Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-45/2025 18.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu Aşağı Ləyər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Qusar şəhəri ərazisindəki “Atlant” ticarət mərkəzinin yaxınlığında yerləşən təkər təmiri sexinin qarşısında sərxoş vəziyyətdə, zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətməklə sonuncunun sifət nahiyəsinə əl içi zərbəsi vuraraq ona xəsarət yetirmiş, daha sonra boğazından tutub sıxmaqla ona qarşı zor tətbiq edərək təxminən 10-15 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs çoxdan tanıyır. Belə ki, zərərçəkmişin 1 ildən çoxdur ki, ona borcu olmuş, buna görə də, aralarında söz-söhbətlər olmuşdur. 08 fevral 2025-ci il tarixdə o, “Atlant” ticarət mərkəzinin yanında yerləşən sexdə təkər dəyişmək üçün getmiş, həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Sexin yanında o, Rzaxanı görmüş və borca görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əl zərbəsi ilə Rzaxanın sifətinə vurmuş, lakin onun boğazından tutub sıxmamışdır. O, söyüş söyməmiş, lakin səs-küy yaranmışdır. Orada başqa şəxslər də olmuş və onunla Razaxanı ayırmışlar. Hadisə təxminən 2-3 dəqiqə çəkmişdir. Hazırda əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışmış, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqları var. Ona görə də, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs çoxdan tanıyır. xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində “Atlant” ticarət mərkəzinin yanında Cəlal sərxoş vəziyyətdə onunla səbəbsiz mübahisə etməyə başlamış, həmin yerdə başqa şəxslər də olmuşdur. Həmin vaxt Cəlal çox aqressiv olmuş və əl zərbəsi ilə onun sifətinə vurmuş, həmçinin boğazından tutub sıxmışdır. Sonra orada olan şəxslər onları ayırmışlar. Hazırda Cəlalla barışmış, ona qarşı şikayətçi deyil, onun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində “Atlant” ticarət mərkəzinin yanında yerləşən təkər təmiri sexində olarkən Rzaxan da oraya gəlmiş, həmin şəxslə Cəlal adlı şəxs arasında borc məsələsinə görə mübahisə olmuş və daha sonra onlar yaxalaşmışlar və o, orada olan digər şəxslərlə birlikdə onları ayırmışdır. Cəlalın Razaxanı vurmasını isə görməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 73 saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət-sol gözün alt qapağının qançırı küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əl-qol zərbələri nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (i/v: 5). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i/v: 59-60). İş materiallarında olan Qusar rayon İHB-nın Aşağı Ləgər kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 57). İş materiallarında olan AZ-İİ 542132, AZ-İİ 542133 və AZ-İİİ 234134 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü Ramilla, xx.xx.2008-ci il təvəllüdlü Kamilla, xx.xx.2012-ci il təvəllüdlü Məhərrəm adlı üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların, o cümlədən azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uzaqları vardır, zərər çəkmiş şəxslə barışığa nail olmuş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLIK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №1(029)-45/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-45/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver