Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-5/2023 02.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili X11 iştirakları ilə, xx.xx.1962-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını 02 aprel 2021-ci il tarixdə çəkib qurtarmış) məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Ə.Salamzadə küçəsi, məhəllə 1055-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin təxminən dekabr ayında tanış olduğu Qusar rayonu Cibir kənd sakini, şəhid atası X5 Qusar rayonu Cibir kənd tam orta məktəbinin həyətində şəhid oğlu X4 və həmin kənddən olan digər nəfər şəhidin adını əbədiləşdirəcəyi imkanına malik olmasını yalandan bildirib, cəmi 6 nəfər şəhidin büstlərinin qoyulması adı ilə aldadaraq Samik Xeyirbəvovdan 2021-ci ilin fevral ayında sonuncunun yaşadığı evdə 800 (səkkiz yüz) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, O, əvvəllər daxili işlər orqanında xidmət etmiş, ixtisası hüquqşünasdır. İstefada olan polis polkovnik leytenantı əslən Quba rayonundan olan Tahir Məmmədovu uzun illərdir ki, tanıyır və dostluq əlaqələri olmuşdur. Onunla birlikdə Samik Xeyirbəyovun evlərində olmuş, hətta çəkilişlər aparılarkən hər birində iştirakçı olmuşdur. Kəlbiyevlər ailəsini Tahir Muradova görə tanımış, Tahir bütün proseslərdə onunla iştirak etmişdir. Tahir Muradov əvvəldən onunla bir olmuşdur. Şahid3, Sumqayıt Ağır cinayətlər məhkəməsinin halhazırda icraatında olan onun cinayət işi üzrə zərərçəkmiş şəxs hesab edilən Kəlbiyeva Rübabənin həyat yoldaşıdır. Samik, Məməziyad ilə eyni balaca kənddə yaşayır, hər gün birlikdə spirtli içki içirlər. Məməziyad ondan qərəzli olduğuna görə onun barəsində şikayət etdikdən sonra barəsində axtarış verilmiş, Samik isə bunu bir il sonra internetdən öyrənmiş və ondan şikayət etmişdir. Ondan qərəzli surətdə şikayətçi olan Qusar rayon sakini X9 guya ona 800 manat pul vermiş və o, həmin şəxsə guya cinayət əməli hesab edilən dələduzluq hərəkəti etmişdir. X10 guya ona 800 manat pulu iki dəfəyə vermişdir. Belə ki, guya hər dəfə ona verdiyi məbləğ 400 manat olmuşdur. Guya o, Samik Xeyirbəyovdan ələ keçirdiyi 800 manat məbləği zərərçəkmişə ödəmişdir. Halbuki o, Samik Xeyirbəyovdan heç bir məbləğdə pul almamış və ona pul qaytarmamışdır. 200 manat pulu da o, müxbirlərə vermiş, müxbirlər hər birinin evinə iki dəfə gəlmişdir ki, o məbləğdə pul heç benzin pulu da etməmişdir. Şəhid ailəsi olmalarını ictimailəşdirmək üçün çəkiliş aparmışdır. O, çəkiliş aparması üçün kanal 13-ə xahiş etmış, çəkiliş aparmağa köməklik göstərmişdir. O, çəkilişə görə heç kimdən pul istəməmiş, Samikgil özləri çəkiliş aparan kanal işçilərinə pul vermişlər. O, heç kimə 200 manat verməsini təklif etməmişdir. Büst məsələsi isə olmamışdır. 5-6 metrlik büstün 800 manat məbləğə qoyulması isə inandırıcı deyil. Ona qarşı irəli sürülmüş ittiham əsassız olduğundan barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini özünü müdafiə xarakterli hesab edir, onun ifadəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, oğlu şəhid olmuşdur. Təqsirləndirilən şəxs şəhidi tanıtmaq üçün çəkilişin aparılması ilə bağlı onun evinə gəlmiş və 13-cü kanal tərəfindən evində çəkiliş aparılmışdır. Bundan sonra İlham bir neçə dəfə gəlib onun evində çörək yemişdir. İlham çəkiliş üçün ondan 200 manat pul almışdır. Sonra büstlər düzəltmək üçün də 800 manat pul almışdır. Həmin pulu İlham qaytarmamışdır. Büst tək onun oğlu üçün deyil, o biri şəhidlər üçün də qoyulacaqdı. O, İlhama 800 manat pulu oğlu və arvadının yanında vermişdir. 800 manat verəndən sonra İlham bir dəfə onun evinə gəlmiş, bunun uzun çəkən iş olduğunu, lakin düzələcəyini bildirmişdir. İlham ondan aldığı həmin pulu o sonuncuya hissə-hissə vermişdir. Birinci 200 manat, daha sonra 800 manat vermiş, 400 manatı isə büstlər qoyulandan sonra verməli idi. 200 manata görə 13-cü kanalda çəkiliş olmuş, youtube kanalında çəkiliş getmiş, o, həmin çəkilişə baxmışdır. Əslində ona dəymiş maddi ziyan ödənilməmiş, o, gedib gəlmək istəmədiyi üçün maddi ziyanın ödənildiyini yazmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, oğlu şəhid olandan sonra evində çəkilişlər aparılmışdır. Çəkilişlər əvvəlcə həmkəndlisi Ziyadın evində aparılmış, sonra iki-üç dəfə də onlara gəlmişlər. Əri çəkiliş aparıldığına görə İlhamın 200 manat pul istədiyini demişdir. Çəkiliş aparılmış, İlham özü ilə iki oğlan da gətirmiş, onu və uşaqlarını da çəkmişlər. Sonradan şəhidlərə büst düzəltmək istədiyini demiş, pulun yarısını istəmişdir. Büst qoyulmağa görə ərinin İlhama 800 manat pul verdiyindən, büst hazır olduqdan sonra əlavə yenə pul verəcəyindən xəbəri olmuş, lakin pul alındıqdan sonra İlham büstü düzəltməmişdir. Onlara sonradan məlum olmuşdur ki, onların evinə gələn Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir. Çəkiliş ilə əlaqədar 200 manatı İlham onun yanında almışdır. 800 manat pulun isə verilməsindən məlumatı var, ancaq o, pulun verilməsini görməmişdir. Təqsirləndirilən şəxs deyilən işi görməmiş, pulu da qaytarmamışdır. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş X7 məhkəməyə vermiş olduğu ifadədən görünür ki, zərərçəkmiş şəxs X3 və şahid X1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə dostu Rafikin vasitəsi ilə Yasab kəndində tanış olmuşdur. Sonra onlara gəlmiş, əlindən bəzi işlərin gəldiyini, məktəbə uşağın adını verdirəcəyini bildirmişdir. Samik ona şəhid olmuş uşağına büst düzəltdirdiyini demiş və bunu ona da təklif etmişdir. Sonradan Samik şəhid oğluna büst düzəltdirmək üçün İlhama 800 manat, çəkilişə görə də 200 manat pul verdiyini bildirmişdir. O, Samikin İlhama pul verdiyini görməmişdir. İbtidai istintaq zamanı ona hər hansı hədə qorxu gəlinməmiş, sərbəst ifadə vermişdir. İlham ondan on bir min manat pul almış, sonradan həmin puldan yeddi min manat qaytarmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli 4(029)-9/2022 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 12 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə cinayət işinə baxılması və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(001)-260/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(001)-260/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan şəxsi işi cəzasını çəkib qurtardığı üçün xx.xx.2021ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui- istifadə etmə yolu ilə X2 2021-ci ilin fevral ayında sonuncunun yaşadığı evdə 800 (səkkiz yüz) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək həmin şəxsə qarşı dələduzluq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1-18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-260/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin cəzanı 02 aprel 2021-ci il tarixdə çəkib qurtarmışdır. Hazırkı cinayət əməlini isə həmin cəzanı çəkdiyi müddətdə, 2021-ci ilin fevral ayında törətmiş və bununla da həmin vaxt onun məhkumluğu ödənilməmişdi. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki həmin hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən ona hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Həmçinin, məhkəmə hesab edir ki, hazırda həmin şəxsin əvvəlki hökm üzrə çəkilməmiş cəzası qalmadığında ona hökmlərin məcmusu ilə cəza təyin edilməsinə də ehtiyac qalmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X9 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəhid ailəsinə qarşı cinayət törətməsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzalardan hər hansı birinin təyin edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, həmin şəxsə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmasa da, həmin şəxs əvvəl eyni cinayət əməlini törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırkı cinayət əməlini törədərkən məhkumluğu ödənilməmişdi və təyin olunmuş cəzanı tam çəkməmişdi. Bundan başqa, həmin şəxs törətdiyi əməlindən peşman olmamış, məhkəmə iclasında özünü qeyri-səmimi apararaq törətdiyi əməlinə biganə olmasını nümayiş etdirmişdir. Bütün bunlar isə həmin şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzaların hər hansı birinin təyin edilməsinin onun islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından effektli və səmərəli olmasını əsaslı olaraq şübhə altına alır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına, təyin olunacaq cəzanın səmərəsizliyinə, icrasının mümkünsüzlüyünə səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, bu iş üzrə təyin olunmuş cəzaçəkmə müddətinin əvvəli Qusar rayon məhkəməsinin hökmünün elan olunduğu tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə cinayət işinə baxılması və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Qusar rayon məhkəməsinin hökmünün elan olunduğu tarixdən, yəni 02 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə cinayət işinə baxılması və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-5/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-5/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver