Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-53/2021 07.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Qusar rayonu Kuf-oba kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2020-ci ilin dekabr ayında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə toxumlarını, 2021-ci ilin aprel ayının əvvəllərində Qusar rayonu Kuf-oba kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsində olan dibçəklərdə qanunsuz olaraq əkmiş və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, əkdiyi toxumlardan yetişmiş, yaş halda, əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan ümumi təmiz çəkisi 1,55 qram təşkil etməklə cəmi 03 ədəd çətənə (kannabis) kolları 27.04.2021-ci il tarixdə saat 17 radələrində Qusar RPŞ-nin Həzrə PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayında Dağıstan Respublikasında olan tanışından marixuana toxumlarını əldə etmiş və 2021-ci ilin aprel ayında Qusar rayonu Kuf-oba kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsində olan dibçəklərdə həmin toxumlardan 3 kol çətənə əkmişdir. Həmin çətənə kollarını özünün şəxsi istifadəsi üçün əkmiş, satmaq niyyəti olmamışdır. Sonradan polis əməkdaşları həmin çətənə kollarını aşkar edib götürmüşlər və onu saxlamışlar. Təqsirləndirilən şəxs həmçinun hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Sonradan tanıdığı Təqsirləndirilən şəxs evində narkotik vasitə olan marixuana əkməsi barədə Qusar rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının 27-də müəyyən edilərək saxlanılmış, Qusar RPŞ-də üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs evinə getmişlər və həmin şəxsin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin ikinci mərtəbəsində pəncərənin yanında dibçəklərdə 3 ədəd çətənə kollarını aşkar etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Həmin şəxsin narkotik vasitələrin qanunsuz satışı ilə bağlı şöbəyə məlumat daxil olmamışdır. Zəkəra Qayıbovun evindən aşkar olunmuş çətənə kolları protokol tərtib olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ilə analoji ifadə verərək həmin şəxsin məhkəmədə göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 27 aprel 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, “Zəkəra” adlı şəxsin yaşadığı ünvanını və şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi, “Zəkəra” adlı şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 9-cu bəndini rəhbər tutaraq yaşadığı ünvanın və gəldiyi yerin müşahidəsinin aparılması, keçiriləcək tədbir zamanı zərurət yarandığı halda ƏAF haqqında Qanunda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edərək qanunvericilik çərçivəsində tədbirin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:03-dən 18:20-dək Qusar RPŞ-nin İBnin baş müstəntiqi X2 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs Qusar RPŞ-nə ünvanladığı 27.04.2021-ci il tarixli ərizəsindən görünür ki, o, yaşadığı evdə bir neçə ədəd narkotik tərkibli bitki kolu əkdiyini, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 27.04.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 18:45-dən 20:00-dək Qusar rayonu Kuf-oba kəndində yerləşən, Təqsirləndirilən şəxs yaşadığı evə Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X2 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili Şahid2, Qusar RPŞ-nin eksperti X4, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və müdafiəçi X5 iştirakları ilə baxış keçirilmişdir. Baxış təbii işıqlandırılmış hava şəraitində keçirilmişdir. Evin həyətyanı sahəsinin giriş qapısından içəri daxil olduqda sağ tərəfdə iki mərtəbəli yaşayış evi yerləşir. Evə daxil olmamışdan əvvəl Təqsirləndirilən şəxs ikinci mərtəbədə dibçəkdə üç ədəd narkotik tərkibli bitki əkdiyini bildirmişdir. Pilləkənlərlə ikinci mərtəbəyə qalxdıqdan sonra sağ tərəfdə giriş qapısı vardır. Həmin giriş qapısından içəri daxil olduqda sol küncdə divarda asılqanlar vardır. Həmin asılqanlardan geyim paltarları asılmışdır. Həmin paltarların aşağı hissəsində küncdə döşəmənin üstündə kardon yeşiyi vardır və həmin yeşiyin işərisinə paltarlar yığılmışdır. Həmin yeşiyin içərisinə və asılqandan asılmış paltarların ciblərinə baxış keçirilən zaman hər hansı narkotik vasitə aşkar olunmamışdır. Giriş qapısından içəri daxil olduqda sol tərəfdə üç ədəd pəncərə vardır. Hər üç pəncərənin qarşısında dibçəkdə güllər əkilmişdir. İkinci pəncərənin qarşısında bir ədəd dibçəkdə topa şəklində yaşıl bitki əkildiyi aşkar olunmuşdur. Həmin dibçəyin yanında polietilen materialdan olan su qablarından hazırlanmaqla beş ədəd dibçək vardır. Həmin dibçəklərdən birində iki ədəd kök üstə bitmiş şitil, bir ədəd dibçəkdə bir ədəd kök üstə bitmiş şitil olduğu aşkar olunmuşdur. Digər bir ədəd dibçəkdə bir ədəd qurumuş bitki olduğu aşkar olunmuşdur. Digər iki ədəd dibçəkdə yeni toxum əkildiyi yerdən bitki bitmədiyi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üç ədəd kök üstə bitmiş şitilləri və bir ədəd qurumuş bitkini göstərərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, onları öz istifadəsi üçün əkdiyini bildirmişdir. Həmin dibçəklərə və narkotik tərkibli bitkilərə oxşar bitkilərə baxış keçirildikdən sonra polietilen torbalarda qablaşdırılaraq götürülmüşdür. Bundan sonra evin digər otaqlarında baxış keçirilməsi davam etmiş və başqa narkotik xassəli bitkilər, həmçinin narkotik vasitə aşkar olunmamışdır. İkinci mərtəbədə baxış başa çatdıqdan sonra birinci mərtəbədə olan otaqlarda baxış davam etdirilmiş, lakin birinci mərtəbədə olan otaqlardan tərkibində narkotik vasitələr olan birkilər, həmçinin narkotik vasitə aşkar olunmamışdır. Baxış zamanı videoçəkilişdən istifadə olunduğuna görə hal şahidləri iştirak etməmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş X9 İnkişaf Mərkəzi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli rəydən görünür ki, Qusar rayonu Kuf-oba kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar 3 ədəd kök üstə bitmiş, 1 ədəd qurumuş vəziyyətdə olan və 2 ədəd dibçəkdə əkilmiş bitkilərə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin bitkilərə ev şəraitində qulluq göstərilmiş və narkotik tərkibli bitkilərə oxşarlığı vardır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 28 aprel 2021-ci il tarixli 7/403 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi sayı beş ədəd dibçəklərdən yalnız iki ədəd dibçəklərdə 3 (üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1,55 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri vardır. Qalan üç ədəd dibçəklərdə narkotik təbiətli bitkilərin hissələri yoxdur. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, çətənənin ümumi çəkisi- 1.55 qram, tədqiqata sərf edildi-0,06 qram(hər obyektdən 0.02 qram), qalıq-1,49 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 7/403 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 72,0 (yetmiş iki) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 05 may 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 02 ədəd dibçəklərdə çəkisi 1,49 qram tərkibində narkotik maddələr olan 03 ədəd çətənə (kannabis) bitkisinin kolları maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyevin 05.05.2021-ci il tarixli raportundan görünür ki, maddi sübut qismində götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 02 ədəd dibçəklərdə çəkisi 1,49 qram tərkibində narkotik maddələr olan 03 ədəd çətənə (kannabis) bitkisinin kolları saxlanması üçün Qusar RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş, məhkəmə-narkoloji ekspertizasının 06.05.2021-ci il tarixli 1416 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının yuxarıda göstərilən müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 29 aprel 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 13:00-da tutulmadan azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 08 iyun 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 02 ədəd dibçəklərdə çəkisi 1,49 qram tərkibində narkotik maddələr olan 03 ədəd çətənə (kannabis) bitkisinin kolları iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 07.05.2021-ci il tarixli 612/05-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 07.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli 199 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi yoxdur, təkdir. İş materiallarında olan Qusar rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli 200 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 2020-ci ilin dekabr ayında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə toxumlarını, 2021-ci ilin aprel ayın əvvəllərində Qusar rayonu Kuf-oba kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsində olan dibçəklərdə qanunsuz olaraq əkməsi və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etməsi, əkdiyi toxumlardan yetişmiş, yaş halda, əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan ümumi təmiz çəkisi 1,55 qram təşkil etməklə cəmi 03 ədəd çətənə (kannabis) kolları 27.04.2021-ci il tarixdə saat 17 radələrində Qusar RPŞ-nin Həzrə PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evində aşkar edilərək götürülməsi, bununla da, onun həmin hərəkəti ilə Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 27 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Kuf-oba kəndindəki evi axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ona görə də, məhkəmə hesab edir ki, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, yalnız ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd dibçəklərdə ümumi çəkisi 1,49 qram tərkibində narkotik maddələr olan 3 ədəd çətənə (kannabis) bitkisinin kolları məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 72.0 (yetmiş iki) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 2 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 27 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Kuf-oba kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd dibçəklərdə ümumi çəkisi 1,49 qram tərkibində narkotik maddələr olan 3 ədəd çətənə (kannabis) bitkisinin kolları məhv edilsin. İş üzrə 72,0 (yetmiş iki) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 2 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-53/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-53/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver