Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-50/2024 23.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Qusar rayonu, Kuxuroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Quxuroba ərazi dairəsində, Quxuroba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin dekabr ayının ortalarında, axşam saatlarında Bakı şəhər sakini Zərərçəkmiş şəxs məxsus Qusar rayonu Mucuq-palasa kəndində yerləşən bağ sahəsinin dəmir məftilli hasarından aşmaqla qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 190,00(yüz doxsan) manat olan ümumilikdə 30(otuz) ədəd rezin su şlanqları toplarını gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 5700(beş min yeddi yüz) manat olmaqla, yəni xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin dekabr ayının təxminən 10-da bağ sahəsinə asfaltdan baxanda orada su şlanqı toplarının yığıldını və gecələr üstündə projektor yandığını görmüşdür. Bir dəfə həmin bağda mühafizəçini görmüş, lakin sonradan mühafizəçinin olmadığını müşahidə etmiş, sonra 2023-cü ilin dekabr ayının ortalarında təxminən ayın 20-si həmin şlanqların bir neçəsini oğurlayıb satıb pul əldə etmək qərarına gəlmişdir. Əvvələr həmkəndlisi Mayis üçün Bakı şəhərindən həmin şlanqlardan alıb gətirmiş, lakin Mayisə yenə də şlanq lazım olduğunu bilmiş, buna görə də 2023-cü ilin dekabr ayının 20-də, təxminən saat 20 radələrində birinci həmkəndlisi Eyvaza zəng etmiş, çünki Eyvazın “FORD TRANZİT” markalı avtomobili olmuş, belə ki, bağdan çıxardacağı şlanqları həmin avtomobillə aparmağı planlaşdırmış, Eyvazla danışdıqdan sonra yaşadığı evin qarşısına getmiş, avtomobilin açarlarını götürmüş, bundan sonra Eyvaza məxsus “FORD TRANZİT” markalı, **-SC-*** dövlət nömrə nişanlı avtomobillə yaşadığı ünvana gəlmiş, avtomobili evin qarşısında saxlamış, yenidən bağa getmişdir. Bağa çatdıqda bağın məftilli hasarından bağa daxil olmuş, bundan sonra ətrafda kənar şəxslərin olub-olmamasını dəqiqləşdirmiş və həmin şlanqları bir-bir bağdan çıxarıb yolun kənarına yığmışdır. Bağdan 30 ədəd şlanq topları çıxardıqdan sonra avtomobili götürmək üçün qayıtmış, artıq saat 02-03 radələrində avtomobillə həmin yerə gəlmiş, şlanq toplarını avtomobilə yükləmiş, bundan sonra avtomobili idarə edərək yaşadığı evin qarşısında saxlamışdır. Səhəri gün isə həmkəndlisi Mayisə zəng etmiş, “Sədərək Ticarət Mərkəzi”ndə mağazanın bağlanması ilə əlaqədar dəyərindən ucuz qiymətə bağ sahəsində istifadə olunan şlanqlar gətirdiyini və ucuz qiymətə satdığını bildirmiş, Mayis şlanqların qiymətini soruşmuş, bir topu 125 manata satdığını demiş, lakin Mayis baha olduğunu demiş, razılaşmalarına əsasən şlanqın bir topunu Mayisə 80 manata satmağa razılaşmışdır. Həmin vaxt Mayis evdə olmamış, Eyvazın avtomobili ilə həmin şlanqları Mayisin evinə aparıb düşürmüş, səhəri gün Mayisin yanına getmiş, Mayis ona əvvəlcə 1500 manat pul vermiş, qalan 900 manat pulu da iki gün sonra vermişdir. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının ortalarında təxminən 20-də Nurmət ona zəng edərək idarə etdiyi avtomobilin özünə lazım olduğunu meyvə ya da tərəvəz aparacağını bildirmişdir. Əvvəlcə Nurmətdən sürücülük hüququnun olub-olmamasını soruşmuş, Nurmət sürücülük hüququnun olduğunu bildirdikdən sonra aralarında dost münasibətləri olduğundan avtomobili idarə etməsi üçün verməyə razılıq bildirmişdir. Bundan sonra Nurmət onun yaşadığı ünvana gəlmiş və avtomobili aparmışdır. Səhərisi gün isə axşam saatlarında Nurmət avtomobili ona qaytarmışdır. Nurmət avtomobillə Kazıma məxsus bağ sahəsindən oğurladığı şlanqları daşıyaraq satdığından heç bir məlumatı olmamışdır. Bu barədə yalnız Qusar rayon Polis Şöbəsinə dəvət olunduqdan sonra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin dekabr ayının ortalarında həmkəndlisi Nurmət ona zəng etmiş, 30 top su şlanqları olduğunu və bir ədədini 125 manat olmaqla satmaq istədiyini demiş, Nurmətə şlanqları baha satdığını imkanı olmadığından almaq istəmədiyini demiş, lakin Nurmət sonradan bir top şlanqı 80 manata satmağa razılaşmış, həmin gün evdə olmadığı üçün Nurmətə şlanqları aparıb yaşadığı ünvana düşürməsini, sonra pulunu verəcəyini bildirmişdir. Həmin gün Nurmət şlanqları onun yaşadığı ünvana aparıb düşürmüş, həmin gün Nurmətə 1500 manat pul vermiş, bir neçə gün sonra isə 900 manatı da Nurmətə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Mucuq-oba kəndində 2021-ci il tarixdə 150 ha meyvə bağı salmışdır. Həmin bağı sulamaq üçün 25 may 2022-ci il tarixdə Türkiyə Respublikasından 150 top rezin şlanqlar gətirmiş, onları bağ sahəsində saxlamışdır. Həmin şlanqların hər birinin qiyməti 200 manat dəyərində olmuşdur. Keçən ilin dekabr ayının sonlarından həmin yerdən bir neçə şlanq toplarının azaldığını müşahidə etmiş, lakin buna əhəmiyyət verməmiş, yəqin fəhlələrin həmin topları bağın digər başına apardıqlarını düşünmüşdür. Lakin bundan sonra Bakı şəhərinə qayıtmış, sonradan 07 yanvar 2024-cü il tarixdə bağa gələn zaman naməlum şəxs və ya şəxslərin bağ sahəsinə daxil olaraq həmin şlanq toplarından 30 ədədini oğurladıqlarını aşkar etmişdir. Bundan sonra bu barədə Qusar RPŞ-nə ərizə ilə müraciət etmiş, daha sonra polis əməkdaşları tərəfindən həmin oğurluq hadisəsini törətmiş şəxsin Qusar rayonu Quxur-oba kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-9/318/2024 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən Türkiyə istehsallı, 300 metr uzunluğunda, 2 santimetr diametrli rezin şlanqın 30 ədədinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 5700,00 manat(30 ədəd x 190,00 manat) müəyyən olunur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, təqsirləndirilən şəxs hadisənin baş vermə səbəbini, mezanizmini, yerini və digər xüsusatları qeyd etmişdir. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3, 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Quxuroba ərazi dairəsində, Quxuroba kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, həmin tarixdə də Qusar RPŞ-nin MSY-dən azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24 mart 2024-cü il tarixdə tutulduğu 1(bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 30 ədəd rezin şlanqın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197- 198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3, 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə qaldığı 1(bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 2 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 1(bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Quxuroba ərazi dairəsində, Quxuroba kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 30 ədəd rezin şlanqın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-50/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-50/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver