Məhkəmə qərarları › İş №1(029)-53/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-53/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-53/2022 06.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Qusar rayonu Düztahir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Düztahir kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə saat 20 radələrində Qusar rayonu Düztahir kənddaxilində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs sifət və sinə nahiyələrinə yumruq zərbəsi ilə vurub yerə yıxaraq qəsdən həmin şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirilidiyi Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə olaraq Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə zamanı sonuncunu əl zərbələri ilə sifətinə və sinəsinə vurub yerə yıxmaqla ona xəsarət yetirmişdir. Məhkəməyə icraat zamanı verdiyi ifadəsini təsdiq edir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Təqsirləndirilən şəxsla aralarında baş vermiş mübahisə zamanı sonuncu əl zərbələri ilə onun sifətinə, sinəsinə vuraraq yerə yıxmaqla ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1, X3 və X1 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 239 saylı 25 iyun 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası, tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alnın sol tərəfinin, burnun kökü nahiyəsinin, burun üstünün orta hissəsinin sıyrıqları və sağ mil sümüyünün tipik yerdən qəlpəli sınıqı tük əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törədildiyindən sağlamlığa az ağır zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 01 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 01 iyul 2022-ci il tarixli 1209/06-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X2 Qusar rayon qəbul şöbəsi tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli **********3 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədən İ qrup əlilliyi olan şəxsə qulluq etdiyindən Azərbaycan Respublikası Prezidentinin 80.00(səksən) manat təqaüd alır. İş materiallarında olan Qusar RİHB-nın Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Qusar RİHB-nın Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 261 saylı arayışdan görünür ki, Qusar rayonu Düztahir kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Mətanət Cəfərovadan, xx.xx.2007-ci il təvəllüdlü qızı Raziyə Cəfərovadan və xx.xx.2010-cu il təvəllüdlü oğlu İlham Cəfərovdan ibarətdir. Məhkəməyə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır Zərərçəkmiş şəxs məhkəməyə təqdim etmiş olduğu ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344- 347, 356, 383-385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar