ci illər ərzində hər hansı bir xəstənin istər ambulator, istərsə də stasionar qaydada xəstəxanaya yerləşdirməyin mümkün olmadığını bildirmişlər. O, pensiya verən orqanda işləmir, vətəndaş ona bu məsələnin onsuz da pulsuz alınmayacağını demişdir. Həmin pulu o, məhkəməyə verməkdən ötrü almamışdır. 2200 manatı özünə almış, əgər lazım olarsa həkimə verəcəyini, alınmasa geri qaytaracağını demişdir. O, sağlamdır, inşaat universiteti bitirmiş, hüquqşünas olduğunu zərər çəkmiş şəxslərə deməmişdir. 200 manatı isə zəhmət haqqı kimi sorğular yazmaq üçün almışdır. Hazırd aldığı pulları geri qaytarmış, zərər çəkmiş şəxslərin ona qarşı şikayətləri yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs1 və digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 onların problemlərinin həll edilməsi üçün 700 manat pul istəmiş, həmin vaxt onun oğlu Yusif Ramizə bildirmişdir ki, atasının-yəni onun pensiyası kəsilmişdir. O, əvvəllər İİ qrup əlil kimi 8 il pensiya almış, mədəsində yara var. Təqsirləndirilən şəxs Ramiz onun oğluna pensiyanın məhkəmə yolu ilə bərpa etmək mümkün olduğunu demişdir. Bundan sonra Ramizlə telefonla əlaqə saxlamışlar, sonuncu, məhkəmə ödənişləri ilə birlikdə 2200 manat xərc çıxacağını bildirmişdir. Onunla görüşdükləri tarixlər və saatlar onun dəqiq yadında qalmamışdır. Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yanında bir çayxanada Ramizlə oturmuşlar, 2000 manatı Ramizə vermiş, 200 manatı da növbəti gün çatdıracağını demişdir. Növbəti gün oğlu 200 manatı Qusar rayonunda kart vasitəsi ilə təqsirlədirilən şəxsə göndərmişdir. Həmin vaxtdan uzun müddət keçmiş, xəstəxanadan ona məktublar gəlmiş, baş həkimin köməkçisi ona komissiyadan keçməsini demiş, Bakı şəhərindən xəstəxanadan epikriz gətirməsini demişdir. Bundan sonra o, Ramizə Bakı şəhərindən xəstəxanadan epikriz gətirmək lazım olduğunu demiş, lakin Ramiz həmin epikrizi ala bilməmişdir. Bundan sonra o, bilmişdir ki, iş düzəlməyəcək və ona görə Ramizdən verdiyi pulu tələb etmişdir. Həmin vaxtdan bir ildən də çox müddət keçməsinə baxmayaraq Ramiz pulu qaytarmamış, hər dəfə pulu istəyəndə bu gün, sabah deyərək qaytarmamışdır. Sonradan o, Ramizdən şikayət etmişdir. İstintaqın gedişində Ramiz pulu ona qaytarmışdır, hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs1, həmçinin Zərərçəkmiş şəxs3 barəsində olan məhkəmə işindən prokuror tərəfindən protest verilməməsi üçün 1000 manat məbləğində pul vermək lazım olduğunu bildirmiş və həmin pulu o, Qusar şəhərində Ramizə vermişdir. Buna baxmayaraq, prokuror tərəfindən həmin iş üzrə protest verilmiş və o, Ramizin həmin məsələdə də onu aldatdığını bilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Qusar rayonu Yasab kəndindən olan Elmin ona Bakı şəhərində Ramiz adlı şəxsin olduğunu demiş və o, Emindən telefon nömrəsini alıb Ramizlə tanış olmuşdur. Sonra Bakı şəhərinə getmişlər və Ramizə məhkəmədə işi olduğunu demiş, Ramiz məhkəmədə işi həll etmək üçün onlardan 700 manat pul almış, lakin Ramiz Qusar rayon məhkəməsinə gəlməmiş, sonra onlara apellyasiya şikayəti verib işi həll edəcəyini demişdir. Bundan sonra Qusar rayon məhkəməsinin hökmündən apellyasiya şikayəti vermişlər, buna görə vəkilə 1000 manat pul vermişlər, Ramiz 300 manat da onlardan apelyasiya şikayəti üçün almışdır. Sumqayıt Apellyasiya Məhkəməsində ittihamçı prokuror protest verəcəyini demiş, Ramiz isə protest verməyəcəyini demiş, buna görə onlardan 1000 manat pul istəmişdir. Bundan sonra Qusar şəhəri Təzə Bazar adlanan yerdə Ramizə 1000 manat pul vermişlər, lakin, ittihamçı prokuror protest vermişdir. Ramiz onlardan 700 manat ərizələr yazmaq üçün, 300 manat apellyasiya şikayəti yazmaq üçün, 1000 manat vəkil üçün, 1000 manat ittihamçı prokurorun protest verməməsi üçün, ümumilikdə isə 3000 manat pul almışdır. Sonradan Ramiz 1700 manat pulu geri qaytarmış, vəkilə verdikləri pulu müqavilə bağlayıb verdiklərinə görə pul qaytarılmamış, 300 manatı isə Ramizə bağışlamışlar. Bundan başqa, atasının Ramizə pensiya məsələsi ilə əlaqədar 2000 manat verdiyindən xəbəri var. Ramiz çox adamların pensiyalarının kəsildiyini, məhkəməyə verib işi həll edəcəyini demişdir. Sənədləri düzəltmişlər, xəstəxanadan atasına müayinədən keçmək üçün məktub da gəlmişdir. Atasını xəstəxanaya aparmışlar, orada atasını yoxlamışlar və atasına pensiya düşmədiyini demişlər. Onun hazırda Ramizə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Qusar rayonu Yasab kəndində Elmin adlı tanışı olmuş, onunla söhbət edən vaxt, o, məhkəmə hökmündən şikayət yazmaq üçün Bakı şəhərindən vəkil istədiyini demişdir. Həmin vaxt Elmin Bakı şəhərində tanış bir vəkil olduğunu demiş və Ramizin telefon nömrəsini ona vermişdir. Elmin Ramizi vəkil kimi tanımışdır. O, da Ramizi vəkil kimi tanımış, onunla Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yanında görüşmüşlər, həmin vaxt Yusif, Nail və başqa bir şəxs də olmuş və onlar Ramizə 700 manat pul vermişlər. Sonradan bilmişdir ki Ramiz vəkil deyil, özü ona hüquqşünas olduğunu demişdir. Sonradan Ramiz özünün işləri olduğunu və Nüşabə xanımı onlara vəkil kimi tutduğunu demişdir. Ramiz onlardan cəmi 3000 manat pul almış, axırıncı 1000 manat pulu Ramizə Qusar şəhərində bazar ərazisində vermişlər. Ramiz demişdir ki, həmin 1000 manat pul ittihamçı prokuror protest verməsin deyə lazımdır. Sonradan bilmişlər ki, pul prokurora verilməmişdir. Ramiz sonradan pulu qaytarmış, ona qarşı şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məhkəmədə işləri olmuşdur. Təqsirləndirilən şəxs özünü vəkil kimi təqdim etmişdir. Təqsirləndirilən şəxsin nə qədər pul aldığını bilməmiş, sonradan eşitmiş, ancaq dəqiq nə qədər məbləğ aldığını bilmir. O, eşitmişdir ki, Təqsirləndirilən şəxs Yusif və Elvindən 700 manat, Şafidən 1000 manat pul almışdır. Ramiz 1000 manat pulu Sumqayıt Apellyasiya Məhkəməsində olan iş üzrə prokurorun protest verməməsi üçün almışdır. 700 manatı nəyə görə aldığını bilmir. Pensiya məsələsinə görə Şafidən nə qədər pul aldığını da dəqiq bilmir, Ramizin Şafidən pensiya düzəltmək üçün 2200 manat pul aldığını eşitmişdir. Şafi dostu Mövlüddən 1000 borc alıb Ramizə vermişdir ki, prokuror protest verməsin. Ramizi o, bir dəfə görmüşdür. O, əvvəl eşitmişdir ki, Ramiz vəkildir, lakin sonradan məlum olmuşdur ki, həmin şəxs vəkil deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadəsi düzdür. Hərbi xidmətdən gələndən sonra 1992-ci ildən Şafi ilə ailəvi dost olmuşlar. Dəqiq tarix yadında deyil, 2021-ci ilin təxminən oktyabr-noyabr aylarında Şafi ona zəng edib 1000 manat pul lazım olduğunu demiş, o, Şafidən nəyə görə lazım olduğunu soruşmuş, Şafi isə ona “lazımdır da mənə” demişdir. O, da evdən 1000 manatı götürüb Şafi ilə Qusar şəhərində Təzə bazar adlanan ərazidə görüşmüş, orada birinci dəfə təqsirləndirilən şəxs Ramizi də görmüşdür. Həmin vaxt o, özündə olan 1000 manat pulu Şafiyə vermiş, Şafi də həmin pulu Ramizə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci ilin ortalarında həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Qusar rayonu Köhnə Xudat kəndi ərazisində torpaq sahəsini şumlayıb orada arpa əkdikləri üçün bələdiyyə sədri Leyla Xəlilova onların barələrində şikayət ərizəsi ilə Qusar rayon Polis Şöbəsinə müraciət etmiş, daha sonra araşdırma aparılaraq onların barələrində cinayət işi başlanılmışdır. 2021-ci ilin təxminən fevral ayının əvvəllərində ona bildirmişlər ki, Elvinin tanışı vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşlar, Bakı şəhərinə gedib barələrində olan cinayət işində köməklik göstərməsi üçün onunla danışmaq istəyirlər. Bundan sonra özü də yoldaş kimi onlarla birlikdə Bakı şəhərinə getmişdir. 2021-ci ilin təxminən fevral ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə, günorta saatlarında özü, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Bakı şəhəri, 20 Yanvar Metrostansiyasının yaxınlığında olan kafedə sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs özünün vəkil olduğunu deyib, xatırlamadığı hər hansı bir vəsiqə göstərsə də, lakin özü bu vəsiqənin üzərinə nə yazıldığına, nə vəsiqəsi olduğuna fikir verməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ona barələrində olan cinayət işi barədə məlumat verib köməklik göstərilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs isə bu cinayət işinin həll edilməsində onlara köməklik göstərəcəyini, gələcəkdə işlərini bağlayacağını, yəni onların məsuliyyətə cəlb edilməyəcəklərini vəd edərək bu işin həll edilməsi üçün onlardan 700 manat pul istəmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 də həmin məbləğdə pulu onun yanında Təqsirləndirilən şəxs vermişlər və onun sözlərinə inanaraq artıq məsuliyyətə cəlb edilməyəcəklərini düşünmüşlər. Daha sonra yaşadıqları Qusar rayonuna qayıtmışlar. Bir müddət sonra Yusif və Elvindən eşitmişdir ki, Təqsirləndirilən şəxs onlara söz verdiyi kimi işlərini həll etməmiş, Qusar rayon məhkəməsinin iclasında da iştirak etməmiş, onları aldadaraq bu adla aldığı pulu ələ keçirmişdir. Sonradan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 barələrində olan cinayət işi üzrə Qusar rayon məhkəməsi tərəfindən ittiham hökmü çıxarılması, lakin onlar tərəfindən həmin hökmdən apelyasiya şikayəti verilməsi, nəticədə də bəraət hökmünün çıxarılması barədə məlumatı olmuşdur. Bəraət hökmü çıxarıldıqdan sonra təxminən 2021-ci ilin noyabr ayının əvvəllərində Elvin və Yusif ona bildirmişlər ki, Təqsirləndirilən şəxs onlara barələrində qəbul edilmiş bəraət hökmündən ittihamçı prokuror tərəfindən kassasiya protesti verilməməsi məqsədi ilə ona vermək üçün 1000 manat pul istəmiş, özləri də həmin məbləğdə pulu ona vermişlər. 2022-ci ilin fevral ayının əvvəllərində isə həmin bəraət hökmündən ittihamçı prokuror tərəfindən kassasiya protesti verildiyini eşitmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 bir daha aldatdığını, onun vəkil olmadığını bilmişdir. Təqsirləndirilən şəxs onları aldadaraq 700 manat, əlavə olaraq 1000 manat məbləğində pullarını ələ keçirmişdir. Bundan başqa, məlumatı olmuşdur ki, qeyri-rəsmi hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs2 pensiyasının bərpa ediləcəyi adı ilə aldadıb onun pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən üç il əvvəl sağ bədən nahiyələrində olan zəiflik, xəstəlik səbəbindən Bakı şəhəri, Akademik M.Qasımov adına Respublika Klinik Xəstəxanasında stasionar qaydada müalicə olunmuş, həmin vaxtlarda 20 Yanvar Metrostansiyasının yaxınlığında yerləşən kafedə əyləşib çay içərkən təsadüfən Bakı şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünün vəkil olduğunu deyib hüquqi yardımlar göstərə biləcəyini bildirmişdir. 2021-ci ilin əvvəllərində dostu Zərərçəkmiş şəxs3 ilə söhbət edərkən ona özü və həmkəndlisi Zərərçəkmiş şəxs1 barələrində torpaq sahəsinin zəbti ilə əlaqədar cinayət işi olduğunu bildirmiş, onlara kömək edə biləcək vəkil tanışının olub-olmadığını soruşmuşdur. Özü də ona tanıdığı Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermişdir. Sonradan Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayıb aralarında danışıqların olmasını bilmişdir. Təqsirləndirilən şəxs onlara məhkəmə iclasında iştirak edəcəyinə söz versə də, sözünə əməl etməmişdir. Daha sonra Qusar rayon məhkəməsi tərəfindən Elvin və Yusifin barələrində ittiham hökmü çıxarılsa da, onlar həmin hökmdən apelyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin hökmü ilə isə onlara bəraət verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsində onların hüquqlarını müdafiəçi kimi Təqsirləndirilən şəxs vasitəçiliyi ilə tanış olduqları Nüşabə Ağayeva adlı vəkil müdafiə etmişdir. Bəraət hökmü çıxarıldıqdan sonra Elvin ona bildirmişdir ki, Təqsirləndirilən şəxs bəraət hökmünün qüvvəsində saxlanılması üçün onlardan pul istəyir. Lakin özü Elvinə bildirmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin iclasında iştirak etmədiyi üçün onların vəkili deyildir, ona pul verməsinlər. Sonradan isə Elvin və Yusifin ona istədiyi pulu verdiklərini bilmişdir. Onlar Təqsirləndirilən şəxs pul versələr də, bəraət hökmündən kassasiya protesti verilmişdir. Təqsirləndirilən şəxs onları aldatmaqla 1700 manat məbləğində pullarını ələ keçirmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə vəkil deyildir. İş materiallarında olan ibtidai istintaq orqanının 27 may 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 700 manat pulu onlardan barələrindəki cinayət işi üzrə köməklik göstərmək, hüquqi məsləhətlər vermək, adlarından ərizələr yazmaq üçün aldığını, Qusar rayon məhkəməsinin iclasında iştirak edəcəyinə söz vermədiyini, Zərərçəkmiş şəxs2 1000 manat pulu isə həmin cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin bəraət hökmündən kassasiya protesti verilməməsi adı ilə almadığını, Zərərçəkmiş şəxs2 həmin pulu özü şirinlik kimi verdiyini, onları aldadıb pullarını ələ keçirmədiyini bildirməsi xüsusatları öz təsdiqini tapmadığından, bu hallar onun özünü müdafiə və qeyri-səmimilik göstərərək törətmiş olduğu cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıdığından rədd edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmə və aldatma yolu ilə əlillik pensiyasını bərpa etdirəcəyi adı ilə 2.200 manat məbləğində pulunu ələ keçirməsi ilə əlaqədar, həmin xüsusat üzrə Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri ilə əhatə olunduğu, bu hal üzrə onun hərəkətlərində CMnin 32.4, 312-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin isə olmadığı nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Qusar rayonu Köhnə Xudat kənd sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 etibarlarından sui-istifadə etməklə aldatma yolu ilə onlardan alıb ələ keçirdiyi 700, 1.000 və 2.200 manat məbləğində pullardan əlavə onlardan Qusar rayon məhkəməsinin hökmündən apelyasiya şikayəti verilməsi üçün aldığı 300 manat və Sumqayıt Apelyasiya Məhkəməsinin iclasında iştirak edəcək vəkil Nüşabə Ağayeva ilə müqavilə bağlanılması üçün 1.000 manat məbləğində pul vəsaitləri ilə əlaqədar, həmin xüsusatlar üzrə Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər sakini X1 aldatması, ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verməsi, dələduzluq cinayətini törətməsi faktları öz təsdiqini tapmadığından, həmin xüsusatlar üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vəzifəli şəxsə verəcəyini deyib aldadaraq ələ keçirdiyi 1.000 manat pul vəsaitini öz şəxsi məqsədləri üçün xərcləməsi, real olaraq heç bir vəzifəli şəxsə vermədiyi, onun törətdiyi cinayətlər barədə əvvəlcədən başqa şəxslərin xəbərinin, iştirakının, marağının olmadığı müəyyən edildiyindən, həmin xüsusatlar üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmişdir. Şahid4 və X3 Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərdə iştiraklarının olmadığı müəyyən edildiyindən, həmin xüsusatlar üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən Şahid4 və X3 barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin, yəni rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətinin tərkib əlamətləri təsdiq edilmədiyindən, həmin xüsusat üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onu aldadıb pensiya düzəltdirəcəyi, yəni bərpa etdirəcəyi adı ilə ələ keçirdiyi 2200 manat məbləğində pulunu tam şəkildə qaytardığını göstərmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına verdikləri xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onlara vurduğu ziyanı tam şəkildə ödədiyini göstərmişlər və nəzərə alınmasını xahiş etmişlər. İş materiallarında olan ibtidai istintaq orqanının 31 may 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş 26 avqust 2022-ci il tarixli AZ-İİ 292713 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə sedativ və yuxugətirici maddələrlə zəhərlənmə səbəbindən Bakı şəhərində ölmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 32.4,312.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 39.1, 39.1.5-ci maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri müstəntiq tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yaxud ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumlarına göndərilir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlu X2 mərhum Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş təqdim edilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Təqsirləndirilən şəxs hüquqi varis qismində tanınmasını istəmədiyini bildirmiş və işə müdafiəçinin iştirakı ilə baxılaraq Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmiş və bu barədə müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 32.4,312.1-ci maddələri ilə başlanılmış cinayət təqibinə, bəraətverici əsaslar olmadan xitam verilməli, həmçinin onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 281, 344-347, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, öldüyünə görə Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, Təqsirləndirilən şəxs yaxın qohumlarına göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar