Məhkəmə qərarları › İş №1(029)-52/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-52/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-52/2025 15.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Qusar rayonu Çubuqlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində iki azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Quxur oba kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində, saat 17:45 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olub, əl zərbələri ilə sonuncunun üzünə vurmuş, saçını yolmuş, yerə yıxıb başını yerə vurmaqla, sonuncuya qəsdən “sol təpə və alın nahiyyəsinin tüklü hissələrinin nöqtəvari çoxsaylı qansızmaları, sağ gözün bayır küncünün və sağ gözün alt qapağının qançır-hematoması, sağ almacıq nahiyəsinin üç ədəd sıyrığı” nəticələnən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. O, Zümrüdün onu söydüyünü, onun əxlaqsızlıq etməsini dediyini eşitmiş, bu barədə ona həyat yoldaşı Samur demişdir. Buna görə də əsəbləşib xx.xx.2025-ci il tarixində, saat 17:45 radələrində həmin şəxsin yaşadığı ünvana getmiş, orada Zümrüddən nə üçün belə sözlər dediyini soruşmuş, həmçinin əsəbi olduğundan həmin şəxsin saçından tutub dartmış, əllə başına vurmuş, başını tutub yerə vurmuş və ona xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır, himayəsində iki azyaşlı uşaqları var. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, yaşadığı kəndə 1 ildir ki, gəlmişdir. Hadisə baş verən gün o, evdə olan zaman qapı döyülmüş, qapını açan kimi İndira onu vurmağa başlamış, nə üçün vurduğunu anlamamış, macal tapıb soruşa da bilməmişdir. Hazırda həmin şəxslə barışmamış, həmin şəxsə qarşı şikayətçi deyil, ona hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və zərər çəkmiş Zərərçəkmiş şəxs tanıyır, sonuncu onun qohumudur. Hadisə baş verən gün o, evində olmuş, günorta vaxtı Zümrüd ona zəng edərək mübahisə barədə məlumat vermiş və o, Zümrüdün yaşadığı evə getmişdir. Gedərkən yolda Samurgilin getdiyini görmüşdür. O, qapını açıb Zümrüdün evinə daxil olmuş və Zümrüdün xəsarət aldığını görmüşdür. Zümrüd ona polisə məlumat verdiyini demiş və o, öz evinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun həyat yoldaşı, Zümrüd isə həmkəndlisidir. İndira ilə Zümrüd arasında mübahisə yaranmış və o, həmin şəxsləri ayırmışdır. O, İndiraya Zümrüdün onun barəsində pis sözlər dediyini deməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 94 saylı ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizasına və tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol təpə və alın nahiyəsinin tüklü hissələrinin nöqtəvari çoxsaylı qansızmaları mexaniki üsulla dəridən dartılma nəticəsində; sağ gözün bayır küncünün və sağ gözün alt qapağının qançır-hematoması; sağ almacıq nahiyəsinin üç ədəd sıyrığı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (i/v: 17). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 53). İş materiallarında olan Qusar rayon İHB-nın Quxuroba kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 112 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Rəvan, xx.xx.2021-ci il təvəllüdlü Nailə adlı iki azyaşlı uşaqları var (i/v 55). İş materiallarında olan Qusar rayon İHB-nın Quxuroba kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 57). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər yüngül cəzaların təyin olunmasını da həmin şəxsin islah olunması baxımından məqsədəmüvafiq hesab etmir. Belə ki, həmin şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlinə tam tənqidi yanaşmamış, zərər çəkmiş şəxslə barışmağa cəhd etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Quxuroba kəndində yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Quxur oba kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLIK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar