Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-45/2022 19.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cı ildə Qusar rayonu Şirvanlı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2021-ci ilin yay aylarında yaşadığı kənddə açıq sahədən tapdığı bir ədəd çətənə bitkisindən əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün idarə etdiyi “VAZ 2107” markalı, **-KP-*** dövlət nömrə nişanlı avtomobildə daşıyıb saxlamış, daha sonra isə həmin narkotik vasitədən mütəmadi olaraq istifadə etmiş, 02 aprel 2022-ci il tarixdə saat 21 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Samur qəsəbəsi ərazisində saxlanılaraq idarə etdiyi “VAZ 2107” markalı, **-KP- *** dövlət nömrə nişanlı avtomobillə birlikdə Qusar rayon polis şöbəsinə gətirilmiş və avtomobilə baxış keçirilən zaman qabaq oturacaqların arasında yerləşən saxlanc yerindən içərisində təmiz çəkisi -5,299 qram narkotik vasitə olan qurudulmuş marixuana saxladığı, üzərində “Doduco” yazıları yazılmış kağız qutu aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təxminən 3 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O, 2021-ci ildə yaşadığı Qusar rayonu Şirvanlı kəndində kolluq sahədən narkotik vasitə olan marixuana tapmış, onları gizlicə evə aparıb qurutmuş, daha sonra öz maşınında saxlayıb istifadə etməyə başlamışdır. 2022-ci ilin aprel ayının əvvəlində onu Qusar rayonu Samur qəsəbəsi ərazisində Qusar RPŞ-nin əməkdaşları saxlamışlar və avtomobilində olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Hazırda törətdiyi əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir, himayəsində iki azyaşlı uşaqları vardır. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidin ifadəsi ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 aprel 2022-ci il tarixdə Qusar RPŞ-nə Bahaddin adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu yaradılmış və həmin şəxsin idarə etdiyi “Vaz-2107” markalı avtomobil həmin tarixdə Qusar rayonu Samur qəsəbəsi ərazisində saxlanılmışdır. Bundan sonra avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Qusar RPŞ-nə aparılmış, orada həmin şəxsin üzərində baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Bahaddin idarə etdiyi avtomobildə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demiş, həmin avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı avtomobildən həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Sorğu-sual zamanı Bahaddin avtomobilindən aşkar olunmuş həmin narkotik vasitəsinin özünə məxsus olduğunu, aradabir ondan istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2017-ci ildən Azərbaycan Respublikası DİO-da, 2021-ci ildən isə tutduğu vəzifədə, yəni Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. 02 aprel 2022-ci il tarixdə, saat 21 radələrində Qusar rayonu, Şirvanlı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-KP-*** dövlət nömrə nişanlı avtomobildə narkotik vasitə və ya psixotrop maddə saxlaması və daşıması barədə məlumat daxil olmuş, bundan sonra sonuncu idarə etdiyi avtomobillə Samur “X9”nin qarşısında olduğu zaman Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirmiş və idarə etdiyi avtomobillə birlikdə Qusar RPŞ-nə gətirmişlər. Qusar RPŞ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmiş, daha sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğunu, eləcə də idarə etdiyi avtomobildə qurudulmuş marixuana saxladığını etiraf etmişdir. Daha sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq oturacaqlarının arasında olan yerləşən qutunun içərisində üzərində “Doduco” yazıları olan kağız qutu aşkar olunmuş, həmin qutunun içərisinə baxış zamanı isə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün 106 saylı möhürlə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 02 aprel 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:17-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 02 aprel 2022-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 22:25-dən saat 22:43-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X8 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2, Qusar RPŞ-nin ekspert kriminalisti X4, Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs Qusar RPŞ-nə verdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, özünə məxsus Vaz-2107 markalı ** KP *** dövlət nömrə nişanlı avtomobilə onun iştirakı ilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 02 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 22:50-dən saat 23:30-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X8 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2, Qusar RPŞ-nin ekspert kriminalisti X4, Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Qusar rayonu Şirvanlı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-2107” markalı ** KP *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qabaq oturacaqların arasındakı saxlanc yerində narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təqdim etməsi təklif olunmuş, o, qeyd olunan saxlanc yerindən 01 ədəd üzərində “Doduco” yazısı olan karton qutunu qabaq oturacaqların arasındakı qutudan götürərək təqdim etmişdir. Həmin karton qutuya baxış keçirilmiş, bu zaman kağıza bükülmüş qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin karton qutu ekspertizaya təqdim olunması məqsədilə içərisindəki kağız bükümdəki narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə zərfdə qablaşdırılmış, 106 saylı möhürlə möhürlənmiş, eləcə də iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Baxış zamanı “Panasonic” markalı videokamera vasitəsi ilə çəkiliş aparılmış, əldə olunmuş görüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı ** KP *** dövlət nömrə nişanlı avtomobildən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 03 aprel 2022-ci il tarixli 7/315 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus “Vaz 2107” markalı **-KP-*** nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş kütlə” yazılar və imzalar olan sarı rəngli zərfdə bir ədəd üzərində “DODUCO” yazısı olan karton qutuda təmiz çəkisi-5,299 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi – 5.299 qram, tədqiqata sərf edildi - 0.02 qram, qalıq – 5.279 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 aprel 2022-ci il tarixli 7/315 rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 04 aprel 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 5,279 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənovun 04 aprel 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 5,279 qram qurudulmuş marixuana saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 195 saylı mədaxil qaiməsindən görünür ki, eyni tarixli qərarla maddi sübut kimi tanınmış 5,279 qram qurudulmuş marixuana saxlanılması üçün Qusar RPŞ-nin təminat hissəsinin kisik inspektoru polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 04 aprel 2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə saat 17:15-də Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin X6 dərhal azad olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli 2072 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanının 31 may 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı **-KP-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilib götürülmüş 01 ədəd zərfdə 5,279 qram qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntülər 01 ədəd DVD diskə köçürülmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı **-KP-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntülər 01 ədəd DVD diskə köçürülmüşdür. Həmin 02 ədəd DVD disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli 727/04-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X2 Qusar rayon şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli **********0 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədən pensiya, sosial müavinət, təqaüd almır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 206 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X1, xx.xx.2018-ci il təvəllüdlü qızı Kamila Bahadirovadan və xx.xx.2019-cu il təvəllüdlü qızı Jasmin Bahadirovadan ibarətdir. İş materiallarında olan AZ-İV 130170 və AZ-İV 301735 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Kamila və xx.xx.2019-cu il təvəllüdlü Jasmin adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 161 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə özünü sakit təbiətli şəxs kimi göstərmişdir. Ailəcanlıdır, qonşuları və yaşıdları ilə mehriban münasibətdədir. Zəhməti sevən, ictimai işlərdə iştirak edəndir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarında yaşadığı kənddə açıq sahədən tapdığı bir ədəd çətənə bitkisindən əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün idarə etdiyi “VAZ 2107” markalı, **-KP-*** dövlət nömrə nişanlı avtomobildə daşıyıb saxlaması, daha sonra isə həmin narkotik vasitədən mütəmadi olaraq istifadə etməsi, 02 aprel 2022-ci il tarixdə saat 21 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Samur qəsəbəsi ərazisində saxlanılaraq idarə etdiyi “VAZ 2107” markalı, **-KP- *** dövlət nömrə nişanlı avtomobillə birlikdə Qusar rayon polis şöbəsinə gətirilməsi və avtomobilə baxış keçirilən zaman qabaq oturacaqların arasında yerləşən saxlanc yerindən içərisində təmiz çəkisi -5,299 qram narkotik vasitə olan qurudulmuş marixuana saxladığı, üzərində “Doduco” yazıları yazılmış kağız qutunun aşkar edilib götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 02 aprel 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Şirvanlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əvvəllər məhkum olunmamış, himayəsində iki azyaşlı uşaqları vardır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli və o, yalnız ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı ** KP *** dövlət nömrə nişanlı avtomobildən aşkar edilib götürülmüş 01 ədəd zərfdə 5,279 qram qurudulmuş marixuana məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 72,00 (yetmiş iki) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 02 aprel 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Şirvanlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı ** KP *** dövlət nömrə nişanlı avtomobildən aşkar edilib götürülmüş 01 ədəd zərfdə 5,279 qram qurudulmuş marixuana məhv edilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə 72,00 (yetmiş iki) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-45/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-45/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver