Məhkəmə qərarları › İş №1(029)-52/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-52/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-52/2023 18.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qazaxıstan Respublikası Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qusar rayonu, Hil ərazi dairəsi, Hil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 X1 Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1979-cu il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qusar şəhəri N.Nərimanov küçəsi ev 16-da qeydiyyatda olmaqla Qusar şəhəri Rəsulbəyov küçəsi ev 147-də yaşayan, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 X1 Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 28 fevral 2023-cü il tarixdə Xaçmaz şəhəri ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 04 ədəd bükümdə ayrı-ayırılıqda təmiz çəkisi-0,03 qram, 0,132 qram, 0,148 qram, 0,177 qram ümumi çəkisi-0,487 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi-0,383 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, həmin tarixdə saat 19 radələrində Qusar şəhərində yerləşən “Bayraq Meydanı” adlanan yerdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış və üzərində aparılan şəxsi axtarış zamanı qanunsuz olaraq şalvarının yan cibində saxladığı və gəzdirdiyi birlikdə 04 ədəd bükümdə ayrı-ayırılıqda təmiz çəkisi- 0,03 qram, 0,132 qram, 0,148 qram, 0,177 qram ümumi çəkisi-0,487qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi-0,383 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 28 fevral 2023-cü il tarixdə Xaçmaz şəhəri ərazisində şəxsiyyəti istintaq məlum olmayan mənbədən 01 ədəd bükümdə narkotik vasitə olan kustar üsulla hazırlanmış ümumi çəkisi 0,400 qram heroin şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, həmin tarixdə saat 19 radələrində Qusar şəhərində yerləşən “Bayraq Meydanı” adlanan yerdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış və üzərində aparılan şəxsi axtarış zamanı qanunsuz olaraq şalvarının yan cibində saxladığı və gəzdirdiyi 01 ədəd bükümdə təmiz çəkisi 0,400 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir, sonuncu dəfə tutulmamışdan 3 gün əvvəl Qusar rayonu, Hil kəndində yerləşən fərdi yaşayış evinin həyətində tək başına heroindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında qohumu Təqsirləndirilən şəxs2la birlikdə tanımadığı taksi avtomobili ilə Quba şəhərinə, oradan isə başqa taksi avtomobili ilə Xaçmaz şəhərinə getmişdir. Xaçmaz şəhərinə şəxsi işləri ilə bağlı getmiş, orada bir neçə saat qalmış, həmin gün saat 18:30 radələrində Qusar şəhərinə qayıtmaq qərarına gəlmişdir. Xaçmaz şəhərində olarkən “Al Marketin” yaxınlığında əvvəl Quba şəhərinə qayıtmaq üçün taksi avtomobili axtarmış, bu vaxt diqqətini yolun kənarındakı siqaret qutusu çəkmişdir. Yerdən qutunu götürüb açmış və içərisində xırda bükümlər görmüş, Zamirlə şübhə çəkməmək üçün kənara çəkilmiş, bükümləri yoxlamışdır. Siqaret qutusunda 06 ədəd xırda bükümlər olmuş, bükümlərdə heroin və patı olduğundan 01 ədəd içərisində heroin olanı götürmüş, digər 5 bükümü isə Zamir götürmüş, siqaret qutusunu isə küçəyə atmışlar. Bundan sonra tanımadıqları taksi avtomobili ilə Quba şəhərinə, oradan isə başqa bir avtomobillə Qusar şəhərinə qayıtmışdır. Təxminən saat 19:30 radələrində Qusar şəhərinə çatmış və “Ay İşığı” restoranın yaxınlığında avtomobildən düşmüş, oradan o Zamirlə birlikdə Qusar şəhəri, N.Nərimanov küçəsində yerləşən sonuncuya məxsus evə piyada getmiş, “Bayraq Meydanı”-nın yaxınlığında polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim edib, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli bilindiyini söyləmişlər. Həmin vaxt Zamirlə birlikdə qaçmaq istəmiş, buna baxmayaraq polis əməkdaşları onları saxlamışlar. Bundan sonra ora dövlət hesabına təyin olunmuş müdafiəçi və müstəntiq gəlmiş, orada vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi əşyalar, pul, siqaretlər, alışqan, mobil telefon, 01 ədəd qatlanan qara rəngli bıçaq, əynində olan qara rəngli şalvarın sol yan cibində narkotik vasitə olan heroin istifadə etmək üçün 01 ədəd şpris, sağ yan iç cibindən isə 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir.Üzərində aşkar edilmiş 01 ədəd qatlanan bıçaq, 01 ədəd şpris və 01 ədəd bükümdə heroin 03 ədəd zərfə qablaşdırılmış, möhürlənmiş, imzlarla təsdiq edildikdən sonra götürülmüşdür. Törətdiyi cinayət əməlindən peşmandır. Yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitədən istifadə edir, ilk dəfə marixuanadan istifadə etsə də, daha sonra heroindən istifadə etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında evdə təkbaşına heorindən istifadə etmiş, günorta saatlarında isə qohumu Təqsirləndirilən şəxs1la birlikdə tanımadığı taksi avtomobili ilə Quba şəhərinə, oradan da başqa bir taksi avtomobili ilə Xaçmaz şəhərinə getmişdir. Həmin vaxt Xaçmaz şəhərində şəxsi işləri ilə bağlı bir neçə saat orada qalmış, saat 18:30 radələrində Qusar şəhərinə qayıtmaq qərarına gəlmişdir. Elbrusla birlikdə Xaçmaz şəhərində “Al Marketin” yaxınlığında Quba şəhərinə qayıtmaq üçün taksi avtomobili axtarmış, bu vaxt Elbrusun diqqətini yolun kənarındakı siqaret qutusu çəkmiş, o, həmin qutunu götürüb, açmış içərisinə baxan zaman xırda kağız bükümlər görmüşdür. Elbrusla şübhə çəkməmək üçün kənara çəkilmiş və bükümləri yoxlamış, siqaret qutusunda 6 ədəd xırda bükümlər olmuşdur. Həmin bükümlərdə heroin və metomfetamin “patı” olmuş, Elbrus həmin bükümlərdən 1 ədəd içərisində heroin olanını götürmüş, qalan digər 5 bükümü isə özü götürmüş, siqaret qutusunu isə küçəyə atmışdır. Bundan sonra tanımadığı taksi avtomobili ilə Elbrusla birlikdə Quba şəhərinə, oradan isə başqa bir taksi avtomobili ilə Qusar şəhərinə qayıtmışdır. Təxminən saat 19:30 radələrində Qusar şəhərinə çatmış və “Ay İşığı” restoranın yaxınlığında avtomobildən düşmüş, oradan Elbrusla birlikdə Qusar şəhəri, N.Nərimanov küçəsində yerləşən evinə piyada getmək üçün hərəkət etmiş, bu vaxt “Bayraq Meydanı”-ın yaxınlığında polis əməkdaşları ilə rastlaşmışdır. Polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli bilindiyini söyləmiş, həmin vaxt Elbrusla birlikdə qaçmaq istəmiş, lakin qaça bilməmişdir. Bundan sonra ora dövlət hesabına təyin olunmuş müdafiəçi və müstəntiq gəlmiş, orada vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt üzərindən şəxsi əşyalar, pul, açarlar, mobil telefon, 01 ədəd qatlanan bıçaq, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroin, sağ yan iç cibindən isə 03 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd selofan bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd qatlanan bıçaq, 01 ədəd selofan bükümdə metamfetmin və 04 ədəd bükümdə heroin qablaşdırılaraq götürülmüşdür. Törətdiyi cinayət əməlindən peşmandır. Yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri, özlərinin etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz narkotik vasitələrin dövriyyəsi, yəni qəbulu, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin şəxslər ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmişdir. xx.xx.2023-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər saxlanılmış, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, onun əynində olan şalvarının sol yan cibindən 01 ədəd şpris, sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilində narkotik vasitə olan 0,400 qram heroin və 01 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildi, onun şalvarının sol yan və sağ yan ciblərindən 04 ədəd ayrı-ayrılıqda narkotik vasitə olan, ümumi çəkisi 0,487 qram heroin və 01 ədəd bükümdə isə “patı” kimi adlanan 0,383 qram çəkidə psixotrop maddə metamfetamin, bununla yanaşı açılıb qatlanan 01 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Həmin vaxt Zamir Seyidov həmin günün səhəri narkotik vasitə olan “kakos” kimi bilinən heroindən istifadə etməsini, ümumən narkotik vasitədən bir neçə ay istifadə etməsini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 da 1 il müddət ərzində narkotik vasitədən istifadə etməsini etiraf etmiş, hər ikisi narkotik vasitə və psixotrop maddəni Xaçmaz şəhərindən tapdıqlarını etiraf etmişlər. Təqsirləndirilən şəxslər saxlanılan vaxt onlara qarşı hər hansı fiziki və psixi təsir olunmamışdır. Onlara yaxınlaşıb özlərini təqdim edəndə təqsirləndirilən şəxslər qaçmağa cəhd etmiş, lakin onları saxlamış, qaçmağa imkan verməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1231 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən..” sözləri yazılmış və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,400 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “...X2 üzərindən..” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,03 qr, 0,132 qr, 0,148 qr, 0,177 qr, ümumi çəkisi 0,487 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi-0,383 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 04 ədəd bükümdə narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə eyni tərkiblidir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2496 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opoidlərin qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1981 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opoidlərin kannabinoidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən siqaret, pul, alışqan, açar, telefon aşkar edilmişdir. Bundan başqa əynində olan şalvarın sol yan cibin 01 ədəd şpris sağ iç cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli toz şəklində narkotik vasitə heroinə oxşar maddə həmçinin üzərindən 01 ədəd qatlanan bıçaq aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən mobil telefon, bank plastik kartı, pul, açarlar aşkar edilmişdir. Bundan başqa əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli toz şəklində heroinə oxşar maddə, sağ yan iç cibindən 03 ədəd bükümdə qəhvəyi rəngli toz şəklində heroinə oxşar maddə, 01 ədəd bükümdə ağ rəngli kristalik olan metamfetaminə oxşar maddə, 01 ədəd qatlanan bıçaq aşkar edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə xx.xx.2022-ci il tarixdən “çətənə qəbulu” diaqnozu ilə həkim narkoloqun qeydiyyatındadır. Həkim psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində bir azyaşlı uşağı var. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir və himayəsində bir azyaşlı uşağı var Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 himayələrində bir azyaşlı uşağının olmasını CM-59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etmələrini, əməllərindən peşman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Siyəzən rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Siyəzən Rayon məhkəməsinin 1(059)-70/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 4 ay 09 gün hissəsini çəkmiş 01 il 07 ay 17 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə və Siyəzən rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 həmin cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu olsa da, cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin vaxt törətdiyi cinayət əməlinə görə azadlığının məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən bu hallar cəzanı ağırlaşdıran halları (residivi) təşkil etmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Qusar rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 ili azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Qusar rayon məhkəməsinin 1(029)-46/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə iki il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinin tətbiq edilməsi barədə Qusar rayon məhkəməsinin 7(029)- 82/2021 saylı xx.xx.2021-ci tarixli qərarı ilə 01 il azaldılmışdır. Təqsirləndirilən şəxs2 cəzası xx.xx.2022-ci il tarixində bitmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə və Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 həmin cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu olsa da, cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin vaxt törətdiyi cinayət əməlinə görə azadlığının məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən bu hallar cəzanı ağırlaşdıran halları (residivi) təşkil etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onlara təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlğın artmasıa səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixioloji problemlər yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Onun hər hansı bir ictimai faydalı əməklə məşğul olmaq, ailəsinin- himayəsində olan uşaqların dolanışığını, eləcə də onların sağlam mühitdə böyüyərək cəmiyyətə inteqrasiyasını təmin etmək əvəzinə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri himayəsində böyüyən və tərbiyə olunan azyaşlı uşaqlarında psixioloji problemlər yaradacağını məhkəmə istisna etmir. Həmçinin, narkomaniya xəstəliyi olan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Siyəzən Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi halda cəzanın məqsədi təmin edilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Onun hər hansı bir ictimai faydalı əməklə məşğul olmaq, ailəsinin- himayəsində olan uşaqların dolanışığını, eləcə də onların sağlam mühitdə böyüyərək cəmiyyətə inteqrasiyasını təmin etmək əvəzinə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri himayəsində böyüyən və tərbiyə olunan azyaşlı uşaqlarında psixioloji problemlər yaradacağını məhkəmə istisna etmir. Həmçinin, narkomaniya xəstəliyi olan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə iki il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinin tətbiq edilməsi barədə Qusar rayon məhkəməsinin 7(029)- 82/2021 saylı xx.xx.2021-ci tarixli qərarı ilə 01 il azaldılmışdır. Görünür ki, Təqsirləndirilən şəxs2 islah olunmamışdır. Həmçinin onun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi halda cəzanın məqsədi təmin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə rollarını, Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə olan heroin, psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsini, Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi hallarını da cəza təyin edilməsində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin 68; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Siyəzən rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 01 (bir) il, 07 (yeddi) ay, 17 (on yeddi) gün müddət Cinayət Məcəlləsinin 68; 68.1.1-1-ci maddəsinə əsasən 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəza Qusar rayon məhkəməsinin hazırkı hökmü ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli CM-nin 15.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onların barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmalıdır Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərcləri 119 (yüz on doqquz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış 0,837 qram narkotik vasitə heroin, 0,333 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış aparılması videogörüntüsünü özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Siyəzən rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 01 (bir) il, 07 (yeddi) ay, 17 (on yeddi) gün müddət Cinayət Məcəlləsinin 68; 68.1.1-1-ci maddəsinə əsasən 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəza Qusar rayon məhkəməsinin hazırkı hökmü ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və qəti olaraq ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü l tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü l tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın İş üzrə məhkəmə xərcləri 119 (yüz on doqquz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış 0,837 qram narkotik vasitə heroin, 0,333 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin,şəxsi axtarış aparılması videogörüntüsünü özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar