Məhkəmə qərarları › İş №1(029)-45/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-45/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-45/2023 25.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 29 avqust 1994-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Xurel kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan marixuananı şəxsi istifadə edilməsi məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və 17 yanvar 2023-cü il tarixdə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan aparılan araşdırma ilə əlaqədar onba məxsus olan bağ sahəsində talvarın altında yeşiyin içərisinə zamanı satış olmadan əldə edərək saxladığı 01 ədəd sellofan paketin içərisində ümumi təmiz çəkisi 415 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 2022-ci ilin avqust ayının axırlarında Qusar rayonu Xürel kəndindəki evinə qayıdan zaman sahədə 2 ədəd çətənə bitkisi aşkar etmişdir. O, arabir narkotik vasitə marixuanadan istifadə etdiyinə görə həmin kolları qıraraq özü ilə Qusar rayonunun Xürel kəndində yerləşən bağ sahəsinə gətirərək talvarın altında olan yeşiklərin birində gizlətmişdir. Bundan sonra arabir həmin narkotik vasitədən istifadə etmişdir. Xürel kəndi ərazisindən qanunsuz olaraq ağac kəsdiyinə görə 17 yanvar 2023-cü il tarixdə Qusar Rayon Polis Şöbəsinə dəvət edilmiş və orada narkotik vasitə istifadə etməsindən şübhələnmişlər. Bundan sonra tibbi müayinəyə aparılmış və orada bir neçə gün əvvəl narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. O, narkotik vasitə istifadə etdiyini və narkotik vasitəni bağında saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları Xürel kəndində yerləşən bağ evində axtarış aparılıb talvarın altındakı yeşiyin içindən 1 ədəd selofan bükümdə narkotik vasitə aşkar edilmişdir. Hazırda əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Qusar rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyir. Qusar RPŞ-də barəsində tərtib olunmuş inzibati protokolun araşdırılması zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında olmasına şübhələr yaranmış və 17 yanvar 2023-ci il tarixdə onun izahatı alındığı zaman o, narkotik vasitə istifadə etdiyini etiraf etmiş, tibbi müayinə zamanı isə sidiyindən narkotik vasitənin qalıqları aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, yay aylarında tapdığı çətənə kollarından qurudaraq hazırladığı marixuananı Qusar rayonu Xurel kəndində yerləşən və hal-hazırda yaşayış olmayan tikilinin yerləşdiyi bağ sahəsində olan talvarın altında saxlayır. Həmin tarixdə saat 12 radələrində polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmiş və Təqsirləndirilən şəxs göstərdiyi yerdən 01 ədəd sellofana bükülmüş vəziyyətdə içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Qusar rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma oğludur və onunla birlikdə yaşayır. Belə ki, Elxan əvvəllər narkotik vasitələrdən istifadə etsə də hal-hazırda bildiyinə belə vərdişlərdən uzaq olmuş və namaz qılmağa başlamışdır. O,xx.xx.2023-cü il tarixdə oğlu Elxanın Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ağac kəsdiyinə görə saxlanılması barədə məlumat almış, Elxanın ona məxsus olan Qusar rayonu Xurel kəndində yerləşən, 0,20 ha Aqrar islahat vaxtı verilmiş torpaq sahəsində narkotik vasitə saxladığına görə polislər tərəfindən saxlanmasından xəbər tutmuşdur. Həmin yerdə hətta oğlu Elxana yaşayış evi də inşa etdirmiş, lakin tam təmirli olmadığından orada yaşayış olmamışdır. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, dəvət olunmuş müdafiəçinin iştirakı ilə Qusar rayonu Xürel kəndində yerləşən yarımçıq tikilisi olan bağ sahəsində talvarın altındakı yeşiyin içərisindən 01 ədəd bitki mənşəli kütlə aşkar edilərək götürülmüşdür. (i/v:22-23). İş materiallarında olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 7/59 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 415,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır (i/v:32-33). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 fevral 2023-cü il tarixli 746 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 64). İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 63). Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Bundan başqa, həmin şəxsin üzərindən aşkar olunmuş marixuananın çəkisi külli miqdara yaxın olmaqla 415.0 qram təşkil edir. Odur ki, məhkəmə həmin şəxsin azadlıqdan məhrum etmə cəzası təyin olunmadan islah olunmasını və cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab etmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə saat 18:10-da inzibati qaydada tutulmuş, bundan sonra 17 yanvar 2023-ci il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuş, 19 yanvar 2023-cü il tarixdə saat 10:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək tutulmadan azad edilmişdir. Beləliklə də, müəyyən olunur ki, həmin müddət ərzində, yəni 3 (üç) gün onun azadlığı faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 3 (üç) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasa da, məhkəmə-narkoloji ekapertizasının yuxarıda qeyd olunan rəyinə əsasən həmin şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan marixuananın ekspertiza tədqiqatından sonra qalmış 414,9 qram qalığı maddi sübut kimi tanınmaqla Qusar Rayon Polis Şöbəsində saxlanılır. Məhkəmə hesab edir ki, həmin maddi sübut hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı cinayət işi üzrə 3 (üç) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəza müddətindən çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbs olunduğu 25 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış, Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılan 414.9 qram çəkidə narkotik vasitə olan marixuana məhv edilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon məhkəməsinin vasitəsi ilə Sümqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan şəxs tərəfindən apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar