Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-53/2020 30.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin 1-ci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəlihimayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, “OPTİMAL” elektronika mağazasında satıcı işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 30.03.2020-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “Mercedes Benz E 200” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhərindən tanışları x8, Şahid2 və Zərərçəkmiş şəxs2lə birlikdə rayonun Aşağı Ləyər kəndinə getmək üçün yola düşmüş və Qusar-Aşağı Ləyər yolunun 6cı kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini, yolun döngəli olmasını nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu, eləcə də avtomobili yaşayış məntəqəsindən kənarda maksimum 90 km/saatdan yüksək sürətlə idarə etməməli olduğu halda qanunun bu tələblərini pozaraq, avtomobili 100 km/saat sürətlə idarə edərək, yolun sağa doğru döngəli hissəsində hərəkətini eyni sürətlə davam etdirib idarəetməni itirmiş, daha sonra avtomobil hərəkət hissəsindən sola çıxaraq daş hasara dəyərək aşmış, nəticədə onun bu hərəkətləri sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığına ehtiyyatsızlıqdan “Sağ gözün ağlı qişasının bayır küncünün qansızması və sağ çiyin oynağının çıxığı” ilə ifadə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlərin və Ümüd Talıbovun sağlamlığına ehtiyatsızlıqdan “təpə nahiyəsində əzilmiş-çapılmış yarası, alt dodağın sağ tərəfində əzilmiş-çapılmış yarası, qarnın ön səthində üç ədəd xətti və iki ədəd qeyri müəyyən formalı sıyrıqları, sağ əlinin arxa səthində sıyrığı, sol bazunun aşağı 1/3-nin ön-iç səthində üzəri sıyrıntılı qançırı, sağ təpə nahiyəsinin yumşaq toxumalarının daxili səthində böyük ölçülü qansızması, baş-beyin və beyincik toxumasında nöqtəvari qansızmaları” ilə ifadə olunan, yetirilən anda insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlərdən Qusar RMX-da ehtiyyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, Qusar şəhər sakini x8 ilə uşaqlıq dostu olmuş, həmçinin onunla birlikdə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “OPTİMAL” elektronika mağazasında işləmişdir. 30 mart 2020-ci il tarixdə o, Ümidlə ümumi dostları olan Qusar rayonu Aşağı Ləyər kəndində yaşayan Şahvələdlə axşam yeməyi yemək üçün razılaşmışlar və Aşağı Ləyər kəndinə getmək qərarına gəlmişlər. Ümid Rəşad adlı dostlarına zəng etmiş və onu da götürəcəklərini bildirmiş və onlar əvvəlcə onun idarə etdiyi “Mercedes Benz E 200” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “xxxxxxx” yanacaqdoldurma məntəqəsinə getmişlər, orada Marif adlı şəxs onu da Aşağı Ləyər kəndinə aparmasını xahiş etmiş, o, razılaşaraq həmin şəxsi də götürmüş, daha sonra o, İdman Kompleksinin yanında Rəşadı da götürmüş və saat təxminən 18:30 radələrində onlar birlikdə Aşağı Ləyər kəndinə getmək üçün yola düşmüşlər. Həmin müddət ərzində Şahvələd idarə etdiyi “OKA” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun arxasınca gəlmişdir. Qusar-Aşağı Ləyər yolunda o, avtomobili təxminən 90-100 km/saat sürətlə idarə etmiş, həmin yolda yerləşən “Hərbi Polis”-in binasını keçdikdən sonra qarşısına təhlükəli döngə çıxmış, avtomobili tormozlamış, lakin avtomobilin sağ arxa təkəri yol çiyninə çıxdığından və asfalt örtüyü bir az nəm olduğundan idarəetməni itirmiş, avtomobili yolun hərəkət hissəsinə qaytarmaq üçün sükanı sol tərəfə döndərmiş, lakin asfalt örtüyü nəm olduğundan avtomobili saxlaya bilməmiş və avtomobil yolun sol tərəfində yerləşən mişar daşından hörülmüş hasara çırpıldıqdan sonra yolun əks tərəfinə fırlanaraq aşmışdır. O və Rəşad avtomobildən çıxmışlar və arxalarınca gələn Şahvələd də avtomobili saxlayıb onlara köməyə gəlmişdir. Onlar birinci avtomobilin altında qalmış Ümüdü və daha sonra avtomobildə qalmış Marifi də avtomobildən çıxartmışlar. Həmin vaxt Şahvələd təcili tibbi yardıma zəng etmiş və bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardımın avtomobili gəlmişdir. Onlar birlikdə təcili tibbi yardım avtomobilinə minmiş və Qusar RMX-na getmişlər. Yolda olduqları zaman Ümüd hələ özündə olmuş, lakin xəstəxanaya çatdıqdan bir neçə dəqiqə sonra həkimlər Ümüdün öldüyünü onlara bildirmişlər. Həmçinin, həmin vaxt Marif az ağır bədən xəsarəti almışdır. Daha sonra həmin faktla bağlı cinayət işi başlanılmış və o, istintaqa cəlb olunmuşdur. O, əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və cinayət hadisəsi törətməmişdir. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində üç azyaşlı uşaqlarının olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2lə barışaraq onlara dəymiş zərəri tam ödədiyini, həmin şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmadığını, hadisə zamanı özünün də yüngül xəsarət aldığını göstərərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 30 mart 2020-ci il tarixdə saat 19:15 radələrində yaşadığı ünvanda olduğu zaman bacısı oğlu Altay mobil telefonla ona zəng edərək, oğlu Ümüdün yol nəqliyyat hadisəsində xəsarət aldığını və təcili olaraq Qusar rayon Mərkəzi Xəstəxanasına özünü çatdırmasını bildirmişdir. O, təcili Qusar rayon Mərkəzi Xəstəxanasına getmiş, orada ona məlum olmuşdur ki, oğlu Ümüd, dostu Seymurla birlikdə sonuncunun idarə etdiyi “MERCEDES BENZ E 200” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Aşağı Ləyər kəndinə getdikləri zaman Seymurun idarəetməni itirməsi nəticəsində idarə etdiyi avtomobil yoldan çıxaraq mişar daşından hörülmüş hasara dəydikdən sonra aşmışdır. Bundan sonra Seymur, Ümüd və onlardan əlavə avtomobildə olan Rəşad və Marif adlı şəxslər təcili tibbi yardımla Qusar RMX-na gətirilmişlər. O, Qusar RMX-na çatdıqda artıq oğlu Ümüd aldığı xəsarətlərdən ölmüşdür. Həmin faktla bağlı cinayət işi başlanılmış və Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuşdur. Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 həmçinin məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən ona maddi yardım göstərilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirmiş, onlar barışmışlar və onun hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, həmin şəxsin himayəsində üç azyaşlı uşaqları vardır. O, həmin şəxsin həbs olunmasına qəti razı deyildir. Ona görə də Təqsirləndirilən şəxs barəsində ən aşağı həddə cəza təyin edilməsini, mümkündürsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “xxxxxxx” MMC-nə məxsus yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. 30 mart 2020-ci il tarixdə o, saat 18 radələrində işdən çıxmağa hazırlaşdığı zaman tanışı Seymur adlı şəxs idarə etdiyi “MERCEDES BENZ E200” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanacaq doldurmaq üçün dostu Ümüdlə birlikdə gəlmiş və 8 manat dəyərində avtomobilə yanacaq doldurmuş, aralarında olan söhbət zamanı o, Seymur və Ümüdün rayonun Aşağı Ləyər kəndinə getdiklərini eşitmiş və Seymurdan onu da kəndə aparmasını xahiş etmişdir. Bundan sonra o, Seymurun idarə etdiyi avtomobilə əyləşmiş və onlar yola düşmüşlər. Yolda olduqları zaman Qusar x3rşısında adını sonradan bildiyi Rəşad adlı şəxs avtomobilə əyləşmiş və Seymur yola davam etmişdir. Qusar-Aşağı Ləyər yolunda Seymur avtomobili 100 km/saat sürətlə idarə etmiş və həmin yolda yerləşən “Hərbi Polis”-in binasını keçdikdən sonra avtomobil üzərində idarəetməni itirmiş və avtomobil yolun sol çiynində yerləşən daş hasara dəyərək aşmışdır. Daha sonra Seymur və Rəşad onu avtomobildən çıxartmış və bu zaman Ümüdün də yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Daha sonra onun həmkəndlisi Şahvələd də onlara kömək etmiş və təcili tibbi yardım çağırmış, bir neçə dəqiqədən sonra hadisə yerinə Qusar RMX-nın təcili tibbi yardım avtomobili gəlmiş və onları RMX-na aparmışlar. RMX-da onlara ilkin tibbi yardım göstərilmiş, lakin bütün bunlara baxmayaraq Ümüd xəstəxanada ölmüşdür. Həmçinin, o, həmin hadisə nəticəsində az ağır bədən xəsarəti almışdır. Həmin faktla bağlı cinayət işi başlanılmış və Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmçinin göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyan ödənilmiş, onun həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 30.03.2020-ci il tarixdə saat 18 radələrində Seymurla Ümüdün işlədikləri “OPTİMAL” elektronika mağazasının qarşısında həmin şəxslərlə söhbət edərkən Ümüd ona yaşadığı Aşağı Ləyər kəndinə getmək istədiklərini demiş, o, da razılaşaraq birlikdə getmələrini bildirmişdir. Bundan sonra Seymur Ümüdlə birlikdə idarə etdiyi “MERCEDES BENZ E 200” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “xxxxxxx” yanacaq doldurma məntəqəsinə getmiş, o, da özünün idarə etdiyi “OKA” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların arxasınca getmişdir. Seymur avtomobilə yanacaq doldurduqdan sonra həmin məntəqədə işləyən onun həmkəndlisi Marifi də avtomobilə mindirərək yola düşmüş, o, da idarə etdiyi avtomobili onların arxasınca sürmüşdür. İdman Kompleksinin yanında Rəşad adlı bir nəfər də Seymurun avtomobilinə minmiş və onlar yollarına davam etmişlər. Aşağı Ləyər kəndinin yolu çox döngəli olduğundan o, onlardan geri qalmış, o, “Hərbi Polis”in binasını keçdikdən sonra yolun sol tərəfində kolluqların arasında Seymurun avtomobilinin aşmış vəziyyətdə olduğunu görmüşdür. O, tez avtomobildən düşərək Seymurun avtomobilinə yaxınlaşmış, bu zaman Rəşad avtomobildən çıxmış, sonra Seymur da avtomobildən çıxmış, onlar birlikdə avtomobildə olan Marifi və avtomobilin altında qalmış Ümüdü oradan çıxartmışlar. O, dərhal təcili tibbi yardım çağırmış və onların hamısını xəstəxanaya yola salmışdır. Bundan sonra o, avtomobildən tökülmüş əşyaları toplamış və xəstəxanaya getmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasına çatdıqda həkimlər Ümüdə yardım göstərmişlər, lakin Ümüd aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Həmçinin, hadisə nəticəsində həmkəndlisi Marif də bədən xəsarəti almışdır. Həmin faktla bağlı cinayət işi başlanılmış və Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 mart 2020-ci il tarixdə saat 18 radələrində dostu Ümüd, digər dostu Seymurun idarə etdiyi “MERCEDES BENZ E 200” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun olduğu İdman Kompleksinin yanına gəlmiş, o, həmin avtomobilin arxa oturacağında əyləşmiş, həmin vaxt avtomobildə Seymur və Ümüddən başqa Marif adlı şəxs də olmuşdur. O, avtomobilə əyləşdikdən sonra Seymur avtomobili sürmüş, həmin vaxt onların arxasınca Aşağı Ləyər kənd sakini Şahvələd də idarə etdiyi “OKA” markalı avtomobillə onların dalınca gəlmişdir. Seymur Qusar-Aşağı Ləyər yolunda yerləşən “Hərbi Polis”-in binasını keçdikdən sonra avtomobil yoldan çıxaraq sürüşmüş və idarəetməni itirmiş, avtomobil sürüşərək yolun sol tərəfində olan mişar daşından hörülmüş hasara çırpılmış və fırlanaraq aşmışdır. Bundan sonra o, dərhal avtomobildən çıxmış və həmin vaxt Seymur da avtomobildən çıxmış, onların arxasınca gələn Şahvələd də avtomobili saxlamış, onlar birinci avtomobilin altında qalmış Ümüdü çıxartmış və daha sonra avtomobildə qalmış Marifi də avtomobildən çıxartmışlar. Həmin vaxt Şahvələd təcili tibbi yardıma zəng etmiş və bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardımın avtomobili gəlmiş, onlar avtomobilə minmişlər və Qusar RMX-na getmişlər. Yolda olduqları zaman Ümüd hələ özündə olmuş, lakin xəstəxanaya çatdıqdan bir neçə dəqiqə sonra həkimlər Ümüdün öldüyünü onlara bildirmişlər. Həmçinin, hadisə zamanı Marif adlı şəxs də xəsarət almış, həmin faktla bağlı cinayət işi başlanılmış və Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi (meyitin) ekspertizasının 10 aprel 2020-ci il tarixli 12 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü x6 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə laborator müayinələrinin cavablarına əsaslanaraq, hadisə haqqında olan ilkin məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq belə nəticəyə gəlinmişdir ki, x6 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: -xarici müayinədə- başın sağ gicgah-təpə nahiyəsində əzilmiş-çapılmış yara, alt dodağın sağ tərəfində əzilmiş-çapılmış yara, qarnın ön səthində üç ədəd xətti və iki ədəd qeyri-müəyyən formalı sıyrıqlar, sağ əlinin arxa səthində sıyrıq, sol bazunun aşağı 1/3-nin ön-iç səthində üzəri sıyrıntılı qançır aşkar edilmişdir. –daxili müayinədə-sağ təpə nahiyəsinin yumşaq toxumalarının daxili səthində böyük ölçülü qansızma, baş-beyin və beyincik toxumasında nöqtəvari qansızmalar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30.03.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya malikdir. Mərhum x6 ölümü məhkəmə-tibbi ekspertizası aparılan andan 2-4 saat əvvəl baş verib. Mərhum x6 ölümünə səbəb baş-beyinə qansızma olmuşdur və həmin xəsarətlərlə onun ölümü arasında birbaşa səbəbli əlaqəsi vardır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 aprel 2020-ci il tarixli 180 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizasına və tibbi sənədlərdə olan məlumatlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ gözün ağlı qişasının bayır küncünün qansızması və sağ çiyin oynağının çıxığı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30.03.2020-ci il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07 aprel 2020-ci il tarixli 166 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənədlərdə olan məlumatlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol İİ qabırğanın paravertebral xətti üzrə yerdəyişməmiş sınığı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30.03.2020-ci il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 19 may 2020-ci il tarixli 8/463 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E200 markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 90 km/saat sürətdən yüksək, 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2020-ci il tarixli 8/463 saylı məktubundan görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manatdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 21 may 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, “Mercedes Benz E200” markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və gündəlik tələbatda istifadə olunduğundan sahibinə geri qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 21.05.2020-ci il tarixli ərizəsindən görünür ki, Mercedes Benz E200 minik markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobil ona təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 27.06.2018-ci il tarixli AD N 272403 saylı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, Mercedes Benz E200 minik markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilxüsusi mülkiyyət hüququ üzrə x2 adına qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan ƏN-Vİİ 158139 saylı 12 yanvar 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Mercedes Benz E200 minik markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilx7 qızı tərəfindən 01.07.2020-ci il tarixədək Təqsirləndirilən şəxs idarəçiliyinə verilmişdir. Cinayət işinin materiallarında olan AE 620449 saylı 27.12.2017-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyaları üzrə sürücülük hüququ vardır. Cinayət işinin materiallarında olan protokollaşdırma nömrəsi 02758 olan 30 mart 2020-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 21:30-da Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Cinayət işinin materiallarında olan Qusar rayon x5 Hüquqi şəxs tərəfindən verilmiş 20 aprel 2020-ci il tarixli 554/04-20 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin hüquqi şəxsin Konsultativ Poliklinika Şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24.04.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.05.2020-ci il tarixli 1338 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri Şarvili küçəsi 110 saylı evdə yaşayır və ailə tərkibi həyat yoldaşı x1, 2014-cü il təvəllüdlü oğlu Amir Orucəliyevdən və 2015-ci il təvəllüdlü oğlu Sadir Orucəliyevdən ibvarətdir. İş materiallarında olan AZ-İİİ 364826, AZ-İİİ 613729 və AZ-İV 433841 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 09.07.2014-cü il təvəllüdlü Amir, 11.10.2015-ci il təvəllüdlü Sadir və 06.06.2020-ci il təvəllüdlü Ali adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.05.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Qusar şəhəri Şarvili küçəsi 110 saylı evdə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 30.06.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən ona maddi yardım göstərilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirmiş, onlar barışmışlar və onun hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Onun himayəsində üç azyaşlı uşaqları vardır. O, həmin şəxsin həbs olunmasına qəti razı deyildir. Ona görə də Təqsirləndirilən şəxs barəsində ən aşağı cəzanın tətbiq edilməsini, mümkündürsə onun həbs olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 30.06.2020-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyan ödənilmiş, onun həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 30.03.2020-ci il tarixdə saat 18:30-da radələrində idarə etdiyi “Mercedes Benz E 200” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar-Aşağı Ləyər yolunun 6-cı kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozmaqla, avtomobili 100 km/saat sürətlə idarə edərək idarəetməni itirməsi, daha sonra avtomobilin hərəkət hissəsindən sola çıxaraq daş hasara dəyərək aşması, nəticədə sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığına ehtiyatsızlıqdan AZ AĞİR zərər vurmaya aid xəsarətlər alması və Ümüd Talıbovun sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlərdən Qusar RMX-da ehtiyatsızlıqdan ölməsi, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxslərə yardım göstərərək dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin hüquqi varisi və digər zərər çəkmiş şəxslə barışıq əldə etməsini, həmin şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq ona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının, əlavə cəza növü olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin həyətində saxlanılan “Mercedes Benz E200” markalı ** LD *** dövlət qeydiyyat nişanlıavtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 70 (yetmiş) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin həyətində saxlanılan “Mercedes Benz E200” markalı ** LD *** dövlət qeydiyyat nişanlıavtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində məhkəmə xərcləri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-53/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-53/2020
30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver