Məhkəmə qərarları › İş №1(029)-45/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-45/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-45/2024 16.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1973-cü il tarixdə Qusar rayonu, Həsənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs əlillik pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib özünə inandırmaqla aldadaraq, sonuncudan xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Qusar şəhəri, Nurəddin Şərifov küçəsində Avtovağzal dairəsində 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Qusar şəhəri, Nurəddin Şərifov küçəsində yerləşən Avtovağzal dairəsində 1500(min beş yüz) manat və sonuncu dəfə 2023-cü ilin aprel ayının ilk yarısında Zərərçəkmiş şəxs yaşadığı Qusar rayonu, Yuxarı-Ləyər kəndində yerləşən fərdi yaşayış evininin qarşısında 200 (iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 3.700 (üç min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2014-cü ildən etibarən hər ikisi Qarabağ Əlillər Cəmiyyətinin üzvü olduğu üçün tanımışdır. xx.xx.2023-cü il tarixdə Qusar şəhərində yerləşən mərkəzi bazardan tanışının avtmobili ilə evə gedərkən yolda olan zaman qarşıda Zərərçəkmiş şəxs avtomobilinin hərəkət etdiyini görmüş, sürücüyə ona siqnal verdirib avtomobilini saxlatdırmış, o da avtomobilini saxladıqda həmin avtomobilə minərək onu evə aparmasını xahiş etmişdir. Yolda hərəkətdə olan zaman Zərərçəkmiş şəxs ona əlilliklə əlaqədar aldığı pensiyasının kəsilməsini demiş, bu zaman ona pensiyasını bərpa etməyə köməklik edə biləcəyini, bunun üçün 3500 (üç min beş yüz) manat pul lazım olacağını demişdir. Zərərçəkmiş şəxs onu evə düşürdükdə onun mobil telefon nömrəsini götürərək onunla əlaqə saxlayacağını deyərək getmişdir. Zərərçəkmiş şəxs bir neçə gün sonra ona zəng edərək pensiyasını bərpa etdirmək istədiyini, özünündə ona köməklik etməyə razılaşdığını, onunla görüş təyin etdiyini, bir neçə gün sonra isə Qusar şəhərində, Avtovağzal dairəsində görüşərək Zərərçəkmiş şəxs pensiyasını bərpa etdirmək üçün ilkin olaraq 2000 (iki min) manat, bir neçə gün sonra Zərərçəkmiş şəxs zəng edib ondan qalan 1500 manat puluda istədiyini, təxminən 1 həftə sonra yenidən Qusar şəhəri Avtovağzal dairəsində onunla görüşərək 1500 (min beş yüz) manat pul almış, pulu götürdükdən sonra isə ayrılmışlar. 15-20 gün sonra o yenidən Zərərçəkmiş şəxs zəng edərək ona 200 manat pul lazım olduğunu bildirmiş, sonuncu da pulu verməyə razılaşmış, lakin avtomobili olmadığı üçün pulu özünün gəlib götürməsini demiş, buna görə də həmin günü taksi kimi fəaliyyət göstərən Şahid avtomobili ilə Yuxarı-Ləyər kəndinə Zərərçəkmiş şəxs evinin qarşısına gedib və ondan 200 manat pulu alaraq geri qayıtmışdır. Həmin pulları şəxsi ehtiyacına xərcləmişdir. Pulu almaqda məqsədi öz borclarını ödəmək olmuşdur. Onun hər hansı səlahiyyəti olmamışdır. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qusar şəhərindən Yuxarı-Ləyər kəndinə özünə məxsus avtomobillə gedən zaman digər avtomobilin verdiyi siqnala əsasən avtomobil saxlamış, həmin avtomobildən düşən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq evə aparmasını xahiş etmiş, o da razılıq vermiş və bundan sonra sonuncunun onun avtomobilinə oturaraq birlikdə evinə getmişlər. Yolda olan zaman onun Təqsirləndirilən şəxsla danışmış, söhbət əsnasında pensiyasının dayandırılmasını demiş, bu zaman ona bir neçə nəfərə pensiyasını bərpa etdirmək üçün köməklik etməsini bildirmiş, ona da kömək edə biləcəyini və bunun üçün 3500 manat pul lazım olmasını demişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış, onun mobil telefon nömrəsini götürərək evə getmiş, sonra ona zəng edərək pensiyasını bərpa etdirmək istəməsini bildirmiş, ona görə də xx.xx.2023-cü il tarixdə görüş təyin etmiş və həmin tarixdə Qusar şəhəri ərazisində yerləşən “Family” mağazasının qarşısında Təqsirləndirilən şəxsla görüşərək ona 2000 (iki min) manat pul vermişdir. O, daha sonra evə gedərək qalan 1500 manat puluda düzəltmiş və 1 həftə sonra yenidən Qusar şəhəri Avtovağzal dairəsində Təqsirləndirilən şəxsla görüşüb ona əlavə 1500 manat pul vermişdir. O, 3500 manat pulu verdikdən 20 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək 200 manat pul lazım olduğunu demiş, ona avtomobilsiz olduğu üçün Qusar şəhərinə gələ bilməyəcəyini və bu zaman onun Şahidlə onun evinin qarşısına gələrək 200 manat pulu götürüb getmişdir. Sonra Təqsirləndirilən şəxs ona vəkillərin onun adından özlərinin Notariusdan etibarnamə alacaqlarını dediyinə görə şübhələnmiş, Təqsirləndirilən şəxs ona verdiyi 3700 manat pulunu geri istəmiş, lakin o da müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Hal-hazırda ona vurulmuş olan maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2023-cü ilin aprel ayında Qusar şəhəri ərazisində taksi kimi fəaliyyət göstərən zaman Təqsirləndirilən şəxsla qarşılaşmış, ona Qusar rayonu, Yuxarı-Ləyər kəndinə gedib qayıtmaq lazım olduğunu bildirdikdə, onu 10 manata aparmağa razılaşaraq birlikdə rayonun Yuxarı-Ləyər kəndinə Zərərçəkmiş şəxs evinin qarşısına getdiklərini, Təqsirləndirilən şəxsla avtomobildən düşüb onunla görüşdüklərini, sonra isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verdiyini, pulu aldıqdan sonra birlikdə Qusar şəhərinə geri qayıtdıqlarını bildirmişdir. İş materiallarından görünür ki,ibtidai istintaq zamanı 11 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və sonuncu Zərərçəkmiş şəxs pensiyasını bərpa edəcəyi adı ilə aldığı ümumilikdə 3500 manat pul vəsaitini Qusar şəhəri, Nürəddin Şərifov küçəsində yerləşən avtovağzal dairəsində almasını təsdiq etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup əlilliyə görə əmək pensiyası alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar RPŞ-nin İB-də HK-1/832 saylı araşdırma materialı üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddələri ilə cinayət işinin başlanılmasmm rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Qusar RPŞ-nin İB-də HK- 1/832 saylı araşdırma materialı üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddələri ilə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildiyinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi halı müzakirə edilə bilməz. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasımım ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup əlilliyə görə əmək pensiyası almasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs digər cəzaların təyin edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “polis nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş “polis nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum olunsun. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar