Məhkəmə qərarları › İş №1(029)-51/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-51/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-51/2025 15.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Qusar rayonu, Çubuqlu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Quxuroba ərazi dairəsi, Çubuqlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qusar rayonu Çubuqlu kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə, saat 10 radələrində yaşadığı evdə atası Zərərçəkmiş şəxs məxsus 1200 (min iki yüz) manat pul vəsaitini gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs məxsus 1200 manat pulu oğurlamaq qərarına gəlmiş, anası Şahid ilə birlikdə, xx.xx.2025-ci il tarixdə, saat 08:30-da evin və çöl darvazanın qapısını bağlayaraq adətən etdikləri kimi açarı darvazanın qarşısındakı daşın altına qoyub, hər ikisi yaşadıqları kənddə yerləşən dayanacağa gəlmiş, Qusar-Xudat marşrut avtobusuna minərək yola düşmüş, həmin vaxt özünə iş axtarmaq üçün “Metak” şirkətinə gedəcəyini anası Şahid bildirmiş, Lanqi qəsəbəsində avtobusdan düşmüş, həmin gün saat 10 radələrində evə geri qayıtmış, darvaza və evin qapısını açarla açıb evə daxil olaraq pulun gizlədildiyi yeri axtarmış, evin 2-ci mərtəbəsində qoyulmuş izolyasiya materialının içərisindəki şüşə bankaya qoyulmuş 12 ədəd 100 manat əskinazlarda olan 1200 manat pulu götürüb cibinə qoyub oğurlamış, evin və çöl darvazasının qapısını bağlayıb açarları da, həmişə olduğu kimi daşın altına qoyub Xudat şəhərinə, oradan da, Quba şəhərinə gedib həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunmuş şahidin ifadəsi, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Qusar rayonu, Çubuqlu kəndində arvadı Şahid və subay oğlu Təqsirləndirilən şəxsla birgə yaşayır. O, həmişə artıq pulu olanda arvadı Şahid verir ki, haradasa gizlədib saxlasın və lazım olanda ondan geri götürsün. Təxminən hadisə baş verməmişdən on gün öncə maaşından yığılmış 1500 manat pulu arvadı Şahid vermişdir ki, evdə gizlədib saxlasın. Bundan sonra lazım olduğu üçün həmin puldan 100 manatı arvadı Şahid almışdır. Bir müddət sonra isə arvadı Şahid ona ev məsrəfləri üçün pul lazım olduğunu demiş və həmin puldan 200 manatı icazəsi ilə götürüb xərcləmişdir. Verdiyi puldan cəmi 1200 manat pul qalmalı idi. xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində o, işdə olan zaman arvadı Şahid zəng etdikdə o, ağlayaraq 1200 manat pulun oğurlandığını demişdir. O, tez evə gedib arvadı Şahid soruşanda o, dedi ki, həmin pulu oğlu Təqsirləndirilən şəxs oğurlamışdır. Arvadı Şahid ona danışmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 07 radələrində o işə getdikdən sonra həmin gün 08:30 radələrində oğlu Təqsirləndirilən şəxsla birgə evin qapısını bağlayaraq evdən çıxıblar. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs evin çöl darvazasını açarla bağlayaraq adətən etdikləri kimi açarı darvazanın qarşısındakı daşın altına qoyub. Bundan sonra arvadı Şahid ilə oğlu Təqsirləndirilən şəxs Qusar rayonu Çubuqlu kəndində yerləşən dayanacağa gəliblər və Qusar-Xudat marşurut avtobusuna minərək yola çıxıblar. Avtobusda olan zaman oğlu Təqsirləndirilən şəxs arvadı Şahid iş axtarmaq üçün “Metak” şirkətinə gedəcəyini deyib və avtobus Qusar rayonu Langi kəndində yerləşən “Metak” şirkətinin qarşısına çatanda avtobusdan düşüb. O və arvadı Şahid düşünmüşlər ki, bundan sonra oğlu Təqsirləndirilən şəxs evə qayıdaraq açarı qoyduğu yerdən götürüb evə daxil olaraq ikinci mərtəbədə qoyulmuş izolyasiya (daş yun) materialının içərisində gizlədilmiş 1200 manatı götürüb oğurlamışdır. Həmin gün saat 15 radələrində arvadı Şahid evə qayıdan zaman artıq qalmış pulu gizlətdiyi pulların üzərinə qoymaq istəmişdir. Buna görə də, izolyasiya materialının içərisinə baxdıqda pulun yerində olmadığını, oğurlandığını görmüşdür. Hazırda, oğlu Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid təhqiqat zamanı verdiyi ifadədən görünür ki, xx.xx.2025-ci il tarixdə onunla birlikdə yaşayan oğlu Təqsirləndirilən şəxs tərəfindən əri Zərərçəkmiş şəxs məxsus 1200 manat pulun oğurlandığını bildirmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək cinayəti törətdiyini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını şəxsiyyəti xarakterizə edən müsbət hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyasında nəzərdə tutulan digər cəza növlərinin tədbiq olunmasını məqsədə müvafiq hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan 09 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Quxuroba ərazi dairəsi, Çubuqlu kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 09 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar