Məhkəmə qərarları › İş №1(029)-47/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-47/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-47/2023 16.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Qusar rayonu Kirig kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Qusar rayonu Kirig kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Qusar rayonu Kirig kəndində yerləşən özünə məxsus əkin sahəsində aralarında yaranmış mübahisə zamanı qayınatası Zərərçəkmiş şəxs yumruq zərbələri ilə vuraraq onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Kirig kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində o, arvadı Şahid2 ilə birlikdə əkin sahəsinə baxmağa getmişlər. Onlar sahəyə gedəndə orada qayınatası Zərərçəkmiş şəxs su arxın təmizlədiyi görmüşdür. O, qayınatası ilə salamlaşmadan getmiş və öz sahəsinə su buraxdığını, sərhədlərində olan ağac dirəklərin çıxarılaraq onun sahəsinə atdığını görmüşdür. O, bundan əsəbləşmiş, bunu qayınatasının etdiyini bilmiş və onun yanına gedib suyu niyə buraxdığını soruşmuşdur. Qayınatası suyu buraxmadığını demiş və aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı qayınatası Məhəmmədzakir onun üstünə gəlmiş, əlləri ilə onu itələmiş, yumruq zərbələri ilə sifətinə, başına vurmuşdur. Həmin vaxt o, da qayınatasının sifətindən yumruqla vurmuşdur. Sonra onlar hər ikisi yerə yıxılmış, orada olan arvadı Aynurə onları ayırmışdır. Daha sonra o, arvadı Aynurə ilə evinə getmiş, bir müddət sonra isə evinə polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, elan olunmuş şahidlərin ifadələri, ekspert rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əməli törətmiş şəxs onun kürəkənidir. 04 aprel 2023-cü il tarixdə saat təxminən 15 radələrində özünə məxsus əkin sahəsinə getmişdir. O, sahədə olan arxı təmizləyən vaxt ora qızı Aynurə və onun əri Faiq gəlmişdir. Faiq bir qədər getdikdən sonra onun yanına qayıdaraq onun torpaq sahəsinə niyə suyun buraxdığını demişdir. O, Faiqə sahəyə su buraxmadığını demiş və onların aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı bir birilərinə yumruq atmış, Faiqin yumruğu onun gözünə dəymişdir. Daha sonra orada olan qızı Aynurə onları aralamış və evlərinə getmişdir. O, evdə olan vaxt oğlu İskəndər telefonla görüntülü zəng etmiş və üzündə xəsarət olduğunu görüb soruşmuşdur. O, birinci oğluna baş vermiş hadisə barədə demək istəməmiş, lakin oğlunun təkidindən sonra Faiq ilə mübahisə etdiyini və Faiq onu yumruqla vurduğunu demişdir. Bir müddət keçdikdən sonra onun evinə polis əməkdaşları gəlmiş, oğlu İskəndərin DİN-nin 102 xidmətinə zəng edərək onun döyülməsi barədə şikayət etdiyini, buna görə də onu şöbəyə dəvət etmişlər. O, polis şöbəsində baş vermiş hadisə barədə izahat vermişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 oğlunun təhqiqat zamanı verdiyi ifadədən görünür ki, o Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X1 təhqiqat zamanı verdiyi ifadədən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi və Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 107 saylı rəyinə əsasən 1953-cü il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol göz orbiti ətrafının qançır-hematoması, sol gözün ağlı qişasının qansızması və sol gözün alt qapağının əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruq zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, münasibətləri normaldır, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, həmçinin ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar