Məhkəmə qərarları › İş №1(029)-44/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-44/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-44/2024 31.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Qusar rayonu Nəcəf-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu, Gilah-Oba ərazi dairəsi, Nəcəfkəndoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Qusar rayonu Nəcəfkənd-oba kəndində yerləşən X2 məxsus meyvə bağının yeməkxanasında həmkəndlisi Zərərçəkmiş şəxs ilə bir masa arxasında əyləşib sonuncu şam yeməyi yeyib spirtli içki qəbul etdikdən sonra nalayiq ifadələrlə onu təhqir etmiş, daha sonra isə sillə zərbələri ilə onu vurmuş, bundan sonra o, ümumi təhlükəli üsulla, yəni orada olan təsərrüfat aləti kərki ilə Zərərçəkmiş şəxs sol qoluna, daha sonra isə şüşə butulkası ilə baş nahiyəsinə qəsdən vuraraq sonuncuya “alnın sol tərəfinin səthi əzilmiş yaraları, sol mil-bilək oynağının yan iç səthinin çapılmış yarası” ilə ifadə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən az ağır xəsarətlər yetirmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Qusar rayonu Nəcəfkənd oba kəndində yerləşən İmran adlı şəxs tərəfindən işlədilən bağ sahəsində yerləşən yeməkxanaya çay içmək üçün getmiş, yeməkxanaya daxil olan zaman həmkəndliləri Rafiddinlə bağın gözətçisi İlhamın bir stol arxasında əyləşib araq içdiklərini və yemək yediklərini görmüşdür. Yeməkxanaya daxil olduqda orada İlham ilə Rafiddin yemək yeyib araq içmişlər. Onlar da orada oturub çay içməyə başlamışdır. Rafiddin 0.7 litr arağı tək içmiş, ona qarşı söyüş söymüş, sonra da onun qarşısındakı olan çay stolunu dağıtmış, çay onların üzərinə dağılmışdır. Buna görə orada olan şəxslər çölə çıxmış,Rafiddin isə yenə onu söyməyə başlamışdır. Buna görə onlar mübahisə etmişlər. Rafiddin orada olan stulları və qabları sındırmış, onu da əlləri ilə boğmağa başlamışdır. Rafiddin onu boğmuş, o da özünü qorumaq üçün butulka ilə Rafiddinin başından vurmuşdur. Sonra Rafiddin lapatka ilə onun üzərinə gəlmiş, o da kərki ilə onun əlində olan lapatka vurmaq istəyəndə kərki onun əlinə dəymişdir. Mübahisə Rafiddin onu söydükdən sonra başlamışdır. Rafiddin onu sillə ilə vurmuş, lapatka ilə də əlini vurmuşdur. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Qusar rayonu, Nəcəfkəndoba kəndində yerləşən İmran adlı şəxs tərəfindən işlədilən bağ sahəsində yerləşən yeməkxanaya həmin bağın gözətçisi həmkəndlisi İlhamla görüşüb söhbət etmək üçün getmişdir. Həmin yerə çatanda İlhamla oturub çay içməyə başlamış, sonra isə araq alıb yeyib-içməyi təklif etmiş, İlham da onunla razılaşmış, mağazaya gedərək oradan 02 ədəd bir litrlik araq, toyuq, çörək və sok almış, sonra yeməkxanaya qayıtmış, toyuğu bişirib araqla yeyib-içməyə başlamışlar. Təxminən saat 19 radələrində həmin yerə həmkəndliləri Amid, qardaşı Adil və Aleq adlı şəxslər gəlmiş, Amidi stola tərəf dəvət etmişdir ki, onlarla birgə yeyib-içsin. Amid stolun arxasında əyləşmiş, Adil və Aleq isə onlardan 1-2 metr aralıda stolun arxasında oturub kart oynamağa başlamışlar. Amid stolun arxasında oturan kimi İlham növbəsinin bitdiyini, evə getməli olduğunu, növbəti gözətçi Maratın gələcəyini deyib oradan getmişdir. İlham getməmiş o, 3-cü arağı da alıb gətirmiş, elə İlhamla bir qədərini də içmişdir. Amid gəldikdən sonra onlar həmin yarımçıq arağı içməyə başlamış, Amid üç rumka araq içmişdir. Bir müddət sonra gözətçi Marat yeməkxanaya gəlmiş, Adil və Aleqlə birgə əyləşmişdir. Amidlə yeyib-içərkən Amid araqdansa nəşənin, yəni narkotikin yaxşı olduğunu arağın əvəzinə narkotik çəkməyin yaxşı olduğunu demiş, Amidə “kişi araq içər, nəşə çəkməz” demiş və sillə ilə Amidin üzündən vurmuşdur. Bu zaman Amid ayağa qalxıb stolun üstündəki yarımçıq araq butulkasını götürüb başına çırpmış, butulka sınmışdır. Bunu görən kimi yumruqla Amidin üzündən vurmuş, Amid zərbədən yerə yıxılmış, həmin vaxt digər stolda əyləşmiş Amidin qardaşı Adil plasmas stulu götürüb üzərinə gəlmiş və başına vurmuş, zərbədən stul sınaraq yerə tökülmüşdür. Həmin vaxt Amid kərkini oradan götürüb üzərinə gəlmiş, özünü qorumaq üçün sol qolunu qaldırmış, Amid kərkini zərbə ilə qoluna vurmuş və qolundan qan axmağa başlamışdır. Bunu görən kimi yeməkxanada divara söykədilmiş beli əlinə götürmüş, Amid və Adil bunu görən kimi qaçıb oradan uzaqlaşmışlar. Dərhal DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermiş, bundan bir müddət sonra hadisə yerinə polis və təcili tibbi yardım avtomobili gəlmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində gözətçi işlədiyi, Qusar rayonu, Nəcəfkəndoba kəndində yerləşən bağ sahəsindəki yeməkxanaya gəlmiş, həmin vaxt yeməkxanada olan stol arxasında həmkəndlisi Rafıddinin əyləşib araq içdiyini, digər həmkəndliləri Amid, Adil və Alegin isə çay içdiklərini görmüş, onların yanında əyləşmişdir. Ora gələndə artıq əvvəlki gözətçi İlham evə getmişdi. Onlar bir qədər çay içib söhbət etdikdən bir müddət sonra Rafiddin Amidlə zarafatlaşmağa başlamış, sonra isə Amidi söymüş, Amid də, Rafiddini söymüş, bu zaman Rafiddin anidən üzərində qab-qacaq, araq olan stolu qaldırıb Amidin üzərinə aşırmış, stolun üstündə olan qablar Amidin üzərinə tökülmüşdür. Rafiddin həmin vaxt stulları təpikləmiş, qab-qacağı sındırmışdır. Bu vəziyyəti görən kimi Rafiddinə bağın əmlakını sındırmamağı tapşırmış, əks təqdirdə məsuliyyət daşıyacağını demiş, Rafiddin ona əhəmiyyət verməyərək hərəkətlərinə davam etmişdir. Rafiddin bundan sonra Amidin boğazından əllə tutaraq boğazını sıxmağa başlamış, həmin vaxt Rafiddin bir əli ilə Amidin boğazından tutub sıxmış, digər əlində isə bel olmuşdur. Bunu görən kimi Rafiddinin onları da döyəcəyindən qorxub oradan qaçmış, Adil isə yeməkxanada qalmışdır. O, bağ sahəsinə qaçmış və polis əməkdaşlarının gəldiyini gördükdən sonra həmin yerə qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində həmkəndliləri Amid və Adillə birgə yaşadığı Qusar rayonu, Nəcəfkəndoba kəndində yerləşən, İmran adlı şəxsə məxsus olan bağ sahəsindəki yeməkxanaya həmin bağın gözətçisi Maratla görüşüb orada əyləşib çay içərək söhbət etmək üçün getmişlər. Onlar yeməkxanaya daxil olan zaman həmkəndliləri Rafiddinlə bağın gözətçisi İlhamın bir stol arxasında əyləşib araq içdiklərini və yemək yediklərini görmüş, yeməkxanaya daxil olduqlarını görən İlham onları stola dəvət etmiş, onlar da Rafiddingilin stolundan təxminən 3 metr aralıda digər stol arxasında əyləşmişlər. Onlar orada çay içməyə və öz aralarında söhbət etməyə başlamış, Rafiddini əvvəldən problemli, dava-dalaşa meyilli, başqa şəxslərə sataşan, tez-tez dalaşan, məhkumluğu olan şəxs kimi tanıdıqlarından Rafiddinə baş qoşmamaq və danışmamağa çalışmışlar. Təxminən 10 dəqiqə sonra İlham artıq növbəsinin bitdiyini, digər gözətçi Maratın gələcəyini deyib getmiş, bundan sonra Amid də Rafiddinin əyləşdiyi masaya yaxınlaşıb, orada əyləşmiş, orada yemək yeyib araq içməsini dəqiq bilməmişdir. Təxminən 15 dəqiqə sonra isə Marat həmin yeməkxanaya gəlmiş, onların yanında əyləşmiş, təxminən 30-40 dəqiqə sonra Rafiddin sərxoş olduğundan onları söyməyə başlamışdır. Amid Rafiddinə onlarla söyüşlə danışmaması barədə xəbərdar etmişdir. Amidlə Rafiddin üzbəüz əyləşmiş, sonra isə Amid onların masasına gəlib əyləşmiş, bu zaman Rafiddin ayağa qalxıb onların arxasında əyləşdiyi stolun yanına gəlmiş və qarşılarındakı stolu çevirərək Amidin üzərinə aşırmışdır. Stolun üstündəki qab-qacaqlar isə yerə tökülmüş və sınmışdır. Bu zaman Rafiddin Amidin yaxasından tutmuş, Rafiddinin özünü də vuracağından qorxub yeməkxanadan qaçıb yaşadığı evə getmiş və həmin gün ora qayıtmamışdır. O, yeməkxanadan qaçanda Adil, Amid, Marat və Rafiddin içəridə qalmış, ondan bir neçə saniyə sonra Adil və Marat da oradan qaçıb çölə çıxmışlar. Amid və Rafiddin isə orada qalmış, hadisədən sonra Rafiddinlə Amidin dalaşdıqlarını və birbirlərini vurduqlarını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində bağın yeməkxanasında olan zaman həmkəndlisi Rafiddin motosikletlə yeməkxananın qarşısına gəlib motosikletini orada saxlamış, onun yanına gəlmiş və araq içmək istədiyini demişdir. O, pulunun olmadığını dedikdə Rafiddin özü mağazadan ərzaq və araq alıb gələcəyini demiş və mağazaya getmişdir. Bir müddət sonra Rafiddin yeməkxanaya qayıtmış, aldığı toyuğu bişirməsi üçün ona vermişdir. Toyuğu bişirmiş, stol arxasında oturub araq içməyə başlamışlar. Həmin vaxt Rafiddin iki butulka araq almışdır. Həmin vaxt o, az içsə də, Rafiddin arağın çox hissəsini içmişdir. Onlar yeyib-içdikləri zaman həmin yeməkxanaya həmkəndliləri Amid, qardaşı Adil və Aleg gəlmiş, onları stol arxasına dəvət etmiş, onlar araq içməmiş, ancaq çay içmişlər. Təxminən 10 dəqiqə onlarla oturduqdan sonra növbənin bitdiyini, digər gözətçi Maratın gələcəyini deyib, sağollaşıb oradan çıxmışdır. Bağın giriş hissəsində yerləşən yeməkxanadan çıxanda Rafiddin araq içməyə davam etmiş, Amid, Adil və Aleg isə stol arxasında əyləşib çay içmişlər. Həmin gün saat 18 radələrində oradan çıxıb 70-80 metr aralaşanda bağın içərisində digər gözətçi Maratla rastlaşmış və Marata növbəni bitirdiyini, Rafiddin, Amid, Adil və Alegin bağın yeməkxanasında əyləşdiklərini demiş, Maratla sağollaşdıqdan sonra isə yaşadığı evə getmişdir. Təxminən bir saat sonra evdə olduğu zaman ona zəng edib gözətçi işlədiyi bağın yeməkxanasında dava-dalaş baş verdiyini, yeməkxana qapısının sındırıldığını demiş, evdən çıxıb işlədiyi bağa gəlmiş, bağ sahəsinə daxil olanda yeməkxananın qarşısında ağır dərəcəli sərxoş vəziyyətdə Rafiddinin yerdə oturduğunu, əlindən qan gəldiyini, yerdə qan ləkələrinin olduğunu görmüş, həmin vaxt polis əməkdaşları da orada olmuşlar. Yeməkxanaya baxanda qapının, iki ədəd plastik stulların, iki ədəd boşqabın sındırıldığını, yerdə kərki və belin olduğunu görmüşdür. Hadisə yerində Adili görüb əşyaları kimin sındırdığını soruşduqda Rafiddinin sındırdığını demişdir. Daha sonra Maratdan yeməkxananın qapısını, qabları və stulları kimin sındırdığını soruşduqda Rafiddinin təpiklə qapını sındırdığını, digər əşyların da, Rafiddin tərəfindən sındırıldığını demişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində qardaşı Amid, qonşusu Aleglə birgə yaşadığı Qusar rayonu, Nəcəfkəndoba kəndində yerləşən bağ sahəsindəki yeməkxanaya həmin bağın gözətçisi Maratla görüşüb orada əyləşib çay içərək söhbət etmək üçün getmişlər. Onlar yeməkxanaya daxil olan zaman həmkəndlisi Rafiddinlə bağın gözətçisi İlhamın bir stol arxasında əyləşib araq içdiklərini və yemək yediklərini görmüş, yeməkxanaya daxil olduqlarını görən İlham onları stola dəvət etmiş, bir stol arxasında əyləşmiş, lakin orada araq içməmiş, ancaq çay içmişlər. Təxminən 10 dəqiqə sonra İlham artıq növbəsinin bitdiyini, digər gözətçi Maratın gələcəyini deyib oradan getmiş, bundan 15 dəqiqə sonra isə Marat həmin yeməkxanaya gəlmiş, Rafiddin isə özü 2 litr arağı tək içməyə başlamış, Amid Rafiddinlə oturduğu müddətdə araq içməmiş, təxminən 40 dəqiqə sonra Rafiddin onlarla söyüşlə danışmağa başlamışdır. Amid Rafiddini söyüşlə danışmaması barədə xəbərdar etmişdir. Bu zaman Rafiddin onların yanına gəlib oturmuş, stolu çevirərək üstündəki qab-qacaqları üzərlərinə tökmüş və söyməyə başlamışdır. Rafiddin həmin vaxt təpiklə Amidi vurmuş, Amid əlinə stulu götürmüş özünü vurmasın deyə özünü müdafiə etməyə çalışmış, Rafiddin təpiklə Amidin əlində olan stulu vuraraq sındırmış, sonra isə Rafıddin Amidin boğazından tutaraq qaldırıb divara tərəfə çırpmış, o, çölə çıxıb yenidən çöldən içəri daxil olub Rafiddinə qardaşı Amidi buraxmasını demiş, lakin Rafiddin qardaşı Amidi buraxmamış, bu zaman Amid şüşə butulkanı stolun üstündən götürüb Rafıddinin başına çırpmış və Rafiddin zərbədən sonra Amidi buraxmışdır. Qardaşı Amid yeməkxanadan çıxmaq istədikdə Rafiddin əlində bellə qapının qarşısında dayanıb buraxmaq istəməmiş, bu zaman Rafiddin əlindəki bellə Amidi vurmaq istədikdə Amid əlindəki kərki ilə belin üstünə vurmuş, belin baş hissəsi sınıb yerə düşmüşdür. Bu dəfə Rafiddin bel sapı ilə Amidi vurmaq istədikdə Amid əlindəki kərki ilə Rafiddinin qolundan vurmuş və Rafiddinin qolundan qan axmağa başlamışdır. Bunu görən kimi özü və Amid oradan qaçıb uzaqlaşmağa çalışmış, Amid içəridə telefonla harasa zəng etmiş, onlardan əvvəl isə oradan Marat və Aleg çoxdan qaçıb getmişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 597 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alnın sol tərəfinin səthi əzilmiş taraları bərk küt əşyanın təsirindən, sol mil-bilək oynağının yan iç səthinin çapılmış yarası (İ barmağın vətərlərin çapılması ilə) isə çapıcı alətin təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş şüşə butulkası ilə, sol mil-bilək nahiyəsi isə kərki ilə vurularaq əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 591 saylı rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir.

1. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ əlin 1-ci barmağının arxa səthində səthi əzilmiş-şapılmış yara belin dəmir hissəsi ilə sağ bazunun yuxarı 1/3-nin ön səthində qançırı isə küt əşyanın təsirindən,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi.

2. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsinin iştirakçısıdır,”Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həkim narkoloq və həkimpsixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı qeyd olunur ki, Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Göründüyü kimi, ümumi təhlükəli üsul dedikdə həmin üsul nəinki zərərçəkmiş şəxsin, həm də zərərçəkmiş şəxsin ətrafında olan insanların həyatı üçün təhlükə yaratmış olur. Məhkəmə, tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməklə qəsdən sağlamlığına az ağır xəsarət yetirmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Məhkəmənin həmin nəticəyə ona görə gəlmişdir ki, tərəflər dindirilən zaman Təqsirləndirilən şəxs hərəkətlərinin, təsərrüfat aləti kərki ilə Zərərçəkmiş şəxs sol qoluna, daha sonra isə şüşə butulkası ilə baş nahiyəsinə vuran zaman ətrafdakılar üçün təhlükə olmamış, hadisə zamanı orada olan şəxslər üçün təhlükəli olmamışdır. Bu halı məhkəmədə dindirən zərərçəkmiş şəxs, şahidlər də təsdiq etmişdir. Təqsirləndirilən şəxs hərəkəti yalnız zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır xəsarət yetirməkdən ibarət olmuşdur. İşin hallarını, tərəflərin ifadələrini tədqiq etdikdə də məlum olur ki, şəxs əlindəki alətlə hazırkı iş üzrə Təqsirləndirilən şəxs təsərrüfat aləti kərki ilə Zərərçəkmiş şəxs sol qoluna, daha sonra isə şüşə butulkası ilə baş nahiyəsinə qəsdən vurması ümumi təhlükəli adlandırmaq olmaz. İlk növbədə Təqsirləndirilən şəxs təsərrüfat aləti kərki ilə Zərərçəkmiş şəxs sol qoluna, daha sonra isə şüşə butulkası ilə baş nahiyəsinə vuran zaman ətrafdakılar üçün hər hansı təhlükə olmamışdır, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsə xəsarət yetirmək olmuşdur, onun ətrafda olan insanlara xəsarət yetirmək niyyəti olmamışdır. Daha sonra ümumi təhlükəli üsulun nədən ibarət olması Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur. Məhkəmənin xüsusi mövqeyi ondan ibarətdir ki, istər qəsdən adam öldürmə, istər qəsdən sağlamlığa ağır zərər vurma, istərsə də qəsdən sağlamlığa az ağır zərər vurma cinayət işlərində nəzərdə tutulan ümumi təhlükəli üsul dedikdə eyni məna nəzərdə tutulur. Bu növ işlərə baxılan zaman məsələn hazırki işdə ümumi təhlükəli üsulun nədən ibarət olmasını aydınlaşdırmaq üçün Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarından istifadə olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, istər qəsdən sağlamlığa ağır zərər vurma, istərsə də qəsdən sağlamlığa az ağır zərər vurma cinayət işlərinə baxılan zaman ümumi təhlükəli üsulun hansı hallar, hansı əməllər olduğunu ayıdınlaşdırmaq üçün Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına istinad etməklə yekun məhkəmə qərarını çıxartmaq olar. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin 127.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, münasibətləri normaldır, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, həmçinin ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Fazi oğlunun barəsində seçilmiş “polis nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 01 ədəd kərki, 01 ədəd belin başlıq hissəsi, 01 ədəd belin sap hissəsi, 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynəyin Qusar rayon məhkəməsinin 24 iyul 2024-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Fazi oğlunun barəsində seçilmiş “polis nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar