Məhkəmə qərarları › İş №1(029)-50/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-50/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-50/2022 06.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə x xxxxxxxx 1994-cü ildə Qusar rayonu Quxur-oba kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təhqiqat orqanı tərəfindən ittiham olunur ondan ötrü ki, o, 11 iyun 2022-ci il tarixdə saat 22 radələrində Qusar rayonu Quxur-oba kəndində yumruqla həmkəndlisi Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq ona qəsdən AZ AĞİR zərər yetirməklə Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Quxur-oba kəndində yaşayır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 11 iyun 2022ci il tarixdə axşam saatlarında o, kənddə keçirilən toy məclisində iştirak etmişdir. Zərər çəkmiş şəxs toy sahibinin qonşusudur. O, toy mərasimini telefonunun kamerası ilə çəkərkən sərxoş vəziyyətdə olan zərər çəkmiş şəxs İmaməddin ona toy mərasimini çəkməməsini demiş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Onlar toy mərasimi olan yerdən kənara getmişlər, orada İmaməddin onu söymüş, o, da yumruqla İmaməddinin burnuna vurmuşdur. İmaməddinin burnu qanamış, o, kömək etmək istəmiş, lakin İmaməddin köməyə ehtiyacının olmadığını demişdir. Həmin vaxt orada başqa şəxs olmamışdır. Daha sonra İmaməddin ondan polisə şikayət etmiş və o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, keçirdiyi qəza nəticəsində sol əlində hərəkət məhdudluğunun olduğunu, çiyin nahiyəsindən yuxarı qalxmadığını göstərmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Quxur-oba kəndində yaşayır, Təqsirləndirilən şəxs onun həmkəndlisi, həmçinin uzaq qohumudur. 11 iyun 2022ci il tarixdə axşam saatlarında yaşadığı kənddə keçirilən toy mərasimində iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs toy mərasimini mobil telefonu ilə çəkməyə başlamış, onun orada olan ailə üzvləri də çəkilişə düşdüyündən Elvinə çəkməməsini demiş və bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elvin yumruqla onun burnuna vurmuş və burnu sınmışdır. O, bununla bağlı həkimə getmiş, burnunu əməliyyat etdirmiş və Elvinin barəsində polisə şikayət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, sonuncunun onun sağlamlığına dəymiş ziyanla bağlı bütün xərcləri ödədiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və həmin şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar 11 iyun 2022-ci il tarixdə axşam saatlarında Qusar rayonu Quxur-oba kəndində keçirilən toy mərasimindən kənarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə etdiklərini, Elvinin yumruqla İmaməddinin burnuna vurduğunu, bu barədə onlara həmin şəxslərin dediklərini göstərmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 213 saylı 15 iyun 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər-hər iki göz orbiti ətrafının qançırları, burnun sümüklərinin yerdəyişən sınıqları, sol dirsəyin yan səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 23 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Quba-Xaçmaz Regional Ərazi filialının Qusar rayon qəbul şöbəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli **********4 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədən pensiya, sosial müavinət, təqaüd almır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1155/06-22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli 336 saylı arayışdan görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi atası X1, anası X2 və arvadı X3 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba şəhəri “Mediaz Clinic” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli USM nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı Əfsanə Toyğunova 28 həftəlik hamilədir. Doğumun güman edilən tarixi xx.xx.2022-ci il qeyd edilmişdir. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş, Qusar rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş 06 sentyabr 2022-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin sağlamlığına dəymiş ziyanla bağlı bütün xərcləri ödəmişdir, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar