Məhkəmə qərarları › İş №1(029)-47/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-47/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-47/2025 03.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Qusar rayonu, Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş (Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 01 il 03 ay 26 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş) məhkumluğu ödənilməmiş, Qusar rayonu, Qalacıq ərazi dairəsi, Qalacıq kəndində qeydiyyatda olan, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3, 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq Zərərçəkmiş şəxs2 məxsus avtomobili qanunsuz ələ keçirərək qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində spirtli içki qəbul edib, piyada ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzarətsiz qaldığını görüb avtomobilin qabaq sol qapısını açmış və avtomobilin üzərində olan açarla avtomobili işə salıb idarə edərək, talama məqsədi olmadan ələ keçirib qaçırdıqdan sonra Qusar rayonu Qalacıq kəndinə getmək üçün yola düşmüş, Qusar rayonu Qalacıq kəndi ərazisində avtomobilin yanacağı bitdiyindən avtomobili saxlayaraq hadisə yerindən qaçıb getmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, gecə saatlarında Qusar rayonu Qalacıq kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kənddə yerləşən ərzaq mağazasının pəncərəsini açaraq qanunsuz olaraq içəri daxil olmaqla orada saxlanılan dəyəri 15 manat olan 01 ədəd “Farmasi” ətir dəstini, 10 manat dəyərində 01 ədəd “Pink Dress” ətir dəstini, 10 manat dəyərində 01 ədəd “Smart” ətir dəstini, 15 manat dəyərində 01 ədəd “Saspiro” ətir dəstini, hər birinin dəyəri 1 manat 70 qəpik olan 09 ədəd cəmi dəyəri 15,30 manat “Go Vodka” spirtli içkini, dəyəri 3 manat 30 qəpik olan 01 ədəd “Redbull”u, dəyəri 1 manat 79 qəpik olan “Jaguar” spirtli içkini, dəyəri 8 manat olan 1 litr həcmində “Forstline” arağını, dəyəri 10 manat olan 1 litr həcmində “Çaykovski” arağını, dəyəri 2,15 manat olan 01 ədəd “Tango” üz təraş köpüyünü, dəyəri 4,25 manat olan 01 ədəd “AXE” spreyini, dəyəri 3,69 manat olan 01 ədəd “REXONA” spreyini, dəyəri 5,7 manat olan 01 ədəd “Bizim Dana” markalı servalat-kolbasasını, dəyəri 26 manat olan 01 ədəd köynəyi, dəyəri 70 manat olan 01 ədəd qış gödəkçəsini, dəyəri 5 manat olan 01 ədəd papağı oğurlamaqla zərərçəkmiş şəxsə cəmi 205,18 manat ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 185.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşamaq üçün daimi yaşayış yeri olmamış, mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün ailə üzvləri onu evə buraxmamış, məcbur qalıb küçədə yaşamışdır. 30 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Xudat şəhərinə getmiş, həmin vaxt axşam saatlarına kimi xeyli miqdarda spirtli içki qəbul etmiş, Xudat şəhərinə Elnur adlı tanışından ona borclu olduğu pulu almaq üçün getmiş, lakin Elnuru tapa bilmədiyi üçün spirtli içki qəbul etdikdən sonra Qusar rayonu Qalacıq kəndinə qayıtmalı olmuş, bu zaman xx.xx.2024-cü il tarixdə, təxminən saat 00:30 radələrində Xudat şəhəri, Bakıxanov küçəsində yerləşən 17 saylı evin qarşısında ağ rəngli, “Vaz 2106” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüş və həmin avtomobilə yaxınlaşıb açarının üzərində olduğunu görmüş, həmin avtomobili idarə edərək kəndə qayıtmaq qərarına gəlmiş, avtomobilin salonuna sürücü üçün nəzərdə tutulmuş oturacaqda əyləşmiş və avtomobilin mühərrikini işə salmışdır. Daha sonra avtomobili idarə edərək Qusar rayonu Qalacıq kəndi istiqamətində hərəkət etmiş, Qusar-Xudat yolunda Qalacıq kəndi ərazisində avtomobilin yanacağı bitdiyi üçün avtomobili saxlayıb kəndə qayıtmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində yaşadığı kənddə yerləşən mağazaların birindən spirtli içki olan araq almış və küçədə içməyə başlamışdır. Bir neçə saat sonra sərxoş vəziyyətdə olarkən kənddə yerləşən Nabil adlı şəxsin mağazasına çatmış, həmin mağazanın pəncərəsinin kilidini açaraq içəri daxil olmuş, mağazadan 01 ədəd “Farmasi” ətir dəsti, 01 ədəd “Pink Dress” ətir dəsti, 01 ədəd “Smart” ətir dəsti, 01 ədəd “Sasfıro” ətir dəsti, 09 ədəd “Go Vodka” spirtli içkisi, 01 ədəd “Redbull”, 01 ədəd “Jaguar” spirtli içkisi, 01 ədəd “Forstline” arağı, 01 ədəd “Çaykovski” arağı, 01 ədəd “Tango” üz təraş köpüyü, 01 ədəd “AXE” qoltuqaltı spreyi, 01 ədəd “REXONA” qoltuqaltı spreyi, 01 ədəd “Bizim Dana” markalı servalat-kolbasası, 01 ədəd qara rəngli oğlan uşaqları üçün nəzərdə tutulmuş kapşonlu köynək, 01 ədəd qara rəngli oğlan uşaqları üçün nəzərdə tutulmuş kapşonlu qış kurtkası, 01 ədəd qara rəngli oğlan uşaqları üçün nəzərdə tutulmuş papağı götürüb ayırıb kənara qoymuş, daha sonra isə həmin yığdığı əşyaları bir torbanın içərisinə toplayıb mağazaya daxil olduğu pəncərədən çıxıb oradan uzaqlaşmışdır. Kənddə gəzən zaman Yalçın adlı şəxsə məxsus olan mağazanın qarşısına gəlmiş, ətrafda onu görə biləcək hər hansısa bir şəxsin olmadığından əmin olmuş, əlinə daş parçası alıb həmin mağazanın giriş qapısının solunda olan pəncərənin şüşəsini qırıb əlini içəri salıb oradan bir neçə ədəd siqaret götürüb uzaqlaşmışdır. Bir qədər kəndin içərisində gəzdikdən sonra həmkəndlisi olan Tamam adlı qadına məxsus olan həyətyanı sahəyə daxil olmuş və götürdüyü əşyaları da həyətyanı sahəyə atmışdır. Özü isə hava soyuq olduğundan və qalmağa yeri olmadığı üçün Tamama məxsus fərdi yaşayış evinə daxil olmuş, orada bir neçə saat uzanıb yatmış, durandan sonra isə oğurladığı siqaretlərdən bir neçə ədədini çəkmiş, bir neçə dəqiqə sonra isə polis əməkdaşlarının həmin həyətyanı sahəyə qeyd olunan Tamam adlı qadınla daxil olmalarını görmüş, polis əməkdaşları onu izahatının alınması məqsədilə Qusar RPŞ-nə aparmışlar. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib və iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 185.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı Qusar rayonu Qalacıq kəndində özünə məxsus ərzaq və digər məişət malları satılan mağazanı uzun müddət işlətmişdir. Hər gün saat 07 radələrində mağazanı açmış və saat 21 radələrində bağlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 07 radələrində mağazanı açdığı zaman mağazanın böyük pəncərəsinin açıq olduğunun şahidi olmuş, mağazaya daxil olan zaman ərzaqların əksildiyini görmüş, daha sonra mağazaya baxış keçirmiş və naməlum şəxs və ya şəxslər tərəfindən qanunsuz olaraq daxil olma yolu qiyməti 13 manat olan 01 ədəd “Farmasi” ətir dəsti, 10 manat dəyərində 01 ədəd “Pink Dress” ətir dəsti, dəyəri 10 manat olan 01 ədəd “Smart” ətir dəsti, hərəsinin qiyməti 1 manat 70 qəpik olan 09 ədəd “Go Vodka” spirtli içkisi, qiyməti 3 manat 30 qəpik olan 01 ədəd “Redbull”, qiyməti 1 manat 80 qəpik olan “Jaguar” spirtli içki, dəyəri 8 manat olan 1 litr həcmində “Forstline” arağı, dəyəri 10 manat olan 1 litr həcmində “Çaykovski” arağı, 01 ədəd dəyəri 5 manat olan “Tango” üz təraş köpüyü, dəyəri 6 manat olan “AXE” qoltuqaltı spreyi, dəyəri 5 manat olan “REXONA” qoltuqaltı spreyi, dəyəri 5 manat olan “Bizim Dana” markalı servalat-kolbasa, 01 ədəd qiyməti 24 manat olan köynək, 01 ədəd qiyməti 60 manat olan qış gödəkçəsi, 01 ədəd qiyməti 5 manat olan papağın oğurlandığını müşahidə etmişdir. Həmin oğurluq nəticəsində ona toplam olaraq 193 manat 40 qəpik dəyərində maddi ziyan dəymişdir. Bu barədə Qusar RPŞ-nə müraciət etmiş və polis əməkdaşları tərəfindən həmin oğurluq hadisəsini törətmiş şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə barışmır, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Vaz 2106” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olmaqla mülkiyyətindədir. Lakin həmin avtomobili idarə etməsi üçün etibarnamə ilə doğma qardaşı Şahid1 vermiş, hazırda Bəhramın etibarnaməsinin müddəti bitmişdir. xx.xx.2024-cü il tarixdə Bəhram avtomobili yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri Bakıxanov küçəsi 17 saylı evin qarşısında saxlamış, lakin gecə saatlarında avtomobil naməlum şəxs tərəfindən qaçırılmışdır. Bundan sonra Bəhram bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və avtomobil Qusar rayonu ərazisində tapılmışdır. Bundan sonra məlum olmuşdur ki, həmin avtomobil Qusar rayon sakini Təqsirləndirilən şəxs tərəfindən qaçırılmışdır. Avtomobil onlara təhvil verilmişdir. Təqsirləndirilən şəxsn qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək göstərmişdir ki, “Vaz 2106” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə doğma qardaşı Nursadıq məxsus olsa da etibarnamə ilə onun istifadəsində olmuş, lakin etibarnamənin müddəti bitdiyindən avtomobili idarə etməmiş, yaşadığı ünvan 3 ünvanın qarşısında saxlamışdır. xx.xx.2024-cü il tarixdə avtomobili sonuncu dəfə yaşadığı evin qarşısında görmüş, lakin gecə saatlarında avtomobil naməlum şəxs tərəfindən qaçırılmış, xx.xx.2024-cü il tarixdə avtomobili evin qarşısında aşkar etmədiyi üçün bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmiş, əl-barmaq izləri götürülmüş, avtomobil Qusar rayonu ərazisində aşkar olunmuşdur. Bundan sonra avtomobilin Qusar rayonu Qalacıq kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qaçırılması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək göstərmişdir ki, Qusar rayonu Qalacıq kəndində yerləşən yaşayış sahəsi və fərdi yaşayış evi mərhum qayınatası X1 arvadı Tamama miras qalmış və nəzarət etmək üçün həmin evə tez-tez gedib gəlmişdir. Arvadı Tamam xx.xx.2024-cü il tarixdə kənddə baş vermiş oğurluq hadisələrini eşidib gedib həmin həyətyanı sahəyə və evə göz gəzdirib gəlməsini tapşırmış, o, da gedib oraya baxandan sonra evin dağınıq olmasını, evdə spirtli içkilərin, siqaret kötüklərinin və arxa pəncərədə bir cüt kişi ayaqqabılarının olmasını aşkar etmiş, gəlib arvadına bu barədə bildirmişdir. Onlar qayıdıb həyətyanı sahəyə baxan zaman bir nəfər kişi cinsindən olan şəxsin həyətdə uzanmasını və ətrafında da bir neçə ədəd şübhəli əşyalar, yeyinti və spirtli içki məmulatlarının olmasının şahidi olmuş, dərhal bu barədə polis əməkdaşlarına məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmiş və həmin şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olması aşkar edilmişdir. Evə baxış keçirilmiş, lakin evdə olan əşyalar hamısı yerində olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək göstərmişdir ki, Qusar rayonu Qalacıq kəndində yerləşən yaşayış sahəsi və fərdi yaşayış evi atası X1 ona miras qalmış, həmin evdə yaşamasa da ara-sıra gedib nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadıqları kənddə baş vermiş oğurluq hadisələrini eşidib əri Şahid2 gedib həmin həyətyanı sahəyə və evə baxmasını xahiş etmişdir. Əri gedib ora baxandan sonra evin dağınıq olmasını, evdə spirtli içkilərin, siqaret kötüklərinin və arxa pəncərədə bir cüt kişi ayaqqabılarının olmasını aşkarlamasını gəlib ona bildirmiş, bundan sonra qayıdıb həyətyanı sahəyə baxan zaman bir nəfər kişi cinsindən olan şəxsin həyətdə uzanmasını və ətrafında da bir neçə ədəd şübhəli əşyalar, yeyinti və spirtli içki məmulatlarının olmasının şahidi olmuşlar. Dərhal bu barədə polis əməkdaşlarına məlumat vermiş, polis əməkdaşları ora gəlmiş və həmin şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Evə baxış keçirilmiş, lakin hər hansı əşya oğurlanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Zərərçəkmiş şəxs1 ifadəsi ilə uyğun eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması zamanı hadisənin baş vermə səbəbini, mexanizmini, yerini qeyd etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 9/9950 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 09 adda malların yeni vəziyyətdə 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 56,18 manat müəyyən edimişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş digər 07 adda malların satışına və qiymətinə dair yerli internet saytlarıda məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 məxsus mağazadan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ərzaq və geyim əşyalarının dəyərinin hesablanması üçün Qusar şəhərində fəaliyyət göstərən fiziki şəxs Mübariz Verdixanov tərəfindən verilmiş cavabdan görünür ki, 2024-cü ilin noyabr ayı üçün 01 ədəd “Pink Dress” ətir dəstinin dəyəri 10 manat, 01 ədəd “Smart” ətir dəstinin dəyəri 10 manat, 01 ədəd “Saspiro” ətir dəstinin dəyəri 15 manat, 1 litr həcmində “Forstline” arağın dəyəri 8 manat, 1 litr həcmində “Çaykovski” arağını dəyəri 10 manat, 01 ədəd köynəyin dəyəri 26 manat və 01 ədəd qış gödəkçəsinin dəyəri 70 manat olmaqla cəmi 149 manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 12697/2024 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mağazadan götürülmüş əl-barmaq izlərinin Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri ilə eynilik təşkil etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 12352/2024 saylı məktubdan görünür ki, Şahid1 idarə etdiyi avtomobildən götürülmüş əlbarmaq izlərinin Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri ilə eynilik təşkil etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 01 il 03 ay 26 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş qalan cəza müddəti 01 (bir) il, 26 (iyirmi altı) gün təşkil edir. Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “ az ağır” cinayət hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsəni əsasən az ağır cinayət törətməyə görə zadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməlində cinayətlərin residivi mövcuddur. Residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi olduğuna görə ona təyin ediləcək cəza təqsirli bilindikləri maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluq cinayət törətmiş şəxslə dövlət arasında xüsusi cinayət-hüquqi münasibətlərin yaranmasına səbəb olur. Məhkumluğun mahiyyəti ondan ibarətdir ki, cəzasını çəkmiş şəxs yeni cinayət törətmə şübhəsi altında qalmaqda davam edir və şəxsin yeni cinayət törətməsi halında onun məhkumluğu əlavə cinayət-hüquqi yüklülüyün yaranması üçün əsas olur. Məhkəmə istintaqı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3, 185.1-ci maddələri ilə müəyyən olunmuş cinayəti törətməkdə təqsirləri tam sübuta yetirildi. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 185.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 185.1-ci maddələri ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs 177.2.3, 185.1-ci maddələri ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdılar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs iki epizod üzrə cinayət əməllərini törətməkdə təqsirləndirilir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs ilə barışmamış, Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Azərbaycan Respublikasl CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onlara təqsirləndirildikləri Azərbaycan Respublikasının CM-nin 177.2.3, 185.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 177.2.3, 185.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azaqlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda islah olunmamışdır. Təqsirləndirilən şəxs islah olunması və hüququn xəbərdaredici funksiyasını təmin etmək məqsədi ilə məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki Təqsirləndirilən şəxs hazırki cinayət əməlini cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə çəkilməmiş çəkilməmiş qalan cəza müddəti 01 (bir) il, 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi mövcud olduğundan Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “Farmasi” ətir dəsti, 01 ədəd “Pink Dress” ətir dəsti, 01 ədəd “Smart” ətir dəsti, 01 ədəd “Saspiro” ətir dəsti, 09 ədəd “Go Vodka” spirtli içkisi, 01 ədəd “Redbull”, 01 ədəd “Jaguar” spirtli içkisi, 01 ədəd “Forstline” arağı, 01 ədəd “Çaykovski” arağı, 01 ədəd “Tango” üz təraş köpüyü, 01 ədəd “AXE” qoltuqaltı spreyi, 01 ədəd “REXONA” qoltuqaltı spreyi, 01 ədəd “Bizim Dana” markalı servalat-kolbasa, 01 ədəd qara rəngli kapşonlu köynək, 01 ədəd qara rəngli kapşonlu qış gödəkçəsi, 01 ədəd qara rəngli papağın Zərərçəkmiş şəxs1 təhvil verilməsi, “Vaz 2106” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 185.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 2 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası CM-nin 185.1 maddəsi ilə 01 (bir il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli tarixli hökmü üzrə çəkilməmiş 01 (il), 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “Farmasi” ətir dəsti, 01 ədəd “Pink Dress” ətir dəsti, 01 ədəd “Smart” ətir dəsti, 01 ədəd “Saspiro” ətir dəsti, 09 ədəd “Go Vodka” spirtli içkisi, 01 ədəd “Redbull”, 01 ədəd “Jaguar” spirtli içkisi, 01 ədəd “Forstline” arağı, 01 ədəd “Çaykovski” arağı, 01 ədəd “Tango” üz təraş köpüyü, 01 ədəd “AXE” qoltuqaltı spreyi, 01 ədəd “REXONA” qoltuqaltı spreyi, 01 ədəd “Bizim Dana” markalı servalat-kolbasa, 01 ədəd qara rəngli kapşonlu köynək, 01 ədəd qara rəngli kapşonlu qış gödəkçəsi, 01 ədəd qara rəngli papağın Zərərçəkmiş şəxs1 təhvil verilməsi, “Vaz 2106” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar