Məhkəmə qərarları › İş №1(029)-53/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-53/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-53/2024 14.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X2 və X1 iştirakları ilə, xx xxxxxxx 1976-cı il tarixdə Qusar rayonu, Samur qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Samur qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd yivli odlu silah avtomatı, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin konstruksiyalı silahların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı 17 ədəd patronu qanunsuz olaraq əldə edib saxlamaqla ünvan 2 ünvanının yaxınlığına qədər idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı avtomobildə qanunsuz daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə daxil olmuş, məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə saat 14:45-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Qusar şəhəri, H.Əliyev prospekti 148 ünvanında yerləşən Qusar Rayon Polis Şöbəsinə gətirilib orada özünün razılığı və iştirakı ilə həmin gün saat 17:33-dən etibarən idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı avtomobildə baxış keçirilən zaman avtomobilin arxa saxlanc yerindən 01 ədəd 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı, AKM modelli, yivli dolu silah avtomat, 01 ədəd komplekt hissə hesab olunan daraq və 17 ədəd döyüş sursatı olan patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə saat 14:45-də ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Opel Zafira” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər və onu avtomobillə birlikdə Qusar Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Şöbəyə getmişdir. Polis Şöbəsinə gəldikdən sonra onun hüquqlarının müdafiəsi edilməsi məqsədi ilə vəkilə təmin edilmişdir. O, vəkillə tanış olub onlara etirazı olmadığını bildirmişdir. Sonra video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qisim əşyalar varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o, üstündə odlu silah olmadığını bildirib üzərində olan əşyaları masanın üzərinə qoymaqla təqdim etmişdir. Mobil telefonu və bank kartı polis əməkdaşı tərəfindən götürülmüşdür. Avtomobilinin açarı və 238 manat pul ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üstündə odlu silah olmasa da idarə etdiyi “Opel Zafira” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilində 01 ədəd avtomat saxladığını və həmin silahı avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra idarə etdiyi “Opel Zafira” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. O, idarə etdiyi avtomobilin arxa saxlanc hissəsində odlu silah avtomat saxladığını bildirib avtomobili açaraq avtomobilin arxa saxlanc hissəsində olan 01 ədəd avtomatı və 01 ədəd darağı təqdim etmişdir. Kalaşnikov avtomatına baxış zamanı həmin avtomatın qundağının açılıbqatlanan olmadığı müşahidə edilmişdir. 01 ədəd darağa baxış zamanı içində patronlar müşahidə edilmiş, 01 ədəd daraqda olan patronlar boşaldılıb sayılarkən 17 ədəd patron olması müşahidə edilmişdir. İdarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat, 01 ədəd daraq və 17 ədəd patron polis əməkdaşı tərəfindən 01 ədəd sellofan torbada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Avtomobilə baxış davam etdirilərkən idarə etdiyi avtomobildən digər əşyalar aşkar olunmamışdır. Şifahi sorğu zamanı o, idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomatı, 17 ədəd patronu və 01 ədəd darağı Qusar rayonunda Avaran kəndində yol kənarından tapdığını, odlu silahlara marağı olduğu üçün özündə saxladığını bildirmişdir. Daha sonra baxış barədə protokol tərtib edilmiş, düzgün olduğu üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, idarə etdiyi avtomobildən Kalaşnikov avtomatın, darağın və 17 ədəd patronun aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, 14 fevral 2024cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumat rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. 14 fevral 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 14:45-də ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Opel Zafira” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman Təqsirləndirilən şəxs saxlanılaraq Qusar Rayon Polis Şöbəsinə idarə etdiyi avtomobillə birlikdə qanunsuz olaraq odlu silah, döyüş sursatları saxlamaqda və daşımaqla üzərində və idarə etdiyi avtomobildə gəzdirməkdə şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində odlu silah, döyüş sursatları, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Qusar Rayon Polis Şöbəsin inzibati binasında xidməti iş otağında siyahı əsasında özünün seçdiyi müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən “Samsung” markalı mobil telefonu, sağ yan cibindən avtomobil açarını, əynində olan qara rəngli köynəyinin ön döş cibindən 01 ədəd plastik bank kartını və 238 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Mobil telefonu və bank kartı götürülmüş, avtomobilinin açarı və 238 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə odlu silah olmasa da idarə etdiyi “Opel Zafira” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilində 01 ədəd avtomat saxladığını və həmin silahı avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, düzgün olduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Zafira” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa saxlanc hissəsində odlu silah avtomat saxladığını bildirib avtomobili açaraq avtomobilin arxa saxlanc hissəsində olan 01 ədəd avtomatı və 01 ədəd darağı təqdim etmişdir. Kalaşnikov avtomatına baxış zamanı həmin avtomatın qundağının açılıb-qatlanan olmadığı müşahidə edilmişdir. 01 ədəd darağa baxış zamanı içində patronlar müşahidə edilmiş, 01 ədəd daraqda olan patronlar boşaldılıb sayılarkən 17 ədəd patron olması müşahidə edilmişdir. İdarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat, 01 ədəd daraq və 17 ədəd patron götürülməklə 01 ədəd sellofan torbada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobilə baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşyalar aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomatı, 17 ədəd patronu və 01 ədəd darağı dünən axşam Qusar rayonunda Avaran kəndində yol kənarından tapdığını, odlu silahlara marağı olduğu üçün özündə saxladığını bildirmişdir. Daha sonra baxış barədə protokol tərtib edilmiş, düzgün olduğu üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə ballistik ekspertizasının 15 fevral 2024-cü il tarixli 24/346 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və müxanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 17 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasmda olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 17 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş üzrə Qusar Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərarı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs 14 fevral 2024-cü il tarixli qərarı, eləcə də şəxsi axtarış və baxış zamanı əldə edilmiş materiallar qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 14 fevral 2024-cü il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində saxlamaqla gəzdirməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Haqverdiyev tərəfindən tərtib edilmiş “Avtomobilə baxış keçirilməsi və əşyanın götürülməsi haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus “Opel Zafira” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilə baxış həmin gün saat 17:33-dən etibarən Qusar Rayon Polis Şöbəsinin inzibati binasının həyətində keçirilmiş və baxış zamanı avtomobilin arxa saxlanc yerindən 01 ədəd avtomat, onun komplekt hissələri və 17 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış, baxış və götürmə zamanı video çəkiliş aparılmış və həmin video görüntüləri özündə əks etdirən bir ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus “Opel Zafira” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobildə odlu silah olduğunu etiraf etmiş, “Opel Zafira” markalı **-BJ- *** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa saxlanc yerindən 01 ədəd avtomat, onun komplekt hissələri və 17 ədəd patron aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah— canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah—özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə soyuq silah—konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalatın və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir:

1. Bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli;

2. Bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli.

Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliyə görə İİ qrup əlildir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış ünvanı üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi ifadə verməsini, müsbət xarakterizə olunmasını, ümumi xəstəliyə görə İİ qrup əlil olmasını şəxsiyyəti səciyyənlədirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini iş materiallarına tədqiqinə və onun şəxsiyyətinə uyğun olaraq ədalətli hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəmiyyətdə mənfi emosiyaların çıxarılmasına və bu növ cinayət əməllərinin çoxalmasına səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 14 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı avtomobildən aşkar edilmiş 01 ədəd 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı, AKM modelli, yivli dolu silah avtomat, 01 ədəd komplekt hissə hesab olunan daraq və 17 ədəd döyüş sursatı olan patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 14 fevral 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı avtomobildən aşkar edilmiş 01 ədəd 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı, AKM modelli, yivli dolu silah avtomat, 01 ədəd komplekt hissə hesab olunan daraq və 17 ədəd döyüş sursatı olan patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar