Məhkəmə qərarları › İş №1(029)-52/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-52/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-52/2021 07.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Tərcüməçi: X1 iştirakları ilə, 15 aprel 1972-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə RF Lipetsk şəhəri Krivopolyane qəsəbəsi Studyonkaya küçəsi ev 55 ünvanda müvəqqəti yaşayan, 13 aprel 2021-ci il tarixdə inzibati qaydada tutulmuş, 15 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etmişdir. Belə ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs qanunsuz yolla Rusiya Federasiyasına getmək məqsədi ilə 13 aprel 2021-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Qusar rayonunda yerləşən 5-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində qəsdən qanunsuz olaraq keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, Rusiya Federasiyanının vətəndaşı olmaqla orada müxtəlif ünvanlarda yaşayır, Azərbaycan Respublikasında yaşayış yeri yoxdur. Moskva şəhərində əslən Azərbaycandan olan Roma adlı şəxslə tanış olmuş, həmin şəxs ona biznes qurmağı təklif edərək Azərbaycana dəvət etmiş və o, öz evini sataraq biznes qurmaq üçün Bakı şəhərinə gəlmişdir. Bakıya gəldikdən sonra pandemiya ilə əlaqədar sərhədlər bağlanmış, biznes qurmaq alınmamış və o, geri qayıtmaq istəmişdir. Sərhədlər bağlı olduğuna görə uzun müddət geri qayıda bilməmiş, Azərbaycanda qalmağa yeri olmamış və Rusiyaya qayıtmaq üçün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciət etmişdir. Səfirlikdən ona sənəd vermişlər və bildirmişlər ki, 2021-ci ilin aprel ayının 29-da Rusiyaya qayıda bilər. Azərbaycanda onun yaşamağa və qalmağa yeri olmadığına görə həmin vaxtdan tez Rusiyaya getmək istəmiş, bu məqsədlə Bakı şəhərindən Samur sərhəd keçid məntəqəsinə gəlmiş, lakin sərhədçilər onu buraxmamışlar. Bundan sonra o, qalmağa yeri və pulu olmadığına görə sərhədi qanunsuz yolla keçmək istəmiş, orada olan “Samur” çayının yanındakı cığırla sərhədi keçmək istəyərkən sərhədçilər onu saxlamışlar və o, etdiyi əmələ görə istintaqa cəlb olunmuşdur. Onun hazırda yaxın qohumu yoxdur, anası 1992-ci ildə, həyat yoldaşı 2016-cı ildə ölmüşlər, uşaqları yoxdur. Rusiya Federasiyasında da, daimi yaşayış yeri yoxdur, evini satmışdır, Lipetsk şəhəri Krivopolyane qəsəbəsi Studyonkaya küçəsi ev 55 ünvanda müvəqqəti yaşamışdır. Psixi xəstəliyi yoxdur, Rusiya Federasiyasında təqib və təzyiqlərə məruz qalmamış, məhkum olunmamış, barəsində axtarış elan olunmamışdır. Törətdiyi əmələ görə peşmandır. Odur ki, həmin halları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 13.04.2021-ci il tarixdə saat 20:30-dan saat 01:30-dək kursant Şahid1 ilə birlikdə sərhəd zastavasının 18-19-cu sahələrinə “SG” səhrəd naryadı xidmətinə təyin olunmuş, həmin gün saat 21 radələrində 18-ci sahədə dövlət sərhəd xəttindən 200 metr arxada, mühəndis çəpərindən 50 metr içəridə 1 nəfər şəxsin Azərbaycan Respublikasından Rusiya Federasiyasına qanunsuz yolla keçmək istədiyini müşahidə etmiş, həmin şəxs təqib olunaraq dövlət sərhədini qanunsuz olaraq keçmədən saxlanılmışdır. Şəxs saxlanıldıqdan sonra kursant Şahid1 dərhal bu barədə sərhəd zastavasına məruzə etmişdir. Təxminən 5 dəqiqə keçdikdən sonra başda sərhəd zastavasının rəisi baş leytenant Şahid3 olmaqla “Həyəcan qrupu” hadisə yerinə gəlmişdir. “Həyəcan qrupu” gəldikdən sonra sərhəd pozucusu qismində saxlanılan şəxsin üzərinə və saxlanıldığı əraziyə baxış keçirilərək sərhəd pozucusu sərhəd zastavasına aparılmışdır. İlkin dindirmə zamanı şəxs özünü Rusiya Federasiyası vətəndaşı, 15.04.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Üzərindən çıxan pasportda onun həmin şəxs olduğu təsdiqlənmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, onlar Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişlər. Şahid3 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Şahid1 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, 13 aprel 2021-ci il tarixdə saat 20:30-dan 01:30-a dək sərhəd naryadının başçısı o özü, sərhəd naryad üzvü əsgər Şahid2 olmaqla sərhəd zastavasının 18-19-cu sahələrinə “SG” sərhəd naryadının xidmətinə təyin olunmuşlar. Həmin gün saat 21:35-də 18-ci sahədə dövlət sərhəd xəttindən 20 metr arxada mühəndis çəpərindən 50 metr içəridə bir nəfər naməlum şəxsin Azərbaycan Respublikasından RF istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərdiyini müşahidə etmişlər. Onlar dərhal həmin şəxsə dayan komandası vermişlər və onu dövlət sərhədini pozmadan saxlamışlar. Bu barədə dərhal sərhəd zastavasına məlumat vermişdir. 5 dəqiqə sonra sərhəd zastavasının rəisi Şahid3 olmaqla həyəcan qrupu hadisə yerinə gəlmişdir. İlkin araşdırma zamanı həmin şəxsin Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs olması, həmin əraziyə dövlət sərhədini qanunsuz olaraq keçmək məqsədi ilə gəlməsi müəyyən edilmişdir. O, məzuniyyətə çıxmaqla Astara şəhərinə gedəcək və bu səbəbdən də, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Bu səbəbdən də məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin üzürlü sayılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 13 aprel 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə saxlanılmış Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etdiyi N nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının 18-ci sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yer mühəndis çəpərindən 80 metr içəri, DSX-dən 200 metr arxada, 46 nömrəli köməkçi sərhəd nişanından 100 metr sağ tərəfdə yerləşir. 18-ci sahənin sərhəd darvazasının sol cinahında aşağıdan 2,3,4-cü məftillərin aralanması və Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə 1 nəfərə məxsus 5 ədəd ayaq izi aşkar edilmişdir. Təqsirləndirilən şəxs əli ilə sərhədi keçməyə cəhd etdiyi yeri göstərmişdir. İş materiallarında olan 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissənin hüquqşünas-təhqiqatçısı X3 tərəfindən, hüquq pozuntusu şəraitini aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 15 aprel 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 16.04.2021-ci il tarixli 4(009)-241/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 19.05.2021-ci il tarixli 19/51-5405 saylı arayışdan görünür ki, 15.04.1972-ci il təvvəllüdlü Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicə olunmamış və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 19.05.2021-ci il tarixli 4279 saylı arayışdan görünür ki, 15.04.1972-ci il təvvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, qanunsuz yolla Rusiya Federasiyasına getmək məqsədi ilə 13 aprel 2021-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Qusar rayonunda yerləşən 5-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində qəsdən qanunsuz olaraq keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşman olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın-yəni cərimə cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayış yeri və iş yeri, qohumu yoxdur, o cümlədən hər hansı maddi imkanı da yoxdur. Bununla da, ona cərimə cəzası təyin olunduğu təqdirdə həmin cəriməni ödəməsi şübhə doğurur, icra olunması isə mümkünsüz ola bilər. Bu, isə təyin olunmuş cəzanın səmərəsizliyinə, cəzanın məqsədlərinə nail olunmamasına səbəb olar. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin idarəetmə qaydaları sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan halları-yəni onun Azərbaycan Respublikasında yaşayış yerinin və iş yerinin, hər hansı qohumlarının olmamasını, qalmaq üçün hər hansı maddi imkanının olmamasını və s. halları nəzərə alaraq hesab edir ki, onun barəsində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 13 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar